ARDNŞ prezidenti Rövnəq Abdullayevin 20 Sentyabr - Neftçilər günü peşə bayramı münasibətilə təbriki

 

Əziz neftçilər!

Sizi 20 Sentyabr – Azərbaycan neftçilərinin peşə bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, firavan həyat arzulayıram.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gərgin səylərinin nəticəsi olaraq, 1994-cü il sentyabrın 20-də Bakıda ARDNŞ ilə dünyanın 11 tanınmış şirkəti arasında cağdaş tariximizə “Əsrin müqaviləsi” adı ilə düşmüş sazişin imzalanması müstəqil Azərbaycanın ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcını qoydu. Regionda beynəlxalq əməkdaşlığa geniş imkanlar açmış bu tarixi sənəd Azərbaycanın müstəqil dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmində olduğunu təsdiqlədi, sonrakı böyük layihələrin gerçəkləşməsinə əsaslı zəmin yaratdı. “Əsrin müqaviləsi”nin Azərbaycan və region ölkələrinin inkişafı baxımından misilsiz əhəmiyyətini nəzərə alan xalqımızın ümummilli lideri Heydər Əliyev 2001-ci ildə 20 sentyabr tarixinin Azərbaycan neftçilərinin peşə bayramı günü təsis edilməsi haqqında Sərəncam imzaladı. Bu qərarı ilə Ulu öndər fədakar neftçi əməyinə yüksək qiymət verdiyini bir daha nümayiş etdirdi. O vaxtdan Azərbaycan neftçiləri hər il bu günü böyük təntənə ilə bayram edir, müasir Azərbaycanın memarı Heydər Əliyevin unudulmaz xatirəsini sonsuz ehtiramla yad edirlər.

“Əsrin müqaviləsi”nin imzalanmasından ötən dövr Azərbaycana mütərəqqi texnologiyaların gətirilməsi, neft sənayesi infrastrukturunun yenidən qurulması, ölkədə yüksək səviyyəli peşəkar milli kadrların hazırlanması ilə əlamətdar olmuşdur. Bu illərdə qazanılan nailiyyətlər respublikamızın iqtisadi qüdrətinin yüksəlməsinə, beynəlxalq mövqeyinin möhkəmlənməsinə səbəb olmuşdur. Ulu öndər Heydər Əliyevin zəngin təcrübəsi, siyasi müdrikliyi, dönməz iradə və qətiyyəti hesabına tranzit ölkələrdə iqtisadi inkişafın ayrılmaz amilinə çevrilmiş Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum əsas ixrac qaz boru kəmərlərinin istismara verilməsi nəticəsində Azərbaycan beynəlxalq neft-qaz əməliyyatlarında öncül mövqeyə çıxaraq Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Dünyada enerji daşıyıcılarına tələbatın getdikcə artdığı bir tarixi mərhələdə geniş ixrac infrastrukturu yaratmağa müvəffəq olmaq mühüm işdir və biz buna getdikcə daha çox nail oluruq. Bu günlərdə Azərbaycan qazının Gürcüstan ərazisindən keçməklə Rumıniya və Avropa bazarlarına çatdırılmasını nəzərdə tutan “Azərbaycan-Gürcüstan-Rumıniya İnterkonnektor (AGRİ)” layihəsinin həyata keçirilməsi üzrə əldə olunan razılaşmalar ölkəmizin beynəlxalq arenada qazandığı növbəti uğurun təcəssümüdür. Bütün bunlar sübut edir ki, Heydər Əliyevin qalibiyyətli neft strategiyası Azərbaycana böyük iqtisadi səmərə gətirməklə bərabər, həm də Şərq və Qərbin qovşağında yerləşən respublikamızın dünya birliyinə daha ahəngdar inteqrasiyası baxımından müstəsna rol oynamışdır. Bu möhtəşəm strategiya bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında uğurla davam etdirilir, onun bəhrələri ictimai-siyasi həyatın bütün sahələrində bariz şəkildə hiss olunur.

Qəhrəman neftçilərimiz bu strategiyanın həyata keçirilməsi naminə daim böyük əzmkarlıq göstərmiş, Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ölkəmizin iqtisadi qüdrətinin artırılması üçün hər zaman var qüvvələri ilə çalışmışlar. Sevindirici haldır ki, bu gün dərin bilik və bacarığa, zəngin təcrübəyə malik neftçilərimiz qazanılan nailiyyətlərin davamlı olması üçün səylərini əsirgəmir, ilbəil yeni uğurlara imza atırlar. Son 20 ildə ilk dəfə olaraq, ARDNŞ-in müstəqil şəkildə, daxili imkanlar hesabına “Ümid” perspektiv qaz-kondensat strukturunda kəşfiyyat qazma işlərini aparması buna bariz nümunədir. Bakıda yeni gəmiqayırma zavodunun təməlinin qoyulması, İzmirdə yeni neft emalı zavodunun tikintisi üçün Türkiyə hökumətindən lisenziya alınması, xaricdə həyata keçirilən digər layihələr çərçivəsində qazanılan uğurlar Şirkətimizin genişlənməsinə, beynəlxalq miqyasda inkişafına dəlalət edir.

Əziz neftçilər!

Neft sənayesi işçiləri həmişə monolitliyi, birliyi ilə seçilmiş, mehriban bir ailə kimi yaşamışlar. Ötən il qaz təsərrüfatı, bu ilin aprelindən isə neft-kimya sənayesi işçiləri çoxminli neftçilər ordusuna qoşulmuşlar. Onlar da şərəfli “neftçi” adını qürurla daşıyır, bu əlamətdar günü bayram edirlər. Şirkətimiz böyüdükcə respublikamızın sosial-iqtisadi həyatında daha yaxından iştirak edir. Cəmiyyətimizin avanqard qüvvəsi olan neftçilər dövlət və xalq qarşısında məsuliyyət daşıdıqlarını, respublikamızın iqtisadi yüksəlişinə cavabdeh olduqlarını heç zaman unutmur və ölkə rəhbərliyinin onlara bəslədiyi yüksək etimadı əməli işləri ilə doğrultmağa çalışırlar. Xalqımız və dövlətimiz, müdrik rəhbərimiz İlham Əliyev cənabları da daim onların əməyini yüksək qiymətləndirir, hər il 20 sentyabr ərəfəsində neçə-neçə qabaqcıl neftçini yüksək dövlət mükafatları ilə təltif edir. Bu, ARDNŞ-in kollektivi üçün həm böyük şərəf, həm də ciddi məsuliyyətdir.

Əziz neftçilər!

20 Sentyabr - Azərbaycan neftçilərinin peşə bayramı günündə bir daha hamınızı səmimi qəlbdən təbrik edir, hər birinizə ən xoş diləklərimi bildirir, müstəqil Azərbaycan Respublikasının daha da qüdrətlənməsi, çiçəklənməsi, xalqımızın daha firavan yaşaması naminə fəaliyyətinizdə sizə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

 

 

Rövnəq Abdullayev,

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

 

İki sahil.- 2010.- 18 sentyabr.- S. 2.