Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi neft strategiyası milli iqtisadiyyatın dirçəlişinin əsasını təşkil edir

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin www.yap.org.az saytına müsahibəsi

 

-Rövnəq müəllim, ilk olaraq istəyirik ki, Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş neft strategiyasının dövlətimiz və xalqımız üçün əhəmiyyəti barədə fikirlərinizi bildirəsiniz...

- Bu barədə danışarkən, ilk növbədə qeyd etmək lazımdır ki, hazırda əldə etdiyimiz bütün uğurlarımızın başlanğıcı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qalibiyyətli neft strategiyası ilə qoyulmuşdur. Ulu Öndərin müəllifi olduğu yeni neft strategiyası respublikamızın dövlət müstəqilliyinin mühüm təminatçısına çevrilməklə, ölkəmizdə azad iqtisadi mexanizmlərin tətbiqini və dünya iqtisadiyyatına inteqrasiyanı təmin etdi. Bununla da Azərbaycanın Qərb dünyası ilə münasibətləri strateji müstəvi üzərinə keçdi. Ötən illər ərzində yeni neft strategiyasının prinsipləri əsasında transmilli şirkətlərlə ümumilikdə 26 saziş imzalanmışdır. Bu gün Hasilatın Pay Bölgüsü Sazişi üzrə dünyanın 14 ölkəsini təmsil edən 24 neft şirkəti ilə əməkdaşlığımız uğurla davam edir. Bu müqavilələrin hər biri Ümummilli Lider Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir. Həyata keçirilən məqsədyönlü siyasət və Azərbaycan neftçilərinin fədakar əməyi nəticəsində qısa müddətdə “Cıraq-1” ilk hasilat platforması istismara verilmiş, “Bakı-Novorossiysk” neft boru kəməri bərpa edilmiş, “Bakı-Supsa” kəməri çəkilib başa çatdırılmışdır. “Dədə Qorqud”, “İstiqlal”, “Qurtuluş” kimi nəhəng üzən qazma qurğuları tikilərək istifadəyə verilmişdir. Dənizin dərinsulu hissələrində texnoloji əməliyyatlar aparmağa imkan verən bir sıra nəhəng gəmilər modernləşdirilmişdir.

2002-ci il sentyabrın 20-də Azərbaycanın neft nəqli sisteminin şah damarı sayılan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin əsası qoyulmuş, 2006-cı ildə isə kəmər istismara verilmişdir və o vaxtdan indiyədək Azərbaycan neftinin dünya bazarına təhlükəsiz və davamlı ixrac olunmasında əvəzedilməz rol oynayır. Möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi, “İndi bütün dünya üçün aydındır və hamı bunu etiraf edir ki, Bakı-Tbilisi-Ceyhanın əsas memarı Azərbaycandır. Daha doğrusu, Heydər Əliyevdir. Onun neft strategiyasıdır.”

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Heydər Əliyevin neft strategiyası çərçivəsində iri neft şirkətlərinin ARDNŞ-lə apardıqları müştərək tədqiqatlar, kəşfiyyat-axtarış işləri nəticəsində bir sıra yeni neft və qaz yataqları üzə çıxarılmışdır. Bunlardan biri də “Şahdəniz” yatağıdır. “Şahdəniz” dünya dənizlərində indiyədək aşkarlanıb istismara verilmiş ən böyük qaz-kondensat yatağıdır. “Şahdəniz” qazının Avropaya nəqli məqsədi ilə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası reallaşmışdır. Beləliklə, böyük dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi neft strategiyası təkcə Azərbaycanı deyil, Gürcüstanı, Xəzəryanı ölkələri də Avropanın maraq dairəsinə daxil etmişdir. Hazırda Azərbaycan dünya bazarında neftin, qazın və neft məhsullarının ixracatçısı kimi tanınmaqla bərabər, qısa müddətdə yaratdığı ixrac neft və qaz kəmərləri sistemi sayəsində Mərkəzi Asiya karbohidrogenlərinin Avropaya çatdırılması üçün başlıca tranzit ölkəsi sayılır. Azərbaycan ən yüksək səviyyələrdə dəfələrlə bəyan etmişdir ki, Mərkəzi Asiya ölkələrində hasil olunan enerji daşıyıcılarının nəqli üçün malik olduğu infrastrukturu təqdim etməyə hazırdır.

