Neft-qaz layihələri: Dostluq və
əməkdaşlıq körpüsü
Prezident İlham Əliyev bu əminliyi
ifadə edir ki, nəhəng neft və qaz yataqlarına,
müasir infrastruktura malik olan Azərbaycan enerji təchizatının
şaxələndirilməsində gələcəkdə daha
önəmli rol oynayacaq
“Bizim
bütün təbii sərvətlərimiz xalqa məxsusdur və
bu sərvətlərdən istifadə olunmasında heç kəsin
müstəsna haqqı yoxdur.” Ulu öndər Heydər Əliyevin
bu fikri 1994-cü ildən uğurla həyata keçirilən
neft strategiyasının əsas mənasını, prinsipini təşkil
edir. Dövlətimizin uğurlu neft siyasəti ölkəmizin
enerji təhlükəsizliyini təmin etdi, eyni zamanda,
dünya birliyinə çox etibarlı tərəfdaş kimi
təqdim etdi. “Əsrin müqaviləsi”ndən sonra
çoxsaylı beynəlxalq müqavilələrin
imzalanması Azərbaycanın gələcəyinə olan inamın
göstəricisidir. Neft strategiyasının tərkib hissəsi
olan layihələr üzrə bu günədək Azərbaycanın
neft sektoruna təqribən 38 milyard dollar sərmayə qoyulub
ki, bu məbləğin 20 milyard dollardan çoxu “Azəri-Çıraq-Günəşli”
layihəsi çərçivəsində cəlb olunub. Bu
günlərdə “Azəri-Çıraq-Günəşli” dəniz
yataqları blokunun işlənməsi layihəsi çərçivəsində
yeni Çıraq Neft Layihəsinin icrasına start verildi. Bu
layihənin həyata keçirilməsi nəticəsində həmin
məbləğin daha 6 milyard dollar həcmində
artacağı gözlənilir. ARDNŞ bu gun dünyanın
14 ölkəsini təmsil edən 24 şirkətin
iştirakı ilə 14 saziş üzrə işləri həyata
keçirir.
Bu gün
reallığa çevrilən layihələr vaxtilə əfsanəvi
ideyalar kimi təqdim olunurdu. BTC və
BTƏ neft-qaz kəmərləri regionda tamamilə yeni
situasiya yaratdı. Xəzər dənizinin nefti müxtəlif
yollarla dünya bazarlarına çıxarıldı.
“Şahdəniz”
yatağı dəniz akvatoriyasında ən iri qaz kondensat
yataqlarından hesab olunur. Bu layihənin birinci mərhələsinin
uğurla həyata keçirilməsi ölkəmizin daxili tələbatını
ödəməyə və xaricdən qaz idxalına son
qoymağa imkan yaratdı. Bu gün Azərbaycan qazı həm
Azərbaycanın enerji təhlükəsizliyini təmin edir,
həm də qonşu ölkələrə ixrac edilir. Bir sözlə, Azərbaycan qısa
müddətdə qaz idxal edən ölkədən qaz ixrac edən
ölkəyə çevrildi. Mövcud layihələr üzrə
görülən işlər, eyni zamanda, Xəzərin Azərbaycan
sektorunda kəşf olunan neft və qaz kondensat
yataqlarının imkanları hasilatın ilbəil
artırılmasına əsas verir.
Neft və qaz
hasilatının ildən-ilə yeni rekord səviyyəyə
çatması da deyilənlərə əyani sübutdur. 2009-cu ildə 50 milyon tondan artıq neft
hasil edilmişdir ki, bu da 2008-ci illə müqayisədə 6
milyon ton çoxdur. Qaz hasilatı 24 milyard kubmetrə yaxın
olmuşdur. 2008-ci illə müqayisədə 276 milyon kubmetr
çox olmuşdur.
Hazırda
bütün dünyada təbii qaza tələbat
artmaqdadır. Dövlət
başçısı qaz hasilatının
artırılmasını, ölkənin mavi yanacağa tələbatının
daxili imkanlar hesabına ödənilməsini qarşıya ən
ümdə məqsəd kimi qoyub. ARDNŞ Qaz Proqramını
uğurla həyata keçirir.
