Türkiyə-Azərbaycan əlaqələri regional əməkdaşlıq
üçün başlıca şərtdir
Türkiyənin Baş
naziri Rəcəb Tayyib Ərdoğanın ölkəmizə rəsmi səfəri
zamanı iki ölkə
arasında Strateji Əməkdaşlıq Şurasının
yaradılması barədə qərarın qəbul
olunması münasibətlərin gələcək
inkişafına xidmət edir, yeni istiqamətləri müəyyənləşdirir
“Türkiyə və Azərbaycan arasında əlaqələr
çoxşaxəlidir, çox genişdir. Əlbəttə
ki, bu əlaqələr çox möhkəm tarixi və mədəni
köklər əsasında qurulubdur. Xalqlarımız
arasındakı dostluq, qardaşlıq duyğuları bu əlaqələri
möhkəmləndirir. Eyni zamanda, birgə həyata
keçirdiyimiz layihələr, istər nəqliyyat, istər
energetika, istər mədəniyyət sahələrində,
istər humanitar sahədəki bütün
addımlarımız bizi bir-birimizə daha da yaxın edir. Türkiyə-Azərbaycan
əlaqələri regional əməkdaşlıq
üçün başlıca şərtdir və bizim
maraqlarımız nəzərə alınmadan bölgədə
heç bir təşəbbüs reallaşa bilməz.” Türkiyənin
Baş naziri Rəcəb Tayyib Ərdoğanın ölkəmizə
rəsmi səfəri çərçivəsində
Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün
abidəsinin açılışında
çıxışı zamanı dövlət
başçısı İlham Əliyev bir daha ulu öndər
Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət,
iki dövlətdir”, Mustafa Kamal Atatürkün “Azərbaycanın
kədəri-kədərimiz, sevinci-sevincimizdir” kəlamlarını
önə çəkərək bu iki tarixi ifadənin sadəcə
söz olmadığını, birgə addımlanan yolun daim
açıq, nurlu olduğunu diqqətə
çatdırdı.
Türkiyə-Azərbaycan dostluğu,
qardaşlığı möhkəm təmələ əsaslanır.
“Bizim birliyimizdən çox şey asılıdır”
söyləyən Prezident İlham Əliyev bildirir ki, bu birlik
hazırda ən yüksək zirvəyə yüksəlib. İki
ölkə arasında siyasi, iqtisadi, mədəni və digər
sahələrdə əməkdaşlıq yüksələn
xətt üzrə inkişaf edir.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə başlanmış yeni neft strategiyasının ən
önəmli hadisəsiləri olan Bakı-Tbilisi-Ceyhan və
Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələrinin
reallığa çevrilməsi Türkiyə və Azərbaycan
dövlətinin siyasi iradəsinin nəticəsidir. Bakı-Tbilisi-Ceyhan
boru xəttinin ulu öndər Heydər Əliyevin
adını daşıması sözsüz ki, təsadüfi
deyil. Çünki məhz onun təşəbbüsü ilə
1990-cı illərin ortalarında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin
tikintisi haqqında qərar verilmişdir. Ceyhan terminalına da
ümummilli lider Heydər Əliyevin adının verilməsi
bir daha onu göstərir ki, həmin layihələrin gerçəkləşməsində
ulu öndər Heydər Əliyevin xidmətləri misilsizdir.
BTC və BTƏ neft-qaz kəmərləri iki ölkəni
daha da sıx birləşdirərək, Türkiyə və
Azərbaycanın beynəlxalq aləmdə onəmini
artırmaqla yanaşı, onların müttəfiqliyini,
qardaşlığını, işbirliyini daha da möhkəmləndirdi.
Beynəlxalq əhəmiyyətli enerji layihələrinin
gerçəkləşməsi ilə həm
iştirakçı, həm də dünya dövlətlərinin
uzunmüddətli iqtisadi inkişafına zəmin yarandı. Düşünülmüş,
məqsədyönlü neft strategiyası öz bəhrəsini
verməkdədir.
BTƏ qaz kəmərinin istifadəyə verilməsi
ilə Azərbaycan qazı Gürcüstan və Türkiyədən
keçərək Yunanıstan sərhədlərinə
çatdı.
Bu, o deməkdir ki, artıq bu layihələr regional
müstəvidən çıxıb beynəlxalq müstəviyə
keçir, dünyada enerji təhlükəsizliyinin möhkəmlənməsində
öz rolunu oynayır. Bu layihələrin gerçəkləşməsi
bir daha bu həqiqəti təsdiqləyir ki, işbirliyi,
qarşılıqlı anlaşma olan yerdə bütün məsələlər
öz həllini tapa bilər.
