Müstəqilliyimiz əbədidir
Hər bir dövlətin
müstəqilliyini şərtləndirən,
onu əbədiləşdirən
amillər, ilk növbədə,
konkret şəxsiyyətlərin
fəaliyyətində praktik
olaraq təcəssümünü
tapır. Bu mənada, Azərbaycan xalqı 18 oktyabr 1991-ci ildə
qanı, canı bahasına əldə etdiyi dövlət
müstəqilliyini məhz ulu öndər Heydər Əliyevin
rəhbərliyi altında möhkəmləndirmiş,
dövlət suverenliyinə əbədi təminat
yaratmışdır. Ulu öndər Heydər Əliyevin Azərbaycanın
dövlət müstəqilliyinin əldə edilməsində
və bu istiqamətdə cərəyan edən proseslərin
önündə getdiyini birmənalı olaraq təsdiqləyən
faktlar kifayət qədərdir.
Azərbaycanda geniş
vüsət almış milli azadlıq hərəkatı
ilə eyni dövrdə xalqda
milli heysiyyəti, özünüdərki
daha da gücləndirən,
milli dövlət rəmzlərinə
hörmət təlqin edən genişmiqyaslı addımlar da məhz ulu öndər
Heydər Əliyevin keçmiş
Naxçıvan Muxtar Sovet
Sosialist Respublikasına rəhbərlik etdiyi dövrdə başlanmışdır. Muxtar respublika Ali Məclisinin
1990-cı il noyabrın 17-də keçirilmiş birinci
sessiyasında Azərbaycanda milli dövlət
dirçəlişi prosesinin həyata
keçirilməsi məsələsi geniş
müzakirə olunmuş və keçmiş Naxçıvan MSSR-in
adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikası adlandırılması barədə
tarixi qərar verilmişdir.
Həmin sessiyada, həmçinin
Azərbaycan Xalq Cümhuriyyətinin rəmzi
olan üçrəngli dövlət
bayrağının bərpa edilməsi, onun
Naxçıvan Muxtar Respublikasının
dövlət bayrağı kimi qəbul
edilməsi haqqında da yekdil
qərar qəbul edilmişdir. Eyni zamanda, yeni
gerb və himnin
hazırlanması üçün
müsabiqə elan olunmuşdur.
Naxçıvan
Muxtar Respublikasının Ali
Məclisi xalqın müstəqillik mücadiləsi ilə
bağlı konstitusion müstəvidəki
ilk həlledici addımı atmış, bu qərarlarla Naxçıvan Muxtar
Respublikası faktiki olaraq
keçmiş SSRİ-nin
yurisdiksiyasından çıxarılmışdır. Sonrakı mərhələdə muxtar
respublika rəhbərliyinin
çıxardığı digər tarixi
qərarlar da Azərbaycan xalqının həqiqi
müstəqilliyə qovuşmasını sürətləndirmişdir.
1991-ci il martın 17-də Azərbaycanda
keçirilən və keçmiş SSRİ-nin saxlanılmasına münasibəti
öyrənən referendumun
Naxçıvanda boykot edilməsi
faktı da ulu öndərin
müstəqillik ideallarına nə qədər bağlı
şəxsiyyət olduğunu təsdiqləyir.
O zaman respublika
rəhbərliyi bu seçkiləri
saxtalaşdıraraq Moskvaya tələb edən
rəqəmi "rəsmiləşdirsə" də,
Naxçıvan ictimaiyyəti ulu öndər
Heydər Əliyevin rəhbərliyi altında müstəqillik
istəyini ortaya qoymuşdur.
1991-ci il avqustun 30-da keçmiş Azərbaycan SSR Ali
Soveti demokratik
qüvvələrin, o cümlədən
Naxçıvan MR Ali Məclisinin Sədri
Heydər Əliyevin səyləri ilə "Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpası
haqqında" bəyanat qəbul etmişdir.
