ARDNŞ dünyanın aparıcı şirkətləri sırasındadır

 

Beynəlxalq standartlara cavab verən Gəmiqayırma Zavodunun təməlqoyma mərasimində çıxışı zamanı dövlət başçısı İlham Əliyev Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu önə çəkərək, bu sahədə ARDNŞ-in fəaliyyətini yüksək dəyərləndirib

Neft-qaz ölkəsi kimi tanınan Azərbaycanın əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün imkanlar daha da artır. Bu uğurların əsasında təbii ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası dayanır. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dünya iqtisadi məkanına inteqrasiyasının əsasını qoydu.

Bu sazişin imzalanmasından sonra xeyli sayda müqavilələrin imzalanması, neft-qaz sənayesinə qoyulan investisiyaların həcminin artması da deyilənlərin təsdiqidir. Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, artıq Azərbaycan investisiya qoyulan ölkədən investisiya yatıran ölkəyə çevrilib. Bu isə ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsinə, yeni-yeni layihələrin gündəmə gətirilməsinə səbəb olur.

BTC və BTƏ neft-qaz layihələri artıq regional müstəvidən çıxaraq qlobal xarakter daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu layihələr olmasaydı, bu gün hər hansı bir “Cənub dəhlizi”ndən söhbət gedə bilməz, Avropanın enerji təhlükəsizliyi məsələləri tamamilə başqa istiqamətdə həll olunardı. “Bu gün əldə edilmiş uğurlar əsasında gələcəyə baxırıq. O gələcəyə ki, qarşımızda yeni imkanlar, yeni üfüqlər açılır.”

Azərbaycanın iqtisadi uğurlarını hesabatlarında faktlar əsasında əks etdirən beynəlxalq maliyyə qurumları bu nailiyyətləri düzgün qurulan siyasətlə əsaslandırmaqla yanaşı, neft-qaz hasilatının ildən-ilə artmasını da xüsusi vurğulayırlar. Ötən il 50 milyon ton neft, 25 milyard kubmetr qaz hasil edilib. Artıq ölkəmiz yalnız neft deyil, həm də qaz ixracatçısı kimi tanınır. 2007-ci ildən Rusiyadan qaz idxalının dayandırılması ilə ölkə əhalisinin mavi yanacaqla təminatını ARDNŞ yerinə yetirir. Dövlət başçısının tapşırığına uyğun olaraq kompleks tədbirlər proqramı hazırlanıb və uğurla icra edilir. Ölkə əhalisinin təbii qaza tələbatının daxili imkanlar hesabına ödənilməsi qarşıya qoyulan ən ümdə vəzifələrdəndir. Bu günün göstəricilərinə diqqət yetirsək, görərik ki, ölkənin qaza tələbatı tam ödənilməklə yanaşı, qonşu ölkələrə də mavi yanacaq ixrac olunur. Prezident İlham Əliyev bu əminliyi ifadə edir ki, Azərbaycan özünü və eləcə də, dünyanın müxtəlif yerlərində tərəfdaşlarını ən azı yüz il qazla təchiz edə bilər.

Ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verən Dövlət Neft Şirkəti neft-qaz hasilatının artırılması istiqamətində səylərini daha da artırır. Şirkətin prezidenti Rövnəq Abdullayev açıqlamalarında bildirir ki, məqsəd 2015-ci ildə neft hasilatını 60 milyon tona, qaz hasilatını isə 35-40 milyard kubmetrə çatdırmaqdır.

Dövlət Neft Şirkəti müxtəlif ölkələrdə investisiya layihələri həyata keçirir. Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev Şirkətin qarşısında dünya miqyasında beynəlxalq və aparıcı şirkətlərin birinə çevrilmək vəzifəsini qoyub. ARDNŞ son illərdə sürətlə inkişaf edir. Şirkət həm maliyyə, həm texniki imkanları hesabına kəşfiyyat, qazma işləri aparır ki, bu da neft-qaz potensialının artırılmasında vacib amillərdəndir.

Xarici ölkələrdə Dövlət Neft Şirkətinin nümayəndəlikləri fəaliyyət göstərir. Bu faktlar onu təsdiqləyir ki, ARDNŞ-in dünya miqyasında neft şirkətləri arasında öz reytinqi var. Prezident İlham Əliyevin bildirdiyi kimi, ARDNŞ-in gücləndirilməsi həm Azərbaycanın maraqlarına cavab verir, həm də ölkədə neft-qaz sənayesinin inkişafı, sosial məsələlərin həlli üçün çox vacibdir.