ARDNŞ-in prezidenti
R.Abdullayev Çıraq Neft Layihəsinin icrasına start verilməsi
münasibətilə keçirilən tədbirdə bu əminliyi
ifadə etdi ki, “Şahdəniz” yatağında işlərin
genişləndirilməsi, “Ümid”, “Abşeron”
strukturlarının işlənməyə daxil edilməsi, eləcə
də mövcud yataqlarda həyata keçiriləcək tədbirlər
hesabına ölkəmiz qarşıya qoyulan bu vəzifənin
öhdəsindən layiqincə gələcək. “Şahdəniz”
yatağının işlənməsinin ikinci mərhələsi
üzrə layihə qaz kondensat hasilatının
potensialını artırmaq, elmi-texniki tərəqqinin ən
müasir nümunələrinin tətbiqi baxımından Azərbaycan
neft sənayesinin inkişafında xüsusi əhəmiyyətə
malik olacaq. Çıraq Neft Layihəsi Azərbaycan neft sənayesinin
inkişafında, “Əsrin müqaviləsi”nin yerinə
yetirilməsində mühüm rol oynayacaq. Layihə ümumilikdə 360 milyon barrel əlavə
neftin hasil edilməsinə imkan verəcək ki, bu da beynəlxalq
standartlara əsasən yeni bir nəhəng yatağın
hasilatına bərabərdir. Bir sözlə, ölkəmiz
mühüm əhəmiyyət kəsb edən layihələrin
həyata keçirilməsi üçün böyük
potensiala malikdir.
“Biz təşəbbüsləri
reallığa çeviririk” söyləyən dövlət
başçısı İlham Əliyev bildirir ki, gerçəkləşən
layihələr Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin
təminatında rolunu daha da artırır.
“Azərbaycan
bütün dövrlərdə öz enerji siyasətini
çox açıq, aydın şəkildə aparıbdır.
Bu siyasət, ilk növbədə,
Azərbaycan xalqının maraqlarına xidmət göstərir.
Biz məsələyə yalnız bu nöqteyi-nəzərdən
yanaşırıq. Eyni zamanda, xarici tərəfdaşlar
üçün də Azərbaycan həmişə çox
etibarlı tərəfdaş olubdur.” Dövlət
başçısı İlham Əliyev bildirir ki,
qarşılıqlı faydalı əməkdaşlığın
dərinləşməsi Azərbaycana da, tərəfdaşlarımıza
da gərəklidir.
Dünya əhəmiyyətli
enerji layihələrinin reallığa çevrilməsi ilə
regional iqtisadi inkişafın aparıcı qüvvəsinə
və Avratlantik məkanın enerji təhlükəsizliyinin təminatçısına
çevrilən, iqtisadi artımın sürətinə
görə dünya dövlətləri arasında birinciliyini
qoruyan Azərbaycanın inkişaf strategiyası qabaqcıl təcrübə
kimi nümunə göstərilir. Enerji
amilinin gündəlikdə prioritet məsələlərdən
biri kimi dayandığını qeyd edən Prezident İlham Əliyev
bildirir ki, enerji siyasəti dostluq və əməkdaşlığa
xidmət etməli, millətləri, xalqları bir-birinə
birləşdirməlidir. Dövlət başçısı
eyni zamanda bu əminliyi də ifadə edir ki, gələcəkdə
Azərbaycan ilə Avropa istehlakçıları arasında
münasibətlər uğurla inkişaf edəcək.
Avropa İttifaqına
daxil olan 27 dövlətin maraqlarına uyğun olan Azərbaycanın
enerji siyasəti bölgədə regional əməkdaşlığın
genişlənməsi üçün etibarlı təminatdır.
