Əsrin
yarısını başa vurmaq
xoşbəxtlikdir
Əməkdar
mədəniyyət işçisi, İrəvan
Dövlət Azərbaycan Dram
Teatrının direktoru İftixar
Piriyev sahib olduğu bu xoşbəxtliyi
daha da zənginləşdirmək
arzusundadır
Həyatın mənası çox
və yaxud az yaşamaqda
deyil, yaşadığın
mühitdə, cəmiyyətdə
öz yerini tutmaq, mövqeyini müəyyən etmək
və başqaları
üçün nümunə
olmaqdan ibarətdir. Təbii ki, hər kəs
ona bəxş olunan ömrü özünəməxsus tərzdə
yaşayır. Seçdiyi sənət,
tutduğu mövqe isə bu özünəməxsusluğa
daha bir çalar gətirir.
50 illik yubileyini
qeyd edən İrəvan Dövlət
Azərbaycan Dram Teatrının
direktoru İftixar Piriyev yarıməsrlik ömrün xarakteristikasını
qısaca da olsa belə təqdim edir. Söhbətimizə “50 illik ömür
yaşamaq özü bir xoşbəxtlikdir” fikri ilə körpü salan İ.Piriyev bildirdi ki, yaşanan ömrü geri qaytarmaq mümkün olmadığı üçün
ötən illərin,
ayların, günlərin,
ən əsası saniyələrin belə hər biri insan
üçün əziz
və doğma olmalıdır.
“Beşinci onilliyin
zirvəsindən geri baxdıqda daha çox hansı anlara qayıtmaq istərdiniz” sualımıza
cavab olaraq İ.Piriyev bildirdi ki, yarıməsrlik dövrün 17 ili
orta məktəb illərinə təsadüf
edir. O illər ki, bir növ
həyata hazırlıq
dövrü hesab olunur. Həmin dövrün bu
gün də yaddaşımda qalan və məni özünə cəlb edən maraqlı hadisələri olub.
Amma tale belədir ki, yaşanan ömrü geriyə qaytarmaq mümkün deyil. Bu baxımdan ömrümün
ötən hər bir günü - uğurlu, uğursuz, sevincli, kədərli olmasından asılı olmayaraq mənim üçün yaddaqalandır.
Çünki bu mənim taleyimdir, qismətimdir. İnsanlar var
ki, sevincli anlarını dəyərləndirir, kədərli
anlarını xatırlamaq belə istəmir. Bu mümkün
deyil. İnsan ömrü ilin fəsillərinə bənzəyir.
Yəni qarlı qışın güllü-çiçəkli,
təravətli baharı olduğu kimi insan taleyinin də qəmli,
kədərli, sevincli anları biri-birini əvəz edir.
Musahibim onu da qeyd etdi ki, şeirlərində də bu məqama tez-tez müraciət edir. İnsan ömrünün mənası sevinc- kədər qidası ilə tənzimlənir.
“Düşünürəm ki, yaşadığım ömürdə yaratdıqlarım
da var, yaratmaq istəyib, amma buna nail
olmadıqlarım
da. Sözsüz ki, qarşıdakı illərdə onların həyata keçirilməsinə müvəffəq olacağam”
söyləyən İ.Piriyev qeyd etdi ki, televiziya tamaşaları,
seriallar, bədii filmlər, radio verilişləri, bunlar toplum şəklində aktyorluq sənəti ilə bağlı
sənət nümunələridir.
Bədii yaradıcılıqla da məşğul olduğunu söyləyən yubilyar vurğuladı ki, bir neçə
şeirlər kitabı işıq
üzü görüb. Çoxlu publisistik məqalələri qəzetlərdə,
jurnallarda dərc olunub.
Ümumiyyətlə, orta məktəb illərində
hekayələr yazmağa maraq
göstərən İ.Piriyev sonralar isə miniatürlər yazmaqla
yaradıcılığını davam etdirib. Tələbəlik illərində uzun müddət Gürcüstanda
Azərbaycan dilində dərc olunan “Sovet Gürcüstanı” qəzetinin Azərbaycan
üzrə ştatdankənar müxbiri olub. Tez-tez həmin qəzetdə
müxtəlif mövzularda yazılarla
çıxış edib. Həmçinin
Azərbaycan mətbuatında da elmi, bədii yazıları işıq üzü görüb.
