Neft gəlirlərindən səmərəli istifadə gələcək inkişaf üçün böyük imkanlar yaradır

 

Bu gün Azərbaycan müstəqil siyasət yürüdür və öz daxili imkanları hesabına yaşayır. Bölgədə həyata keçirilən bütün irimiqyaslı layihələr məhz Azərbaycanın adı ilə bağlıdır. Hazırda ölkədə icra olunan sosial-iqtisadi proqramlar Azərbaycanın iqtisadi qüdrətinin daha da möhkəmlənməsinə gətirib çıxarır. Bunun əsas səbəbi düzgün seçilən strategiyanın uğurla davam etdirilməsidir.

Etiraf etmək lazımdır ki, Azərbaycanın iqtisadi inkişafından söhbət açanda ilk olaraq 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə “Əsrin müqaviləsi”nin imzalanması yada düşür. Dövlət başçısı İlham Əliyevin “Əsrin müqaviləsi”nin Azərbaycanın tarixində xüsusi yeri var və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında bu rol əvəzolunmazdır” fikirləri də bu tarixi məqamın nə qədər böyük əhəmiyyətə malik olduğunu bir daha ortaya qoyur.

Azərbaycan öz təbii sərvətləri, geosiyasi mövqeyi ilə hər zaman dünyanın diqqət mərkəzində olub. 1994-cü ildən bu diqqət daha da artdı. Belə ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin uğurlu siyasəti sayəsində ölkədə sabitlik, əlverişli iqtisadi mühit formalaşdırıldı. Bununla Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan ölkələr bura yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin oldular. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi neft strategiyası yenicə müstəqillik əldə etmiş, hələ iqtisadi cəhətdən zəif olan Azərbaycanın gələcək inkişafı üçün əsas oldu. İllər keçdikcə bu gerçəklik özünü daha qabarıq şəkidə büruzə verməyə başladı. İndi hər kəs bilir ki, ölkə iqtisadiyyatının inkişafı, Azərbaycanın nəinki bölgədə, hətta dünya miqyasında güclü bir dövlətə çevrilməsinin kökündə məhz “Əsrin müqaviləsi”nin imzalanması dayanır.

“Əsrin müqaviləsi”ndən sonra bir çox beynəlxalq müqavilələr imzalanmağa başlandı. Zaman keçdikcə Azərbaycan xarici investorlar üçün cəlbedici bir bölgəyə çevrildi. Ölkədəki mövcud əlverişli mühit qeyri-neft sektorunun inkişafına da müsbət təsirini göstərdi. Artıq “Əsrin müqaviləsi”nin əsas məhsulu olan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri regional deyil, beynəlxalq xarakter almağa başladı. Məhz bu layihələr nəticəsində Azərbaycan dünyada neft-qaz ixracatçısı kimi tanındı, ən əsası enerji təhlükəsizlyi sahəsində etibarlı tərəfdaş kimi qəbul olundu.

Ötən il investisiya cəlbediciliyi baxımından Azərbaycan üçün uğurlu olub. Belə ki, 2009-cu ildə ölkə iqtisadiyyatına 9,2 milyard dollar investisiya qoyulub. Bunların 7,3 milyardı isə daxili sərmayələrdir. Prezident İlham Əliyev 2010-cu ildə də mühüm investisiya layihələrinin həyata keçiriləcəyi bildirir. “Həm dövlət tərəfindən qoyulan əsaslı investisiyalar, eyni zamanda, yerli şirkətlərin böyüməsi və onların imkanlarının artırılması, onlar üçün gözəl şəraitin yaradılması, dövlət tərəfindən sahibkarlığın inkişafına ayrılan vəsait, kreditlər, subsidiyalar, başqa güzəştlər, ölkəmizdə güclü infrastruktur layihələrinin icrası, hər yerdə yollar, elektrik stansiyaları, sosial obyektlərin yaradılması, digər tərəfdən xarici investorlar üçün də yaxşı şəraitin yaradılması amilləri bax bu vəziyyətə gətirib çıxarıbdır. Mən əminəm ki, Azərbaycan gələcək illərdə də həm daxili, həm xarici investorlar üçün cəlbedici ölkə kimi öz marağını saxlayacaq və biz növbəti illərdə, keçən il-2009-cu ildə başlanmış layihələrin və yeni layihələrin icrası nəticəsində daha da böyük dərəcədə investisiya qoyuluşunu görəcəyik.”