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyasının zəfər təntənəsi bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bütün sazişlər üzrə neft-qaz əməliyyatları qrafikə uyğun olaraq, vaxtında və keyfiyyətlə yerinə yetirilir. Bu günlərdə “Əsrin müqaviləsi” çərçivəsində Çıraq Neft Layihəsinə sanksiya verildi. Bu, tərəfdaşlarla birgə işimizdə yeni bir mərhələnin başlanğıcıdır. İstər xarici tərəfdaşlarla, istərsə də müstəqil olaraq, yeni strukturlarda kəşfiyyat qazması aparılır. Neft-qaz sənayemizin bütün nailiyyətləri Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edir. Azərbaycan bu gün möhtərəm Prezidentimizin müdrik rəhbərliyi altında misli görünməmiş sosial-iqtisadi yüksəliş dövrünü yaşayır. Ölkəmiz iqtisadi inkişaf göstəricilərinə görə dünya dövlətləri arasında ilk yerlərdən birini tutur. İndi Azərbaycan dövlətinin iqtisadi qüdrətinin, nüfuzunun artmasına, beynəlxalq aləmdə ədalətli mövqeyinin təmin olunmasına, eləcə də respublikamızda davamlı iqtisadi inkişafın bərqərar edilməsinə xidmət göstərən qlobal əhəmiyyətli irimiqyaslı layihələr, müxtəlif sahələri əhatə edən çoxsaylı dövlət proqramları həyata keçirilməkdədir.

- Bəs bütövlükdə neft strategiyasının beynəlxalq müstəvidə önəmini necə dəyərləndirmək olar?

- Ulu Öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində “Əsrin müqaviləsi”nin imzalanması ilə Xəzərdə maraqları təmin olunmuş aparıcı Qərb dövlətlərinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağı artmış, beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq yeni müstəviyə keçmişdir. Azərbaycan MDB məkanında transmilli neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət kimi Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoymuşdur. Neft strategiyasının nailiyyətləri Azərbaycanı Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi model formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticari əlaqələrin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayan bir dövlətə, dünyanın enerji mərkəzlərindən birinə çevirmişdir. Neft strategiyasının tarixi əhəmiyyəti göz qabağındadır.

“Əsrin müqaviləsi” qlobal miqyas daşıyan digər layihələrə təkan vermişdir. Azərbaycanda hasil olunan neft və təbii qazın dünya bazarlarına sərbəst və sürətli çıxışını təmin edən ixrac boru kəmərləri sisteminin şaxələndirilməsi təmin edilmişdir. Ümumiləşdirsək, belə demək olar ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin iqtisadi dayaqlarını möhkəmləndirməklə yanaşı, Azərbaycanın müstəqil dövlət kimi dünya birliyinin ayrılmaz tərkib hissəsinə çevrilməsində müstəsna rol oynamışdır.

- Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin enerji resurslarının diversifikasiyası ilə bağlı həyata keçirdiyi siyasət dərinləşməkdədir. Bu siyasət ölkəmizin enerji bazarında mövqeyinin yüksəlməsi üçün hansı yeniliklər vəd edir?

