ABŞ Konqresmenlərinin tarixi təftiş etmək cəhdləri yolverilməzdir

 

Müsahibimiz YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlıdır

 

- Mübariz müəllim, ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərarı işğalçıya dəstək, ikili siyasətlə yanaşı tarixin saxtalaşdırılmasıdır. Tarixə bu qədər qeyri-ciddi münasibət ola bilərmi?

-ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma “erməni soyqırımı” ilə bağlı qəbul edilmiş qərarı tarixi həqiqətin təhrif olunması və ədalət prinsiplərinin kobud şəkildə pozulmasıdır. Birləşmiş Ştatlar Konqresinin Xarici Əlaqələr Komitəsinin 252 nömrəli qərarı, tarixi həqiqətdən tam uzaqdır. Bu qərar layihəsinin qəbulu Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına, həmçinin xalqlar arasında daimi dostluq münasibətlərinin qurulmasına ziyan vurur. Hamıya bəllidir ki, Birinci Dünya müharibəsində Çar Rusiyasının qoşunları o dövrdə Türkiyə ərazilərinə daxil olmuşdu. Həmin vaxtlarda ermənilərin yaşadığı ərazilərdə türk qoşunlarına qarşı arxadan zərbələr vurulurdu. Silahlı erməni dəstələri yolları dağıdır, körpüləri uçurur, türk qoşunlarının hərəkətinə mane olurdular. Belə olan şəraitdə Türkiyə hərbi komandanlığı ermənilərin bu ərazidən digər əraziyə köçürülməsi haqqında qərar qəbul etmişdi. Bu zaman ermənilərin köçürülməsi də hərbi zərurətdən irəli gəlirdi. Müharibə getdiyi dövrdə belə hallar bütün ölkələrdə baş vermişdi. Hətta sonrakı dövrlərdə İkinci Dünya müharibəsi illərində də düşmənlə üz-üzə dayanan dövlət öz təhlükəsizliyini təmin etmək, öz ordusunu bu və ya digər təxribatlardan qorumaq üçün göçürmələrə rəvac vermişdir. Buna ABŞ-ı misal gətirmək olar. Birləşmiş Ştatlar 1941-ci ildə Yaponiya ilə müharibəyə başlayanda Yapon əsilli Amerika vətəndaşlarını bir araya yığaraq, onları xüsusi rezervasiyada saxlayıb. 300 minə qədər yapon uşaqlı, qadınlı, qocalı Yuta ştatında bir rezervasiyada cəmləşdirilmişdi. Birləşmiş Ştatlar hökuməti bunu belə izah edirdi ki, Amerika Yaponiya ilə müharibə apardığına görə yapon millətindən olan amerikalıların təxribat törətmək təhlükəsi vardı. 1946-cı ilə qədər həmin yaponlar rezervasiyada qalmış, müharibədən sonra buraxılmışdılar.

O zaman da silahlı ermənilərin zərərsizləşdirilməsi Türkiyənin zəruri addımı idi. Amma 252 nömrəli qərarda əsaslandırılır ki, bir milyon yarım erməni qırılmışdır. Bu iddianın ortaya qoyulması, saxtakarlığın ən yüksək həddidir. Çünki həmin dövrdə Osmanlı İmperiyasında bu qədər erməni yaşamırdı. Milyon yarım ermənini qətlə yetirmək üçün isə türk qoşunlarının bir hissəsini bu işə cəlb etmək zərurəti yarana bilərdi, Osmanlı Ordusunun da o zaman buna imkanı yox idi.

- Azərbaycan və Türkiyə iki dost, qardaş ölkədir. Bir millət iki, dövlət olan Türkiyə və Azərbaycanın birinə qarşı atılan qərəzli addım, təbii ki, o birinə yönələn addım kimi dəyərləndirilir. Hansı addımlar atılacaq?

