Milli mətbuatın inkişaf tarixində yeni mərhələ

 

Bu dövr demokratiyanın inkişafını dövlətçiliyin əsas amilləri hesab edən müstəqil mətbuatın yaradılıb genişləndirilməsi istiqamətində göstərdiyi xidmətlərinə görə “Jurnalistlərin dostuolan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır

 

Zəngin tarixi ənənələrə malik xalqımızın azadlıq istəyinin, müstəqillik amalının güclənməsində, mənəvi dəyərlərin qorunub, saxlanılmasında, təbliğində, milli şüurun, mənəviyyatın, mədəniyyətin formalaşmasında önəmli rolu olan mətbuata daim qayğı göstərən ulu öndər Heydər Əliyev müstəqil KİV-lərin inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəməyib. Belə ki, dövlət müstəqilliyi qazandıqdan sonra milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib.

Demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının inkişafı, mətbuatın dünya təcrübəsindən bəhrələnməsi, xüsusilə KİV-lərin maddi-texniki imkanlarının yaxşılaşdırılması, jurnalistlərin peşə bacarığının yüksəldilməsi və hüquqlarının qorunması üçün bütün zəruri addımlar atılmış və tədbirlər həyata keçirilmişdir.

Ulu öndər Heydər Əliyevin “Azərbaycanda mətbuat, fikir azadlığı dönməzdir - burada heç bir şey ola bilməz, heç kəs də bundan narahat olmasın” fikri ümummilli liderin bu sahəyə diqqət və qayğısının bariz nümunəsidir.

1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv edərək azad, müstəqil KİV-lərin inkişafı üçün geniş imkanlar açan ulu öndər imzaladığı sərəncamlarla cəmiyyəti maraqlandıran informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, özəl elektron KİV-lərin, jurnalist qurum və birliklərinin və bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı.

“Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir” söyləyən ulu öndər Heydər Əliyev daim azad mətbuatın inkişafına diqqət göstərmiş, uğurlu nəticələrə nail olmuşdur.

Dövlət müstəqilliyini ikinci dəfə əldə edən respublikamızda ilk vaxtlar bütün sahələrdə olduğu kimi, mətbuatda çalışanlar da həlli vacib problemlərlə qarşılaşırdılar. Hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev dağılmaq, parçalanmaq təhlükəsində olan müstəqil Azərbaycanı bu bəladan xilas etdiyi kimi, milli mətbuatımızda yaranmış problemləri də tədricən aradan qaldırdı, qanunvericilik aktlarında dəyişikliklər edildi və Azərbaycan oxucusunun söz və mətbuat azadlığının təmin olunması ilə əlaqədar mövcud olan beynəlxalq konvensiyalara və sazişlərə qoşuldu.

Ulu öndər Heydər Əliyev Azərbaycanda milli mətbuatın daha da inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.

“Mətbuat cəmiyyətin güzgüsüdür” çağırışı ulu öndərin ən çox dəyər verdiyi ifadələrdən idi. Əsl, peşəkar jurnalistlərdən əsas tələbi də bu idi ki, heç vaxt, heç bir ləkə bu güzgünün təmizliyinə, saflığına ləkə gətirməsin. Humanist olduğu qədər ədalətsizliyə, əsası olmayan saxta informasiyalara, böhtan və yalanlara qarşı barışmaz olun ümummilli lider Heydər Əliyevin mübarizliyi bu sahədə də özünü büruzə verirdi.

Mətbuat müstəqil, peşəkar olmalıdır. Kütləvi informasiya vasitələri cəmiyyətdə baş verən prosesləri olduğu kimi, heç bir qərəzə, təhrifə yol vermədən ictimaiyyətə çatdırılmalıdır. Bu gün hansı ölkə informasiya bolluğuna malikdirsə, o varlı dövlət kimi qəbul olunur.

