“Azərbaycanın müasir və modern ordusu, müdrik və uzaqgörən Ali Baş Komandanı var”

 

Müsahibimiz “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Bəxtiyar Sadıqovdur

 

- Bəxtiyar müəllim, Azərbaycanda ordu quruculuğu işinə çox çətin və mürəkkəb bir şəraitdə başlanıldı. Bu proseslərə yaxından bələd olan bir insan kimi Sizin fikirlərinizi dinləmək maraqlı olardı.

- Ötən əsrin 90-cı illərində Azərbaycan dövlət müstəqilliyi qazandı. Qırmızı imperiyanın dağılması prosesində Azərbaycan xalqı çoxdan ürəyinin ən dərin guşəsində bəslədiyi azadlıq arzusunu gerçəkləşdirmək imkanı əldə etdi. Və bu yöndə ilk addımlar atmağa başladı. Lakin Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağa göz dikilməsi və onu Ermənistana birləşdirmək niyyəti barədə iddiaların və məkrli əməllərin meydana çıxması bu niyyətin gerçəkləşdirilməsi yolunda ciddi maneə idi.

Ulu öndər Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışı sayəsində mövcud vəziyyət kökündən dəyişdi. Yerlərdəki bütün güc strukturlarının imkanları vahid mərkəzdə birləşdirildi. Ölkənin müdafiə qüdrətinin artırılmasında, sözün həqiqi mənasında, dönüş yarandı. Milli Məclisin 18 noyabr 1993-cü il tarixli iclasında müdafiə və təhlükəsizlik məsələsi geniş müzakirə olundu. Ümummilli liderimizin 1993-cü il noyabrın 1-də xalqa tarixi müraciətini indi də yaxşı xatırlayırıq. Bu müraciətdə deyilirdi: “Hamı bir mərkəzdə - Müdafiə Nazirliyində, ordumuzda cəmlənməlidir”. Bundan əlavə, ulu öndərimizin elə həmin il noyabrın 4-də Əfqanıstan müharibəsi iştirakçılarının cəbhəyə könüllü yollanmaq istəyən bir qrupu ilə, noyabrın 7-də isə hərbi hissələrdən birinin təlim mərkəzində şəxsi heyətlə keçirdiyi görüşlər ordumuzdakı mənəvi əhval-ruhiyyəni, hərbi vətənpərvərlik hissini xeyli artırdı. Qısa müddətdə Azərbaycanda ordu quruculuğunun qanunvericilik bazası yaradıldı. Milli Məclis tərəfindən “Silahlı Qüvvələr haqqında”, “Hərbi xidmət haqqında”, “Müdafiə haqqında” və digər qanunlar qəbul edildi.

Kadr problemini aradan qaldırmaq məqsədilə MDB qoşun hissələrində xidmət edən azərbaycanlı zabitlərin vətənə qayıtmasına xüsusi diqqət göstərildi. Ordumuzun həyatında yaranmış bu dönüş özünü ilk növbədə, cəbhədə göstərdi. Silahlı Qüvvələrimizin bölmələri, demək olar ki, bütün istiqamətlərdə, xüsusilə, Beyləqan istiqamətində düşmənə ağır zərbə endirərək irəlilədilər. Atəşkəs haqqında sazişin imzalanmasının əsasında da məhz bu fakt dayanır. Ermənilər bu addımı atmağa bir növ, məcbur edildilər. Hərbi sahədə çox böyük və zəngin təcrübəsi olan ulu öndərimiz gecəli-gündüzlü ağır zəhməti bahasına müasir Azərbaycan ordusunun təməlini qoydu. Qısa zaman kəsiyində Silahlı Qüvvələrimizdə paralel olaraq çox işlər görüldü. İlk növbədə, dövlətçilik prinsiplərinə cavab verən sağlam mühit yaradıldı. Çağırış qaydalarının qanunun tələb etdiyi şəkildə tətbiqinə rəvac verildi. Ordumuzun döyüş hazırlığı, kadr potensialının artırılması, maddi-texniki bazasının gücləndirilməsi işi müasir tələblər səviyyəsinə qaldırıldı.