“Bizim indi əsas vəzifəmiz investisiyaları neft-qaz sektoruna deyil, qeyri neft-qaz sektoruna cəlb etməkdir” söyləyən dövlət başçısı bildirir ki, neft-qaz sahəsində qarşıya qoyulan məqsədlərə nail olunub. Azərbaycanın enerji ehtiyatları müxtəlif kəmərlərlə dünya bazarlarına çıxarılır. Qeyri-neft sektorunun inkişafı neft siyasətinin məntiqi davamıdır. Bir sözlə, neft gəlirlərindən səmərəli istifadə ölkənin qarşısında böyük imkanlar açır.

Bu günlərdə Bakıda beynəlxalq standartlara cavab verən Gəmiqayırma zavodunun təməlqoyma mərasimində iştirak edən dövlət başçısı İlham Əliyev bu məsələyə xüsusi diqqət yönəldib. “Azərbaycan Dövlət Neft Şirkəti öz növbəsində, artıq beynəlxalq şirkətə çevrilibdir. Şirkətin çox böyük potensialı var, böyük infrastruktura malikdir. Azərbaycanda neft-qaz hasilatı ildən-ilə artır. Neft-qaz potensialımızı tam şəkildə realizə etmək üçün bütün infrastruktur layihələri vaxtında icra edilir. Neft-qaz kəmərləri tikilibdir və bu gün Azərbaycan neft-qaz ixracatını şaxələndirilmiş formada həyata keçirir. Bu, əlbəttə ki, imkanlarımızı daha da gücləndirir. Azərbaycan Dövlət Neft Şirkəti beynəlxalq fəaliyyətdə də özünü artıq göstərib. Xaricə böyük həcmdə sərmayələrin qoyulması neft şirkətimizi beynəlxalq şirkət kimi də dünyaya təqdim edir. Bu gün dünyanın aparıcı enerji şirkətləri sırasına daxil olmuş Azərbaycan Dövlət Neft Şirkəti əminəm ki, gələcəkdə də öz imkanlarını genişləndirəcək, ölkəmiz üçün lazım olan yeni layihələri uğurla icra edəcəkdir.” Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər bir daha onu göstərir ki, ARDNŞ ölkənin iqtisadi inkişafının əsasını təşkil edən yeni neft strategiyasının uğurla icra olunmasında müstəsna əhəmiyyətə malikdir.

Qeyd edək ki, ötən ilin noyabrında ARDNŞ, Azərbaycan Dövlət İnvestisiya Şirkəti və Sinqapurun “Keppel Offshore & Marine” Şirkəti arasında zavodun inşasına və istismarına dair Anlaşma Memorandumu imzalanıb. Layihədə ARDNŞ 65 faiz, ADİŞ 25 faiz, “Keppel Offshore & Marine” şirkəti isə 10 faiz iştirak payına sahibdir. Hesablamalara görə, layihə 300-350 milyon ABŞ dolları dəyərindədir. Zavodun tikintisinin isə təqribən 2 ilə başa çatdırılması nəzərdə tutulur. Xəzər dənizi hövzəsində yeganə olacaq bu zavodda ildə 25 min ton metal konstruksiya hazırlamaq, 15 min ton yükgötürmə qabiliyyəti olan 4 tanker və 4 yedək-təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkün olacaq.

Dövlət başçısı bildirib ki, zavodun tikintisi beynəlxalq əməkdaşlığın nəticəsidir. Zavodun əsas səhmdarlarının Azərbaycan şirkətləri olması da mühüm hadisədir. Dövlət başçısı bunu sevindirici hal kimi qeyd edib. Azərbaycan Dövlət Neft Şirkəti zavodun payının 65 faizinə malikdir. Azərbaycan Dövlət İnvestisiya Şirkətinin payı 25 faizdir və beynəlxalq şirkətin - “Keppel” şirkətinin payı 10 faizdir. Bu əminlik də ifadə olunub ki, beynəlxalq əməkdaşlıq Azərbaycanda yeni, gözəl, müasir sənaye obyektinin yaranmasına gətirib çıxaracaq.