Bəyanatda Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin BMT-nin nizamnaməsində,
digər beynəlxalq hüquqi paktlarda və konvensiyalarda
təsbit edilmiş prinsiplərə müvafiq surətdə tanınması üçün dünya
dövlətlərinə çağırış da yer almışdır. Ali Sovetin 30 avqust tarixli iclasında bəyanatla
yanaşı, "Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpası haqqında" Konstitusiya Aktı layihəsinin iki
həftə müddətində hazırlanması barədə
qərar qəbul edilmişdir. Respublika rəhbərliyi
bu prosesi iki aya yaxın ləngitsə
də, xalqın müstəqillik arzusuna
qarşı çıxa bilməmişdir. 1991-ci il oktyabrın 18-də qüdrətli dövlət
xadimi Heydər Əliyevin də əsas təşəbbüskarlardan
biri kimi
imzaladığı "Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin bərpası
haqqında Konstitusiya Aktı" ilə
Azərbaycanın istiqlaliyyəti bütün
dünyaya bəyan edilmişdir.
Azərbaycan xalqı uzun illərdən
sonra özünün
müstəqillik idealına qovuşsa da, bu, əslində, formal xarakter
daşıyırdı. 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi
ilə hakimiyyətə gəlişindən sonra
Azərbaycan cəmiyyətində dövlətçilik
ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə
başladı. Ölkə xaosdan, vətəndaş
müharibəsindən, hərc-mərclikdən, bir sözlə, dövlətçiliyini itirmək
təhlükəsindən qurtuldu.
1994-cü ilin oktyabr,
1995-ci ilin mart hadisələrində
Heydər Əliyev özünün qətiyyəti
və xarizması ilə Azərbaycan dövlətçiliyini
ağır faciələrdən xilas edə
bildi. Ümummilli lider siyasi sabitliyi
təmin etməklə yanaşı, demokratik
dövlət modeli konsepsiyasını da uğurla həyata
keçirməyə başladı.
1995-ci
ildə qəbul olunmuş Konstitusiya
ilə Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk olaraq
insan hüquqlarının prioritetliyini
və hakimiyyət bölgüsünü
özünün gələcək inkişaf yolu kimi seçdi. Ulu öndər
Heydər Əliyevin müəllifliyi ilə
hazırlanmış və ümumxalq səsverməsi
nəticəsində qəbul olunmuş bu ali sənəd müstəqil
Azərbaycanın Konstitusiyası kimi tarixə
yazıldı. Dövlətçiliyin əsas atributlarından
biri sayılan bu mühüm sənəd həmin il noyabr ayının
12-də ümumxalq səsverməsi ilə
qəbul olundu.
1995-ci ildə müstəqil Azərbaycanın
ilk parlamentinə keçirilən
seçkilər isə dövlət müstəqilliyinin
möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açdı. Bu
hadisə dövlət müstəqilliyinin prioritet
istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas
istinad mənbəyi rolunu
oynadı. Bununla da Azərbaycanın
dünya dövlətləri
sırasında beynəlxalq münasibətlərin subyektinə
çevrilməsi istiqamətində fəaliyyətin əsası
qoyuldu. Ötən illərdə yeni kollektiv beynəlxalq
müqavilələrə qoşulan Azərbaycan
özünün coğrafi
mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi
potensialından istifadə əsasında bir
çox dövlətlərlə və
beynəlxalq qurumlarla əməkdaşlıq
edərək Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya
nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi
və dünya bazarına
çıxarılması layihələrini səmərəli
şəkildə həyata keçirir.
Ulu öndərin dövlətçilik
konsepsiyasının uğurlu istiqamətlərindən
biri də ölkəmizin 2001-ci il yanvarın 25-də Avropa
Şurasına tamhüquqlu üzv qəbul olunmasıdır. Təşkilata
üzvlük Azərbaycanda hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğu prosesini bir qədər də
sürətləndirmişdir.
