MİLLİ MƏDƏNİYYƏTİMİZİN HAMİSİ

 

Azərbaycan xalqı dünya xalqları arasında tarixinin qədimliyi, ədəbiyyat və mədəniyyətinin zənginliyi baxımından önəmli yerlərdən birini tutur. Təbii olaraq milli mənəvi dəyərlərin təşəkkül, təkamül və qiymətləndirmə prosesi ictimai-tarixi proseslə yanaşı, ayrı-ayrı ədəbi və tarixi şəxsiyyətlərin adı və fəaliyyəti ilə bağlıdır. Bu mənada, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti azərbaycançılıq və millilik dəyərləri ilə ölçüyəgəlməz dərəcədə bağlıdır.

Ümummilli lider Heydər Əliyev elmi-ictimai fikir tarixində görkəmli dövlət xadimi, mahir diplomat, qüdrətli siyasi xadim olmaqla yanaşı, elmi düşüncənin müxtəlif sahələrinə aid orijinal ideyalar müəllifi kimi də daxil olmuşdur. Onun elmin, mədəniyyətin, iqtisadiyyatın, təhsilin inkişafı, təhsilin məzmununun zənginləşdirilməsi, praktik təsir gücünün artırılması ilə bağlı əvəzsiz ideyaları var. Bu ideyalar öz zamanında sadəcə söylənmiş fikir olmaqla qalmamış, ulu öndərin mənsub olduğu xalqın, dövlətin inkişafı naminə görülən işlərin əsas istiqamətverici qüvvəsi olmuşdur. Heydər Əliyevin müəllifi olduğu ideyalar sırasında milli mədəniyyətimizin ayrılmaz hissəsi olan kitabxanaların inkişafı xüsusi əhəmiyyətə malikdir. Milli mənəvi sərvətimiz olan kitabxanalara xüsusi qayğı göstərən ulu öndərimizin fikrincə, “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanalara daim hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”.

Həqiqətən də, xalqımızın yaratdığı qiymətli tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin qorunmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual-mənəvi potensialının artırılmasında kitabxanalar misilsiz əhəmiyyətə malikdir. Təhsil sisteminin ayrılmaz atributu, insanların bələdçisi olan kitabxanaların əhəmiyyətini, onun zəngin mədəni irsimizin gələcək nəsillərə çatdırmaq istiqamətindəki rolunu qiymətləndirərək ümummilli liderimiz bütün sahələrdə olduğu kimi, kitabxanaların fəaliyyətini də daim diqqət mərkəzində saxlamış və bu sahəyə xüsusi qayğı göstərmişdir. Bu qayğının əyani nəticəsi olaraq ölkə başçısı bir sıra dövlət əhəmiyyətli qanun və fərmanlar vermişdir. “Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında” 1996-cı ilin 27 iyul tarixli qərarı, Milli Məclis 29 dekabr 1998-ci ildə “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul etmiş, həmin qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev 12 mart 2000-ci il tarixli fərman imzalamışdır. Bundan başqa, “Kitabxana işi haqqında, mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə Qanun” (1 dekabr 2001-ci il) qəbul edilmişdir. Bütün bunlar, ölkəmizdə kitabxana işinin təkmilləşdirilməsinə, kitab nəşrinin və kitabxanaların inkişafına ciddi təkan vermişdir. Qanunda kitabxana və kitabların milli sərvət olduğu, onların mühafizə olunub gələcək nəsillərə çatdırılması, iş proseslərinin avtomatlaşdırılması, qiymətli nəşrlərin elektron daşıyıcılarına köçürülməsi, informasiya sisteminə qoşulması ön plana çəkilmişdir. Ölkə başçısının verdiyi fərmanda ən mühüm cəhətlərdən biri odur ki, burada Azərbaycan xalqının uzun əsrlərdən yaradıb formalaşdırdığı kitabxana işinə çox yüksək qiymət verilmiş və qızıl xətlə yazılmağa layiq olan belə bir dəyərli fikir vurğulanmışdır: “Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli sərvətidir”. Fərmanda ən qədim dövrlərdən indiyə qədər keşməkeşli bir yol keçmiş, xalqa səmərəli xidmət göstərmiş kitabxanaların inkişafına tarixi bir nəzər salınmış, ölkə kitabxanalarının tutduğu mühüm yer müəyyənləşdirilmiş, kitabxanaların dünya informasiya məkanına daxil olmasının təmin edilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Nazirlər Kabinetinə və digər müvafiq nazirliklərə konkret tapşırıqlar verilmiş və tədbirlər planı hazırlanmışdır. Bunlardan “Dövlət kitabxana fondlarında saxlanılan çap əsərlərinin və digər materialların uçotu, mühafizəsi və istifadəsi qaydalarının təsdiq edilməsi haqqında” 6 mart 2000-ci il tarixli, “Azərbaycan Milli Kitabxanasının və Azərbaycan Respublikası Elmi-Sahəvi Kitabxanasının nümunəvi əsasnamələrinin təsdiq olunması barədə” 6 mart 2000-ci il tarixli, “Ümumtəhsil məktəb kitabxanası haqqında Əsasnamə” 8 fevral 2000-ci il tarixli sənədlər xüsusi əhəmiyyətə malikdir.

