ARDNŞ və Almaniyanın “RWE Dea” Şirkəti arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır

 

Dünən ARDNŞ ilə Almaniyanın “RWE Dea” Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Naxçıvan” prespektiv strukturunun kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsas kommersiya prinsip və şərtlərinin razılaşdırılmasına dair Qarşılıqlı Anlaşma Memorandumunun imzalanma mərasimi keçirildi.

Mərasimi giriş sözü ilə açan ARDNŞ-in prezidenti Rövnəq Abdullayev qonaqları salamladıqdan sonra bildirdi ki, “RWE Dea” Şirkəti ilə bir ildir əməkdaşlıq edirik: “Hər iki tərəfin maraqlarına uyğun olan Nabukko layihəsinin həyata keçirilməsi istiqamətində ekspertlər arasında çox yüksək görüşlər keçirilir. “Naxçıvan” perspektiv strukturunun işlənilməsi haqqında “RWE Dea” Şirkəti ilə qərar qəbul etmişik. Memorandum imzalanır.”

Məlumat üçün bildirildi ki, “RWE Dea” Şirkəti təbii qazın və xam neftin kəşfiyyatı və hasilatı sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq şirkətlərdən biridir. Müasir qazma və hasilat, texnika və texnologiyaya malik Şirkət uzun illərdən bəri əldə etdiyi təcrübəni öz fəliyyətində uğurla tətbiq edir. Şirkətdə 86 min nəfərə yaxın əməkdaş çalışır. Şirkətin Almaniya, Böyük Britaniya, Norveç, Danimarka, Misir, Əlcəzair, İrlandiya, Liviya, Mavritaniya, Mərakeş, Polşa və Türkmənistanda müəssisələri fəaliyyət göstərir. Eyni zamanda, “RWE Dea” Şirkəti Nabukko layihəsi konsorsiumunun 6 səhmdarından biridir. “RWE Dea” Şirkəti “RWE” Şirkətlər Qrupunun Avropadakı ən iri hasilat müəssisələrindən biridir və dəniz akvatoriyalarında zəngin iş təcrübəsinə malikdir. Ötən il “RWE Dea” Şirkətinin Bakıda nümayəndəliyi açılıb.

“RWE Dea” Şirkəti təhlükəsizlik və ekologiyanın mühafizəsi sahəsində də ən yüksək standartları təyin etmişdir. Bundan başqa, “RWE Dea” Almaniyada təbii qazın saxlanılması üzrə iri həcmli yeraltı qaz anbarlarının operatorudur.

R.Abdullayev “RWE Dea” Şirkətinin boru xətlərinin idarə olunması istiqamətində gördüyü işlərdən də bəhs etdi. Bildirdi ki, Şirkətin bununla bağlı layihələri var. “RWE Dea” Şirkətinin Azərbaycanda neft-qaz perspektiv strukturlarını işləməsi deyilənləri tamamlayır. “İnanıram ki, birgə səyimiz, Almaniyanın yüksək texnologiyaları işləri daha yüksək səviyyədə aparmağa imkan verəcək.”

Bildirildi ki, “Naxçıvan” perspektiv strukturu Xəzər dənizinin Azərbaycan sektorunda, Abşeron yarımadasından 90 km cənubda, sahildən isə 55 km aralıda, dənizin 120-750 metrə qədər dərinliklərində, Azərbaycanın zəngin təbii qaz yataqlarından olan “Bahar” və “Bulla-dəniz” yataqlarının əhatəsində yerləşir. 1960-cı ildə aparılan seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilmiş bu strukturda 1994-cü ildə axtarış qazmasına başlanmışdır.

“RWE Dea” Şirkəti həmin strukturla bağlı müraciət etmiş və tərəflər arasında danışıqlara start verilmişdir. Aparılmış danışıqlar Memorandumun imzalanmasına zəmin yaratmışdır. Bütün bunlar, Abşeron arxipelaqında kifayət qədər çıxarıla bilən karbohidrogen ehtiyatlarının olduğunu sübut edir.

O da qeyd edildi ki, “Naxçıvan” strukturunun çıxarıla bilən təbii qaz ehtiyatı 300 milyard kubmetr, kondensat ehtiyatı isə 38 milyon ton həcmində qiymətləndirilir.

