Neft emalında yüksək iqtisadi göstəricilər əldə olunub

 

Heydər Əliyev adına BNEZ-də istehsal proseslərinin yüksək səviyyədə idarə olunması məqsədilə mütəxəssislər tərəfindən həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verir

Müəllifi ümummilli lider Heydər Əliyevin olduğu və ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yeni neft strategiyası və Azərbaycanın dinamik sosial-iqtisadi inkişafına təkan verən islahatlar Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda uğurla təsdiqini tapmış və əmək kollektivi qarşısında geniş perspektivlər açmışdır. Bütün bunlara nail olmaq üçün Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının yanacaq-energetika kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı” haqqında fərmanından irəli gələn vəzifələr əldə rəhbər tutularaq bir sıra texniki-təşkilati tədbirlər yerinə yetirilmişdir. Bu tədbirlərlə müəssisədə köhnə və yararsız, texniki təhlükəsizlik qaydalarına cavab verməyən qurğuların yeniləri ilə əvəz olunması, yanacaq-enerji resurslarına qənaət, neft və neft məhsullarının çıxımının miqdarının artırılması, itkilərin azaldılması, beynəlxalq standartların tələblərinə uyğun mühərrik yanacaqlarının istehsalının təmin edilməsi, ətraf mühitin daha da yaxşılaşdırılması və başqa istiqamətdə xeyli məqsədəuyğun işlər görülmüşdür.

Yeni neft strategiyasının həyata keçirilməsi istiqamətində ulu öndərin adını daşıyan zavod kollektivi əzmlə çalışır və verilən plan-tapşırıqları vaxtında, müvəffəqiyyətlə yerinə yetirir. Son zamanlar zavod rəhbərliyinin, baş mütəxəssislərin və kollektivin gərgin əməyi sayəsində əsas istehsal sahələrinin texnoloji sxemlərində edilmiş dəyişikliklər, aparılmış yenidənqurma işləri nəticəsində əldə edilmiş uğurlarla həqiqətən sevinməyə dəyər. Müəssisədə aparılan işlər və əldə edilən nəticələr bunu deməyə əsas verir.

Zavodda istehsalın intensivliyi və istehsal məsələlərinin kompleks həllinin təmin olunması inkişafa böyük zəmin yaratmışdır. Belə ki, 2007-ci ildə zavodda “Azərneftyağ” NEZ-dən gələn kerosin distillatının qələviləşdirilməsi bölməsi inşa edilmiş və hazırda işçi personalı tərəfindən uğurla istismar olunmaqdadır. İldə 1 milyon ton dizel distillatının qələviləşdirilməsi prosesini həyata keçirəcək yeni qovşaq da tikilərək istismara verilmişdir. Mütəxəssislərin böyük əməyi sayəsində neftin emal prosesinin daha da dərinləşdirilməsinə xidmət edən tədrici kokslaşdırma qurğusunun uzun illər istismarı dayandırılmış ikinci axınının işə salınması, məhsuldarlığın artmasına və emal dərinliyinin yüksəlməsinə səbəb olmuşdur. Modernləşdirmə işlərin tətbiqinin davamı kimi, ötən il tədrici kokslaşdırma qurğusunda da çox mühüm işə başlanıldı. Burada TDS-3000 AİS-dən daha müasir “EXPERİON PRS J-300 kontroller” üzərində qurulmuş bir sistem yaradılmışdır.

Uzun müddət zavod rəhbərliyi və mütəxəssislərini narahat edən əsas problemlərdən biri texnoloji proseslərdə alınan yanacaq qazlarının utilləşdirilməsi idi. Bu problemin həll edilməsi nəticəsində 21 və 43 nömrəli qurğuların qaz yanacaq sisteminin yenidən qurulması ilə sobaların tam olaraq qaz yanacağına keçirilməsi başlandı. Bundan sonra zavodun məşəllərində yandırılan qazların minimuma endirilməsi ilə yanaşı, maye yanacağa, sobaların şamlarına maye yanacağın püskürdülməsi üçün sərf olunan xeyli miqdarda su buxarına qənaət edilir. Əsas uğurlardan biri kimi də katalitik krekinq qurğusunun hidrotəmizləmə bölməsində hidrogen tərkibli qazı dövr etdirən kompressorların klapanlarının prosesdə alınan duzlarla çirklənməsi nəticəsində tez-tez sıradan çıxmasının qarşısının alınmasını saymaq olar. Quraşdırılan yuma qovşağı kompressorların işinin 6-7 saatdan 10-12 günə qədər uzadılmasına imkan vermişdir.

