Ətraf mühitin qorunması hər bir vətəndaşın birinci dərəcəli vəzifəsidir

 

2010-cu il Azərbaycanda Prezident İlham Əliyev tərəfindən “Ekologiya ili” elan olunub və ARDNŞ ətraf mühitə təsirin azaldılması üzrə, o cümlədən, dəniz yataqlarında atmosferə atılan emissiya qazlarının minimuma endirilməsi, ekoloji parkın, tullantıların idarəolunması sisteminin yaradılması və digər istiqamətlər üzrə fəal işlər həyata keçirir. ARDNŞ-in ekologiya üzrə vitse-prezidenti Muxtar Babayev bu məsələlər barədə Trend Capital-a müsahibəsində daha təfərrüatlı danışıb.

- ARDNŞ 2010-2011-ci illərdə “Günəşli” dəniz yatağının dayaz hissəsində səmt qazlarının atmosferə atılmasının azaldılması üzrə layihələrinin həyata keçirilməsindən hansı nəticələri gözləyir? Şirkətin daha hansı yataqlarında analoji işlər görülür?

- ARDNŞ-in “Günəşli” yatağında səmt qazlarının yığılması və nəqli” layihəsi ilə bağlı yatağın platformalarının birində tikilən kompressor stansiyasının tikinti-quraşdırma işlərinin cari ilin may ayında başa çatacağı gözlənilir. Layihənin həyata keçirilməsi nəticəsində ildə atmosferə atılan 310 milyon kubmetr qazın hamısı utilizə ediləcək.

Bunabənzər səmt qazlarının yığılması layihəsi şirkət tərəfindən “Neft Daşları” NQÇİ-də həyata keçirilməyə başlanılıb. “Günəşli” yatağındakı kompressor stansiyasından fərqli olaraq, buradakı meydançalarda kiçik vakuum kompressorlar quraşdırılır.

ARDNŞ-in quruda yerləşən yataqlarından çıxan səmt qazlarının həcmi çox azdır və onların yığılması üçün böyük xərc tələb olunur. Lakin buna baxmayaraq, biz “Qlobal Qaz Yandırılmalarının Azaldılması üzrə Tərəfdaşlıq” Təşkilatı ilə birlikdə həmin qazların da yığılması üzərində işlər aparırıq.

- Bu il tullantıların idarəolunması sisteminin yaradılması və ARDNŞ-in tullantılarının utilizə olunması mərkəzinin yenidənqurulması layihələri çərçivəsində hansı işlərin yerinə yetirilməsi planlaşdırılır?

- Tullantıların idarəolunması sisteminin yaradılması və ARDNŞ-in tullantılarının utilizə olunması mərkəzin yenidənqurulması layihələri çərçivəsində ARDNŞ bir sıra məqsədyönlü tədbirlər artıq həyata keçirmiş və bu sahədə işlər davam etdirilməkdədir. Belə ki, ARDNŞ-in müəssisələrində, o cümlədən, BM və ƏŞ-də formalaşan tullantıların səmərəli idarəetmə mexanizminin hazırlanması məqsədilə “Tullantıların İdarə Olunması Planı” artıq yekunlaşma mərhələsindədir.

Tullantı Mərkəzinin müasir tələblərə uyğun yenidənqurulması layihəsinin hazırlanması üçün ARDNŞ ilə Amerika Birləşmiş Ştatları Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında Qrant Sazişi imzalanıb. İmzalanmış saziş çərçivəsində “ARDNŞ-in Tullantıların İdarə Edilməsi Mərkəzi” layihəsinin texniki-iqtisadi əsaslandırılması”nın hazırlanması məqsədilə tender elan olunmuş və ABŞ-ın “ME SWACO” şirkəti artıq tenderin qalibi elan edilib. Layihədə müxtəlif texnologiyalar tətbiq olunmaqla tullantıların utilizəsi, təkrar emalı, tullantıların müvəqqəti və daimi saxlanması, həmçinin, idarə edilməsi üçün kompleks tədbirlər həyata keçirmək nəzərdə tutulub.

- ARDNŞ artıq ekoloji parkın yaradılması üzrə işlərə başlayıb. Bu cür parkın yaradılmasında məqsəd nədir? Bu il həmin layihə çərçivəsində hansı işlərin görülməsi planlaşdırılır, parkın yaradılması nə vaxt başa çatacaq?

- H.Z.Tağıyev adına NQÇİ-nin ərazisində ayrılmış 9,3 ha sahədə “Ekoloji park”ın yaradılması nəzərdə tutulmuş və bu sahədə artıq bir sıra işlər həyata keçirilib. Yaradılacaq park ərazisində tikinti-quraşdırma işləri davam edir, yaşıllıq zolağının salınması üçün mütəmadi olaraq ARDNŞ tərəfindən iməciliklər keçirilir.

