Tanınmış jurnalist Çingiz Ələkbərovun
85 illik yubileyi qeyd olunmuşdur
Noyabrın 2-də
Azərbaycan Mətbuat Şurasında (MŞ)
tanınmış jurnalist, Mərkəzi Seçki
Komissiyası (MSK) Katibliyinin müdiri Çingiz Ələkbərovun
anadan olmasının 85 illiyinə həsr olunmuş tədbir
keçirilmişdir.
MŞ-nin sədri Əflatun
Amaşov Çingiz Ələkbərovun şərəfli
ömür yolundan, Azərbaycan jurnalistika sənətinin
inkişafında, yeni jurnalist nəslinin yetişməsində
xidmətlərindən, hazırda MSK Katibliyinin müdiri kimi səmərəli
fəaliyyətindən danışmışdır. Ölkəmizdə
jurnalistika sahəsinə və jurnalistlərə göstərilən
diqqət və qayğıdan, jurnalistlərin əməyinin
dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsindən,
yubileylərinin geniş şəkildə qeyd olunmasından
söhbət açan Ə.Amaşov yubilyarı təbrik
etmiş, ona yeni yaradıcılıq uğurları
arzulamışdır.
Tədbirdə
çıxış edən Yusif Kərimov, Arif Hüseynov,
Şəddad Cəfərov, Tahir Aydınoğlu, Vüqar Rəhimzadə,
Məzahir Süleymanov, Ələsgər Cabbarov və
başqaları Çingiz Ələkbərovun çoxşaxəli
fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən,
onun jurnalistlik fəaliyyətinin gənclər
üçün örnək olmasından
danışmış, Ç.Ələkbərovun təcrübəsindən
faydalanmağın zəruriliyini qeyd etmişlər. 1941-1945-ci
illər müharibəsində fədakarlıq göstərmiş,
1960-1980-ci illərdə milli mətbuatımızın
inkişafında əlindən gələni əsirgəməmiş
qocaman jurnalistin bu gün də gənclik həvəsi ilə
çalışdığı, gənc jurnalistlərə
faydalı məsləhətləri və tövsiyələri
ilə kömək etdiyi vurğulanmışdır.
Sonda Ç.Ələkbərov
yüksək hörmət və ehtirama görə tədbirin
təşkilatçılarına və
iştirakçılarına minnətdarlığını
bildirmiş, xatirələrini bölüşmüş,
sualları cavablandırmışdır.
İki sahil.-
2010.- 3 noyabr.- S. 16.