- Konqres tərəfindən qəbul olunmuş bu qərar dost və qardaş Türkiyənin maraqlarına qarşı yönəlməklə yanaşı, Azərbaycanın da maraqlarına qarşı çevrilmiş bir sənəddir. Bu sənədin qəbulu Türkiyə və Ermənistan arasında sərhədlərin açılmasında Türkiyəyə təzyiq göstərmək niyyətini özündə ehtiva edir və Dağlıq Qarabağ münaqişəsinin tezliklə və ədalətli həllinə qarşı çevrilmişdir. Çünki Türkiyə tərəfindən Ermənistanla sərhədlərin bağlanması məhz ermənilərin Azərbaycana qarşı işğalçılıq siyasətinə etirazın təzahürü idi. Türkiyə Azərbaycana müttəfiq ölkə kimi işğalçıya təzyiq göstərmək üçün bu addımı atmışdır. BMT nizamnaməsinin prinsiplərinə istinad edərək bu addımı digər dövlətlər də ataraq Ermənistanla sərhədləri bağlayıb, işğalçıya layiq olduğu yeri göstərməliydilər. Ancaq bunu etmək əvəzinə Birləşmiş Ştatlar Ermənistana yenidən bir nəfəs vermək, onu dirçəltmək, ayaq üstə qaldırmaq üçün Türkiyəyə təsir edir ki, sərhədləri açsın. Sərhədlərin açılması əslində Türkiyənin dolayısı ilə həmin işğalçıya yenidən əl uzatması olacaqdır. Və bu da Türkiyənin söykəndiyi prinsiplərə ziddir. Türk hökuməti də dəfələrlə bəyan etdi ki, sərhədləri o zaman açacaq ki, Qarabağda irəliləyiş olacaq. Baxmayaraq ki, Sürixdə Türkiyə protokolları imzaladı, bu protokolları imzalamamışdan öncə Türkiyə hökuməti bildirdi ki, bu protokolları bir şərtlə imzalayır ki, işğal olunmuş Azərbaycan torpaqlarından erməni silahlı qüvvələrinin çıxarılma prosesi başlanılsın. Türkiyə addımı atdı, göstərdi ki, o kompromisə getməyə hazırdır. Amma bunun əvəzində erməni tərəfindən hansısa bir addımların atıldığını görmədik. Hətta erməni tərəfinin danışıqlar prosesində daha kəskin mövqedən çıxış etdiyini, daha çox iştaha ilə danışdığını, yeni-yeni ərazilər iddiası ilə çıxış etdiyini görürük. Belə olan şəraitdə də Türkiyə Sürix protokollarının təsdiq olunması prosesini dayandırıb. Birləşmiş Ştatlar da həm Türkiyəyə, həm də Azərbaycana təzyiq etmək üçün yenidən qondarma “erməni soyqırımı” məsələsini Konqresdə qaldırıb. Qeyd edim ki, Birləşmiş Ştatlar hər dəfə Türkiyəyə təzyiq göstərmək istəyəndə bu qondarma “soyqırımı” məsələsini gündəmə gətirir. Hələ 1975-ci ildə Türkiyə Cümhuriyyəti Kiprdə yaşayan türk vətəndaşlarını qorumaq üçün qətiyyətli addım nümayiş etdirəndə, Konqresdə bu məsələ gündəmə gətirilmişdi. Sonra 2007-ci ildə qondarma “soyqırımı” məsələsi yenidən qabardıldı. Bu gün yenidən təzyiq vasitəsi kimi gündəmə gətirilib. Komitədə bir səs artıqlığı ilə 22 əleyhinə, 23 lehinə olmaqla qərarı keçiriblər. Hazırda Birləşmiş Ştatların administrasiyasının nümayəndələri dalbadal bəyanatlar verərək bildirirlər ki, onlar bu qərarın Konqresin ümumi iclasına çıxarılmasına imkan verməyəcəklər. Nəyə görə belə addım atırlar? Çünki bugünkü Türkiyə on il əvvəlki Türkiyə deyildir. Bu gün Türkiyə iqtisadi inkişafına görə dünyanın 17-ci ölkəsidir. Və böyük 20-lərin sırasındadır. Türkiyənin NATO silahlı qüvvələri içərisində çox güclü ordusu var. Eyni zamanda, Birləşmiş Ştatların Türkiyədən asılılığı Türkiyənin Birləşmiş Ştatlardan asılılığı ilə müqayisədə daha artıqdır. Türkiyənin və Azərbaycanın qətiyyətli mövqeyi, Azərbaycan Prezidentinin Türkiyə Prezidentinə telefon açaraq bu məsələdə Türkiyənin yanında olmasını söyləməsi, o cümlədən Azərbaycan Milli Məclisinin və Azərbaycanın ictimai-siyasi təşkilatlarının açıq bəyanatları, bunlar bir daha sübut edir ki, bütün türk dünyası Türkiyənin yanındadır.

- ABŞ-ın ölkəmizə qarşı ikili standartlardan qaynaqlanan münasibətinin arxasında hansı məqsədlər durur? Xocalı soyqırımı ABŞ-ın ali qanunvericilik orqanında nə üçün gündəmə gətirilmir?

