Əli Əhmədov: Yeni Azərbaycan
Partiyası beynəlxalq sahədə geniş fəaliyyət
göstərir
Yeni Azərbaycan Partiyasının (YAP) sədr
müavini, icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun
Trend-ə müsahibəsi
-
Əli müəllim, YAP-ın dünyanın bir çox
ölkələrinin aparıcı partiyaları ilə əməkdaşlığı
intensivləşib. Sizin rəhbərlik etdiyiniz nümayəndə
heyəti bu yaxınlarda Koreya Respublikasına səfəri
zamanı bir çox mühüm görüşlər
keçirib. Bu ölkəyə səfərinizin
yekunlarını necə qiymətləndirirsiniz?
-
Yeni Azərbaycan Partiyası beynəlxalq sahədə geniş
fəaliyyət göstərir və bizim bu sahədəki fəaliyyətimiz
çoxşaxəliliyi ilə seçilir. Partiyamız bir
sıra ölkələrin çox nüfuzlu partiyaları ilə
ikitərəfli əlaqələr qurub və əməkdaşlıq
münasibətləri yaradıb. Bundan başqa, bizim
partiyamızın həm Avropanın, həm də Asiyanın
çox önəmli partiyalar qrupu ilə də əlaqələri
mövcuddur. Partiyamız Avropanın ən güclü
partiyalar qrupu olan Avropa Xalq Partiyası ilə əməkdaşlıq
edir və bu partiyanın bir sıra tədbirlərində
yaxından iştirak edirik. Bu il martın əvvəllərində
Yeni Azərbaycan Partiyasının dəvəti ilə Avropa
Xalq Partiyasının prezidenti Vilfred Martins Azərbaycanda səfərdə
oldu, bir sıra əhəmiyyətli görüşlər
keçirildi, Azərbaycan Prezidenti onu qəbul etdi. Avropa Xalq
Partiyası Avropa siyasi məkanında ən böyük
nüfuzlu siyasi təşkilat olmaqla yanaşı, bu təşkilatın
prezidenti olan Martins də Avropanın siyasi liderləri
arasında xüsusi hörməti və nüfuzu ilə
seçilən şəxsiyyətlərdən biridir. Xatırlatmaq
yerinə düşər ki, Avropa Xalq Partiyası sağ mərkəzçi
partiyaları birləşdirir və Avropanın bir çox
önəmli ölkələrində sağlar hakimiyyətdədirlər.
Almaniya, Fransa, İtaliya və digər ölkələrdə
hakimiyyətdə bu qəbildən olan partiyalardır. Nəticə
etibarilə indiki durumda sağ partiyalar və onların birləşdiyi
Avropa Xalq Partiyası Avropanın siyasi məkanında ən
böyük nüfuza sahib olan təşkilatlardır.
Digər
tərəfdən, bizim partiyamızın Asiya ölkələrinin
partiyaları və partiya qrupları ilə də sıx əməkdaşlığı
mövcuddur. Mən ayrıca olaraq qeyd etmək istəyirəm
ki, partiyamız Asiyada çoxlu sayda partiyaları birləşdirən
Asiya Siyasi Partiyalarının Beynəlxalq
Assosiasiyasının daimi komitəsinin üzvüdür. Asiyanın
bütün dövlətlərinin partiyalarını birləşdirən
bu qurumun daimi komitəsinin 29 üzvü var və onlardan biri də
Yeni Azərbaycan Partiyasıdır. Daha aydın təsəvvür
yaranması üçün qeyd etmək yerinə düşərdi
ki, bu quruma daxil olan partiyalar Çini, Hindistanı,
Koreyanı, Yaponiyanı, Türkiyəni, İranı və
digər böyük Asiya dövlətlərini təmsil edir. Yeni
Azərbaycan Partiyasının Asiya Siyasi Partiyalarının
Beynəlxalq Assosiasiyasının daimi komitəsində üzv
kimi təmsil olunması bir yandan Azərbaycana bu patiyalar qrupu tərəfindən
verilən diqqətin, önəmin ifadəsidir, digər tərəfdən
isə partiyamızın təşkliat daxilindəki fəallığının
bilavasitə göstəricisi kimi qəbul olunmalıdır.