“Heydər Əliyevin siyasəti Azərbaycanda
bütün sahələrdə yaşayır, o cümlədən
Türkiyə-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi
işində” deyən Prezident İlham Əliyev qeyd edir ki, bu
münasibətlər daha da möhkəmlənməli, bizim
birliyimiz daha da sıx olmalıdır. “Biz bütün məsələlərə
vahid mövqedən yanaşırıq. Həm ikitərəfli
münasibətlərdə, həm regionda gedən proseslərdə,
həm də bütövlükdə dünya
üçün əhəmiyyətli olan məsələlərdə
Türkiyə və Azərbaycan vahid mövqedən
çıxış edir. Bu, həm bizim üçün,
ölkələrimiz, xalqlarımız üçün, eyni
zamanda, bölgə üçün, dünya
üçün çox önəmlidir. Artıq bizim
işbirliyimiz, birgə həyata keçirdiyimiz nəhəng
layihələr önəmimizi artırır, dünyadakı
mövqelərimizi möhkəmləndirir. Bir sözlə,
Türkiyə, Azərbaycan dünya miqyasında daha da
böyük imkanlara malik olur.”
Dövlət başçısı İlham Əliyev
Türkiyə-Azərbaycan birliyinin ümumilikdə
bütün türk dünyasının birliyinə öz
müsbət təsirini göstərdiyini bildirir. Ötən
il Naxçıvanda türkdilli dövlətlərin
başçılarının zirvə
görüşünün keçirilməsi bu birliyə
bariz nümunədir. Türkdilli Ölkələrin Parlament
Assambleyasının yaradılması, baş ofisinin Bakıda
yerləşməsi də bu həqiqəti ortaya qoyur ki, Azərbaycan
bütün türk dünyasının mərkəzinə
çevrilib.
Prezident İlham Əliyev bütün türk
dünyasını mövcud problemlərimizin həllində
vahid mövqedən çıxış etməyə
çağırır. Dövlət
başçısının təşəbbüsü ilə
2007-ci ildə Türk dövlət və cəmiyyətlərinin
XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq
qurultayının Bakıda keçirilməsi də bu birliyə
doğru atılan addımların əsas tərkib hissələrindəndir.
Həmçinin Dünya Azərbaycan və türk diaspor təşkilatları
rəhbərlərinin Bakıda I Forumunun keçirilməsi təşəbbüsü
də dövlət başçısı İlham Əliyev tərəfindən
irəli sürüldü və bu istək reallığa
çevrildi. Forumda çıxışı zamanı ermənilərin
Türkiyəyə qarşı soyqırımı
iddialarına xüsusi diqqət yönəldən Baş nazir
Rəcəb Tayyib Ərdoğan tarixçi və
hüquqşünaslardan ibarət birgə komissiyanın
yaradılması ilə bağlı Ermənistan prezidentinə
göndərdiyi təklifi xatırladaraq bildirmişdir ki, onlar
bu təklifə cavab vermədilər. Çünki bilirdilər
ki, biz onların qarşısına Xocalı
soyqırımını qoyacağıq. Xocalı
soyqırımı çox yaxın illərdə baş verən
qətliamdır. Baş nazir Azərbaycan torpaqlarının
işğalını Türikyənin qanayan yarası
adlandıraraq dünyanın buna biganə qalmasına
acıdığını bildirmişdi.
Ölkəmizə səfəri çərçivəsində
keçirilən görüşlərdən sonra mətbuat
konfransında Türkiyənin Baş naziri R.T.Ərdoğan
jurnalistin Türkiyə ilə Ermənistan arasında imzalanan
protokolların ratifikasiyasının gələcəyi ilə
bağlı sualını cavablandırarkən bildirdi ki,
Dağlıq Qarabağ mövzusu, rayonlar məsələsi,
Ermənistan-Azərbaycan arasındakı problem öz həllini
tapmadan Türkiyə Böyük Millət Məclisindən
müsbət bir qərarın çıxması
mümkün deyil. Erməni işğalçıları Azərbaycan
ərazilərini qeyd-şərtsiz azad etməyincə Ermənistan-Türkiyə
sərhədlərinin açılmayacaq.
Prezident İlham Əliyev Azərbaycan-Türkiyə birliyinin
möhkəmlənməsinin həm ölkələrimiz,
xalqlarımız, həm də dünyada gedən proseslər
üçün çox böyük əhəmiyyəti
olduğunu bildirir: “Ermənilər həmişə türklərə,
azərbaycanlılara qarşı soyqırımı siyasəti
aparmışlar. Keçmiş tarixdə də belə olub,
yaxın tarixdə də belə olubdur və Xocalı
soyqırımı bunun bariz nümunəsidir. Günahsız
insanları, uşaqları, yaşlı qadınları qətlə
yetirmək soyqırım deyil, bəs nədir? Ancaq əfsuslar
olsun ki, dünya birliyi bunu ya görmür, ya da görmək
istəmir, ermənilərin, erməni lobbisinin və dünya
ermənilərinin uydurma faktları əsasında qərar qəbul
edirlər. Biz buna qarşı öz siyasətimizi, öz həqiqətimizi,
öz təbliğatımızı, öz
gücümüzü qoymalıyıq. Əlbəttə ki, həqiqəti
çatdırmaq, təbliğ etmək, bütün
dünyaya yaymaq bizim işimizdir-dövlətlərin, diaspor təşkilatlarının,
hər bir vətənpərvər insanın işidir.”
