ARDNŞ genişmiqyaslı ekoloji layihələr həyata keçirir

 

Bu gün ölkədə həyata keçirilən ekoloji siyasətin əsas icraçılarından biri Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir. Bu mənada ARDNŞ “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nın qəbulundan ötən dövr ərzində 2010-cu ilEkologiya ili” çərçivəsində ətraf mühitin qorunması istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. Bu digər məsələlərə aydınlıq gətirən Dövlət Neft Şirkətinin ekologiya üzrə yeni təyin olunmuş vitse-prezidenti Soltan Əliyev eksklüziv olaraqİki sahilin suallarını cavablandırdı.

-Soltan müəllim, yeni təyinatınız münasibətilə sizi təbrik edirik. Bilmək istərdik, gələcək prioritetləriniz nədən ibarət olacaq?

-Çox sağ olun. Dövlət Neft Şirkətinin ekologiya üzrə vitse-prezidenti olaraq mənim əsas vəzifəm ARDNŞ-in istehsalat və hasilat sahələrində aparılan işlərin ekoloji cəhətdən təhlükəsiz həyata keçirilməsinə nəzarət etmək və bunu təmin edə biləcək şərtlərin formalaşdırılması və ona şəraitin yaradılması üçün addımlar atmaqdır. Daha konkret desək, Dövlət Neft Şirkətinin hasilat zonalarında formalaşan tullantıların emalının təşkili, ərazilərin təmizlənməsi və burada infrastruktur layihələrinin həyata keçirilməsi üçün şəraitin formalaşdırılması, yaşıllıq zolaqlarının salınması, əkilmiş ağacların damcı-suvarma sistemi ilə suvarılmasının təşkili qarşıda duran əsas vəzifələrdən biridir. Artıq Bibiheybətdə 2 hektar ərazidə damcı-suvarma üsulundan istifadə olunub və çox müsbət nəticələr əldə edilib.

-Dövlət Neft Şirkəti ətraf mühitin qorunması istiqamətində qarşıda duran vəzifələri həyata keçirmək və ekologiya sahəsində idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə nə kimi işlər görür?

-160 ildən artıq neft-qazçıxarma tarixi olan Azərbaycanın bir sıra bölgələrində, xüsusən Abşeron yarımadasında illər ötdükcə neft hasilatı zamanı böhranlı ekoloji vəziyyət yaranıb. Belə ki, neft-qaz çıxarılmasının ilkin dövrlərində obyektiv səbəblərdən sadə texnologiyadan istifadə edilib. 10 illərlə neftin yığılması və nəqlində torpaq anbarlardan və açıq kanallardan istifadə olunub. Lay sularının neftdən təmizlənməsi qravitasiya üsulu şlam məntəqələrində çökdürmə yolu ilə aparılıb. Sonralar uzun müddət ərzində hasilatı artırmaq məqsədilə çoxlu neft yataqları lazımi texniki abadlıq işləri aparılmadan intensiv istismar olunub.

Quyuların qazılması, istismarı və təmiri zamanı texnoloji rejimin pozulması nəticəsində dəfələrlə açıq neft-qaz-su fontanları və yanğınlar baş verib. Bütün bunlar neft-qazçıxarma üçün ayrılmış sahələrin və Xəzər dənizinin neft, lay suları, qazma məhlulu və şlamı, digər zərərli maddələrlə həddən artıq çirklənməsinə səbəb olub.

Bu gün ətraf mühitin qorunması istiqamətində qarşıda duran vəzifələri həyata keçirmək və ekologiya sahəsində idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə 2008-ci ildə Dövlət Neft ŞirkətiEkoloji Siyasət” sənədini təsdiq edib.Ekoloji Siyasətin əsas məqsədi yeni fəaliyyət sahələrində müvafiq vəziyyətin qiymətləndirilməsiona neqativ təsirlərin minimuma endirilməsini təmin etməkdir.

“Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nda vaxtilə neft sənayesində yol verilmiş nöqsanların nəticələrinin aradan qaldırılması vəzifəsi qarşımızda prioritet olaraq qoyulubAbşeron yarımadasında çirklənmiş torpaqların təmizlənməsi işlərinin mütəşəkkil idarə edilməsi məqsədi ilə Abşeronun neftlə çirklənmiş ərazilərinin rəqəmsal xəritəsi yaradılıb.

-Təbii ki, Şirkətin qarşısında duran əsas məqsədlərdən biri neft və neft məhsulları ilə çirklənmiş mədən ərazilərinin təmizlənməsidir...

