AZƏRBAYCAN QIZIL AYPARA CƏMİYYƏTİNİN
90 İLLİK YUBİLEYİ TƏNTƏNƏLİ SURƏTDƏ
QEYD OLUNMUŞDUR
Martın
10-da Milli Təhlükəsizlik
Nazirliyinin Mədəniyyət Mərkəzində
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) yaradılmasının
90 illiyinə həsr olunmuş təntənəli yubiley
mərasimi keçirilmişdir.
AQAC-ın prezidenti,
Milli Məclisin deputatı Novruzəli Aslanov Cəmiyyətin
ötən 90 ildəki fəaliyyəti barədə məruzə
etmişdir. Bildirilmişdir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti
1920-ci il martın 10-da təsis edilmişdir. Azərbaycan Xalq
Cümhuriyyətinin yadigarı olan AQAC sovet hakimiyyəti illərində
də böyük uğurlar qazanmışdır. AQAC-ın
prezidenti, ümummilli lider Heydər Əliyevin xalqın təkidli
tələbi ilə ikinci dəfə hakimiyyətə
qayıdışından sonra qurumun fəaliyyətində
yeni dövrün başlandığını
vurğulamışdır. Bildirilmişdir ki, ulu öndərin
təşəbbüsü ilə 1994-cü ildə AQAC bir
ictimai qurum kimi dövlət tərəfindən rəsmən
tanınmış və bununla bağlı Milli Məclis
müvafiq qərar qəbul etmişdir.
Bu qərardan sonra Beynəlxalq
Qızıl Xaç Komitəsi və Beynəlxalq
Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri
Federasiyası AQAC-ı özlərinin tam və bərabərhüquqlu
üzv qəbul etdiklərini bildirən N.Aslanov, eyni zamanda, Azərbaycan
Prezidenti İlham Əliyevin gündəlik diqqət və
qayğısı sayəsində Cəmiyyətin bu gün MDB
ölkələri arasında ən inkişaf etmiş və ən
yaxşı təchiz olunmuş milli cəmiyyətlərdən
birinə çevrildiyini faktlarla diqqətə
çatdırmışdır. Bildirmişdir ki, Azərbaycan
Prezidentinin 2008-ci il 7 aprel tarixli Sərəncamına əsasən,
hər il martın 10-u ölkəmizdə “Qızıl Aypara
günü” kimi qeyd edilir. Bu gün AQAC Azərbaycanda 260 mindən
artıq üzvü olan yeganə qeyri-hökumət təşkilatıdır.
Hazırda Cəmiyyətin 83 rayon bölməsi və 7 regional
mərkəzi uğurla fəaliyyət göstərir.
Prezident
Administrasiyası ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov Azərbaycan
Prezidenti İlham Əliyevin adından AQAC-ın
çoxsaylı üzvlərini əlamətdar yubiley
münasibətilə təbrik edərək bildirmişdir ki,
ölkəmizin ictimai-siyasi, sosial həyatında mühüm
rol oynamış bir təsisatın 90 illiyinin bu gün
dövlət səviyyəsində qeyd olunması onun nəcib
fəaliyyətinə verilən qiymətin əyani təzahürüdür.
Ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan indiyədək
və ondan əvvəlki illlərdə də sosial həyatımızın
ayrılmaz tərkib hissəsinə çevrilmiş bu təşkilatın
yubileyi onun müəyyən mənada xalq, beynəlxalq qurumlar
və AQAC-ın inkişafına yardım göstərmiş
dövlət sturukturları qarşısında
görülmüş işlərə dair hesabatı deməkdir.
Əli Həsənov
demişdir ki, əgər bir təşkilatın məramı
ehtiyacı olanlara, dara düşmüş, fövqəladə
vəziyyətə düçar olmuş insanlara yardım
göstərməkdirsə, deməli, həmin təsisat cəmiyyətdə
ən arzuolunan qurum hesab edilə bilər. Hər bir ictimai,
siyasi, rəsmi, qeyri-rəsmi fəaliyyətin dəyəri cəmiyyətə,
insanlara nə dərəcədə sərfəli
olub-olmaması ilə ölçülür deyən Prezident
Administrasiyasının şöbə müdiri, bu baxımdan
AQAC-ın ölkəmizdə məhz hamıya lazımlı və
gərəkli ictimai fəaliyyətlə məşğul
olduğunu vurğulamışdır.