Bir
daha qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan
Partiyası bir çox ölkələrin aparıcı
partiyaları ilə ikitərəfli əməkdaşlıq əlaqələrinə
malikdir və bütün bunların hamısı
partiyamızın beynəlxalq əlaqələrini, beynəlxalq
aləmdəki nüfuzunun, hörmətinin artmasını
ifadə etməklə yanaşı, eyni zamanda, bu əlaqələrin
getdickə dərinləşməsi, öz növbəsində
Azərbaycanla həmin partiyaları təmsil edən ölkələrin
və dövlətlərin münasibətlərinin daha da
yaxınlaşmasına, genişlənməsinə təbii
ki, öz töhfəsini verir.
-
Koreyada görüşlər zamanı Dağlıq Qarabağ
problemi müzakirə predmeti oldumu?
-
Yeni Azərbaycan Partiyası ilə Koreya Respublikasının
iqtidar partiyası olan Böyük Milli Partiyası arasında
ikitərəfli münasibətlər yaranıb. Həmin
partiyanın dəvəti ilə aprelin 27-dən 30-dək
partiyamızın nümayəndə heyəti Koreya
Respublikasının paytaxtı Seul şəhərində səfərdə
olub. Biz partiyalarımız arasında əməkdaşlığın
daha da genişləndirilməsi niyyətilə memorandum
imzaladıq və güman edirəm ki, bu sənəd iki
partiya arasında əlaqələrin bundan sonra daha
genişşaxəli inkişafında və dərinləşməsində
ciddi təməl olacaq.
Bundan
başqa, səfər çərçivəsində bizim
nümayəndə heyətinin Koreyanın Baş naziri, bu
ölkənin Milli Assambleyasının, parlamentinin rəhbəri
ilə də görüşləri olub. Bu görüşlərdə
həm ölkələrimiz arasında, həm də
partiyalarımız arasında ikitərəfli münasibətlərin
inkişaf etdirilməsi ilə bağlı məsələlər
müzakirə olunub.
Azərbaycan
üçün həlledici əhəmiyyət kəsb edən
Dağlıq Qarabağ münaqişəsinin nizama
salınması istiqamətində də söhbətlər
aparılıb. Təəssüf hissi ilə qeyd etmək
lazımdır ki, Koreya Respublikası Dağlıq Qarabağ
münaqişəsinin nizama salınması ilə
bağlı bir neçə dəfə BMT-də aparılan
müzakirələrdə bitərəf mövqe tutub. Bizim
danışıqlar zamanı qarşımıza qoyduğumuz
niyyət ondan ibarət idi ki, məsələnin mahiyyətini
Koreya tərəfinə çatdıraraq gələcəkdə
belə müzakirələr, yaxud sənədlərin dəstəklənməsi
zamanı bu ölkənin mövqeyinin dəyişdirilməsinə
nail ola bilək. Məncə, biz bu istiqamətdə müsbət
irəliləyişin şahidi olacağıq.
-
YAP artıq ənənəvi olaraq qadınların və gənclərin
ictimai-siyasi işlərdə aktiv iştirakına
üstünlük verir. Parlament seçkilərində bu
istiqamətdə hansı yeniliklər gözlənilir?
-
Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün
zümrələrinin ölkəmizin ictimai-siyasi həyatında
yaxından iştirak etməsi üçün əlindən
gələn hər bir şeyi edir. Bunun ən bariz nümunələrindən
birini 2009-cu ilin dekabr ayında keçirilən bələdiyyə
seçkilərində partiyamızın qadınların və
gənclərin yaxından iştirak etməsi ilə əlaqədar
çox əhəmiyyətli bir təşəbbüs irəli
sürməsində görmək olar.
Məmnunluq hissi ilə qeyd etmək
istəyirəm ki, bizim irəli sürdüyümüz təşəbbüs
nəticəsində Azərbaycanın bələdiyyələrində
həm gənclərin, həm də qadınların təmsilçiliyi
səviyyəsi əhəmiyyətli dərəcədə
artdı. Əgər bundan əvvəlki bələdiyyələrdə
qadınlar 4 faiz, gənclər də təxminən 2,5-3 faiz təmsil
olunurdusa, indi hər iki zümrə ayrı-ayrılıqda 28
faiz qədərində təmsil olunurlar. Onu da
vurğulamağı lazım bilirəm ki, Avropadan gələn
bir sıra çox əhəmiyyətli beynəlxalq təşkilatların
nümayəndələri həm gənclərin, həm də
qadınların ötən seçkilərdə bələdiyyələrdə
daha yüksək faizlə təmsil olunması
şansının qazanmasını yüksək qiymətləndiriblər.