- Burada ikili yanaşma açıq şəkildə özünü göstərir və bu, birinci hal deyil. Ən yaxın tarixdə1992-ci ilin 26 fevralında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində törədilən Xocalı soyqırımı əslində, kimin insanlıq əleyhinə cinayət törətməyə qadir olduğunu bütün dünyaya əyani şəkildə nümayiş etdirdi. Amma ABŞ Konqresi Nümayəndələr Palatası nədənsə bu qanlı cinayətə bu günə qədər laqeyd münasibət göstərmiş və beləliklə də bilavasitə təcavüzkara havadarlıq etmişdir. ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin məlum qərarı ümumilikdə regionda baş verən proseslərə mənfi təsir göstərir, öz qonşularının ərazi bütövlüyünü tanımayan, etnik təmizləmə siyasətini həyata keçirən Ermənistanın Qafqaz regionunda sülhü və sabitliyi təhdid edən hərəkətlərinə siyasi və mənəvi dəstək kimi qiymətləndirilir.

- Bu il Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi səylər qaneedici olacaqmı?

- Ölkə Prezidenti İlham Əliyevin yeritdiyi siyasət ən məqbul, balanslı və çevik siyasətdir. Eyni zamanda, dəyişən və dəyişə bilməsi istisna olunmayan şəraitə adekvat olaraq addımlar atmaq hüququnu da özündə saxlayır. Prezident İlham Əliyev 20 ilə yaxındır ki, Azərbaycan torpaqlarının işğal altında olmasının və dünya birliyi tərəfindən Ermənistana təzyiq göstərilməməsinin yol verilməz olduğunu bildirib. Mövcud status-kvonun bizi qane etmədiyini və onun ədalətli şəkildə dəyişdirilməli olduğunu xüsusilə vurğulayıb: “Biz yaranmış bu vəziyyətlə barışa bilmərik. Status-kvo bizi qane etmir. Status-kvo dəyişməlidir və ədalətli dəyişməlidir. Erməni işğalçı qüvvələri bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır. Bu məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və tapacaq.”

ATƏT-in Minsk qrupu bu məsələ ilə məşğul olur və Birləşmiş Ştatlar da ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir. Hazırda biz bu danışıqlar prosesində müsbət irəliləyişlər görməkdəyik. Son günlərdə ABŞ-ın, Rusiyanın və Fransanın diplomatiyasının Qarabağ məsələsi ilə əlaqədar çevikliyi göz önündədir. Təbii ki, burada Azərbaycanın atdığı addımlar istənilən nəticə verir. Erməni prezidentinin Fransaya dəvət olunması, Azərbaycanın xarici işlər nazirinin ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşməsi kimi məsələlər belə nəticəyə gəlməyə əsas verir ki, 2010-cu ildə danışıqlar prosesində ciddi irəliləyişlər olacaq. Azərbaycanın qətiyyətli mövqeyi və status-kvonun dəyişməsi zərurətinin Prezident tərəfindən açıq şəkildə ortaya qoyulması tərəfləri bu problemlə əlaqədar intensiv diplomatiya yürütməyə sövq etmişdir. İntensiv diplomatiyanın aparılması nəticə etibarı ilə Ermənistana təzyiqlərin ediləcəyini söyləməyə əsas verir. Qondarma “erməni soyqırımı” məsələsinin Konqresdə iflasa uğraması, artıq iflasa uğrama deyirəm ona görə ki, həmin qərarın qəbul edilməsinə baxmayaraq, ümumi iclasa çıxarılmasının qarşısı alınmışdır. Digər tərəfdən Türkiyənin və Azərbaycanın qətiyyətli mövqeyi ATƏT-in Minsk qrupu həmsədrlərini intensiv diplomatiya yolu seçməyə sövq etmişdir. Bu gün Rusiya ilə Azərbaycan arasında çox böyük müsbət əlaqələr var və Rusiyanın prezidenti Dmitri Medvedevin də bu problemin həlli ilə əlaqədar Ermənistanı təhdid edən fikirlər söyləməsi belə nəticəyə gəlməyə əsas verir ki, bu gün müəyyən tərəflər Ermənistanı ədalətli mövqeyə sövq etmək üçün təzyiq edirlər. Hesab edirik ki, əldə olunan həmin diplomatik uğurlar istənilən nəticəni verəcək.

 

 

Şəmsiyyə Əliqızı

 

İki sahil.- 2010.- 12 mart.- S. 6.