-Dövlət Neft Şirkəti 2006-cı ildən başlayaraq neftlə çirklənmiş torpaqların təmizlənməsi üzrə irimiqyaslı işlərin həyata keçirilməsinə başlayıb. Bu günədək Bibiheybət, Balaxanı, Siyəzən, Kürovdağ, Qarabağlı və digər yataqlarda təxminən 300 hektara yaxın çirklənmiş torpaq sahəsi təmizlənib. Mexaniki rekultivasiya üsulu ilə təmizlənmiş torpaqlarda sonradan bioremediasiya işləri aparılıb və yaşıllaşdırma həyata keçirilib. Bu il isə təxminən 400 hektar neft və neft məhsulları ilə çirklənmiş mədən ərazilərinin təmizlənməsi nəzərdə tutulur.

Neftlə çirklənmədən təmizlənmiş bütün mədən ərazilərində ağaclar əkilir, yaşıllıqlar salınır. Ötən 3 il ərzində neft mədənlərinin təmizlənmiş ərazilərində 120 mindən çox ağac əkilibonlara mütəmadi olaraq aqrotexniki qulluq göstərilir. 2010-cu il - “Ekologiya ili”ndə isə 150 min ağac 16 min gül tinginin əkilməsi nəzərdə tutulur.

-ARDNŞ-in neftlə çirklənmiş torpaqların təmizlənməsi çərçivəsində həyata keçirdiyi pilot layihələrdən biri də “Ekoloji Park”ın yaradılması oldu...

-Neftlə çirklənmiş ərazilər təmizləndikdən sonra həmin torpaqlarda yaşıllaşdırma işləri aparılır. Yaşıllaşdırma işlərinin həyata keçirilməsi üçün ARDNŞ-in külli miqdarda ağac tinglərinə tələbatı yaranıb. Şirkət ağac tinglərini müxtəlif mənbələrdən əldə edirdi, lakin bu mənbələrin imkanları kəmiyyət baxımından məhdud olduğundan və alınan tinglərin neftdən təmizlənmiş torpaq ərazilərdə əkilməsi üçün tam cavab vermədiyinə görə, “Ekoloji Park”ın yaradılması qərara alındı. Bu məqsədlə 2009-cu ilin noyabr ayında H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin mədən ərazisində neftlə çirklənmədən təmizlənmiş 10 hektarlıq sahə ayrıldı. “Ekoloji Park”ın tərkibində müasir tipli şitilxananın salınması, burada rekultivasiya olunmuş torpaqlarda tum və şitillərdən ağac tinglərinə qədər yetişdirilməsi üçün bioseleksiya işlərinin aparılması və Abşeron yarımadasının nadir, nəsli kəsilməkdə olan kol və ağac bitkilərinin çoxaldılması nəzərdə tutulur. Becərilən ağac və kol bitkilərinin rekultivasiya olunmuş mədən torpaqlarına uyğunlaşmış şəraitdə yetişdirilməsi və neftlə çirklənmədən təmizlənmiş ərazilərdə əkilməsi, ölkə başçısının Bakı və ətraf qəsəbələrdə 3 milyon ağac əkilməsi tapşırığının icrası baxımından mühüm əhəmiyyət kəsb edəcək. Parkda həmçinin elektrik enerji təchizatının bir hissəsi alternativ mənbələr -20 kvt gücündə günəş batareyaları və ümumi gücü 40 kvt olan 4 ədəd külək generatoru vasitəsilə əldə ediləcək. Aparılan sınaqlar müsbət nəticə verdiyi halda Parkın elektrik enerjisi ilə təchizatı gələcəkdə tamamilə alternativ enerji mənbələrinin hesabına keçiriləcək.

ARDNŞ-in həyata keçirdiyi ekoloji layihələrdən biriBöyükşor gölü ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gedən avtomobil magistralı arasındakı 50 hektarlıq ərazidə yerləşən köhnə nefttutucu anbarların təmizlənməsi və həmin ərazidə Bakı Olimpiya Stadionunun tikilməsidir. Bakı Olimpiya stadionunun tikiləcəyi yerin ilkin vəziyyətini bu təsvirlərə baxaraq, burada görüləcək işlərin həcmini təsəvvür etmək olar. ARDNŞ artıq bu işləri görməyə başlayıb.

-ARDNŞ-in istehsalat sahələrində formalaşan tullantıların yeni idarəolunma sisteminin yaradılması ilə bağlı nə kimi işlər görülür?