Heydər
Əliyev dövlətçilik irsi Azərbaycan
cəmiyyətinin vahidliyinin təmin
olunmasını özünün əsas strateji vəzifəsi hesab
edir. Bu baxımdan ulu öndərin əsasını
qoyduğu siyasi xəttin
davam etdirilməsi cəmiyyətin siyasi sifarişi olmuşdur. 2003-cü il
oktyabrın 15-də keçirilən prezident
seçkiləri təsdiqlədi ki, Azərbaycan
xalqı Heydər Əliyev siyasi kursuna sadiqdir və bu kursun dövlətçiliyin
təhlükəsiz şəraitdə inkişafına imkan verən yeganə strateji
seçim olduğunu tam mənada dərk edir. Bu seçkilərdə
Heydər Əliyev siyasi kursunun
ən layiqli davamçısı cənab
İlham Əliyevin şəksiz qələbə
qazanması göstərdi ki, Azərbaycan
cəmiyyəti ölkədə həyata keçirilən
siyasətə alternativ görmür.
"Əsl siyasət real, konkret
iş görməkdən ibarətdir"
deyən Azərbaycan Prezidenti
qısa müddətdə ona bəslənilən
ümidləri doğrultdu, cəmiyyətin
bütün gözləntilərini
gerçəkləşdirməyə çalışmaqla, hər
bir fərdin marağına cavab verən çevik və
qətiyyətli qərarlar qəbul etdi.
Dövlət başçısı
ötən 7 il müddətində Azərbaycanda
möhkəm təməllərə söykənən və dinamik sosial-iqtisadi tərəqqini
təmin edən siyasi sabitliyin,
vətəndaş sülhünün, həmrəyliyin
qorunub saxlanılması, ölkənin
beynəlxalq arenada nüfuz
və mövqelərinin möhkəmlənməsi,
ictimai həyatın bütün
sahələrində yeni dövrün
tələblərinə uyğun islahatların
aparılması, qeyri-neft sektorunun
ümumi daxili məhsuldakı
çəkisinin artırılması, regionların proporsional inkişafı, yeni
istehsal müəssisələrinin
açılması, ən başlıcası, işsizlik probleminin aradan qaldılıması naminə inamlı
addımlar atmışdır. Respublikamızın müdafiə
potensialının gücləndirilməsi, beynəlxalq aləmdə
mövqelərinin möhkəmləndirilməsi, iqtisadiyyatda liberallaşdırma, elmdə, təhsildə
yeni informasiya
texnologiyalarının tətbiqi də bu
sırada xüsusi vurğulana
bilər. Yalnız bir
faktı qeyd etmək kifayətdir ki, ötən 7 il ərzində
müstəqil Azərbaycan dövlətinin müdafiə
potensialı 10 dəfədən çox
artmış, respublikamızın təkcə hərbi
büdcəsi bütövlükdə işğalçı
Ermənistanın dövlət büdcəsinə
çatmışdır.
Bu gün Azərbaycan
regionda hansısa ölkədən enerji asılılığı olmayan yeganə respublikadır.
Bakı-Tbilisi-Ceyhan neft kəməri və
Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri
dünya miqyaslı layihələr olmaqla, Azərbaycanın enerji
təhlükəsizliyinə geniş imkanlar açıb. Bu
layihələr eyni zamanda
respublikamızın müstəqilliyini daha
da möhkəmləndirir, regionda
müstəqil siyasət aparmasını təmin edir.
Cənab İlham Əliyevin
prezidentlik fəaliyyətinin təhlilinə
nəzərən tam əminliklə demək
olar ki, ulu öndər Heydər Əliyev siyasi kursu Azərbaycanın
dövlət müstəqilliyinin möhkəmlənməsinin
və inkişafının ən başlıca təminatıdır.
İki sahil.- 2010.- 27 oktyabr.-S.2.