Bu, bizim partiyamızın gənclər və qadınlar kimi
demoqrafik qruplara olan diqqətinin və qayğısının
bilavasitə ifadəsidir. Bu, təkcə bələdiyyə
seçkilərində özünü göstərmir. Təbii
ki, buna qədər də, bundan sonra da Yeni Azərbaycan
Partiyası irəliyə sürdüyü təşəbbüsə
sadiq qalacaq. Qarşıdan gələn parlament seçkilərində
partiyamızın bütün strategiyasına uyğun şəkildə
addımlar atması məsələsinə gəldikdə, təbii
ki, bu, bizim bütövlükdə proqramımıza və
niyyətlərimizə daxildir. Biz hesab edirik ki, bu gün Azərbaycan
Parlamentində qadınların təmsilçiliyi dərəcəsi
qənaətbəxş deyil. Bunun artırılmasına
ehtiyac var. Azərbaycan cəmiyyətində qadınların
ictimai və siyasi həyatda rolunun artırılması
çox əhəmiyyətlidir. Bu, həm ondan irəli gəlir
ki, Azərbaycan qadınlarının təhsili,
bütövlükdə intellektual səviyyəsi kifayət qədər
yüksək olduğundan, ölkənin siyasi həyatında
da yaxından iştirak etmək üçün
lazımınca haqqı var və lazımınca imkanlara
malikdirlər. Hesab edirəm ki, hər bir siyasi partiya və təşkilat,
o cümlədən Yeni Azərbaycan Partiyası olaraq biz
ölkəmizin bu potensialından daha səmərəli şəkildə
istifadə olunması barədə düşünməliyik.
Prinsip etibarilə biz məsələyə bu cür
yanaşırıq. Bizim gənclərə münasibətimiz
də eynidir. Yeni Azərbaycan Partiyası qədər ölkəmizin
gələcəyi olan gənclərin ictimai-siyasi fəallığının
artırılmasına diqqət və qayğı göstərən
digər bir siyasi təşkilatı təsəvvür etmək
belə mümkün deyil. Partiyamızın Azərbaycan gənclərinin
potensialından ölkəmizin inkişafı
üçün istifadə edilməsinə nə qədər
töhfələr verməsi ilə bağlı çoxlu
nümunələr göstərmək olar. Bu prizmadan
yanaşdıqda, qarşıdan gələn parlament
seçkilərində gənclərlə bağlı siyasətimizin
bu elementinin özünü aydın şəkildə göstərəcəyinə
heç bir şübhə olmayacaq. Amma təbii ki, burada bir məsələ
də göz önünə gətirilməlidir və diqqətdən
qaçırıla bilməz. Məsələ bundadır ki,
parlamentdə təmsil olunmağın ən vacib şərti
seçicilərin bu və ya digər namizədə etimad
göstərib səs verməsidir. Əlbəttə, biz
çox arzu edərdik ki, hörmətli seçicilərimiz
qadınlara və gənclərə, o cümlədən də
bizim namizədliklərini irəli sürəcəyimiz
qadınlara və gənclərə etimad göstərsinlər.
Amma bir daha qeyd edirəm ki, bu etimadın qazanılması
üçün qadın və gənc olmaq yetərincə və
bütün məsələləri həll edən keyfiyyətlər
deyil.
Biz məmnuniyyətlə
qadınlarımızın və gənclərimizin də
namizədliklərinin irəli sürülməsi
üçün təşəbbüslərimizi göstərəcəyik.
Amma təbiidir ki, bizim seçki ilə bağlı
taktikamızın mərkəzində duran gerçəklik
bundan ibarətdir ki, hər bir seçkidə uğurun
çox vacib və həlledici elementlərindən biri
insanların bu və ya digər namizədə etimad göstərib
səs verməsidir. Əgər bizim
araşdırmalarımız nəticəsində irəli
sürəcəyimiz insana seçicilərimizin səs vermək
şansı böyük olacaqsa və bu namizədlərimiz gənclər
olacaqsa, belə olan halda məsələnin müsbət
sonluğu şübhə doğurmayacaq.
