Arixi yaddaşsızlıq hər bir millət üçün faciəvi nəticələrə gətirib çıxarır

 

Faşistliyin dərəcəsi yoxdur. Erməni işğalçılarının hərəkətləri məhz bunu sübut edir.

 

Ümummilli lider Heydər Əliyev

 

“Hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsində soyqırımına məhz, belə bir anlayış verilmişdir.

Soyqırımı cinayəti sülh və insanlıq əleyhinə yönələn xüsusilə ağır cinayətlərdən hesab olunur.

Təsadüfi deyildir ki, cinayət qanunvericiliyində həmin cinayəti törədənlər üçün ömürlük azadlıqdan məhrum etmə cəzası da nəzərdə tutulmuşdur.

Tarixin təhlili göstərir ki, zaman-zaman Azərbaycan xalqının başına gətirilən faciələr öz ağır nəticələri, amansızlığı ilə digər oxşar hadisələrdən fərqlənmişdir.

Ümummilli lider Heydər Əliyevin imzaladığı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanında deyildiyi kimi, 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.

Əslində, Azərbaycanın ikiyə bölünməsini qəti təsdiq edən Türkmənçay müqaviləsi və onun ağır nəticələri, XIX əsrin əvvəllərində Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin başlanğıcı idi.

XX əsrin əvvəllərində İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. “Böyük Ermənistan” ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına “bəraət qazandırmaq məqsədilə” erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş geniş miqyaslı proqramlar reallaşdırıldı.

Rusiyada 1917-ci ilin fevralında baş vermiş inqilab nəticəsində əsrlərlə ömür sürmüş mütləqiyyət quruluşu devrilir. Zaqafqaziyada Dövlət Dumasına seçilmiş deputatlardan ibarət Zaqafqaziyanın idarəsi üzrə xüsusi komitə, noyabrda isə Zaqafqaziya Komissariatı yaradılır. Zaqafqaziyadan Rusiyanın Müəssislər Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra onda iştirak edə bilməyən nümayəndələr 1918-ci il fevralın 14-də Tiflisdə toplaşırlar və Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaradırlar.

Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün Seymin bütün müsəlman nümayəndələri Tiflisdə toplanır.

May ayının 28-də Tiflisdə, keçmiş Qafqaz canişininin iqamətgahında, doktor Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli İslam Şurasının iclası keçirilir və Azərbaycanın istiqlaliyyəti haqqında Bəyannamə qəbul edilir, Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı bəyan edilir, həmçinin, sonra Milli İslam Şurası bitərəf deputat Fətəli xan Xoyski başda olmaqla, Azərbaycan Xalq Cümhuriyyətinin ilk müvəqqəti hökumətini təşkil edir.

Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan üçün çox mürəkkəb bir tarixi şəraitdə fəaliyyətə başlayır.

Sovetlər Birliyi dövründə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin “nə üçün Bakıda fəaliyyət göstərməməsi”, - səbəbləri ictimaiyyətdən qəsdən gizlədilirdi. Sovetlər dönəmində, hətta, hüquq fakültəsinin tələbələri də bilmirdilər ki, Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti nə üçün məhz Tiflisdə yaradılmış və həmin şəhərdə fəaliyyət göstərmişdir?!

Ona görə ki, Sovet tarix, hüquq və siyasi ədəbiyyatında Azərbaycan Xalq Cümhuriyyətinin və onun hökumətinin demokratik mahiyyəti, kommunist ideologiyasının tələblərinə müvafiq olaraq, bilərəkdən təhrif edilmiş, bu azmış kimi, ilk demokratik respublikanın tarixi barədə məlumatlar saxtalaşdırılmışdır. Sən demə, səbəb başqa imiş.

Bu vaxt Bakıda S.Şaumyan başda olmaqla, Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan Bakı Xalq Komissarları Soveti fəaliyyət göstərdiyi şəraitdə S.Şaumyanın rəhbərliyi ilə 1918-ci ilin martında doğma Bakımızda, Şamaxıda, Qubada 50 min azərbaycanlı - qoca, xəstə, qadın, o cümlədən hamilə qadınlar, uşaq, ahıl, bir sözlə, günahsız insanlar xüsusi amansızlıqla qətlə yetirmişlər.