- Qlobal maliyyə böhranı yola saldığımız 2009-cu ildə əksər dünya ölkələrinin iqtisadiyyatına mənfi təsir etsə də, Azərbaycandan demək olar ki, yan keçmişdir. Ölkəmiz bu böhrandan minimal itki ilə çıxmışdır. Bu, böyük nailiyyətdir və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti, o cümlədən neft-qaz sektorunda qazanılmış uğurlar nəticəsində əldə edilmişdir. Neft strategiyası çərçivəsində həyata keçirilən layihələr Azərbaycanın enerji təhlükəsizliyini tam təmin etməsinə, qonşu ölkələrin enerji daşıyıcıları ilə təchizatında əsas iştirakçılardan biri kimi mühüm rol oynamasına imkan yaratmışdır. Hazırda Azərbaycan dünyada regionun aparıcı dövləti kimi, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyətə malik ölkələrdən biri kimi qəbul edilir. Azərbaycan enerji daşıyıcılarının istehsalı və nəqli sahəsində əldə etdiyi nailiyyətlərlə kifayətlənməyərək, tranzit yollarının şaxələndirilməsində, dünya enerji daşıyıcıları bazarına müxtəlif əlavə çıxış imkanları əldə etməkdə maraqlıdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bütün beynəlxalq tribunalarda çıxışlarında, dünyanın aparıcı kütləvi informasiya vasitələrinə müsahibələrində dəfələrlə bəyan edib ki, ölkə iqtisadiyyatının inkişafına nail olmaq üçün zəngin neft və qaz ehtiyatlarına malik olan Azərbaycan enerji resurslarının nəqlində diversifikasiya siyasətini genişləndirməyə üstünlük verir. Avropanın enerji təminatı üçün nəzərdə tutulan layihələr istehlakçı və tranzit dövlətlərin Avropaya inteqrasiya olunmasında böyük əhəmiyyət daşıyır. Bu gün Xəzər hövzəsində, Mərkəzi Asiyada hasil edilən karbohidrogenlərin Avropaya çatdırılmasına yönəldilən layihələr olduqca aktualdır. Həm zəngin karbohidrogen ehtiyatları, həm də əlverişli coğrafi imkanlarına görə bu layihələrdə Azərbaycana aparıcı rol ayrılmışdır. Doğrudur, bu gün Azərbaycanın 7 neft-qaz ixrac boru kəməri fəaliyyət göstərir və bu kəmərlər vasitəsi ilə ölkəmizdə hasil olunan karbohidrogenlər dünya bazarlarına təhlükəsiz nəql edilir. Lakin dünyada, xüsusilə Avropada enerjiyə olan tələbatın durmadan artması Azərbaycanı yeni-yeni ixrac marşrutları variantlarını nəzərdən keçirməyə sövq edir və bu istiqamətdə ölkəmiz öz potensialına tam arxayındır. Həyata keçirilən layihələr Azərbaycanı dünyada təhlükəsiz enerji mənbəyi və ötürücüsü kimi daha yaxşı tanıdır, ölkəmizin regionda enerji cəhətdən heç kimdən asılılığı olmayan yeganə dövlət olaraq mövqeyini möhkəmləndirir. Qazandığımız uğurlar beynəlxalq arenada fəaliyyətini genişləndirmək üçün ARDNŞ-ə əlverişli platsdarm yaratmışdır. Şirkətimiz dünya bazarlarında beynəlxalq standartlara tam uyğun gələn bir qurum kimi öz sözünü daha inamla demək məqsədilə xarici ölkələrdə müəssisələr, nümayəndəliklər açır, həmin qurumlar vasitəsi ilə xaricdə həyata keçirilən irimiqyaslı layihələrdə iştirak edir.

- Sizcə, uğurlu neft strategiyası iqtisadi inkişafın Azərbaycan modelinin formalaşmasında nə dərəcədə rol oynayır?