Silahlı Qüvvələrimizin zəngin hərbi biliyi və döyüş təcrübəsi olan generalları, peşəkar zabit korpusu mövcuddur. Bizim gənclərimiz vətənpərvərdirlər. Ordumuzun maddi-texniki təminatında, silahlanmasında heç bir problem yoxdur. Bugünkü ordumuzu 90-cı illərin əvvəlindəki ordu ilə müqayisə etmək qətiyyən mümkün deyil. Mən bir millət vəkili kimi daim cəbhə bölgələrinə gedir, hərbi hissələrimizə baş çəkirəm. Hər dəfə əsgərlərimizlə görüşərkən onların maddi-texniki təminatı ilə yaxından tanış oluram. Hərbi qulluqçuların normal xidməti üçün günün tələblərinə cavab verən müasir kazarmalar tikilib, müasir silah-sursat alınıb və ərzaq təminatı yüksək səviyyədə təşkil edilib. Bu sırada, xüsusilə, təlim sahəsində xeyli irəliləyişlərin şahidi olmuşam. Əsgərlərin yüksək döyüş hazırlığına yiyələnməsi üçün hərbi hissələrimizdə kifayət qədər münbit şərait yaradılıb. O cümlədən onların fiziki imkanlarının artırılmasından ötrü müxtəlif trenajorlar quraşdırılıb. Ən əsası isə odur ki, bizim ordumuzun hətta döyüşlərin getdiyi şəraitdə belə, təlim keçmək imkanı var.

Ordu quruculuğu işi bu gün ölkə başçısı, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev tərəfindən prioritet elan olunub. Bunun təbii nəticəsidir ki, hər il dövlət büdcəsindən ordu quruculuğuna ayrılan xərclər artırılır. Müqayisə üçün deyim ki, bu gün müvafiq sahəyə ayrılan vəsait Ermənistanın dövlət büdcəsindən çoxdur.

Ümumiyyətlə, dünyada möhtərəm Prezidentimiz İlham Əliyev qədər il ərzində cəbhə bölgəsinə səfər edən, döyüşçülərlə səngərdə görüşən, yerli şəraitlə yaxından tanış olan, əsgərlərlə birlikdə çay süfrəsi arxasında əyləşən və nəhayət, birbaşa ön xətdən düşmən mövqelərini müşayiət edən, bir sözlə, ordu ilə bu qədər sıx əlaqə saxlayan ikinci bir dövlət başçısı yoxdur.

- Bu gün insan amilinə də dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir.

- Əlbəttə, müasir texnologiyalarla hazırlanmış silah-sursatı olmayan bir ordu döyüşdə qalib gələ bilməz. Azərbaycan Ordusunun bu sıradan heç bir problemi yoxdur. Ölkəmizin müdafiə sənayesi fəaliyyətə başlayıb və eyni zamanda, biz inkişaf etmiş müasir dövlətlərlə ciddi əlaqələr qurmuşuq. Bütün bunlar ordumuzun gündən-günə inkişaf etməsində mühüm rol oynayır. Bununla belə, ordunun qüdrətini şərtləndirən əsas amillərdən biri də insan faktorudur. Yəni bütün silahlar insanlar tərəfindən idarə olunur. Elə məhz buna görə də bizim dövlətimiz insan amili məsələsini də daim diqqət mərkəzində saxlayır. Sevindirici haldır ki, vətənini və xalqını sevən, Azərbaycanın milli maraqlarını hər şeydən uca tutan gənclərin yetişdirilməsində, xüsusilə, xidmətə yollanan çağırışçılarda hərbiyəqədərki dövrdə hərbi vətənpərvərlik tərbiyəsinin aşılanmasında, torpağa bağlılıq hissinin gücləndirilməsində və hərbi biliklərə dərindən yiyələnməsində çox ciddi irəliləyişlərə nail olmuşuq. İndi bizim gənclərimiz istənilən anda, əgər Ali Baş Komandan əmr verərsə, ayağa qalxıb düşmənə layiqincə cavab vermək iqtidarındadır. Bu mənada, Silahlı Qüvvələrimizdəki mövcud döyüş əhval-ruhiyyəsi qürur doğuracaq faktlardandır.

- Siz bir millət vəkili kimi, tez-tez bölgələrdə olur, düşmənlə təmas xəttində döyüş növbəsində olan hərbi qulluqçularla, o cümlədən mülki insanlarla görüşür, müşahidələr aparırsınız. Sizcə, yerli əhalinin ordumuza münasibəti necədir?

- 1990-cı illərin əvvəllərində torpaqlarımızın işğal olunması nəticəsində insanlarımızda ordumuza qarşı (bunu mən ürək ağrısı ilə deyirəm) bir küskünlük yaranmışdı. Bu da təbii idi. Çünki hər dəfə bir təxribat törədilirdi, kimlərinsə şəxsi maraqlarına, siyasi ambisiyalarına xidmət edən bəzi özünümüdafiə dəstələri döyüş mövqelərini özbaşına tərk edirdilər. Nəticədə əhali məcburiyyət qarşısında qalıb girov düşməmək üçün öz yurd-yuvasını tərk edirdi. Belə bir vəziyyətdə yaranan inamsızlıq da əbəs deyildi. Ancaq bu gün əhalinin ordumuzla sıx əlaqəsi var. Ümumiyyətlə, ordu kimdir? Ordu bizim balalarımızdır, ordu bizim özümüzük! Bu gün camaatımız ordumuzu ürəkdən sevir və ona güvənir.

