ATATÜRK ANILDI

 

Naxçıvan Dövlət Universitetində Türkiyə Respublikasının qurucusu ilk prezidenti Mustafa Kamal Atatürkün vəfatının 72-ci ildönümü münasibətilə tədbir keçirildi. Türkiyə Cümhuriyyətinin Naxçıvandakı konsulluğunun nümayəndələrinin digər rəsmilərin qatıldığı tədbirdə türk xalqlarının milli müstəqilliyi uğrunda qurban getmiş şəhidlərin xatirəsi anıldı, hər iki ölkənin dövlət himni səsləndirildi.

Türkiyənin Naxçıvandakı Baş konsulu Ayhan Enginar çıxış edərək Türkiyənin qüdrətli dövlət kimi siyasi-iqtisadi tərəqqisində, türkdilli xalqların birliyində Mustafa Kamal Atatürkün misilsiz xidmətlərindən danışdı. Konsul bir millət, iki dövlət olan Türkiyə Azərbaycanın sarsılmaz birliyinin gələcək zəfərlərin rəhni olmasından söz açdı. Qeyd olundu ki, Naxçıvan Dövlət Universitetinin Türkiyənin bir çox tanınmış universitetləri ilə sıx tərəfdaşlığı türkdilli dövlətlərdə elmin, təhsilin birgə inkişafına ən gözəl örnək sayılmalıdır.

Universitetin rektoru, akademik İsa Həbibbəyli çıxışında vurğuladı ki, Müstafa Kamal paşanın XX əsrin əvvəllərində başladığı istiqlaliyyət, müstəqillik uğrunda mübarizə əsrin sonlarında bütün türk xalqlarının azadlıq mübarizəsini alovlandırmışdır. Böyük Atatürkün ümummilli lider Heydər Əliyevin türkçülük, bəşəri hümanizm milli birlik ideyaları bu gün tarixi bəhrələrini verməkdədir. Atatürkə ümumxalq sevgisi Azərbaycanda ucaldılan möhtəşəm abidədə öz əksini tapmışdır. Natiq əmin olduğunu bildirdi ki, hər iki dövlət bundan sonra da çiyin-çiyinə, əzmlə irəliləyərək gələcək siyasi uğurlara birgə imza atacaqdır.

Naxçıvan Türk Kurulunun nümayəndəsi Murad Fındık Mustafa Kamal Atatürkün ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məruzə etdi.

Xatırladıldı ki, gənc yaşlarında siyasi-hərbi fəaliyyətə başlayan Atatürk 1919-1923-cü illərdə Osmanlı ərazisinin Antanta dövlətləri tərəfindən işğal olunduğu dövrdə Böyük Millət Məclisinə hökumət başqanlığına seçilmiş, Türkiyə Respublikasının qurucusu kimi Türkiyə Böyük Millət Məclisinin Qurtuluş Mübarizəsinin uğurla nəticələnməsi üçün mühüm işlər görmüşdür. Qurtuluş   Mübarizəsi   24   iyul 1923-cü ildə imzalanan Lozanna müqaviləsi ilə sona çatdıqdan sonra milli birliyə əsaslanan yeni türk dövləti qurulmağa başlamışdır. 29 oktyabr 1923-cü ildə Türkiyədə Respublika elan edilmiş, Mustafa Kamal Atatürk yekdilliklə ilk prezident seçilmişdir. Türk dövlətinin inkişafı məqsədi ilə iqtisadiyyat, siyasət, ordu quruculuğu, mədəniyyət, elm, təhsil sahəsində əhəmiyyətli islahatlar aparan Mustafa Kamal Paşanın türk xalqı qarşısındakı misilsiz xidmətləri heç zaman unudulmayacaq.

Sonda universitetin müəllimi, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədovanın rəhbərliyi ilə Tələbə Teatr Studiyasının hazırladığı "Atatürk" ədəbi-bədii kompozisiyası böyük maraqla izlənildi.

 

 

 Mehriban SULTAN

 

İki sahil.- 2010.- 11 noyabr.- S. 12.