Söz, mətbuat azadlığının inkişafına əngəl olan, süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etdi, vətəndaş cəmiyyətinin quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-lərin rolunun artırılması başlıca məqsəd kimi qarşıya qoydu. Ən əsası o idi ki, işdə dönüş yaradacaq təşəbbüslər, irəli sürülən təkliflər kağız üzərində qalmadı. Ulu öndərin şəxsi nəzarəti altında reallaşdı, həyata keçirildi.

“2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün tədbir proqramı” təsdiq olundu. Vətəndaş müraciətlərinə baxılması, informasiyaların mühafizəsi, informasiya azadlığı, radio-televiziya yayımları, İTV və radio haqqında müxtəlif qərar və qanunlar qəbul etməklə, mətbuatda özünütənzimləmə mexanizmini həyata keçirilən Mətbuat Şurasını yaratmaqla müstəqil KİV-lərin fəaliyyətinin genişləndirilməsini təmin etdi. İndi Azərbaycan bəlkə də yeganə ölkədir ki, ölkədə hər kəsə istədiyi səpkidə mətbu orqanı açmaq imkanı yaradılıb, qeydiyyat prosedurları, lisenziya mexanizmi liberallaşdırılıb, sadələşdirilib.

2001-ci ildə ölkənin aparıcı KİV-lərinin nümayəndələri ilə görüşdə milli jurnalistikanın üzləşdiyi problemlərlə yaxından maraqlanan ulu öndər qəzet və jurnalların “ Azərbaycan “ nəşriyyatına olan borclarının dondurulması və ləğvi istiqamətində önəmli sərəncamlar imzalamışdır.

“ Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir” söyləməklə açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan edirdi. “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncam imzalayan, mətbuata güzəştli kreditlərin verilməsini təmin edən ümummilli lider Heydər Əliyev jurnalistləri dövlət mükafatları, orden və medallarla təltif etməklə bildirirdi ki, KİV-lərə qayğı davamlı və sistemlidir.

Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönəlmiş bu siyasətə sadiq qaldı.

Dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası” deyilənlərə əyani sübutdur. Prezident İlham Əliyevin “Qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının ödənilməsi barədə” imzaladığı sərəncama əsasən maddi çətinliklərlə üzləşən qəzetlərin qaytara bilmədiyi 450 min ABŞ dolları dövlət büdcəsindən ödənildi.

Dövlət Dəstəyi Konsepsiyasında da qeyd olunduğu kimi ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, ictimai həyatın bütün sahələrinin yeniləşməsi fikir, söz və məlumat azadlığının, plüralizmin daha geniş təmin olunması üçün əlavə tədbirlər görüldü.

Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi, Azərbaycanın dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və beynəlxalq standartların tələblərinə uyğunlaşmasına ehtiyacın yarandığı müasir dövrümüzdə həyata keçirilən bu kimi tədbirlər insan hüquqlarının qorunması istiqamətində atılan ən düzgün addım kimi əhali tərəfindən dəstəkləndi.

Həyata keçirilən tədbirlər əsası ulu öndər tərəfindən yaradılan təməl əsasında müəyyənləşdirilir, tətbiq olunur.

Ölkə başçısı İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, Nizamnaməsinin təsdiq edilməsi də mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Yeni fəaliyyətə başlamasına baxmayaraq, Fond tərəfindən həyata keçirilən tədbirlər tək mətbuat işçiləri tərəfindən deyil, ictimaiyyətin bütün təbəqələri tərəfindən rəğbətlə qarşılanır, təqdir olunur. Fondun, Mətbuat Şurasının müxtəlif nazirliklərlə birlikdə günümüzün reallığını əks etdirən ayrı-ayrı mövzulara aid yazı müsabiqələrinin təşkili, qaliblərin yüksək məbləğdə pul və diplomlarla mükafatlandırılması müstəqil mətbuatın inkişafına yönəlmiş ən mütərəqqi addımlardır.

 

 

Xuraman  İsmayılqızı

 

İki sahil.- 2010.- 6 may.- S. 2.