-ARDNŞ-in ekoloji siyasətinin həyata keçirilməsində aidiyyəti qurumlarda çalışan peşəkar mütəxəssislər tərəfindən şirkətin mədən ərazilərində neft-qaz hasilatının ətraf mühitə təsirinin qiymətləndirilməsi və cari vəziyyəti daim nəzarətdə saxlamaq məqsədi ilə mütəmadi ekoloji monitorinq işləri həyata keçirilir, hava, torpaq və su nümunələri götürülüb müasir laboratoriyada kimyəvi analizlər və tədqiqat aparılır. Bu gün həmçinin, istehsalat prosesində formalaşan tullantıların yeni idarəolunma sistemi də yaradılır. Bununla əlaqədar 2009-cu ildə ARDNŞ ilə ABŞ Ticarət və İnkişaf Agentliyi arasında Qrant Sazişi imzalanıb. Sazişə əsasən, Dövlət Neft Şirkətinin Tullantıların İdarəedilməsi Mərkəzinin müasir tələblərə uyğun yenidən qurulması layihəsi üzrə Texniki-İqtisadi Əsaslandırmanın hazırlanması nəzərdə tutulub. Qrant Sazişi şərtlərinə uyğun Texniki-İqtisadi Əsaslandırmanın hazırlanması üzrə 2010-cu ilin əvvəlində tender keçirilib və qalib gələn ABŞ-ın “Mİ-LLC” şirkəti ilə müqavilə imzalanıb. Bu layihənin icrası yaxın gələcəkdə qazma və hasilat zamanı əmələ gələn şlamların emalı və zərərsizləşdirilməsinin həyata keçirilməsinə imkan yaradacaq.

-Dövlət Neft Şirkəti Meksika körfəzindəki ekoloji fəlakətlə əlaqədar Xəzər dənizindəki neft-qaz əməliyyatlarında baş verə biləcək hər hansı bir hadisə ilə bağlı qabaqlayıcı tədbirlər həyata keçirməyi düşünürmü?

-Əlbəttə. Əsas məqsədlərdən biri Ekologiya İdarəsinin nəzdində dəniz dağılmaları zamanı xüsusi qrupun yaradılmasıdır. Qeyd edim ki, Ekologiya İdarəsinin Bibiheybət zonasında dənizin kənarında böyük bir anqar tipli binası var. Binada sorbent ehtiyatının yaradılması planlaşdırılır. Bildiyiniz kimi, “Ekol Mühəndislik Xidmətləri” QSC-də sorbent istehsalı qurğusu var. Bununla nəzərdə tuturuq ki, sorbent istehsal edək, sorbent ehtiyatı yaradaq. Həmçinin gələcəkdə mini-katerlərin alınması və onların dəniz dağılmaları zamanı neftin yığılması və sorbentin səpilməsində istifadə olunması planlaşdırılır.

Əminliklə deyə bilərəm ki, ARDNŞ-in hasilat zonalarında texniki səbəbdən hər hansı bir dağılmanın olması qeyri-mümkündür. Bu istiqamətdə hər bir nəzarət mexanizmi var. Ancaq hər hansı bir hadisə baş verərsə, onun qarşısını almaq və nəticələri aradan qaldırmaq üçün dəniz dağılmaları zamanı xüsusi qrupun yaradılması olduqca əhəmiyyətlidir.

-Bu gün iqlim dəyişiklikləri dünyada ən aktual problemlərdən biri sayılır. Bilmək istərdik, ARDNŞ-in bu istiqamətdə fəaliyyəti nədən ibarətdir?

-Hazırda bütün dünyada iqlim dəyişiklikləri əsas problemlərdən biridir. Azərbaycan da bu prosesdən kənarda qalmır. Məlumdur ki, ölkəmizdə atmosferə atılan tullantıların mənbələrindən biri də neft-qaz sənayesidir. ARDNŞ artıq bir neçə ildir ki, Kioto protokolu üzrə Təmiz İnkişaf Mexanizmi çərçivəsində həyata keçirilən layihələrə qoşulub və hər il öz müəssisələrində atmosferə atılan zərərli qazların mənbələrini invertarlaşdırır. Şirkət 2008-ci ildən Dünya Bankının Qlobal qaz yandırılmalarının azaldılması üzrə Əməkdaşlıq Təşkilatının (GGFR) fəal tərəfdaşlarından biridir. 2006-2009-cu illər ərzində bu istiqamətdə görülən tədbirlər nəticəsində Dövlət Neft Şirkəti üzrə atmosferə atılmaların miqdarı təxminən 859 min ton CO2 ekvivalentində azaldılıb ki, bu da əlavə olaraq 420 mln. kubmetr səmt qazının yığılıb sistemə verilməsi ilə nəticələnib. Təbii ki, ARDNŞ gələcəkdə bu istiqamətdə öz fəaliyyətini davam edəcək.

