Muğamla cazın ecazkar sintezindən
doğan əbədiyaşarlıq
Vaqif Mustafazadənin
yaratdığı kompozisiyalar dünya musiqi inciləri xəzinəsinə
təkraredilməz nümunələr kimi
daxil olub
Görkəmli Azərbaycan
pianoçusu və bəstəkarı, Respublika Dövlət
Mükafatı laureatı Vaqif Əziz oğlu Mustafazadənin
70 illik yubileyinin keçirilməsi barədə ölkə
Prezidentinin 26 yanvar 2010-cu il tarixli sərəncamına
uyğun olaraq, ARDNŞ-in təşkilatçılığı
ilə martın 15-də Əzizbəyov rayonunun Pirallahı qəsəbəsində
yerləşən Vaqif Mustafazadə adına Mədəniyyət
Sarayında təntənəli yubiley gecəsi düzənləndi.
Mədəniyyət və
Turizm Nazirliyinin, Bəstəkarlar İttifaqının, Milli
Konservatoriyanın, Əzizbəyov rayon İcra Hakimiyyəti,
ARDNŞ Sosial İnkişaf İdarəsi rəhbərliyinin və
Əzizbəyov rayon ictimaiyyətinin qatıldığı
yubiley gecəsində əvvəlcə Prezident İlham Əliyevin
Vaqif Mustafazadənin 70 illik yubileyinin ölkə miqyasında
qeyd olunması barədə sərəncamı səsləndirildi.
Sərəncamda bildirilir ki, Vaqif Mustafazadə
yaradıcılığı XX əsr milli musiqi mədəniyyətimiz
tarixinin yeni parlaq səhifələrindən birini təşkil
edir. V.Mustafazadə Azərbaycan incəsənətinin daha da zənginləşdirilməsi
və geniş miqyasda tanıdılması naminə bir-birindən
qiymətli töhfələr vermişdir.
Vaqif
Mustafazadənin ömürlüyündən səhifələr
Vaqif Mustafazadə -
1940-ci il martın 16-da Bakıda doğulub. O, Asəf
Zeynallı adına Bakı Dövlət Musiqi Məktəbini
(İndiki Azərbaycan Dövlət Musiqi Akademiyası) bitirib.
Vagif Mustafazadə Azərbaycan
caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir.
O, Azərbaycan musiqisinin, muğamın, klassik Amerika caz musiqisi
ilə sintezini yaradıb. Onun bu devizi Caz-Muğam adlanır. Azərbaycan
Muğam Caz Hərəkatının memarı olan V.Mustafazadə
1979-cu il dekabrın 17-də -39 yaşında Daşkənddə
ürək tutmasından dünyasını dəyişib. Hal-hazırda
Vaqif Mustafazadənin davamçısı qızı Əzizə
Mustafazadədir.
Yaradıcılığı:
* 1965-ci ildə
Gürcustan Dövlət Filarmoniyasında Qafqaz adlı
üçlük (trio) qrupunu,
* 1970-ci ildə Leyli
vokal kvartetini (dördlük) yaradır.
* 1971-ci ildən
1977-ci ilə kimi Sevil vokal instrumental qrupuna başçılıq
edir. 1977-ci ildən
1979-cu ilə kimi Muğam instrumental qrupuna başçılıq edərək
Tallin-66 və Tbilisi-78 caz
festivalının laureatı
olmuşdur.
* 1978-ci ildə
Monakoda keçirilən
8-ci Beynəlxalq Caz Festivalında Əzizəni
gözləyirəm musiqisinə
görə birincilik mükafatı alıb.
* 1979-cu ildə
Azərbaycan Xalq Artisti adına laiq görülmüşdür.
* 1982-ci ildə
artıq ölümündən
sonra Azərbaycan Dövlət Mükafatı
laureatına laiq görülmüşdür. O, fortepiano konsertlərinin, Muğam
simfoniyası və başqa fortepiano şedevrlərinin
müəllifidir.
