AZƏRBAYCANIN
MİLLİ TƏHLÜKƏSİZLİK ORQANLARININ
YARANMASINDAN 91 İL ÖTÜR
Azərbaycanın
milli maraqlarının və təhlükəsizliyinin təmin
olunmasında özünəməxsus yeri və rolu olan milli təhlükəsizlik
orqanlarının yaranmasından 91 il ötür.
Bu münasibətlə
milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov
başda olmaqla nazirliyin şəxsi heyəti Fəxri xiyabana gələrək,
Azərbaycanın təhlükəsizlik orqanlarında milliləşmə
prosesinin və özünəməxsus peşəkarlıq məktəbinin
banisi, müstəqillik illərində Milli Təhlükəsizlik
Nazirliyinin milli maraqlara sədaqətlə xidmət edən və
lazımi normativ-hüquqi bazaya malik qurum kimi
formalaşmasında misilsiz xidmətləri olan ümummilli
lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı
önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq
alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi
ehtiramla anılmış, məzarı üzərinə
gül dəstəsi qoyulmuşdur.
Sonra Şəhidlər
xiyabanına gələn Milli Təhlükəsizlik Nazirliyinin
əməkdaşları Vətənimizin müstəqilliyi və
ərazi bütövlüyü uğrunda canlarından
keçmiş oğul və qızlarımızın unudulmaz
xatirəsini yad etmiş, məzarları üstünə
güllər düzmüş, “Əbədi məşəl”
abidəsinin önünə əklil qoymuşlar. Azərbaycanın
suverenliyi və ərazi bütövlüyü uğrunda
mübarizədə həlak olmuş və burada dəfn
edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının
da xatirəsi yad edilmiş, məzarları üstünə
gül dəstələri düzülmüşdür.
Təntənəli mərasim
Milli Təhlükəszilik Nazirliyinin Heydər Əliyev
adına Akademiyasında davam etdirilmişdir. Əvvəlcə yeni inşa olunan Milli Təhlükəsizlik
Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin
açılışı olmuşdur. Milli təhlükəsizlik
naziri Eldar Mahmudov rəmzi açılışı bildirən
lenti kəsmiş, Mərkəzdə yaradılan şəraitlə
tanış olmuşdur. Nazir Eldar Mahmudov yaraşıqlı, ən
müasir standartlara cavab verən İdman Sağlamlıq Mərkəzinin
qısa müddətdə tikilərək Akademiyanın
kursantlarının, dinləyicilərinin, ümumən
nazirliyin bütün şəxsi heyətinin istifadəsinə
verilməsinin Prezident, Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyevin milli təhlükəsizlik
orqanlarına diqqət və qayğısının bariz təzahürü
olduğunu bildirmişdir.
Məlumat
verilmişdir ki, 4500 kvadratmetrdən çox sahəni əhatə
edən MTN-in İdman Sağlamlıq Mərkəzində
idmanın əksər kütləvi növləri, o cümlədən
futbol, voleybol, həndbol, basketbol, tennis üzrə yay və
qış meydançaları, üzgüçülük
hovuzu, güləş, əlbəyaxa döyüş,
gimnastika və trenajor zalları, soyunub-geyinmə, həkim,
müəllim otaqları, duşxanalar vardır. Ən qabaqcıl standartlara cavab verən
texniki ləvazimatlarla və avadanlıqla təmin edilən mərkəzdə
kursant və dinləyicilərin, digər əməkdaşların
idmanla məşğul olmaları, fiziki
sağlamlıqlarını möhkəmləndirmələri
üçün hər cür şərait
yaradılmışdır. Belə sosial təyinatlı obyektlərin
istifadəyə verilməsi bir məqsədə Azərbaycanın
güclənməsinə, səriştəli və sağlam
gənc kadrların yetişməsinə xidmət edir.
Daha sonra mərasim
Akademiyanın sıra meydanında davam etdirilmişdir. Akademiyanın döyüş
bayrağı təntənəli şəkildə meydana gətirilmiş,
ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik
sükutla yad edilmiş, dövlət himni səsləndirilmişdir.
General-leytenant Eldar
Mahmudov mərasimdə çıxış edərək
ümummilli lider Heydər Əliyevin şanlı irsini şərəflə
davam etdirən bu ali təhsil ocağının şəxsi
heyətini, kursantları və dinləyiciləri Azərbaycan
təhlükəsizlik orqanlarının 91-ci ildönümü
və İdman Sağlamlıq Mərkəzinin
açılışı münasibətilə təbrik
etmiş, gələcək təhlükəsizlik zabitlərinə
ölkəmizin milli maraqları və mənafelərinin
qorunması naminə təhsildə və şərəfli fəaliyyətlərində
uğurlar arzulamışdır.