“RWE Dea” Şirkətinin İdarə Heyətinin sədri, doktor Yurgen Qrosman nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə ARDNŞ-in prezidentinə minnətdarlığını bildirdi. “Bu gün imzalanan Anlaşma Memorandumu əməkdaşlığımızın ilk nəzərə çarpan bir təzahürüdür. “RWE Dea” Şirkəti Azərbaycandakı fəaliyyətini genişləndirməkdədir. Biz çox sevinirik ki, Azərbaycan öz təbii ehtiyatlarının işlənməsində bizə etimad göstərir. Bu etimadı doğrultmaq üçün əlimizdən gələni edəcəyik. “Naxçıvan” layihəsinin müstəqil bir layihə olmasına baxmayaraq, digər əməkdaşlıq sahələriniz də bizim üçün sevindiricidir. Layihə müstəqil layihə kimi çox uğurludur. Boru xətlərinin idarə olunmasında Almaniyanın təcrübəsini qeyd etdiyiniz üçün sizə təşəkkürümü bildirirəm.”

Sovetlər birliyi dağıldıqdan sonra bəzi postsovet, eyni zamanda digər ölkələrdə köhnə boru kəmərləri sisteminin, texnologiyaların miras qaldığını xatırladan qonaq qeyd etdi ki, biz bəzi texnologiyaları təkmilləşdirərək həmin sistemlərin daha da müasirləşdirilməsi, modelləşdirilməsi üçün mühüm işlər görmüşük. “Çexiya və Slovakiyada bu işlər həyata keçirilib. “RWE Dea” Şirkəti ilə ARDNŞ-in gələcəkdə Xəzər dənizinin Azərbaycan sektorundakı təbii qaz və neft yataqlarının kəşfiyyatı sahəsində əməkdaşlıq edilməsinə dair razılaşmanın tərtib olunması məqsədilə Anlaşma Memorandumunun imzalanması alman texnologiyalarının Azərbaycana daxil olması üçün bir giriş qapısı olacaq. Ümid edirəm ki, kəşfiyyat və hasilatdan başlanan bu əməkdaşlıq bütün sahələri əhatə edəcək.”

Y.Qrossman Avropanın Xəzər dənizinin zəngin neft və qaz ehtiyatlarına ehtiyacı olduğunu bildirdi. Vurğuladı ki, bunun nəticəsində “RWE Dea” Şirkəti də kəşfiyyat və hasilat sektorunda öz fəaliyyətini genişləndirmək iqtidarında olacaq. Şirkətin bunun üçün lazımi təcrübəsi var. Uzunmüddətli perspektivdə, “RWE Dea” Şirkəti ilə ARDNŞ arasında sonuncu imzalanmış razılaşmaya görə mənbə ola biləcək qaz yataqları “Cənub dəhlizi” layihəsinin də tərkib hissəsi ola bilər.

Qonaq Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına malik olduğunu xüsusi vurğulayaraq, ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolunu yüksək dəyərləndirdi.

Sonda ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və “RWE Dea” Şirkətinin İdarə Heyətinin sədri, doktor Yurgen Qrosman Anlaşma Memorandumunu imzaladılar.

Media nümayəndələrinin suallarını cavablandıran tərəflər bildirdilər ki, Memoranduma əsasən, “Naxçıvan” perspektiv strukturunun kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü üzrə gələcək danışıqların aparılması üçün “RWE Dea” Şirkətinə müstəsna hüquq verilir.

R.Abdullayev qeyd etdi ki, “Naxçıvan” perspektiv strukturunda işləmək üçün “RWE Dea” Şirkətinə verilən bir illik müddət ərzində ARDNŞ-lə Şirkət arasında müqavilə hazırlanacaq. “RWE Dea” bu perspektiv strukturu öyrənəcək. Bir il ərzində “PSL” müqaviləsi imzalanacaq. Bundan sonra bu strukturda kəşfiyyat işləri həyata keçiriləcək. Müqavilənin şərtlərinə sənədlər hazırlandıqda baxılacaq.

ARDNŞ-in prezidenti “RWE Dea” Şirkətinin Nabukko layihəsinin fəal iştirakçılarından biri olduğunu bildirdi. Bu inamını da ifadə etdi ki, Nabukko layihəsinin həyata keçirilməsində birgə işlər aparılacaq, müsbət nəticələr əldə olunacaq.

Y.Qrossman Naxçıvan perspektiv strukturunun gələcəkdə Nabukko layihəsinə öz töhfəsini verəcəyini bildirdi.

 

 

Yeganə Əliyeva

 

İki sahil.- 2010.- 11 mart.- S. 3.