Xarici ölkələrə səfərləri zamanı Azərbaycanın
müxtəlif sahələrdə iqtisadi imkanlarına diqqəti
yönəldən, enerjinin nəql olunması sisteminin şaxələndirilməsində
ölkəmizin rolunu xüsusi vurğulayan, gerçəkləşməsi
çoxlarına əfsanə kimi görünən layihələrin
reallaşması üçün təşəbbüskarlığını
artıran Prezident İlham Əliyevin bir amalı var: Azərbaycanın
tərəfdaş, müəllif və təşəbbüsçü
kimi iştirak etdiyi butun layihələrdə xalqın milli
maraqları, dövlətin mənafeyi hər şeydən
üstün tutulmalıdır.
Bu gün Azərbaycan
elektrik enerjisi ilə daxili tələbatını tam ödəyir.
Son altı ildə respublikada 9 elektrik stansiyasının
inşası başa çatdırılmışdır. Bu
gün Azərbaycan enerji istehsalı və nəqli sahəsində
böyük uğurlara imza atan, digər dövlətlərə
enerji ixrac edən ölkə kimi tanınır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2009-cu
ildə Azərbaycan qazının nəqli ilə bağlı
tranzit anlaşmalar ölkəmizə əlavə siyasi divident
və iqtisadi uğur gətirir.
“Nəhəng neft və
qaz yataqlarına, o cümlədən neft və qazın nəqli
üçün artıq müasir infrastruktura malik olan Azərbaycan
enerji təchizatının şaxələndirilməsində
gələcəkdə daha önəmli rol oynayacaqdır.” Prezident İlham Əliyev bildirir ki, bizim
daxili və xarici siyasətimizin uğurla aparılması
üçün enerji təhlükəsizliyi məsələləri
də öz həllini tapıb.
Qeyd etdiyimiz kimi
neft-qaz ixracının şaxələndirilməsi yüksək
səviyyədə təmin olunur. “Enerji
siyasətimiz bizə iqtisadi müstəqillik verdi, bizə
imkan verdi ki, ölkədə quruculuq-abadlıq, infrastruktur
layihələrini uğurla icra edək”. Prezident İlham Əliyev
bu fikirləri ilə bir daha ölkəmizin dünyada iqtisadi və
siyasi mövqeyinin möhkəmləndiyini bildirir. Azərbaycanın
artan nüfuzu dünya və Avropa dövlətləri tərəfindən
də etiraf olunur. Hazırda Azərbaycan regional çərçivədən
kənara çıxaraq daha böyük əməkdaşlıq
məkanında öz maraqlarını təmin edir, rolunu
artırır. Bu gün bir çox Avropa dövlətlərinin,
o cümlədən Polşa, Rumıniya və Baltikyanı
dövlətlərin ölkəmizlə əməkdaşlıqları
müsbət mənada yeni mərhələyə daxil olub. Azərbaycan
Türkiyə, Gürcüstan, Moldova və Rumıniya kimi
dövlətlərin neft-yanacaq komplekslərinin inşasına
investisiya qoyub.
Enerji təhlükəsizliyi
Prezident İlham Əliyevin xarici siyasət
konsepsiyasının əsas tərkib hissələrindəndir.
Avropaya inteqrasiya siyasətini
uğurla həyata keçirən dövlət
başçısının qeyd etdiyi kimi, ölkəmiz
enerji təhlükəsizliyinə uzun illər öncədən
diqqət yetirib: “1994-cü ildə biz əsas neft şirkətlərini
Xəzərin Azərbaycan sektoruna gəlməyə və sərmayə
qoymağa dəvət etdik. Bunu etməklə, biz Xəzər
dənizini və onun resurslarını beynəlxalq əməkdaşlıq
üçün açdıq və bütün vəzifələrimizi
yerinə yetirdik.”
Bakı-Tbilisi-Ceyhan və
Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri dünya
birliyinin maraq göstərdiyi, dostluq, birlik, əməkdaşlıq
üçün körpüdür. Enerji təhlükəsizliyini təmin etməyə səy
göstərən Avropa dövlətləri üçün
Azərbaycan etibarlı mənbədir.
Yeganə Əliyeva
İki
sahil.- 2010.- 13 mart.- S. 10.