Bu ilGünəşliyatağında sıxıcı kompressor stansiyalarının gücünün artırılması, yeni boru kəmərlərinin çəkilməsi və başqa tədbirlər nəticəsində havaya atılan aşağı təzyiqli qazın bütünlüklə yığılıb sistemə təhvil verilməsi təmin olunacaq. Bu da havaya atılan 1 milyard kubmetr qazın yığılmasını təmin edəcək. Eyni zamanda, Dövlət Neft Şirkəti tərəfindən avtomobil nəqliyyatı vasitələrindən atmosferə atılmalara nəzarət məqsədi ilə Bakı şəhərinin Səbayel, Sabunçu Suraxanı rayonları ərazisində 3 Ekoloji Ölçmə Məntəqəsi yaradılıb. Həmin məntəqələrdə nəqliyyat vasitələrindən atmosferə atılan zərərli qazların miqdarına nəzarət etməyə imkan verən müasir cihaz avadanlıqlar quraşdırılıb. Hazırda ARDNŞ-ə məxsus nəqliyyat vasitələri ardıcıllıqla bu məntəqələrdə müayinədən keçirilir ekoloji tələblərə cavab verən nəqliyyat vasitələrinə xüsusi nişanlar verilir.

-Soltan müəllim, Bakı Buxtasının təmizlənməsi ilə bağlı işlər nə yerdədir?

-ARDNŞ-in həyata keçirdiyi irimiqyaslı ekoloji layihələrdən biri də Bakı Buxtasının təmizlənməsidir. 2007-ci ildən başlayaraq, Şirkətdə dənizin dibinin və səthinin təmizlənməsi istiqamətində bir çox işlər görülüb. Dəniz mədənlərində balansdan silinmiş, istismara yararsız qurğuların və boru xətlərinin sökülməsi, batmış gəmilərin kəsilərək çıxarılması, ərazilərin metal tullantılardan təmizlənməsi işləri geniş vüsət alıb. Hesablamalara görə, dənizdə belə metal konstruksiyalar 500 min tondan artıqdır. Ötən müddət ərzində Xəzərin Azərbaycan sektoru 32 min ton həcmində metal tullantıdan təmizlənib. 2010-cu ildə bu işlərin həcmini artıraraq, dəniz və qurudakı mədən sahələrindən ümumilikdə 82 min ton metal, taxta beton tullantının təmizlənməsi planlaşdırılır. Eyni zamanda, Bakı Buxtası akvatoriyasına yeni, xüsusi qurğularla təchiz olunmuş ekoloji təyinatlı gəmilər gətiriləcək. Bunlar suyun üzündən neftli təbəqələrin digər tullantıların yığılması üzrə ixtisaslaşdırılmış gəmilərdir.

-Bəs dəniz suyunun şirinləşdirilməsi ilə əlaqədar hansı işlər görülür?

-ARDNŞ “sıfır tullantı” prinsipini əsas tutaraq enerjiyə qənaət texnologiyalarının tətbiqini həyata keçirir. Bununla əlaqədar olaraq, dənizdəki mədənlərə gəmilərlə daşınan içməli suya qənaət etmək üçün Neft Daşlarında sutkada 500 kubmetr, “Günəşli” yatağındakı 11 özüldə isə sutkada 7-8 kubmetr dəniz suyunu şirinləşdirmək imkanı olan “Əks Osmos” tipli qurğular istismara verilib, gündəlik 500 kubmetr çirkab suları təmizləyən “Biomass-500” tipli biotəmizləyici qurğu quraşdırılıb, “Pirallahı” və “Çilov” adalarında çirkab suları təmizləmək üçün 2 ədəd bioloji təmizləmə qurğusu tikilib. Bu qurğulardan alınan təmizlənmiş su mədənlərdə texniki məqsədlər və suvarma üçün istifadə edilir.

-Ətraf mühitin qorunmasında ekoloji maarifləndirmənin rolunu necə qiymətləndirirsiniz və Şirkətin bu sahədəki fəaliyyəti barədə nə deyə bilərsiniz?

-ARDNŞ ekoloji maarifləndirmə işlərini genişləndirmək niyyətindədir. Təkcə Dövlət Neft Şirkətinin işçiləri arasında yox, həmçinin ictimaiyyət arasında bu işlər həyata keçirilməlidir. Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bu sahədə sıx əməkdaşlıq etmək fikrindəyik.

Ətraf mühitin qorunması istiqamətində layihələrin genişlənməsi əhalinin ekoloji şüurunun yüksəldilməsi prosesi ilə paralel şəkildə aparılır. Ekoloji maarifləndirmə təbliğat işləri bu baxımdan mühüm əhəmiyyət kəsb edir. ARDNŞ-in müvafiq strukturları da bu istiqamətdə fəaliyyət göstərirlər. Şirkətin müəssisələrində ekologiya günləri keçirilir, ətraf mühitin qorunması ilə bağlı beynəlxalq günlər geniş qeyd olunur, mütəxəssislərimiz üçün ekologiya üzrə təlim kursları təşkil edilir, ekoloji yönlü beynəlxalq humanitar təşkilatlar qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq genişləndirilir.

 

 

Nail Rəhimzadə

 

İki sahil.- 2010.- 26 may.- S. 4.