- Bu suala cavab vermək üçün bir qədər əvvələ qayıtmaq, yaxın keçmişə nəzər salmaq lazım gəlir. Xatırlayırsınız ki, müstəqilliyimizin ilk illərində müxtəlif obyektiv və subyektiv səbəblər üzündən Azərbaycan iqtisadiyyatı dərin və sistemli böhran keçirirdi. O zaman təbii sərvətlər hesabına iqtisadiyyatı dirçəltmək Azərbaycan üçün yeganə çıxış yolu idi. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə hazırlayıb həyata keçirdiyi neft strategiyasının təməl daşı olan “Əsrin müqaviləsi” neft-qaz hasilatının və ixracının artırılması hesabına Azərbaycanın güclü iqtisadiyyatının yaranmasına geniş imkanlar açdı. Ölkəyə əhəmiyyətli dərəcədə investisiyalar yatırıldı, iqtisadiyyatın müxtəlif sahələrinin dirçəlişinə nail olundu, mühüm sosial önəm daşıyan infrastruktur layihələri həyata keçirildi və s. Ümummilli Lider Heydər Əliyev dəfələrlə bəyan etmişdir: “Neft təkcə indiki deyil, həm də gələcək nəsillərə məxsusdur. Bu zəngin təbii sərvətdən son dərəcə səmərəli şəkildə, qənaətlə, hər bir ölkə vətəndaşının mənafeyi naminə istifadə olunmalı, israfçılığa yol verilməməlidir”. Azərbaycan dövləti bütün iqtisadi fəaliyyətində bu konseptual fikirlərə dərin sədaqətini nümayiş etdirir. Qeyd etməliyəm ki, Azərbaycanın son illərdə əldə etdiyi böyük iqtisadi uğurların mühüm səbəblərindən biri də neft gəlirlərinin düzgün və səmərəli idarə edilməsi, bu sahədə şəffaflığın təmin olunmasıdır. İndiyədək “Əsrin müqaviləsi” və digər neft-qaz sazişləri çərçivəsində xarici şirkətlər tərəfindən Azərbaycan iqtisadiyyatına 38 milyard ABŞ dollarından artıq bir məbləğdə sərmayə yatırılmışdır. Bu gün hökumətin neftdən əldə olunan gəlirləri iqtisadiyyatın digər vacib sahələrinə yönəltməsi göz qabağındadır. Qeyri-neft sektorunda yeni istehsal müəssisələrinin yaradılması, ölkədə minlərlə yeni iş yerlərinin açılması, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi iqtisadi inkişafın əsasını təşkil edir. “Əsrin müqaviləsi”nin 15 illiyi ilə əlaqədar keçirilən təntənəli mərasimdə söylədiyi dərin məzmunlu nitqində dövlətimizin başçısı İlham Əliyev bu məqama xüsusi toxunaraq respublikamızın hasilat sənayesində şəffaflıq təşəbbüslərində fəal şəkildə iştirak edən dövlətlər sırasında öncüllərdən olduğunu xüsusi vurğulamışdır. Möhtərəm Prezidentimizin dəfələrlə qeyd etdiyi kimi, Ulu Öndərin qalibiyyətli yeni neft strategiyası milli iqtisadiyyatın dirçəldilməsi üçün zəruri maliyyə əsaslarının formalaşdırılması, kənd təsərrüfatının və emal sənayesinin, o cümlədən informasiya və kommunikasiya texnologiyalarının və qeyri-dövlət sektorunun inkişafı baxımından həlledici əhəmiyyət kəsb etmişdir.

- Azərbaycanda yeni neft emalı müəssisələrinin tikintisi və neft-qaz kompleksinin yenidən qurulması ilə bağlı hansı tədbirlər görülür?

- ARDNŞ bu gün ölkəmizin neft məhsullarına tələbatını tam ödəməyə imkan verən emal kompleksinə malikdir. Bu kompleks həmçinin xaricə əhəmiyyətli həcmlərdə neft məhsulları ixrac etmək iqtidarındadır. Emal zavodlarımızda istehsal olunan yanacaq növləri artıq AVRO-2 standartına tam uyğunlaşdırılmışdır. Hazırda emal müəssisələrimizdə AVRO-3 standartına keçidlə bağlı zəruri təkmilləşdirmə tədbirləri həyata keçirilir. Lakin məlumdur ki, emal zavodlarında istismar edilən qurğuların böyük hissəsi artıq köhnəlmiş, fiziki və mənəvi cəhətdən “qocalmışdır”. Digər tərəfdən, ARDNŞ-in neft emalı zavodları şəhərin içərisində yerləşir ki, bu da ekoloji nöqteyi-nəzərdən məqsədəuyğun sayıla bilməz. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev şəhərdən kənarda müasir tələblərə cavab verən yeni neft-qaz emalı və neft kimyası kompleksinin yaradılması haqda göstəriş vermişdir. Hazırda ARDNŞ-də neft-qaz emalı və neft-kimya sənayesinin inkişafı üzrə dünyanın aparıcı şirkətləri ilə birlikdə konseptual təqdimatın hazırlanması üzərində gərgin iş aparılır. Hazırlanmış Konsepsiya Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən yaradılmış Azərbaycan Respublikasında neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflərin hazırlanması Komissiyasına təqdim olunacaqdır.

- ARDNŞ xarici ölkələrdə neft və yanacaq komplekslərinin, müəssisələrin yaradılması ilə əlaqədar nə kimi proqramlar həyata keçirir?