Heydər Əliyevin böyük qayğısı və diqqəti sayəsində 1998-2000-ci illərdə kitabxana üçün ənənəvi texnologiyalardan yeni kompyuter texnologiyalarına keçid dövrü olmuşdur. Kitabxanaların beynəlxalq əlaqələri genişlənərək, xarici ölkələrin ayrı-ayrı alimləri, elmi-tədqiqat institutları, elmlər akademiyaları, kitabxana-informasiya sahəsində fəaliyyət göstərən cəmiyyət və assosiasiyalar və s. ilə əlaqələri genişlənmişdir. Bu illərdə kitabxana-informasiya sahəsində yeni biliklər mənimsəmək və təbliğ etmək üçün kadr hazırlığına da xüsusi diqqət verilmişdir. Belə ki, “Kitabxanalar və assosiasiyalar dəyişən dünyada: yeni texnologiyalar, yeni əməkdaşlıq formaları” devizi ilə Ukraynanın Sudak şəhərində keçirilən, dünyanın 50-dən çox dövlətinin 1300-dən artıq nümayəndəsini əhatə edən beynəlxalq konfransında iştirak edən Azərbaycan kitabxanaçıları üçün də bu tədbirin böyük əhəmiyyəti olmuşdur. Dövlət tərəfindən “Avropa standartlarına dünya informasiya sistemlərinə qoşula biləcək avtomatlaşdırılmış kitabxana sistemlərinin tətbiqi”, “Kitabxanalarda avtomatlaşdırma texnologiyaları”, “Kitabxana menecmenti”, “Elektron kataloqlar”, “XXI əsrin kitabxana-informasiya texnologiyaları”, “Yeni cəmiyyət üçün yeni texnologiyalar yetişdirilməsi” və s. kimi mövzuları əhatə edən proqram və kurslar hazırlanmışdır. ACİ Soros Fondunun köməkliyi ilə “Kitabxanaçılar üçün Tədris İnformasiya Mərkəzi” yaradılmış, yeni tipli kitabxanaların yaradılmasında, kitabxanaçı kadrlarının hazırlanmasında bu mərkəzin böyük xidmətləri olmuşdur. Bütün bu tədbirlər çoxəsrlik milli kitab və kitabxana mədəniyyətimizi beynəlxalq standartlar səviyyəsinə qaldırılmasında əvəzsiz rol oynamışdır. Gözlərimiz önündə baş verən son tarixi hadisələr də göstərir ki, heç bir ölkədə xalqın milli mənəvi sərvətinə bizdə olduğu qədər dövlətin diqqət və qayğısı olmamışdır.