- Bəxtiyar müəllim, bununla belə, bəziləri Silahlı Qüvvələrimizə qarşı qara piar kampaniyası aparırlar.

- O yerdə ki iş var, o yerdə ki inkişaf var, orada nöqsanların olması da qeyri-adi sayılmır. Yəni ordu quruculuğunda bizim çox böyük uğurlarımız olduğu kimi, müəyyən çatışmazlıq və nöqsanların mövcudluğu da təbiidir. Və biz bunu etiraf edirik. Amma bütövlükdə bu qədər qısa müddətdə belə güclü ordu yaratmağın özü bir hünərdir. Bu, ulu öndərimizin, Ali Baş Komandanımızın, zabitlərimizin orduya böyük diqqətinin, böyük zəhmətinin bəhrəsidir. Biz hələ ki atəşkəs dövrünü, Qarabağ müharibəsinin birinci mərhələsini yaşayırıq. Hələ ki, sülh danışıqları gedir. Sülh danışıqları ilə məsələni nizama salmaq imkanları hələ tükənməyib. Ancaq Ali Baş Komandanımızın dediyi kimi, Azərbaycan nə 10 ildən, nə 15 ildən, nə də 50-100 ildən sonra öz torpaqlarının bir qarışını belə, düşmənə verməyəcək. Sülh danışıqları tükənəndə digər vasitələrlə ərazilərimizi azad edəcəyik.

Orduda gedən prosesləri biz daim çox böyük fəxrlə, sevinclə izləyirik və işıqlandırırıq. Hərbi hissələr və buradakı nümunəvi əsgər və zabitlər haqqında qəzetimizdə daim məqalələr dərc olunur. Bizim əməkdaşlarımız bütün bölgələrdəki hissələrə tez-tez baş çəkir və hər dəfə çox böyük və zəngin təəssüratlarla geri dönür, yerlərdəki şərait, o cümlədən zabit və əsgərlərimiz haqqında ağızdolusu danışırlar. Təbii ki, bizim də arzumuz budur və biz buna ancaq sevinə bilərik.

- Doğrudan da, baş redaktoru olduğunuz “Azərbaycan” qəzetində ordu quruculuğu sahəsində əldə olunan uğurlar barədə vaxtaşırı maraqlı yazılar dərc olunur.

- Amma, eyni zamanda, Azərbaycanda müəyyən mənada müstəqil mətbuat da, mətbu orqanlar da var və həmin mətbu orqanlarda Azərbaycan Ordusu ilə əlaqədar həqiqətə uyğun gəlməyən, bəzən böhtan xarakterli materiallar dərc olunur. Eyni zamanda, hər hansı nöqsanın şişirdilməsi, ona sensasiya donu geyindirilməsi cəhdləri də çoxdur. Bu məni yalnız jurnalist kimi yox, həm də adi bir vətəndaş kimi çox narahat edir. Axı, bizim bütün ümidimiz, gümanımız həm də ordumuzdur. Ordu dövlətin müstəqillik atributudur. Eyni zamanda, əgər döyüşlər başlasa, bizim ərazi bütövlüyümüzü məhz ordumuz bərpa edəcək. Ona görə də Silahlı Qüvvələrimizi gözdən salmamalı, orduda baş verənləri sensasiya xətrinə, yalnız qara rəngdə verməməliyik. Ola bilsin, beynəlxalq qurumlar tərəfindən qrant formasında maliyyələşdirilən müəyyən qəzetlər və qeyri-hökumət təşkilatları var. Hansı ki ordu haqqında kifayət qədər məlumatları olmadan, belə deyək, hər hansı bir informasiyanı şişirdilmiş şəkildə nəinki ölkə, hətta dünya miqyasına çıxartmağa çalışırlar. Bu hərəkətlərdə mən saf niyyət, saf məqsəd görmürəm və belə hesab edirəm ki, əvvəla, ordudan ilk növbədə səriştəli yazmaq lazımdır. Yəni ordu həyatı ilə müəyyən tanışlığın, bilgin olmalıdır. İkincisi, ordudan yazanda diqqətlə, hörmətlə yazmaq vacibdir. Ən nəhayət, nöqsanları da elə yazmaq və göstərmək lazımdır ki, bu, xeyirxahlıq mövqeyindən olsun, ümumi məqsədlərimizə xidmət etsin və problemin həllinə kömək göstərsin. Təəssüf ki, bir sıra qəzetlərdə gedən tənqidi yazılarda mən bu niyyəti, bu xeyirxah məqsədi görmürəm! Və bu məni çox narahat edir. İstəyirəm ki, o insanlar öz hərəkətlərini yenidən ölçüb-biçsinlər, öz mövqelərinə yenidən baxsınlar. Çünki bu cür mövqenin və bu cür addımların sonu yaxşı görünmür. Hər kəs ordunu sevməli, onun güclənməsi yolunda əlindən gələni əsirgəməməlidir. Heç kim dövlətini, vətənini və ordusunu hansısa təşkilatdan aldığı qranta dəyişməli deyil.