- Bu gün Azərbaycan investisiya cəlb edən ölkədən investisiya yatıran ölkəyə çevrilməkdədir. ARDNŞ bu prosesdən də kənarda qalmır. Şirkətimiz beynəlxalq enerji bazarlarına yaxınlaşmaq məqsədi ilə xarici investisiya layihələri həyata keçirir. Qonşu Türkiyə və Gürcüstandakı layihələr barədə ictimaiyyətə vaxtaşırı məlumat verilir. Türkiyədə həyata keçirilən sərmayə proqramına əsasən, ARDNŞ “SOCAR-Turcas” alyansı tərkibində qardaş ölkənin ən iri neft-kimya müəssisəsi olan “Petkim” şirkətinin idarəçiliyini həyata keçirir. Şirkətin idarəçiliyinə veriləndən ötən müddət ərzində “Petkim” Türkiyə bazarında mövqeyini daha da gücləndirmişdir. Bu holdinq əsas etibarı ilə etilen, polietilen, polivinilxlorid, akrilonitril və s. kimi kimya məhsullarının istehsalı ilə məşğul olur. “Petkim”in xammalla fasiləsiz və etibarlı təchizatı məqsədilə ARDNŞ holdinqin nəzdində yeni neft emalı zavodunun tikintisini planlaşdırır. Artıq zavodun texniki-iqtisadi əsaslandırılması üzərində iş başa çatmışdır. Belə bir zavodun inşa olunması “Petkim”in məhsuldarlığını artırmaqla yanaşı, ARDNŞ-in istehsal etdiyi neft məhsullarının Türkiyə bazarına daha sürətlə daxil olmasına imkan yaradacaqdır.

Qonşu Gürcüstandakı investisiya layihələrimizdən danışarkən ilk növbədə Kulevi Qara Dəniz Terminalını qeyd etməliyik. Sevindirici haldır ki, Terminal yüksək səviyyədə fəaliyyət göstərir. “Moody International” kimi nüfuzlu beynəlxalq şirkət tərəfindən müvafiq sertifikatlara layiq görülməsi orada menecment işinin uğurla aparılmasından xəbər verir. Bundan başqa, Gürcüstanda neft məhsullarının səmərəli satışını həyata keçirən “SOCAR Georgia Petroleum”, qonşu ölkənin indiyədək qazlaşdırılmamış bölgələrinə yeni xətlərinin çəkilməsində, əhalinin təbii qazla təminatında mühüm rol oynayan “SOCAR Georgia Gaz” kimi törəmə müəssisələrimizin fəaliyyəti də yüksək qiymətləndirilir. Bildiyiniz kimi, ARDNŞ Gürcüstanda yanacaqdoldurma stansiyalarından ibarət böyük bir şəbəkə yaratmışdır və neft məhsullarının SOCAR brendi altında reallaşdırılması istiqamətində mühüm iş aparır. “SOCAR Georgia Petroleum” MMC qonşu ölkədə müasir standartlara cavab verən yanacaqdoldurma məntəqələrinin inşasını davam etdirir. Şirkət gələcəkdə də bu istiqamətdə fəaliyyətini genişləndirmək niyyətindədir. Bu il Gürcüstan ərazisində 20-dən artıq belə yanacaqdoldurma məntəqəsinin istifadəyə verilməsi nəzərdə tutulur.

“SOCAR Georgia Gaz” isə 3 illik investisiya proqramına uyğun olaraq, Gürcüstanın müxtəlif regionlarında 150.000 abonentin qazla təminatını həyata keçirəcəkdir. Artıq qonşu respublikanın bir sıra yaşayış məntəqələrində, o cümlədən soydaşlarımızın kompakt yaşadığı bir neçə kənddə qaz kəmərlərinin tikintisi başa çatdırılmış, iri yaşayış massivlərində qaz xətləri bərpa olunmuşdur. Bu istiqamətdə işləri davam etdirəcəyik.