Törədilən azərbaycanlı qırğınlarından sonra Bakı kommunası azərbaycanlı əhali arasında öz nüfuzunu tamamilə itirmişdi. Onların hakimiyyəti Bakıdan kənara çıxa bilməmişdi. Azərbaycanın qəzalarında isə tam hakimiyyətsizlik və hərc-mərclik hökm sürürdü. Öz təsir dairəsini bütün Azərbaycan ərazisində yaymaq məqsədilə 1918-ci ilin iyunun 16-da Azərbaycan Milli Şurası Tiflisdən Gəncəyə köçür.

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı zamanı Şamaxı qəzasında 58, Quba qəzasında 112, Gəncə (Yelizavetpol) quberniyasında 272, İrəvan quberniyasında 211, Qars vilayətində 82 yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, bir milyona yaxın əhali öz torpaqlarından didərgin salınmışdır.

Zaqafqaziyanın zorla sovetləşdirilməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədi ilə yeni vasitələrə əl atdılar.

Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır itkilərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır.

Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar min illər boyu yaşadıqları öz doğma tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb, viran edilmişdir.

1947-ci il dekabrın 23-də İ.Stalinin imzaladığı “Ermənistan SSR ərazisindən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” SSRİ Nazirlər Sovetinin qərarı qəbul edilir.

Bəli, yüz minlərlə azərbaycanlı məcburi surətdə öz doğma tarixi-etnik torpaqlarından SSRİ Nazirlər Sovetinin cəmi dörd vərəqə həcmində olan qərarı əsasında didərgin salınır, lakin bu ədalətsiz aktın hansı zərurətdən irəli gəlməsi barədə həyasızcasına susmaq üstün tutulurdu.

Başqa hallarda olduğu kimi, İ.Stalin bu tədbirin də həyata keçirilməsində heç kəs qarşısında məsuliyyət daşımadığını və heç kəsə hesabat vermək istəmədiyini bir daha nümayiş etdirmək üçün elə ilk cümləsi “köçürülsün” sözü ilə başlanan ədalətsiz bir qərara imza atmışdır.

Bu sənədin ortaya çıxmasına qədər erməni millətçilərinin hansı “təşkilati” tədbirlərə əl atdıqlarını indi təsəvvür etmək çətin deyildir. Onlar Ermənistanı digər millətlərdən, ən başlıcası, azərbaycanlılardan təmizləmək niyyəti güdür və bunun üçün dəridən-qabıqdan çıxırdılar. Tarix göstərdi ki, ermənilər bu məqsədlərinə nail ola bildilər.

Dağ şəraitində yaşamış on minlərlə adam Azərbaycanın aran rayonlarına köçürüldü. İllər boyu öz zəhmətləri ilə qurub yaratdıqları ev-eşiklər xarici ölkələrdən gələn ermənilərə qismət oldu. İqlim şəraitinin dəyişdirilməsi, min bir əziyyət, eləcə də doğma ocaq həsrəti minlərlə soydaşımızın həyatına son qoydu.

“Ermənistan SSR ərazisindən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” İ.Stalin 1948-ci il martın 10-da imzaladığı və 1947-ci il dekabrın 23-də imzalanmış sənədin bir növ davamı olan bu qərar guya köçürülənlərə müəyyən imtiyazlar vermək niyyəti güdürdü. Sözsüz Vətən, torpaq itkisi ilə üzləşən insanları belə imtiyazlarla ovundurmaq faydasız idi. Çünki ev-eşiyini, el-obasını tərk edən adamları bu cür xırda güzəştlərlə ovundurmaq qeyri-mümkün idi. Lakin Stalin rejimi erməni millətçilərinin fitvası ilə öz işini görmüşdü.

