YAP Qaradağ rayon təşkilatının yaradılmasının 17-ci ildönümü qeyd edildi

 

Dünən YAP Qaradağ rayon təşkilatının yaradılmasının 17-ci ildönümü ilə bağlı Lökbatan qəsəbəsində tədbir keçirildi.

Tədbir iştirakçıları öncə rayon mərkəzindəki Heydər Əliyev adına parka gələrək ümummilli liderin abidəsi önünə əklil qoydular.

Sonra tədbir rayon mədəniyyət sarayında davam etdirildi. YAP Siyasi Şurasının üzvü, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov partiya üzvlərini ildönümü münasibətilə təbrik edərək bildirdi ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiyanın təsis yığıncağı keçiriləndən sonra bölgələrdə onun yerli strukturları formalaşdırılmağa başlayıb. “Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-a böyük etimad göstərir. Partiyamız gördüyü misilsiz işlərlə xalqın inamını doğruldub, partiyamızla xalqımız arasındakı bu sarsılmaz birlik daha da möhkəmlənəcəkdir.”

YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov rayon təşkilatının yaradılmasının 17 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edərək dedi: “17 il ərzində rayon təşkilatı böyük işlər görüb. Kiçik bir otaqda yaradılmış YAP Qaradağ rayon təşkilatı qısa müddətdə sıralarını genişləndirərək, mütəşəkkil bir təşkilata çevrilib. Bu gün rayon təşkilatı 10 mindən artıq insanı birləşdirir. Əlbəttə, bütün bunlar ümummilli lider Heydər Əliyevin ideyalarına əbədi sadiqliyin göstəricisidir. Bu gün burada əyləşmiş bir çox insanlar ağır şəraitdə məsuliyyətli qərarlar qəbul edərək yaratdıqları bu rayon təşkilatının ölkəmizin inkişafı naminə nümayiş etdirdiyi fəaliyyətlə fəxr edə bilərlər”.

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxışında qeyd etdi ki, müstəqil dövlətimizin möhkəmləndirilməsində YAP fəallarının rolu böyükdür: “Hazırda partiyamızın 500 mindən çox üzvü var. YAP bölgənin ən mütərəqqi, tanınmış siyasi partiyasıdır. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Bu siyasət nəticəsində ölkəmiz sürətlə inkişaf edir. Təbii ki, qazanılan uğurlar YAP-ın nüfuzunu daha da artırır”.

Çıxış edən digər natiqlər xalqımızın YAP-ın Sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini bildirdilər. Qeyd olundu ki, bu gün YAP-ın sıralarına axının güclənməsi dövlət başçısının həyata keçirdiyi dinamik siyasətin dəstəklənməsi ilə bağlıdır.

Sonda YAP Qaradağ rayon təşkilatının fəallarına fəxri fərmanlar və hədiyyələr təqdim olundu.

 

 

Aynurə Şirinova

 

İki sahil.- 2010.- 12 mart.- S. 7.