V.Mustafazadənin yubiley gecəsində çıxış üçün
səhnəyə Mədəniyyət
və Turizm Nazirliyinin mədəniyyətşünaslıq
İdarəsinin şöbə
müdiri Polad Zeynalov dəvət olundu. O, Vaqif Mustafazadə yaradıcılığının
Azərbaycan mədəniyyət
və incəsənət
tarixində özünəməxsus
yeri olduğunu tutarlı faktlarla diqqətə çatdırdı.
Milli Konservatoriyanın rektoru, tanınmış bəstəkar,
xalq artisti Siyavuş Kərimi Vaqif Mustafazadənin yaradıcılıq xüsusiyyətlərindən
danışdı.
Qurban Abbasov adına
Mədəniyyət Sarayının
müşayiətçisi Siyavuş Qəmbərovun
pianoda Vaqif Mustafazadənin repertuarından
ifa etdiyi Bayatı-şiraz alqışlarla
qarşılandı. Vaqif
Mustafazadənin vaxtilə
rəhbərlik etdiyi
Sevil ansamblının
repertuarından olan Gözəllik nəğməsini isə Qurban Abbasov adına Mədəniyyət
sarayının solisti
Vüsalə Qubadova təqdim etdi.
Bakı Musiqi Akademiyasının tələbəsi Natiq Hüseynov da öz musiqi töhfəsi ilə gəlmişdi. Onun Esmira
Manafovanın fortepianoda
oxuduğu musiqisi Tofiq Quliyevə məxsus Bakı haqqında mahnı maraqla qarşılandı.
İsmayıl Məmmədlinin
Nüans, Elnur Məcidovun dahi Niyazinin bəstələdiyi
Arzu və musiqisi Tofiq Quliyevə məxsus Sənə də qalmaz mahnıları da tədbirə rəngarəng çələng
bəxş etdi. Respublikanın əməkdar artisti
Cavan Zeynallının
özünəməxsus duzlu-məzəli
söhbəti və ifa etdiyi caz
parçaları yubiley
gecəsinə toplaşanlarda
xoş təəssürat
yaratdı. Sonra isə
Vaqif Mustafazadənin rəhbərlik etdiyi Sevil vokal ansamblının
üzvü olmuş Rəna Talıbzadə alqışlarla səhnəyə
dəvət olundu.
O, ölməz sənətkarla
bağlı işıqlı,
həzin və kövrək xatirələrini
retro mahnılarla yekunlaşdırdı.
Yubiley gecəsində iştirak edən respublikanın əməkdar artisti Aygün Bəylər Vaqif Mustafazadənin Ceyran və digər tanınmış
Azərbaycan bəstəkarlarının
mahnılarını təqdim
etdi.
Tədbirin sonunda çıxış
edən ARDNŞ Sosial
İnkişaf İdarəsinin
rəis müavini Vasif İmanov bildirdi ki, ölkə
Prezidenti İlham Əliyevin Bakı şəhərinin və ətraf qəsəbələrin
sosial-iqtisadi inkişafı
ilə bağlı imzaladığı sərəncama
uyğun olaraq, son illər Əzizbəyov rayonunda da infrastruktur
yeniləşdirilir, onlarla
yeni sosial-mədəni
obyekt tikilib və əsaslı təmir edilib. Bu işlərə ARDNŞ də öz böyük töhfələrini
verməkdədir. Əsaslı
təmirdən sonra ötən il dekabrın 26-da ARDNŞ prezidenti
Rövnəq Abdullayevin
iştirakı ilə
açılış mərasimi
keçirilən Mərdəkan
Mədəniyyət Sarayı
həm də dünya şöhrətli
pianoçu və bəstəkar, Azərbaycan
musiqisində misilsiz xidmətlər göstərən
Vaqif Mustafazadənin
70 illik yubileyinə bir töhfə oldu.
Əmrah Fəqanoğlu
İki sahil.- 2010.- 16 mart.- S. 16.