- Bu gün Silahlı Qüvvələrimiz istər regionda, istərsə də beynəlxalq aləmdə ciddi imic qazanıb.

- Mən Azərbaycan Ordusunda gedən prosesləri daxildən izləmək imkanına malik insanam. Həm Milli Məclisdə Təhlükəsizlik və müdafiə komitəsinin üzvü kimi, həm də vaxtaşırı cəbhə bölgələrində hərbi hissələrdə olan bir millət vəkili kimi ordumuza çox yaxşı bələdəm. Bu gün bizim Silahlı Qüvvələrimiz həm NATO-ya inteqrasiya prosesində, həm də digər beynəlxalq əlaqələr sahəsində böyük uğurlara imza atıb. Sülhməramlı qüvvələrimizin xidməti beynəlxalq ekspertlər tərəfindən daim yüksək qiymətləndirilib. Bütün bunlar sevindiricidir. Eyni zamanda, Azərbaycan Ordusunda islahatlar bu gün də uğurla davam etdirilir, vaxtaşırı bir sıra qanunvericilik aktları, qərarlar hazırlanır və qəbul edilir. Bizim Müdafiə Nazirliyinin yüksək çinli zabitləri ilə vaxtaşırı görüşlərimiz olur. Müzakirələr aparır və bizi maraqlandıran məsələlərə aydınlıq gətiririk. İrad və nöqsanlarımız olanda çatdırırıq. Onlar da bizi səmimiyyətlə dinləyir və bu nöqsanların aradan qaldırılması üçün çevik tədbirlər həyata keçirirlər. Müdafiə Nazirliyi ilə qurduğumuz birgə əməkdaşlıq daim öz səmərəsini verir. Orduya ictimai nəzarəti təmin edən xüsusi bir qrup yaradılıb, bir millət vəkili kimi mən də o qrupun üzvüyəm. Qeydə aldığımız irad və nöqsanları mətbuat səhifəsinə çıxarmadan, müzakirə obyektinə çevirmədən Müdafiə Nazirliyinin diqqətinə çatdırırıq. Qarşılıqlı əməkdaşlığımız hər hansı bir nöqsanı aradan qaldırmaqda bizim köməyimizə çatır.

Bu gün bizim ordumuzun beynəlxalq əlaqələrinin genişlənməsi onun imicinə müsbət təsir göstərir. Təsadüfi deyil ki, beynəlxalq ekspertlər də ordumuzu Qafqazın ən güclü və mobil ordusu kimi dəyərləndirirlər. Ordu quruculuğu işinin bütün parametrlər üzrə inkişaf etdirilməsini və bu sahəyə dövlət rəhbərliyi səviyyəsində göstərilən qayğını nəzərə alaraq inanıram ki, Azərbaycan Ordusu tezliklə dünyanın inkişaf etmiş sivil ordularından birinə çevriləcək. Bu yolda mən bütün hərbçilərimizə, o cümlədən hərbi xidmətə hazırlaşan çağırışçı gənclərimizə uğurlar arzulayıram. İnanıram ki, əgər torpaqlarımızın müharibə yolu ilə azad olunmasına ehtiyac yaransa, bizim ordumuz yüksək peşəkarlıq nümayiş etdirəcək və öz sözünü deyəcək. Bu, heç kəsdə şübhə doğurmasın. Biz ordumuzla fəxr edirik və ona güvənc yerimiz kimi baxırıq.

- Maraqlı müsahibəyə görə Sizə öz dərin minnətdarlığımızı bildiririk.

 

 

İbrahim RÜSTƏMOV

 

İki sahil.- 2010.- 13 mart.- S. 11.