-
Əli müəllim, indiyə qədərki seçkilərdə
YAP-ın fərqli strategiyaları olub. Parlament seçkiləri
ilə bağlı strategiyanızda hansı yeniliklər,
hansı fərqli təbliğat-təşviqat
kampaniyasından istifadə gözlənilir?
-
Seçki taktikamıza və texnologiyalarımızdakı
yeniliklər məsələsinə gəldikdə, hər bir
seçki digərlərindən əhəmiyyətli dərəcədə
fərqlənir. 2010-cu
ilin parlament seçkiləri 2005-ci ilin seçkilərindən
təbii olaraq fərqlənəcək. Çünki 2010-cu
ilin Azərbaycanı 2005-ci ilin Azərbaycanından fərqlənir.
İndi Azərbaycan daha inkişaf edib, ölkəmizin
iqtisadiyyatı daha yüksəkdə dayanır, insanların həyat
səviyyəsi, bütövlükdə Azərbaycanda
insanların düşüncəsi bu beş il ərzində
xeyli dəyişib. Bütün bunların hamısı Yeni Azərbaycan
Partiyasının qarşıdan gələn seçkilərlə
bağlı konsepsiyasında ciddi şəkildə öz əksini
tapacaq. Bu isə bizim hansı yeniliklərdən istifadə etməyimiz
məsələsini də həll edəcəkdir. Hesab edirəm
ki, indidən bu barədə detallara vararaq danışmaq
artıq olardı. Amma sizi əmin etmək istəyirəm ki,
həmişə olduğu kimi, qarşıdan gələn
parlament seçkilərində də Yeni Azərbaycan
Partiyasının bütövlükdə seçki
texnologiyası seçki mühitinin və dövrünün
tələblərinə uyğun olacaq, növbəti qələbəmizi
təmin etməkdə bizə yardımçı olacaq.
-
Parlamentin indiki tərkibində hakim partiyanın üzvləri
üstünlük təşkil edir. Növbəti seçkidə
sayın artırılması, partiyanızın üzvü
olan deputatların tərkibinin dəyişdirilməsi ilə
bağlı ilkin fikirləriniz, partiya daxilində hər
hansı məsləhətləşmələriniz olubmu?
-
Bu gün Yeni Azərbaycan Partiyası parlamentdə 64 deputatla təmsil
olunur. Bu, parlament üzvlərinin 50 faizindən bir qədər
çoxdur. Növbəti parlament seçkiləri ilə
bağlı qarşıya qoyduğumuz məqsədlər iki
hissəyə bölünür: birincisi, minimum məqsədlərdir.
Təbii ki, minimum məqsədlər çərçivəsində
qarşımızda duran vəzifə parlament seçkilərində
indi malik olduğumuz göstəricini təkrar etməkdir. Amma
əlbəttə ki, Yeni Azərbaycan Partiyası olaraq bizim
özümüzə məxsus iddialarımız var və bu
iddialar da bizi ötən seçkilərdə əldə
olunan nailiyyətlərlə kifayətlənməməyə
səsləyir. Beləliklə də, məntiqi olaraq bizim
maksimum proqramımız da var ki, bu da mövcud olan göstəricinin
yaxşılaşdırılmasını nəzərdə
tutur. Qarşıdan gələn parlament seçkilərində
çalışacağıq ki, seçkinin nəticəsinə
uyğun olaraq Azərbaycan Parlamentində daha çox sayda
deputatla təmsil olunaq. Hesab edirəm ki, ötən beş il ərzində
Azərbaycandakı uğurlar, Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasətin xalq tərəfindən dəstəklənməsi,
bu siyasətin çox böyük uğurlara gətirib
çıxarması dövlət
başçısının rəhbərlik etdiyi Yeni Azərbaycan
Partiyasının cəmiyyətdəki hörmətini,
nüfuzunu əhəmiyyətli dərəcədə
artırıb. Digər bir əhəmiyyətli faktı da qeyd
etmək istəyirəm. 2005-ci ilin parlament seçkiləri
zamanı Yeni Azərbaycan Partiyasının üzvlərinin
sayı təxminən 400 min civarında olduğu halda, 2010-cu
ilin seçkiləri ərəfəsi bu rəqəm 500 mini
ötüb. Bunun hər biri seçicidir. Deməli, Yeni Azərbaycan
Partiyasını nəinki dəstəkləyənlərin,
Yeni Azərbaycan Partiyası olaraq səs verən insanların
sayı bu beş il ərzində əhəmiyyətli dərəcədə
artıb. Potensial olaraq partiyamıza veriləcək səslərin
sayının artması göz qabağındadır.