Onu da bildirmək lazımdır ki, ölkəmizin sərhədləri xaricində həyata keçirdiyimiz investisiya layihələri Türkiyə və Gürcüstanla məhdudlaşmır. Səmərəli marketinq araşdırmalarının nəticəsi olaraq, bu yaxınlarda Ukraynada da yanacaqdoldurma stansiyaları şəbəkəsi qurmuşuq. Bir məsələni xüsusi qeyd etmək istəyirəm. Bütün bu layihələrin maliyyələşdirilməsinə ARDNŞ-in öz vəsaitləri ilə yanaşı beynəlxalq maliyyə qurumlarının da vəsaitləri cəlb edilmişdir. Bu da Şirkətimizin etibarlı tərəfdaş kimi beynəlxalq banklarla uğurlu əməkdaşlıq aparmasına daha bir sübutdur. Son dövrlərdə ARDNŞ-in əlverişli şərtlərlə Avropanın aparıcı banklarından əhəmiyyətli həcmlərdə maliyyə vəsaitlərinin cəlb etməsi həm də dünyada şirkətimizin işgüzar reputasiyasının, müsbət imicinin möhkəmləndirilməsinə müsbət təsir göstərmişdir. ARDNŞ-nin ötən ilin oktyabrında “Fitsh Ratings”, bu günlərdə isə “Moody’s” nüfuzlu reytinq agentlikləri tərəfindən beynəlxalq reytinqlərə layiq görülməsi aparılan işlərin məntiqi nəticəsidir.

- Xəzərin ölkəmizə məxsus hissəsində yeni neft və qaz yataqlarının işlənilməsi ilə bağlı xarici şirkətlərlə birgə istismar işlərinin aparılması nəzərdə tutulurmu?

- Azərbaycanın uğurlu neft strategiyası onu iqtisadi inkişaf baxımından qabaqcıl ölkələr sırasına gətirib çıxarmışdır. 1994-cü ildən bəri xarici neft şirkətləri ilə aparılmış birgə iş bizə gözəl təcrübə qazandırıb. Güclü maliyyə imkanlarımız, zəngin elmi-texniki və intellektual kadr potensialımız var. Bu imkanlardan səmərəli istifadə etməklə neft-qaz sənayesinin müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür. ARDNŞ-in malik olduğu potensial imkan verir ki, Şirkət öz resurslarından istifadə etməklə, yeni strukturlarda müstəqil işləsin. Hazırda neftçilərimiz dənizdə “Günəşli” yatağının dayazsulu hissəsində, “Neft Daşları”, “Hövsan”, “Qum adası”, “Pirallahı” yataqlarında, quruda isə “Balaxanı”, “Bibiheybət” və “Buzovna” yataqlarında müstəqil çalışırlar. Dövlət Neft Şirkəti daxili vəsaitləri hesabına “Babək”, “Əşrəfi”, “Qarabağ” kimi yataq və strukturlarda kəşfiyyat işləri aparmağı planlaşdırır. Artıq uzun fasilədən sonra “Ümid” yatağında kəşfiyyat işlərinə başlamışıq, burada qazma işləri uğurla davam etdirilir. Bununla yanaşı, ARDNŞ xarici şirkətlər tərəfindən təqdim olunan layihələri də diqqətdən kənarda saxlamır. Azərbaycanın istər dəniz, istərsə də quru yataqlarında ölkəmizin kifayət qədər çıxarılabilən neft ehtiyatları vardır. Bu da xarici şirkətlərin marağını cəlb edir. Xüsusi vurğulamaq istərdim ki, onların təkliflərinin dəyərləndirilməsi zamanı iqtisadi səmərəlilik prinsipi əsas götürülür.

- Siz eyni zamanda Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvüsünüz. Sizcə, ölkəmizdə enerji siyasətinin həyata keçirilməsi üçün yetərli hüquqi baza mövcuddurmu? Digər tərəfdən, ekoloji vəziyyətlə əlaqədar layihələri necə dəyərləndirmək olar?