1997-ci ildə “Yaşadığım bu ömür” adlı şeirlər kitabı
işıq üzü görüb.
2003-2004-cü illər arasında “Nə qəribə yuxuymuş” şeirlər kitabı, elə o dövrdə ulu öndər
Heydər Əliyevə həsr olunmuş
“Böyük Turanın himni”
poeması kitab halında çapdan
çıxıb.
Yubilyar onu da bildirdi ki, ulu öndər Heydər
Əliyevə həsr etdiyi “Müstəqil vətənin memarı”
poeması 9 dilə tərcümə
olunmaqla üç kitab
şəklində ( Avropa dilləri, Azərbaycan və türk dili, ərəb-fars)
çapa hazırdı. Yaxın zamanlarda işıq üzü görəcək.
6 pyesin müəllifidir. Onlardan ikisi İrəvan Teatrının səhnəsində uğurla tamaşaya qoyulub.
1981-ci ildə Azərbaycan Dövlət Akademik Milli
Dram Teatrında aktyorluq fəaliyyətinə
başladığını bildirən İ.Piriyev qeyd etdi ki,
1999-2000-ci illərdə ulu öndər Heydər Əliyevin
xüsusi tapşırığı ilə Mədəniyyət
Nazirliyi tərəfindən Tbilisi Azərbaycan Dövlət
Dram Teatrının bərpa prosesinə rəhbərlik etmək
üçün iki il müddətinə Tbilisi şəhərinə
ezam olunub. Hazırda həmin teatr ulu öndər Heydər Əliyevin
adını daşıyır və uğurla fəaliyyət
göstərir. İftixar Piriyev Tbilisi Teatrının bərpasında
peşəkarlıqla apardığı iş prosesinin
uğurlu nəticəsinə görə 2000-ci ildə
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan
Dram Teatrına direktor vəzifəsinə təyin olunmuş,
hazırda da həmin teatrın aktyoru və direktorudur.
Müsahibim ötən müddətdə teatrın
inkişafı istiqamətində atılan addımlardan bəhs
edərək bildirdi ki, bu gün qarşımızda dayanan əsas
məqsəd İrəvan Teatrını beynəlxalq səviyyədə
tanıtmaq, imkanlarımızı genişləndirməkdir.
Dövlət başçısı İlham Əliyevin
sərəncamı ilə teatrımızın 125 illik yubileyi
təntənəli qeyd edildi. Sərəncamdan irəli gələn
tədbirlər həyata keçirilərkən teatrın bir
sıra aktyorları fəxri adlara layiq görüldü. Həmin
ildə teatrın inkişafındakı xidmətlərinə
görə İ.Piriyev də Əməkdar mədəniyyət
işçisi fəxri adına layiq görülüb.
Yubileydən sonra teatrın yeni bir inkişafa istiqamətləndiyini
bildirən İ.Piriyev söylədi ki, kollektivimiz ildə bir
dəfə respublikanın bölgələrində qastrol səfərində
olur. Bu, teatrın inkişafı, ictimaiyyətlə ünsiyyəti
baxımından çox əhəmiyyətlidir. Bundan
başqa qarşıda duran digər məqsəd teatrın
respublikadan kənarda tanınması istiqamətində işlər
aparmaqdır. Bununla bağlı Mədəniyyət və
Turizm Nazirliyinin bir neçə layihəsi həyata
keçirilib. Onlardan biri İ.Piriyevin müəllifi olduğu
“Körpü” pyesidir. Əsər Qafqazda sülhün, əmin-amanlığın,
milli münasibətlərin bərpasına həsr olunub.
Tamaşada Bakı Teatr Şəbəkəsi,
Gürcüstandan, Dağıstandan dəvət olunmuş
aktyorlar iştirak edib. Tamaşanın premyeraları həm
Bakıda, həm də Gürcüstanda keçirilib.
İ.Piriyev bildirdi ki, Mədəniyyət və Turizm
Nazirliyinin digər layihəsi Azərbaycandan kənarda
yaşayan soydaşlarımızla əlaqələr yaratmaq və
onların qarşısında çıxış etməkdir:
-Bununla bağlı ötən il noyabrın 25-dən
dekabrın 4-dək Gürcüstanda, martın 14-dən 27-dək
isə 19 nəfərlik heyətlə Dərbənddə
olduq. Tbilisidə də, Dərbənddə də
çıxışlarımıza ulu öndər Heydər Əliyevə
həsr olunmuş A.Babayevin “Xilaskar” əsəri ilə
açılış etdik. Heydər Əliyev şəxsiyyəti,
onun Azərbaycan xalqı, dövləti
qarşısındakı xidmətləri, ən əsası
dünyanın müxtəlif ölkələrində
yaşayan soydaşlarımızın bir amal, məqsəd
uğrunda, azərbaycançılıq ideyası ətrafında
birliyinə nail olması hər birimiz üçün önəmlidir.