Bütün bunların hamısı qarşıdan gələn
parlament seçkilərində daha böyük uğurlar
qazanacağımıza inamımızı əhəmiyyətli
dərəcədə artırır. Ona görə də belə
hesab edirik ki, biz maksimum proqramımızı da yerinə yetirə
biləcəyik.
Parlamentdə
partiyamızı təmsil edən indiki deputatların şəxsi
keyfiyyətlərinin növbəti seçki strategiyasında
nəzərə alınması məsələsinə gəldikdə,
prinsip etibarilə qeyd etmək istəyirəm ki, onların fəaliyyətindən
biz əsasən razıyıq. Bu beş il ərzində
parlamentin uğurlu fəaliyyəti, ölkəmizin iqtisadi və
digər sahələrdəki inkişafını nəzərdə
tutan hüquqi bazanın yaradılması üçün əhəmiyyətli
olan qanunların qəbul olunmasında Yeni Azərbaycan
Partiyasının deputat korpusu səmərəli fəaliyyət
göstərib. Belə olan halda bizim prinsip etibarilə hər
hansı ciddi narazılıq haqqında fikir söyləməyə
əsasımız olmamalıdır. Bununla yanaşı, qeyd
etdiyim kimi, hər bir seçkinin çox ciddi qanunları var
və bunun da əhəmiyyətli bir hissəsi seçicilərin
rəyi ilə əlaqədardır. Biz belə hesab edirik ki,
növbəti seçkilərdə uğur
qazanmağımız üçün malik olduğumuz digər
bütün parametrlərlə yanaşı, çox əhəmiyyətli
bir faktor da nəzərə alınmalıdır. Bu da konkret
dairələrdən irəli sürülən namizədlərin
şansı məsələsidir. Biz seçicilərin rəyini
dəqiq öyrənməklə elə namizədlər irəli
sürməliyik ki, onların seçilmək şansı
yüksək olsun və beləliklə də bizim
qarşımıza qoyduğumuz proqramın maksimum
reallaşmasına öz töhfəsini versin. Bu, artıq
bizim kimlərə istinad edəcəyimizi və kimləri irəli
sürəcəyimizi müəyyənləşdirəcək.
Bununla bağlı təhlillərimizi aparırıq, güman
edirəm ki, konkret fikir söyləmək həddindən
artıq tezdir. Zamanı çatanda Yeni Azərbaycan Partiyasının
müvafiq qərarı olacaq.
-
Ümumdünya Mətbuat Günü ilə bağlı beynəlxalq
təşkilatların hesabatlarında Azərbaycanda mətbuatın,
söz azadlığının vəziyyəti sahəsində
bəzi problemlər olduğu qeyd edilib. Sizcə, bu cür rəylər
nə dərəcədə reallığa uyğundur?
-
Prinsip etibarilə əgər siz demokratiya, insan haqları və
azadlıqları ilə bağlı klassik ədəbiyyatı,
o cümlədən müasir nəzəriyyələri təhlil
etsəniz, mütləq şəkildə orada
qırmızı xətlə cızılan bir fikir görəcəksiniz.
Demokratiya, insan azadlıqları ölkənin inkişafının
fundamental əsaslarından birini təşkil edir. Mən
bununla razıyam. Hesab edirəm ki, ayrı-ayrı ölkələrin
tarixi bunu təkzibedilməz şəkildə sübuta yetirib.
Azərbaycan son 5-6 ildir sürətlə inkişaf edir. Bu
gün artıq Azərbaycanın özünəməxsus
iqtisadi inkişaf modeli haqqında söhbətlər təkcə
ölkəmizin hüdudları ilə məhdudlaşmır.