Ölkəmizdə
Qızıl Aypara Cəmiyyətinin 1920-ci ildə
yaranmasına baxmayaraq, onun təşəkkülündən 2
ay keçməmiş Azərbaycan Xalq Cümhuriyyəti
süquta uğradığına görə bu qurumun sovet Azərbaycanı
dövründə formalaşdığını və
respublikamızda Beynəlxalq Qızıl Xaç və
Qızıl Aypara cəmiyyətlərinin milli qurumu kimi fəaliyyət
göstərdiyini xatırladan Əli Həsənov onun əsas
inkişaf dövrünün ölkəmizin ikinci dəfə
müstəqilliyinə qovuşması ilə sıx
bağlı olduğunu bildirmişdir. Qeyd etmişdir ki,
müstəqilliyimizin ilk illərində ölkədə
mövcud olan çətinliklər, xüsusilə Ermənistanın
hərbi təcavüzü nəticəsində
yaranmış problemlərin aradan qaldırılmasında əsas
rol oynayan təşkilatlardan biri Azərbaycan Qızıl
Aypara Cəmiyyəti olmuşdur. AQAC müstəqillik
dövründə yenidən təşkilatlanmağa
başladığı ilk gündən etibarən Azərbaycanın
qarşılaşdığı ciddi problemlərin həlli
istiqamətində fəal iş aparmışdır.
Azərbaycanda
Qızıl Aypara Cəmiyyətinin bugünkü inkişaf mərhələsinə
çatmasında dövlətin rolunu xüsusi vurğulayan
Prezident Administrasiyasının şöbə müdiri,
ümummilli liderimiz Heydər Əliyev tərəfindən hələ
1994-cü ildə - ölkəmizin çox çətin
anlarında Cəmiyyətin fəaliyyətinin təşkili və
onun milli bir qurum kimi tanınması istiqamətində
xüsusi Sərəncam imzlandığını
xatırlatmışdır. Bildirmişdir ki, bundan sonrakı
dövrlərdə də ulu öndər AQAC-ın Azərbaycan
cəmiyyətinin ayrılmaz tərkib hissəsinə
çevrilməsi, onun fəaliyyətinin təkmilləşdirilməsi,
maddi-texniki bazasının gücləndirilməsi
üçün diqqət və qayğısını əsirgəməmişdir.
Hazırda bu siyasətin
Prezident İlham Əlivev tərəfindən uğurla davam
etdirildiyini deyən Ə.Həsənov dövlətimizin
başçısının “Azərbaycan Qızıl Aypara Cəmiyyətinə
dövlət qayğısının artırılması
haqqında” 2004-cü il 31 yanvar tarixli Sərəncamını
diqqətə çatdırmışdır. Ümumiyyətlə,
2004-cü ildən bəri Azərbaycan Prezidentinin AQAC-a
dövlət qayğısının artırılması ilə
bağlı 5 sərəncam imzaladığını bildirən
Ə.Həsənov ölkədə bu qədər diqqət və
qayğı göstərilən ikinci bir ictimai təşkilatın
olmadığını söyləmişdir. Şöbə
müdiri AQAC-ın 90 illik yubileyi ərəfəsində
Prezident İlham Əliyevin sərəncamları ilə Cəmiyyətin
17 fəalının dövlət mükafatlarına layiq
görülməsini qurumun fəaliyyətinə verilən
qiymətin əyani nümunəsi olduğunu
vurğulamışdır.
Sonra Əli Həsənov
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 mart tarixli Sərəncamı
ilə “Tərəqqi” medalına layiq görülmüş Cəmiyyətin
bir qrup üzvünə yüksək dövlət
mükafatını təqdim etmişdir.
Milli Məclis sədrinin
müavini Bahar Muradova AQAC-ın 90 illik yubileyinin dövlət
səviyyəsində qeyd olunmasının təkcə əziyyətlər,
zəhmətlər, fədakarlıqlar hesabına keçilən
yolun qiymətləndirilməsi deyil, eyni zamanda, ülvi, bəşəri
hisslərin - sevginin, qayğıkeşliyin, məhəbbətin,
mərhəmətin təntənəsi olduğunu
bildirmişdir. Qızıl ayparaçıların
xalqımıza təmənnasız xidmət etdiklərini deyən
B.Muradova AQAC-ın ən çətin, ən kəşməkəşli
dövrlərdə insanlara dayaq olduğunu xatırlatmışdır.
O, Milli Məclisin sədri Oqtay Əsədovun təbrik məktubunu
Cəmiyyətin rəhbərliyinə təqdim etmiş və
qızıl ayparaçılara gələcək fəaliyyətlərində
uğurlar arzulamışdır.
Yeni Azərbaycan
Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı
Mübariz Qurbanlı, Beynəlxalq Qızıl Xaç və
Qızıl Aypara Cəmiyyətləri Federasiyasının
Gürcüstandakı nümayəndəsi Elxan Rəhimov,
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı
nümayəndəliyinin başçısı Tun Vandenhuv,
Türkiyə Qızıl Ay Cəmiyyəti idarə heyətinin
üzvü Heyati Çetin və başqaları AQAC-ın
üzvlərini yubiley münasibətilə təbrik etmişlər.
Beynəlxalq
Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri
Federasiyasının prezidenti Tadateri Konoenin və Beynəlxalq
Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerin
yubiley münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinə
təbrikləri videogörüntülərlə tədbir
iştirakçılarına
çatdırılmışdır.
Yubiley mərasimi bayram konserti ilə davam etmişdir.
İki sahil.- 2010.- 11 mart.- S. 5.