Zavodda istehsal proseslərinin yüksək səviyyədə idarə olunması məqsədilə mütəxəssislər tərəfindən həyata keçirilən əməli tədbirlər öz müsbət nəticəsini vermişdir. Enerjinin, reagentlərin, kimyəvi təmizlənmiş suyun sərfinə nəzarət gücləndirilmiş və ilkin emaldan alınan açıq rəngli məhsulların çıxım faizi plan üzrə nəzərdə tutulduğundan çox olmuşdur. Zavodun inkişafını təmin edən texnoloji proseslər diqqətlə izlənilmiş və ortaya çıxan problemlərin həll olunması üçün bir sıra texniki-təşkilati tədbirlər yerinə yetirilmişdir. Belə ki, ötən ildə tikintisi uzun illər davam etdirilən, diametri 530 mm olan dizel yanacağı “Bakı-Güzdək” boru kəməri quraşdırılıb istismara verilmişdir. Yeni boru xəttinin istismara verilməsindən sonra dizel yanacağının nəqli 4000 tondan 12000 tona çatdırılmışdır. Yeni “Bakı-Güzdək” neft kəmərinin və zavodun Güzdəkdə yerləşən sexində yeni dəmiryolu doldurma estakadasının istismara verilməsi nəticəsində zavodda sisternlərə doldurulan reaktiv mühərrik və dizel yanacaqları şəhərdən çıxarılaraq Güzdək ərazisində yerləşdirilmişdir. Ekoloji cəhətdən effektli olan bu işlərin görülməsi nəticəsində 1 milyon ton neft məhsulunun yüklənməsi, şəhərdən 36 km uzaqda təmin olunmuşdur. Bununla da 20000 ədəd dəmiryolu sisterninin şəhərə daxil olub çıxmasının qarşısı alınmışdır. Tankerlərə yüklənən və tankerlərdən qəbul edilən neft məhsulları xətlərinin hamısı yenisi ilə əvəz edilmişdir.

Ötən il zavod rəhbərliyi və kollektivi ARDNŞ tərəfindən verilən tapşırıqların və həvalə olunan işlərin öhdəsindən layiqincə gəlmiş, istehsal proqramının yerinə yetirilməsində kadr və texniki potensialdan maksimum istifadə edərək yüksək istehsal nəticələrinə nail olmuşlar. Zavod tərəfindən neftin emalında əldə olunmuş yüksək iqtisadi göstəricilərin qorunub saxlanılması cari ilin ilk aylarında da davam etdirilmişdir. Məhz bunun nəticəsidir ki, ilin ötən dövrü ərzində ARDNŞ tərəfindən neft emalı və neft məhsullarının istehsalına dair zavoda qoyulan proqnoz tapşırıqları, bir qayda olaraq, vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirilmişdir.

Belə ki, 2009-cu ildə ARDNŞ tərəfindən təyin olunan plana müvafiq ümumi xammalın emalı 103,1 faiz yerinə yetirilmişdir. Aparılan bir sıra təşkilati-texniki tədbirlər nəticəsində açıq rəngli neft məhsullarının çıxımı plana qarşı 2,7 faiz artmışdır, bu da əlavə olaraq 109 min tondan yuxarı məqsədli məhsulların istehsalı deməkdir.

2009-cu ilin əvvəlindən, mövcud şəraitdə, texnoloji qurğuların və xüsusilə təkrar emal proseslərinə aid katalitik krekinq və tədrici kokslaşma qurğularının işinin səmərəli təşkil olunması, emal prosesində əmələ gələn ağır və ucuz mazut resursunun qalıq komponentlərindən yüksək ödənişli neft məhsullarının istehsalına imkan yaratmışdır. Bunun nəticəsində zavodun tarixində emal dərinliyi rekord həddə çataraq 89,8 faiz olmuşdur və 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici üzrə artım 15,2 faiz təşkil etmişdir.

 

 

Soltanəli Allahverdiyev

 

İki sahil.- 2010.- 3 mart.- S. 12.