Azərbaycanın hüdudlarından kənarda da
çoxsaylı nüfuzlu beynəlxalq təşkilatlar və
qurumlar ölkəmizin özünəməxsus iqtisadi
inkişaf modelinin formalaşmasını etiraf etmək məcburiyyətindədirlər.
Azərbaycan
sürətlə dəyişib, ayrı-ayrı dövrlərdə
ölkəmizin iqtisadi inkişafı 25-33 faiz arasında cərəyan
edib. 2008-2009-cu illərdə dünyanın əksər
ölkələrini lərzəyə salan iqtisadi və maliyyə
böhranı demək olar ki, Azərbaycana təsir göstərmədi.
Ötən il Azərbaycanın iqtisadi inkişafı 9 faizdən
yuxarı bir rəqəmlə ifadə olundu. Bu cür iqtisadi
inkişaf göstəricilərini demək olar ki,
dünyanın heç bir yerində müşahidə etmək
mümkün deyil.
Bütün
bunlar Azərbaycanın davamlı olaraq və sürətli
inkişafının təkzibolunmaz sübutlarıdır. Əgər
Azərbaycan iqtisadi cəhətdən inkişaf edirsə,
bununla yanaşı, ölkəmizin digər sahələri
çox sürətli dinamika ilə irəliyə gedirsə,
iqtisadiyyatımız və həyatımızın digər
sahələri modernləşirsə, Azərbaycanın
siması sürətlə dəyişir və yeniləşirsə,
bütün bunların hamısının fonunda ölkəmizdə
demokratiyanın, insan haqlarının, mətbuatın, söz
azadlığının boğulması haqqında fikir səsləndirmək,
qeyd etdiyim fundamental prinsiplərə uyğun gəlirmi? Təbii
ki, uyğun gəlmir. Əgər Azərbaycanda çox
sürətli və dinamik inkişaf varsa, kiminsə xoşuna
gəlib-gəlməməsindən asılı olmayaraq, bu, belə
bir faktın etirafına gətirib çıxarmalıdır
ki, Azərbaycanda inkişaf üçün şərt olan
bütün amillər mövcuddur. Bunu başqa cür şərh
etmək, yaxud buna başqa prizmadan yanaşıb qiymət vermək
mümkün deyil. Çünki inkişaf və demokratiya,
inkişaf və insan, inkişaf və söz, mətbuat
azadlığı bir-biri ilə o dərəcədə
bağlıdır ki, bunun biri varsa, ikincisini mütləq
şəkildə var. Əgər Azərbaycanda iqtisadi
inkişaf varsa, onda bu ölkədə digər azadlıqlar da
var. Bəzi beynəlxalq təşkilatların səsləndirdiyi
fikirlərə gəldikdə, bu da gerçəkliyin bir tərəfidir
ki, bəzi qurumlar, beynəlxalq güclər öz istəklərinin
həyata keçirilməsi niyyətilə Azərbaycana
müxtəlif formalarda təzyiqlər etmək taktikasından
istifadə edirlər.
Bu cür təzyiqlərdən həm
on il, həm də üç il əvvəl istifadə olunub.
Digər müşahidə olunan meyil ondan ibarətdir ki, bir
qayda olaraq seçkilər ərəfəsində və
zamanında belə təzyiqlərin intensivliyi adətən
artır. 2010-cu ilin noyabr ayında parlament seçkilərinin
keçiriləcəyini nəzərə alsaq, belə təzyiqlərin
mənasını və mahiyyətini başa düşmək
o qədər də çətin deyil. Beləliklə, birmənalı
şəkildə bildirmək istəyirəm ki, bütün
bu söhbətlər, uydurmalar, Azərbaycanın
reallıqları ilə uyuşmayan təhlillər əslində
Azərbaycana təzyiq etmək və öz maraqlarına xidmət
edən daxili və xarici siyasətinin istiqamətinin dəyişdirilməsinə
nail olmaq məqsədlərini güdür. Amma indiyədək
bu təzyiqlər bir nəticə vermədiyindən, Azərbaycan
özünün və xalqın mənafeyi naminə
seçdiyi yolundan dönmək istəmədiyindən, təbii
ki, bir nəticə əldə edə bilməyiblər və
bundan sonra da belə olacaq.
İki sahil.- 2010.- 6 may.- S. 4;6.