İ.Piriyev söylədi ki, Dərbənd Rayon
Administrasiyasının rəhbəri Qurban Qurbanov kollektivi təkrar
səfərə dəvət edib. Bu yaxınlarda, sentyabrın
19-dan oktyabrın 8-nə qədər 20 günlük Dərbənddə
səfərdə olacaqlar.
Teatrın direktoru yaratdığı rollardan bəhs
edərkən ulu öndər Heydər Əliyevin “Biri var ki,
insan hər hansı bir əsəri özü oxusun, biri də
var ki, onu canlı olaraq səhnədə görsün. Ona
görə də teatrın həyatımızdakı rolu
böyükdür”, Prezident İlham Əliyevin “Yüksək
səhnə mədəniyyəti ilə seçilən Azərbaycan
teatrının zəngin repertuarı sayəsində
xalqımız milli ədəbiyyatın parlaq nümunələri
ilə yanaşı, dünya ədəbi fikrinin inciləri ilə
daha yaxından tanış olmaq imkanı əldə
etmişdir. Ölkəmizin bir sıra digər sənət sahələrində
qazandığı uğurlar ilk növbədə Azərbaycan
teatrı ilə sıx bağlı olmuşdur” fikirlərini
xüsusi önə çəkdi. Bildirdi ki,
oynadığı rolların hər biri
böyüklüyündən, kiçikliyindən
asılı olmayaraq onun üçün əzizdir.
S.Vurğun “Vaqif”- Əli bəy, V.Səmədoğlu “Yayda
qartopu oyunu”- Niftalı, İ.Əfəndiyev “Büllur sarayda”
və “Şeyx Məhəmməd Xiyabani”- Bayandur, Ayaz,
V.Şekspir “K.Lir”- Edqar, N.Xəzri “Mirzə Şəfi Vazeh”,
“Gecə döyülən qapılar”- Əkbər, Xəzər,
J. Anuy “Medeya”- Oğlan, Anar “Sizi deyib gəlmişəm”,
“Şəhərin yay günləri”- Vəliqulu, Namiq və
digər rolları onun canlandırdığı obrazlar silsiləsinin
bir neçə nümunəsidir. Hər rolu ilə
tamaşaçı sevgisi qazanan İ.Piriyev bildirdi ki,
çox zaman onu adı ilə yox, oynadığı rolla
çağırırlar. Bu isə onda daha böyük ruh
yüksəkliyi yaradır, yeni-yeni rollarla tamaşaçı
qarşısına çıxmağa stimul verir.
İ.Piriyev bədii film, teleseriallar və teletamaşalarda da aparıcı və əsas rolları oynayıb. A.Rəhimovun “Canavar
balası”, “Qırmızı
qar” əsərlərində
-Nofəl, Şef, Ə.Hacızadə “İtkin
gəlin”-Əbdül,
R.N.Güntəkin “Dodaqdan
qəlbə”-Vədad,
B.Vahabzadə “Yağışdan
sonra”-Aslan, Ə.Əylisli “Ürək
yaman şeydir”-Sərvər, Dilsuz “Oğulla görüş”-
Oğul, bütünlükdə
qırxa qədər aparıcı və əsas rol oynayıb.
Bunlar İftixar Piriyevin ömrünün beşinci onilliyinə qədər qazandığı
uğurlarıdır. Özünün də qeyd etdiyi kimi yaşının
üstünə əlavə
olunan yaş onu heç zaman məyus etmir, əksinə daha da səylə
çalışmağa, yeni-yeni
yaradıcılıq uğurları
əldə etməyə
səsləyir.
Biz də öz növbəmizdə
İ.Piriyevi ad günü
münasibətilə təbrik
edir, cansağlığı
arzulayırıq.
Yeganə Əliyeva
İki sahil.- 2010.- 8 sentyabr.- S. 14.