Son olaylar da bu faktı bir daha təsdiqlədi ki, Azərbaycan-Türkiyə
dostluq və qardaşlıq, strateji tərəfdaşlıq əlaqələri
yüksək səviyyədədir və sarsılmazdır. Qardaş
Türkiyə ona göstərilən bütün təzyiqlərə
baxmayaraq Azərbaycanın milli maraqlarının onun
üçün böyük əhəmiyyət kəsb
etdiyini əyani şəkildə nümayiş etdirdi.
Dövlət başçısı Azərbaycanın
dəyişməz möqeyini bəyan edir. Dağlıq
Qarabağ problemi Azərbaycanın ərazi
bütövlüyü prinsipləri əsasında öz həllini
tapacaq. Torpaqlarımızın işğalı, ermənilərin
azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti
nəticəsində 1 milyondan artıq soydaşımız
qaçqın-köçkün vəziyyətində
yaşayır. “Biz uzun illərdir çalışırıq
ki, bu məsələni sülh yolu ilə,
danışıqlar yolu ilə çözək, ancaq
bütün cəhdlər heç bir səmərə vermir. Biz
torpaqlarımızın itirilməsi ilə heç vaxt
barışmayacağıq. Biz öz siyasi, iqtisadi, hərbi
gücümüzü artırırıq. Azərbaycanın
uğurlu inkişafı, bizim güclənmə meyillərimiz
bir daha onu göstərir ki, məsələni ədalətli
həll edəcəyik. Biz Ermənistan tərəfə imkan
veririk, şans yaradırıq ki, işğal etdiyi torpaqlardan
öz xoşu ilə, öz istəyi ilə geri çəkilsin
və Azərbaycanın ərazi bütövlüyü bərpa
olunsun. Ancaq bununla yanaşı, biz bütün başqa
variantlara da hazır olmalıyıq. Azərbaycanın artan
gücü, artan önəmi, iqtisadi-hərbi potensialı,
bölgədə gedən proseslər, əlbəttə ki,
bizim mövqelərimizi daha da möhkəmləndirir. Mən əminəm
və heç şübhə etmirəm ki, biz Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ məsələsini ədalətli, Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
həll edəcəyik və ölkəmizin ərazi
bütövlüyü bərpa olunacaqdır.”
Türkiyə-Azərbaycan münasibətlərinin bu
işdə önəmi, əlbəttə ki, çox
böyükdür. Azərbaycan öz dövlət müstəqilliyini
bərpa etdikdən sonra daim Türkiyənin dəstəyini,
köməyini hiss edib.
Rəsmi Ankara Azərbaycanın mövqeyini dəstəkləyir,
regionda mövcud olan bütün münaqişələrin
beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində
həllinin vacibliyini bəyan edir. Türkiyə Baş naziri
R.T.Ərdoğan səfər çərçivəsində
keçirdiyi görüşlərdə də ən
mühüm problemimiz olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə diqqəti
yönəldərək bildirdi ki, biz qətiyyətli
addımlarımızı hər zaman davam etdirəcəyik. Türkiyə
və Azərbaycan bir-birinə dəstək verərək
bölgədə, dünyada öz mövqelərini möhkəmləndirir.
Bizi birləşdirən müştərək tariximiz, milli
köklərimiz, eyni baxışlarımız, birliyimizdir. Bu
amillər ölkələrimizin inkişafını, gələcəyini
müəyyənləşdirir.
Bu birlik daim yeni layihələrin gündəmə gətirilməsinə
yol açır. Avropanı Asiya ilə birləşdirəcək
Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi
istiqamətində atılan addımlar da iki dövlətin
siyasi iradəsinin nəticəsidir. “Biz bütün layihələrin
fəal iştirakçıları, onların təşəbbüskarıyıq
və belə olan halda, əlbəttə ki, dünyada bizim
çəkimiz artacaqdır” söyləyən dövlət
başçısı İlham Əliyev “Bizim birliyimiz bizim gələcəyimizdir”
bildirir.
Türkiyə ilə Azərbaycan arasında Strateji Əməkdaşlıq
Şurasının yaradılması barədə qərarın
qəbul olunması da münasibətlərin gələcək
inkişafına xidmət edir, yeni istiqamətləri müəyyənləşdirir.
Yeganə Əliyeva
İki sahil.- 2010.- 19 may.- S. 2.