Parkın yaradılmasında əsas məqsəd cəmiyyət-ekologiya münasibətlərinin müasir formasını yaratmaq, ekoloji təbliğat, ekoloji tərbiyə və ətraf mühitin qorunması problemlərinin bu gün hər bir vətəndaş qarşısında birinci dərəcəli sosial vəzifə olmasını göstərməkdir. Burada, həmçinin, gələcəkdə ekoloji maarifləndirmə tədbirləri çərçivəsində şagird və tələbələrin “Ekoloji park”a ekskursiyalarını təşkil etmək, ekoloji olimpiadalar keçirmək, müxtəlif müsabiqələrin keçirilməsinin təşkili, həmçinin, ekoloji mövzularla bağlı müzakirələrin aparılması nəzərdə tutulub.

Bundan başqa, parkda, ARDNŞ-in istehsalat sahələrində rekultivasiya və bioremediasiya işləri aparılmış ərazilərdə yaşıllıq zolaqlarının salınması üçün Abşeronun təbii iqlim şəraitinə uyğun olan növlərə aid ağac-kol tinglərinə tələbatın ödənilməsi məqsədilə “istixana”nın fəaliyyəti nəzərdə tutulub. Parkda yaradılacaq “istixana”da ağac-kol tinglərinin, dekorativ bitkilərin və gül şitillərinin becərilməsi, onların ARDNŞ-in digər fəaliyyət sahələrində əkilməsi perspektivdə duran məsələlərdəndir.

- Parkın fəaliyyəti zamanı alternativ enerji mənbələrindən istifadə olunması planlaşdırılırmı?

- Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2004-cü il tarixli 462 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nin icrası ilə əlaqədar “Ekoloji park”da istixananın qızdırılmasında, işıqlanmada və suvarmada bərpa olunan (günəş, külək, yerin istiliyindən) enerji mənbələrindən istifadə olunması nəzərdə tutulur.

Yerləşdiyi əlverişli coğrafi mövqe və iqlim şəraiti Azərbaycanda ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə edilməsinə imkan yaradır. Alternativ enerji mənbələrindən istifadə edilməsi yanacağa böyük miqdarda qənaətlə yanaşı, ətraf mühitə atılan zərərli tullantıların miqdarını xeyli azaldır. Neft və qaz ölkəsi olan Azərbaycanın bərpa olunan alternatıv enerjiyə keçməsi həm iqtisadi və həm də ekoloji cəhətdən səmərəlidir.

Günəş enerjisinin birbaşa istilik enerjisinə çevrilməsi dünya praktikasında geniş yayılmışdır və bu, inkişaf etmiş ölkələrdə energetikanın əsas istiqamətlərindən biri hesab olunur. Azərbaycanda ildə 300 günəşli günün olmasını nəzərə alsaq, ölkədə Günəş energetikasının inkişafı daha perspektivlidir. Bununla yanaşı, qeyd olunan parkda külək enerjisindən istifadə də nəzərdə tutulub.

Külək enerjisi - ekoloji təmiz, alternativ enerji mənbələrindən biri olmaqla maya dəyəri və tükənməzliyinə görə ən sərfəlidir. Azərbaycanın küləkli ərazilərində, xüsusən, öz küləkli günlərinin sayı və intensivliyi ilə seçilən Abşeronda külək enerjisindən çox qədim vaxtlardan müasir dövrlərə qədər istifadə edilib.

- ARDNŞ-in istismar etdiyi avtomobil parkları tərəfindən atmosferə buraxılan tullantıların azaldılması məqsədilə şirkətdə nə kimi işlər aparılır?

- Statistik məlumatlara əsasən, atmosfer havasına atılan zərərli maddələrin 50-60%-i son illər sürətlə artan nəqliyyatın payına düşür. Avtonəqliyyat vasitələrindən atılan işlənmiş qazların atmosfer havasını çirkləndirməsinə nəzarətin gücləndirilməsi məqsədilə ARDNŞ-in Ekologiya İdarəsində Ekoloji Ölçmə Mərkəzi yaradılıb. Ekoloji Ölçmə Mərkəzinin üç ekoloji ölçmə məntəqəsi hal-hazırda fəaliyyət göstərir. Bunlar Bakı şəhərinin Balaxanı, Bibiheybət və Hövsan ərazilərində yerləşir.

Bu ölçmə məntəqələrində ARDNŞ-in balansında olan nəqliyyat vasitələri vaxtaşırı müayinədən keçirilir. 2010-cu ilin mart ayına qədər ARDNŞ-in idarə və müəssisələrinə məxsus 3 minə yaxın nəqliyyat və xüsusi texnika ekoloji müayinədən keçib. Müayinə zamanı yanma sistemində nasazlıqlar olan avtomobillər təmirə göndərilir və təmirdən sonra bu avtomobillərin təkrar müayinəsi həyata keçirilir. Artıq köhnəlmiş və təmirdən sonra belə yanma sistemindəki nasazlıqların aradan qaldırılması mümkün olmayan avtomobil vasitələrinin gələcəkdə istismardan çıxarılması nəzərdə tutulub.

 

 

İki sahil.- 2010.- 17 mart.- S. 5.