Heydər Əliyevin tələbkarlığı sayəsində respublikanın şəhərlərində, rayon və kəndlərində (Gəncə, Naxçıvan, Zaqatala, Şəki və s.) yeni kitabxanalar tikilib istifadəyə verilmiş və yeni ədəbiyyatla zənginləşdirilmişdir. Fikrimi dəqiqləşdirmək üçün kitabxanalar haqqında toplanmış statistik məlumatı diqqətə çatdırmağı vacib hesab edirəm. 1990-cı illərin əvvəllərində 685 ümumtəhsil məktəblərində (əsasən kənd məktəblərində) kitabxana olmamış, bu illərdə 80 milyon nüsxə kitab fonduna malik olan 7900 kitabxana olduğu halda, hazırda ölkəmizdə geniş kitabxana-informasiya şəbəkələrinə malik 12 mindən artıq müxtəlif tipli kitabxana fəaliyyət göstərir və bu gün elə rayon, kənd yoxdur ki, orada müasir tipli kitabxana olmasın. Göründüyü kimi, ümummilli liderimizin rəhbərliyi ilə dünyada baş verən iqtisadi və sosial dəyişikliklər kitabxanaların fəaliyyətinə də güclü təsir göstərmişdir. Həqiqətən də Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanın milli mənəvi mədəniyyətinin qorunub inkişaf etdirilməsində yeni bir mərhələ başlanmışdır. Türk dünyasının böyük oğlu Heydər Əliyev hər il aprel ayının 23-nü “Ümumdünya kitab milli müəllif hüququnun müdafiəsi günü” (1997-ci il 30 avqust) kimi qeyd olunması haqqında fərman imzalamışdır. Bu fərman dövlət başçısının kitaba, kitabxanaya olan qayğısının bariz nümunəsidir.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə onun böyük qayğısı, köməyi və bilavasitə şəxsi iştirakı sayəsində milli mənəvi mədəniyyətimizin, tarixi abidələrimizin yenidən qurulması, mühafizəsi, tədqiqi, təbliği və istifadə edilməsi sahəsində respublikada çox dəyərli işlər görülmüşdür. Dövlət başçısı müxtəlif illərdə “Mədəniyyət haqqında” (18 aprel 1998), “Ədəbi və bədii əsərlərin qorunması haqqında” (3 yanvar 1999), “Nəşriyyat işi haqqında” (14 avqust 2000) imzaladığı fərmanlarda kitabxanaların inkişafına, təkmilləşdirilməsinə çox yüksək təsir göstərmişdir.

Milli mədəniyyətimizə xüsusi diqqət göstərən ümummilli liderimiz respublikanın kitabxanalarında olmuş, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir informasiya texnologiyaları ilə təchiz olunması, kitab fondunun kompyuter sisteminə köçürülməsi və internetə qoşulması haqqında dəyərli tövsiyələr vermişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin M. F. Axundov adına Respublika Dövlət Kitabxanasına, Bakı Dövlət Universiteti Kitabxanasına, Respublika Uşaq Kitabxanasına, Milli EA Mərkəzi Kitabxanasına dəfələrlə gəlişi və kitabxana işçiləri ilə görüşü, ölkə başçısının milli mədəniyyətimizə vurğunluğunu, kitabxanalarımıza çox böyük qayğısını parlaq şəkildə əks etdirir.

Ulu öndər “Azərbaycanın ən dəyərli, qabaqcıl ali məktəbi” adlandırdığı Naxçıvan Dövlət Universitetini də unutmamış, həmişə bu ali təhsil müəssisəsinin üzləşdiyi problemlərin həllini diqqətdə saxlamışdır. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında respublikamızın müstəqil milli ənənələrə, ümumbəşəri dəyərlərə, dünya standartlarına cavab verən təhsil sisteminin formalaşdırılması istiqamətində həyata keçirdiyi siyasət bu gün İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyev də müxtəlif illərdə milli mənəvi sərvətimiz olan kitabxanalar və onların zənginləşdirilməsi haqqında çox dəyərli qərar və sərəncamlar vermişdir. “Azərbaycan Milli Ensiklopediyasının nəşri”, “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi”, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında sərəncam”a uyğun olaraq 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” seriyasının nəşrinə başlanılması, “Azərbaycan ədəbiyyatının virtual kitabxanasının yaradılması”, “Azərbaycanda kitabxana fəaliyyətinin yaxşılaşdırılması haqqında” imzaladığı qərar və sərəncamlar belə dəyərli sənədlərdəndir. Şübhəsiz ki, bu qərar və sərəncamlar xalqın maddi-mənəvi sərvətlərinin, milli irsinin toplayıcısı, qoruyucusu olan kitabxanalrın fəaliyyətində həlledici rol oynayır.

Milli mənəvi irsimiz olan kitabxanalarımız zəngin mütərəqqi ənənələrə, ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq inkişaf edəcək, Azərbaycan Respublikasının memarı və qurucusu olan ümummilli lider Heydər Əliyevin müdrik tövsiyələri həmişə yolumuzda sönməz məşəl olacaqdır.

 

 

Aypara Behbudova,

Filologiya elmləri namizədi,

NDU Elmi Kitabxananın direktoru

 

İki sahil.- 2010.- 6 may.- S. 12.