- Milli Məclisin deputatı olaraq deyə bilərəm ki, digər komitələr kimi, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin də səmərəli fəaliyyəti üçün yetərli qanunverici baza yaradılmışdır. Lakin bildiyiniz kimi, qanunvericilik yaradıcılığı davamlıdır: mütəmadi olaraq, yeni qanunlar yaradılır, əvvəlki hüquqi aktlar təkmilləşdirilir. Məsələn, bu yaxınlarda biz komitənin iclasında “Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyət haqqında” Beynəlxalq Konvensiyanı müzakirə etdik. Qeyd etməliyəm ki, hazırda bu Konvensiyaya 49 ölkə qoşulub. Azərbaycanın bu Konvensiyanı ratifikasiya etməsi beynəlxalq ticarət dövriyyəsinin artmasına, eləcə də ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə müsbət təsir göstərəcək. Bilirsiniz ki, bu gün ekoloji problemlər respublikamızda diqqət mərkəzindədir. Ətraf mühitin - torpağın, havanın, suyun, xüsusilə də Xəzər dənizinin çirklənmələrdən qorunması xüsusi aktuallıq kəsb edir. Ölkənin sənaye istehsalının yarısından çoxu Abşeronda cəmləşdiyindən ekoloji problemlər burada daha bariz şəkildə üzə çıxır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında Ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı”nda ekoloji tarazlığın bərpası, ətraf mühitin mühafizəsi sahəsində həlli vacib məsələlər öz əksini tapmışdır. Bu məsələlər həmçinin bu yaxınlarda Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən ekoloji problemlərə həsr olunmuş müşavirədə də vurğulandı. Son illər respublikamızda bu istiqamətdə görülmüş işlərə yekun vuruldu, qarşıda duran vəzifələr müəyyənləşdirildi.

Azərbaycan qədim neft diyarıdır. Milli neft sənayemizin yaşı 200 ilə yaxındır. Neft və qaz yataqlarının ətraf mühitin mühafizəsi normalarına riayət etmədən və ekoloji tələblərə cavab verməyən texnologiyalar istifadə olunmaqla uzunmüddətli istismarı Abşeron yarımadasında geniş torpaq sahələrinin çirklənməsinə səbəb olmuşdur. Hal-hazırda həmin torpaqların təmizlənilməsi sahəsində genişmiqyaslı tədbirlər həyata keçirilir. ARDNŞ mütəmadi olaraq neftlə çirklənmiş mədən ərazilərində ekoloji durumun yaxşılaşdırılması istiqamətində layihələr icra edir, bu torpaqlarda beynəlxalq standartlara və qüvvədə olan normalara uyğun rekultivasiya tədbirləri keçirir. Neft-qaz hasilatı və emalı prosesində ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində qarşıya çıxan problemlər operativ həllini tapır. Qeyd etməliyəm ki, son dövrdə imzalanan neft-qaz müqavilələrində ətraf mühitin qorunmasının müasir norma və standartlarına riayət olunması və beynəlxalq ekoloji tələblərə cavab verəcək texnologiyaların tətbiqi tərəfdaş şirkətlər qarşısında xüsusi öhdəlik kimi qoyulur. Bu gün ARDNŞ Xəzər dənizində istismara yarasız özüllərin yenilənməsi prosesini də uğurla davam etdirir. Estakadayanı meydançalar abadlaşdırılır, köhnə meydançalar, sualtı borular dəyişdirilir, bu da nəticədə Xəzər dənizinin çirklənməsini minimal səviyyəyə endirir. Yeni özüllərdə sutəmizləyici qurğular yerləşdirilir. Dəniz mədənlərində, xüsusilə Pirallahı və Çilov adalarında dəniz suyunun şirinləşdirilməsinə, suvarmada və qismən də, məişətdə istifadə olunmasına imkan verən “Əks-Osmoc” tipli bioloji təmizləmə qurğuları quraşdırılır. İstər dənizdə, istərsə də qurudakı yataqlarda lay sularının utilizasiyasına da diqqət artırılmışdır. Bu gün Azərbaycanın neft terminallarında Xəzəryanı dövlətlərdən gələn tankerlərdən neftin boşaldılması və yüklənməsi zamanı yaranan tullantıların təmizlənməsinə imkan verən, ən yeni texnologiya və müvafiq avadanlıqla təchiz olunan müasir gəmilər fəaliyyət göstərir. Azərbaycan zəngin enerji resurslarına malik dövlətdir. Amma biz təbii sərvətlərimizin qiymətini bilməliyik. Son olaraq demək istəyirəm ki, neft-qaz sənayesinin inkişafı, Xəzərin ekoloji durumu ilə bağlı məsələlər daim Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin diqqət mərkəzindədir. Bu belə də olmalıdır. Çünki biz sabahımız üçün bu gün fəaliyyət göstərir və sağlam ekoloji mühit yaradırıq.

 

 

İki sahil.- 2010.- 13 mart.- S. 4-5.