Bəs köçürülənlərin sonrakı taleyi necə olacaqdı? Onlar yeni iqlim şəraitinə uyğunlaşıb yaşaya biləcəkdilərmi? Bu suallar Stalin rejimini qətiyyən narahat etmirdi.

Ümummilli lider Heydər Əliyevin imzaladığı Azərbaycan Respublikası Prezidentinin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 18 dekabr 1997-ci il tarixli Fərmanın verilməsi son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımızın ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalması, mərhələ-mərhələ gerçəkləşdirən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlıların indi Ermənistan, keçmiş İrəvan xanlığının ərazisindən - min illər boyu yaşadıqları öz doğma tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalması, xalqımıza məxsus minlərlə tarixi - mədəni abidə və yaşayış məskəninin dağıdılıb viran edilməsi və buna görə də bu tarixi ədalətsizliyə indiyə kimi hüquqi-siyasi qiymət verilməsi zəruriliyindən irəli gəlmişdir.

Təəssüf olsun ki, Azərbaycan xalqının Ermənistan ərazisindən deportasiyası xalqımızın tarixində yeganə hal olmamışdır.

1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşlar, başqa sözlə, qovulmuşlar.

Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar.

Həmin dövrdə Ermənistan SSR ərazisindən kütləvi surətdə qovulmuş soydaşlarımızın böyük əksəriyyəti dünyasını dəyişmiş, onların sağ qalanları keçmiş Azərbaycan SSR ərazisində yurd-məskən salmışlar. Lakin bu hadisələrdən yarım əsrdən də artıq zaman fasiləsi keçsə də bu tarixi ədalətsizliyin vurduğu mənəvi zərbəni xalqımızın indiki nəsli heç vaxt yaddan çıxarmamalı, gələcək nəsillər də bu faciədən xəbərdar olmalıdır. Çünki tarixi yaddaşsızlıq həqiqətən hər bir xalq, millət üçün faciəvi nəticələrə gətirib çıxarır.

Tarix bir daha təkrarlanmaqla bunu əyani sübut etdi. Belə ki, 1988-ci ildə Ermənistan ərazisində azərbaycanlıların başına gətirilən müsibətlər bəşər tarixinin ən qanlı səhifələri olmaqla, bu hadisələr 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan ərazisindən deportasiyasının bir növ məntiqi davamı hesab edilməlidir.

Ermənilərin azərbaycanlıların əleyhinə həyata keçirdiyi soyqırımlarının tarixi kökləri, siyasi-ictimai, ideoloji cəhətlərinin hər biri dərindən tədqiq olunmalı, aşkarlanıb bu haqda əsl həqiqət dünyaya çatdırılmalıdır.

Məhz ümummilli lider Heydər Əliyevin imzaladığı Azərbaycan Respublikası Prezidentinin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 18 dekabr 1997-ci il tarixli Fərmanı xalqımızın başına gətirilən bu ədalətsizliyin həm də dünya ictimaiyyətinə çatdırılması məqsədini daşıyır. Bu isə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi üçün, xüsusilə, vacibdir.

Ümummilli lider Heydər Əliyev titanik, yorulmaz fəaliyyətini ona yönəltmişdir ki, qondarma Dağlıq Qarabağ məsələsi dinc yolla, beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllini tapsın. Lakin hazırda dünyada ikili standartlar mövcuddur.

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması haqqında BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamə (822, 853, 874, 884 -li) indiyədək icra edilmir.

Ümummilli lider Heydər Əliyev demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında bəyan etmişdir ki, biz sülh yolu ilə Dağlıq Qarabağ probleminin həllinə çalışırıq. Lakin Azərbaycan xalqının da səbrinin müəyyən hüdudları vardır. Əgər sülh yolu ilə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın erməni tapdağından azad olunması alınmazsa, bu torpaqları silah gücünə olsa da azad etməyə hazırıq.

Bu bizim konstitusion hüququmuzdur.

 

 

İlham Abbasov

 

İki sahil.- 2010.- 30 mart.- S. 5.