Ölkə Prezidenti “Keppel” şirkətinin fəaliyyətini də xüsusilə qeyd edib. “Keppel” şirkəti 10 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərir. Bu fəaliyyət nəticəsində Azərbaycanın neft-qaz potensialının tam şəkildə işə salınması üçün çox lazımi infrastruktur qurğuları yaradılıb. Zavodun tikintisi “Keppel”lə Neft Şirkəti arasında əməkdaşlığın yeni mərhələsidir. Dünyanın aparıcı beynəlxalq şirkətlərinin Azərbaycana sərmayə qoyması, eyni zamanda, ölkəmizdə podratçı kimi də fəaliyyət göstərmələri əhəmiyyətlidir. Bu, təbii ki, ölkəmizin imkanlarını daha da genişləndirir.”

ARDNŞ-in prezidentinin qeyd etdiyi kimi, Azərbaycanın tranzit və yükdaşıma imkanlarının artırılmasına yönəlmiş bu layihə Şirkətin “Keppel Corporation Limited” Şirkəti ilə əməkdaşlığını daha yüksək mərhələyə çıxaracaq. Xarici şirkətlərlə əməkdaşlığın möhkəmlənməsində və genişləndirilməsində Dövlət Neft Şirkətinin rolu daim önə çəkilir. Azərbaycanın xarici şirkətlərlə əməkdaşlığı məhz neft sənayesindən başlanıb. İqtisadiyyatın inkişafında neft amilinə böyük önəm verən ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan yalnız neft-qaz deyil, qeyri-neft sektorunun inkişafı baxımından da dünyanın diqqətindədir. İnvestisiya Şirkətinin yaradılmasında da əsas məqsəd məhz xarici iş adamlarını ölkəmizin iqtisadi durumu, bu və ya digər sahələrdə mövcud imkanlar barədə məlumatlandırmaqdır. Hazırda dünya dövlətləri, eyni zamanda, şirkətlərlə əməkdaşlıq müxtəlif sahələri əhatə edir.

ARDNŞ rəhbərliyinin müxtəlif xarici şirkətlərin rəhbərləri ilə keçirdiyi görüşlərə diqqət yetirməklə deyilənlərin əyani təsdiqini görmüş olarıq. Bu günlərdə ARDNŞ prezidenti R.Abdullayevin və ABŞ-ın Honeywell şirkətinin Xüsusi Materiallar Bölümünün rəhbəri Andreas C. Kramvis və UOP şirkətinin prezidenti Rajeev Gautamın görüşündə şirkətlər arasında uzunmüddətli sıx əməkdaşlıq əlaqələrinin olduğu vurğulanıb. Bu əməkdaşlığın müsbət nəticələr verdiyi bildirilib.

Bununla yanaşı, R.Abdullayev İtaliyanın “Saipem” şirkətinin əməliyyatlar üzrə baş direktoru İves İnbonanın rəhbərlik etdiyi nümayəndə heyətini də qəbul edib. ARDNŞ prezidenti “Saipem” şirkəti ilə tərəfdaşlığın 10 ildən artıq bir dövrdə “BosŞelf” Birgə Müəssisəsi çərçivəsində uğurla davam etdirildiyini, 2008-ci ildə isə iki şirkətin sualtı dalğıc və dənizdə nəql-quraşdırma işlərinin həyata keçirilməsi məqsədi ilə “SOCAR-Saipem” Alyansı yaratdıqlarını söyləyib. R.Abdullayev Azərbaycan neft-qaz sənayesinin yeni mərhələyə qədəm qoyduğunu və bu mərhələdə “Çıraq Neft Layihəsi”, “Şahdəniz-2”, “Abşeron” və başqa irimiqyaslı layihələr üzrə işlərin icra olunacağını nəzərə çatdıraraq, əmin olduğunu bildirib ki, bu layihələr çərçivəsində də “Saipem” şirkəti ilə ARDNŞ-in birgə müəssisələri uğurlu fəaliyyət nümunəsi göstərə biləcək.

Qeyd etdiyimiz məqamlar bir daha təsdiqləyir ki, ARDNŞ dünyanın aparıcı şirkətləri sırasındadır. Şirkət ildən-ilə öz imkanlarını genişləndirərək yeni layihələrin uğurlu icrasına nail olur.

 

 

Nail Rəhimzadə          

 

İki sahil.- 2010.- 30 mart.- S. 3.