Milli təhlükəsizlik
naziri Eldar Mahmudov hazırda Azərbaycanın təhlükəsizlik
orqanlarının öz inkişafında yeni mərhələyə
qədəm qoyduğunu, dövlətin daxili və xarici siyasəti
üçün əlverişli şərait
yaradılmasının milli təhlükəsizlik
orqanlarının əsas vəzifələrindən
olduğunu qeyd etmiş, eyni zamanda, ölkəmizin
siyasi-iqtisadi maraqlarına qarşı olan təhdidlərin
vaxtında aşkar edildiyini və müvafiq qabaqlayıcı
tədbirlərin görüldüyünü, dövlətçiliyin
və təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi
sahəsində ardıcıl fəaliyyət göstərildiyini
bildirmişdir.
Qeyd olunmuşdur ki, ən
sabit və sürətlə inkişaf edən ölkə kimi
tanınmış Azərbaycan transmilli mütəşəkkil
cinayətkar birləşmələr, beynəlxalq
terrorçu təşkilatlar üçün də maraq
doğurur, onlar ölkəmizə hədəf, tranzit və təyinat
məntəqəsi kimi baxırlar. Lakin Milli Təhlükəsizlik Nazirliyi beynəlxalq
terrorçuluğa və transmilli mütəşəkkil
cinayətkarlığın müxtəlif təzahürlərinə
qarşı mübarizədə ardıcıl və məqsədyönlü
fəaliyyət göstərir. Azərbaycanda vaxtında
görülmüş qabaqlayıcı tədbirlər nəticəsində
ekstremist-terrorçu niyyətlərin və konkret cinayətkar
hərəkətlərin qarşısı qətiyyətlə
alınır.
Nazir Eldar Mahmudov Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən aparılan fəal
hüquq mühafizə siyasəti nəticəsində Azərbaycanda
sabitlik və təhlükəsizliyin qorunub saxlanıldığını
və daha da möhkəmləndirildiyini xüsusi
vurğulamışdır. Milli
Təhlükəsizlik Nazirliyinin müasir standart və tələblərə
uyğun inkişafı, ən yeni texniki avadanlıq və
vasitələrlə təmin olunması və şəxsi heyətin
sosial müdafiəsinin xeyli möhkəmlənməsi istiqamətində
Ali Baş Komandan İlham Əliyevin diqqət və
qayğısı nəticəsində ardıcıl
addımların atıldığı xüsusi
vurğulanmışdır. Nazir Eldar Mahmudov
çağdaş dövrdə milli təhlükəsizliyə
cavabdeh strukturdan daim yüksək peşəkarlıq və
bilik səviyyəsi, çeviklik və səriştə tələb
olunduğunu qeyd etmiş, milli təhlükəsizlik
orqanlarının ölkədə həyata keçirilən
müasirləşmə və yeniləşmə siyasətinin
uğurla reallaşmasına bundan sonra da öz töhfələrini
verəcəklərinə, Ali Baş Komandan İlham Əliyevin
bütün əmr və göstərişlərini
qüsursuz yerinə yetirəcəklərinə əminliyini
bildirmişdir.
Tədbirdə
çıxış edən Akademiyanın rəisi
general-leytenant Ziya Yusifzadə demişdir ki, indi Milli Təhlükəsizlik
Nazirliyi yeni tarixini yaşayır. Müasir
dünyanın ən inkişaf etmiş təhlükəsizlik
orqanlarının bərabər səviyyəli tərəfdaşına
çevirilmiş Milli Təhlükəsizlik Nazirliyi müasir
texniki bazaya, bacarıqlı və peşəkar kadrlara
malikdir. Ulu öndər Heydər Əliyevin adını şərəflə
daşıyan Akademiyamız da nazirliyin ümumi fəaliyyətinin
uğurla həyata keçirilməsində bütün
potensialını və səylərini səfərbər edəcəkdir.
Sonra kursantlar təntənəli
marşla tribunanın önündən keçmişlər.
Tədbirin sonunda
MTN-in Heydər Əliyev adına Akademiyasındakı
“Şöhrət” muzeyində mükafatlandırma mərasimi
keçirilmiş, xidməti fəaliyyətdə fərqlənən
əməkdaşlara medallar və Fəxri fərmanlar təqdim
olunmuş, xatirə şəkli çəkilmişdir.
İki
sahil.- 2010.-30 mart.-S.7.