Azərbaycan investisiya yatırılan deyil, investisiya qoyan ölkə kimi də tanınır. Qeyd etmək lazımdır ki, hazırda neft-qaz layihələrinin əsas icraçısı olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti də müxtəlif ölkələrdə investisiya layihələri həyata keçirir. Ötən həftə “yap.org.az” saytına müsahibə verən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bu fikirləri bir daha təsdiq edərək sözügedən istiqamətdə həyata keçirilən yeni layihələr barədə məlumat verib. “Bu gün Azərbaycan investisiya cəlb edən ölkədən investisiya yatıran ölkəyə çevrilməkdədir. ARDNŞ bu prosesdən də kənarda qalmır. Şirkətimiz beynəlxalq enerji bazarlarına yaxınlaşmaq məqsədi ilə xarici investisiya layihələri həyata keçirir. Qonşu Türkiyə və Gürcüstandakı layihələr barədə ictimaiyyətə vaxtaşırı məlumat verilir. Türkiyədə həyata keçirilən sərmayə proqramına əsasən, ARDNŞ “SOCAR-Turcas” alyansı tərkibində qardaş ölkənin ən iri neft-kimya müəssisəsi olan “Petkim” şirkətinin idarəçiliyini həyata keçirir. Şirkətin idarəçiliyinə veriləndən ötən müddət ərzində “Petkim” Türkiyə bazarında mövqeyini daha da gücləndirib. Bu holdinq əsas etibarı ilə etilen, polietilen, polivinilxlorid, akrilonitril və s. kimi kimya məhsullarının istehsalı ilə məşğul olur. “Petkim”in xammalla fasiləsiz və etibarlı təchizatı məqsədilə ARDNŞ holdinqin nəzdində yeni neft emalı zavodunun tikintisini planlaşdırır. Artıq zavodun texniki-iqtisadi əsaslandırılması üzərində iş başa çatmışdır. Belə bir zavodun inşa olunması “Petkim”in məhsuldarlığını artırmaqla yanaşı, ARDNŞ-nin istehsal etdiyi neft məhsullarının Türkiyə bazarına daha sürətlə daxil olmasına imkan yaradacaq.”

R.Abdullayev Gürcüstandakı investisiya layihələri haqda danışarkən ilk növbədə Kulevi Qara Dəniz Terminalının əhəmiyyətini xüsusi vurğulayıb. “Terminal yüksək səviyyədə fəaliyyət göstərir. “Moody International” kimi nüfuzlu beynəlxalq şirkət tərəfindən müvafiq sertifikatlara layiq görülməsi orada menecment işinin uğurla aparılmasından xəbər verir. Bundan başqa, Gürcüstanda neft məhsullarının səmərəli satışını həyata keçirən “SOCAR Georgia Petroleum”, qonşu ölkənin indiyədək qazlaşdırılmamış bölgələrinə yeni xətlərinin çəkilməsində, əhalinin təbii qazla təminatında mühüm rol oynayan “SOCAR Georgia Gaz” kimi törəmə müəssisələrimizin fəaliyyəti də yüksək qiymətləndirilir.” Şirkət hazırda Gürcüstanda yanacaqdoldurma stansiyalarından ibarət böyük bir şəbəkə yaradıb. Artıq ARDNŞ neft məhsullarının SOCAR brendi altında reallaşdırılması istiqamətində mühüm iş aparır. “SOCAR Georgia Petroleum” MMC qonşu ölkədə müasir standartlara cavab verən yanacaqdoldurma məntəqələrinin inşasını davam etdirir. Dövlət Neft Şirkəti həmçinin gələcəkdə bu sahədə fəaliyyətini genişləndirmək niyyətindədir. Xatırladaq ki, 2010-cu ildə Gürcüstanda 20-dən artıq yanacaqdoldurma məntəqəsinin istifadəyə verilməsi planlaşdırılır.

ARDNŞ prezidenti həmçinin qeyd edib ki, “SOCAR Georgia Gaz” isə 3 illik investisiya proqramına uyğun olaraq, Gürcüstanın müxtəlif regionlarında 150.000 abonentin qazla təminatını həyata keçirəcək. “Artıq qonşu respublikanın bir sıra yaşayış məntəqələrində, o cümlədən soydaşlarımızın kompakt yaşadığı bir neçə kənddə qaz kəmərlərinin tikintisi başa çatdırılıb, iri yaşayış massivlərində qaz xətləri bərpa olunub. Bu istiqamətdə işləri davam etdirəcəyik.”

ARDNŞ-in ölkə hüdudlarından kənarda həyata keçirdiyi investisiya layihələri Türkiyə və Gürcüstanla məhdudlaşmır. R.Abdullayev bildirir ki, səmərəli marketinq araşdırmalarının nəticəsi olaraq, bu yaxınlarda Ukraynada da yanacaqdoldurma stansiyaları şəbəkəsi qurulub. “Bütün bu layihələrin maliyyələşdirilməsinə ARDNŞ-in öz vəsaitləri ilə yanaşı beynəlxalq maliyyə qurumlarının da vəsaitləri cəlb edilib. Bu da Şirkətimizin etibarlı tərəfdaş kimi beynəlxalq banklarla uğurlu əməkdaşlıq aparmasına daha bir sübutdur. Son dövrlərdə ARDNŞ-in əlverişli şərtlərlə Avropanın aparıcı banklarından əhəmiyyətli həcmlərdə maliyyə vəsaitlərinin cəlb etməsi dünyada şirkətimizin işgüzar reputasiyasının, müsbət imicinin möhkəmləndirilməsinə müsbət təsir göstərib. ARDNŞ-in ötən ilin oktyabrında “Fitsh Ratings”, bu günlərdə isə “Moody’s” nüfuzlu reytinq agentlikləri tərəfindən beynəlxalq reytinqlərə layiq görülməsi aparılan işlərin məntiqi nəticəsidir.”

Bu gün ölkənin enerji ehtiyatları müxtəlif neft-qaz kəmərləri ilə dünya bazarlarına çıxarılır. Təbii ki, neft gəlirlərindən səmərəli istifadə isə gələcək inkişaf üçün böyük imkanlar yaradır.

 

 

Nail Rəhimzadə

 

İki sahil.- 2010.- 17 mart.- S. 4.