Canəli Əkbərov: Milli musiqilərimizi sintez etmək olmaz
... Çox tarixlər,
çox günlər yaşanıb onun həyatında. Amma onlardan birini heç vaxt unutmayacaq. Həmin gün özünə qəsd etmək istəmişdi. Dünyalar
qədər sevdiyi anası onu əbədi tərk edirdi. Bütün sevdiklərinə, bu dünyaya əlvida deyib köç edirdi. Bətnində hələ dünyaya gətirə bilmədiyi körpəsini də özü ilə aparırdı. Bu körpə
onun doqquzuncu bacısı, ya da qardaşı olacaqdı.
... Canəli
Əkbərovun səsindəki,
zənguləsindəki yanğı
da anasını itirəndə yaşadığı
o böyük kədərin
izi, nişanəsidir bəlkə?!
Bu gün
Azərbaycan muğam sənətinin ustadlarından
biri, böyük xanəndə, xalq artisti, “Şərəf” ordenli Canəli Əkbərovun 70 yaşı
tamam olur. Yubiley münasibətilə
Lent.az ustad sənətkarın müsahibəsini
təqdim edir.
- Canəli
müəllim, deyirlər
hər yaşın öz gözəlliyi var. Siz də artıq
ahıllıq dövrünü
yaşayırsınız. Bu yaşın gözəlliyini,
şirinliyini nədə
görürsünüz?
- Özümü
xoşbəxt sayıram
ki, bu gün
70 yaşım tamam olur. Özünə, səhhətinə diqqət
yetirən biri kimi deyirəm ki, özümü qoca yox, cavan
hesab edirəm. Əsas yaş deyil. Əsas odur ki, insan
qəlbən özünü
gənc saysın. Məni bu günə
qədər gətirib
çıxaran, daxilən
cavan saxlayan sənətə, xalqıma
olan məhəbbətimdir.
Bu 70 ilin
50 ilini muğamlarımızın
inkişafı, saflığının
qorunub saxlanması, deformasiyaya uğramaması
naminə xidmət etmişəm. Bacardığım
qədər buna nail olmağa çalışmışam.
Düz 50 ildir ki, muğam sahəsində çalışıram.
Bu illər ərzində
çoxlu tələbəm
olub. Onların bəziləri xalq artistidir, Prezident təqaüdçüləridir. Rəhbərlik etdiyim Mədəniyyət və
İncəsənət Universitetinin
muğam kafedrasında
mənimlə işləyirlər.
Məni cavan saxlayan məhz belə işlərdir.
- Bu gün
dövlət tərəfindən
muğama göstərilən
diqqət göz qabağındadır. Bəs
gənclərdə necə,
bu sahəyə maraq, həvəs hansı səviyyədədir?
- Ölkə
başçısının dəstəyi və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın başçılığı
ilə həyata keçirilən layihələr,
beynəlxalq muğam festivalları, simpoziumlar deməyə imkan verir ki, bu
gün muğama böyük axın var. Amma o axının içindən biz büllur,
saf səsləri axtarıb seçirik, onlarla muğam tədrisini başlayırıq.
Sevinirəm ki, bu muğam ifaçılığında
yeni ruh, yeni nəfəs var. Ümid edirəm ki, bizlərə baxıb öz sənətlərinə qarşı
məsuliyyətlə yanaşar,
qazandığımız uğurlara
onlar da sahib olarlar.
- Bir
məsələ də
var ki, bu
sahəyə axın olur, amma o təhsil
ocağını bitirən
gənclərin hamısı
muğam ustası olmur, bəzən hətta ayrı sənəti seçirlər.
- Doğrudur.
Elə Asəf Zeynallıya daxil olan il mənimlə
bərabər nə qədər tələbə
vardı. Amma onların içindən yeganə Canəli Əkbərov qaldı. Ümumiyyətlə, gərək
sənətinin fanatı
olasan, pulun, maddi marağın yox. Sənət eşqinin oduna yansalar, gecə-gündüz
mütaliə ilə məşğul olsalar, klassiklərimizin həyat və yaradıcılığından,
söz sərvətlərindən
düzgün istifadə
etsələr, sənətdə
uğurları çox
olar. Bu sənətdə
duruş gətirmək
məsələsi var. Yəni
bunu da bacarmaq,
sənətin çətinliklərinə
sinə gərmək lazımdır.
- Rəhbərlik
etdiyiniz tədris ocağında təhsil alan tələbələrin
cins şalvar geyinməsinə icazə vermədiyinizi deyirlər.
- İstər
qız olsun, istərsə də oğlan, ümumiyyətlə
muğam ifaçılarının
geyimləri milliliyə
uyğun olmalıdır.
Cins şalvar geyinən qız mənim qarşımda “Rast” muğamını oxuyursa, ağzından lap dürr də yağsa, bədii gücü zəif olar. Geyim muğamın
ümumi fəlsəfəsinə
uyğun olmalıdır.
Millilik ifaçının
geyimindən başlayır.
Mədəniyyət milli
ruhda köklənməlidir.
- Əvvəllər
“Leyli və Məcnun”u ifa etmək üçün uzun müddət hazırlıq prosesi gedirdi, hamıya bu partiyaları həvalə etmirdilər.
İndi sanki bu proses bir
az adiləşib...
- Hələ
tələbə ikən
məni Məcnunun atası roluna dəvət etdilər. 25 yaşlı cavan oğlana ata rolu həvalə ediləndə düşündüm
ki, ata əzəmətini
çatdıra bilmərəm.
Mənim səsim, tembrim, görünüşüm
Məcnuna çox uyğun idi. Ona görə də mən o vaxt etiraz edib
oynamadım. Sonrakı
dəvətdə mənə
İbn Salam rolunu verdilər. Mehdi Məmmədovun xahişini yerinə yetirib cəmi bir dəfə o rolda çıxış
etdim. Mehdi Məmmədov dedi: “Canəli İbn Salamı elə Məcnun səviyyəsində
oynadı”.
Ondan sonra bütün milli operaların baş qəhrəmanı
oldum. Amma bir həqiqət də var ki,
bu gün kim oldu Leyli,
ya da Məcnun
rolunu həvalə edirlər. Ona görə ki, bu gün “Leyli
və Məcnun”un fəlsəfəsi laxlayıb.
İfaçılar Füzulinin,
Üzeyir bəyin fəlsəfi traktovkasını
tamamlamır. Hərə
öz bildiyini edir. Əsərin hər bir sözünü
dərk etmək lazımdır. Məzmununu
öz çalarlarında
verməyi bacarmalıdırlar.
- Bizim
xalq mahnılarımız,
milli musiqilərimiz də zaman-zaman ermənilər tərəfindən
oğurlanıb...
- Ümid
edirəm ki, bunun qarşısı alınacaq. Çünki dövlətimiz bu işin qarşısını
almaq iqtidarındadır.
Bir də televiziya kanalları əsas təbliğat mərkəzidir. Kanallarımız
milli musiqiyə hörmətlə yanaşacaq,
ifaçılardan tələb
edəcəklər ki,
mahnıları doğru-düzgün
oxusunlar. Elə oxusunlar ki, sabah
erməni baş qaldırıb deməsin ki, bu mahnı
mənimdir.
- Sözünüzdən
belə çıxır
ki, milli musiqimizdə baş verən sapmalar narahatçılıq doğurur.
- Bəli,
sapmalar olur. Milli ruhda yazılan,
xalq tərəfindən
sevilən, əsrlərdən
keçib bu günümüzə gəlib
çıxan milli musiqilərimizi sintez etmək, başına oyun açmaq, hoqqa çıxarmaq olmaz. Bu elə onu aparıb erməniyə qismət edir. Çox vaxt elə o aranjemanlar musiqimizi ermənilərə nəsib
etdi. Belə etmək olmaz. Milli musiqimizin saflığını qorumaq
lazımdır. “Sənsiz”i,
“Koroğlu” uvertürasını
necə aranjeman etmək olar? Milli musiqimiz, xalq mahnılarımız orijinal saxlanmalıdır.
Onları qoruyub qədrini bilməliyik.
İki
sahil.- 2010.- 11 mart.- S. 16.