XX əsr müsəlman
aləminin gözünün ağı-qarası
Müasirləri
dahi Azərbaycan bəstəkarı, görkəmli
yazıçı, publisist, ictimai xadim, türk
dünyasının milli iftixarı Üzeyir Hacıbəyovu
məhz belə dəyərləndirmişlər.
Sentyabrın
18-də anadan olmasının 125 illiyi geniş qeyd ediləcək
Üzeyir Hacıbəyovu xalqımıza sevdirən onun təkcə
bənzərsiz musiqili komediyaları, bəstələri,
operaları deyil, həm də millətin intibahına xidmət
edən publisistikası, cəmiyyətdəki mənfilikləri
incə yumorla tənqid edən felyetonları, 4-5 sətirlə
böyük mənalar ifadə edən miniatürləridir. Tədqiqatçıların
yazdığı kimi, 1920-ci ilə qədər publisist
Üzeyir bəy bəstəkar və yazıçı
Üzeyir bəylə çiyin-çiyinə getsə də,
XX əsrin birinci onilliyində publisist Üzeyir bəy bəstəkar
Üzeyir bəyi üstələmişdir.
Üzeyir
Hacıbəyovun jurnalistlik fəaliyyəti “Molla Nəsrədin”
jurnalı, “Kaspi”, “Həyat”, “İrşad”, “Tərcüman” və
dövrün digər qəzet və dərgiləri ilə
sıx bağlı olmuşdur. 1919-cu ildə Üzeyir
Hacıbəyov Azərbaycan parlamentinin orqanı olan “Azərbaycan”
qəzetinin baş redaktoru vəzifəsini
daşımışdır.
Bu
dahi şəxsiyyətin publisistik yazılarının, məqalələrinin
və felyetonlarının əsasında ictimai maraq, millətin
tərəqqisinə mane olan mənfiliklərin açıq,
yaxud sətiraltı tənqidi dayanır. “Molla Nəsrəddin”in
ruhu duyulan felyetonlarının əsas “qəhrəmanları”
dilimizi korlayanlar, təhsilə biganə yanaşanlar, “millət-millət”
deyib boşboğazlıq edənlər, “məbləğpərəstlər”,
özlərini “intelligent” hesab edib deputat seçilməyə
can atanlar, idarələrdə əyləşib adamları
get-gələ salan bürokratlar, xalqın əl-ayağına
dolaşanlardır.
Üzeyir
bəyin jurnalistikasında diqqəti daha çox cəlb edən
doğma dilimizə münasibətdir. O, qəzetçilərdən
sadə, xalq dilində yazmağı tələb və
xahiş edirdi:
“Gəlin
öz dilimizdə yazıb, danışaq. Yəni qəzeti o
dillə yazaq ki, savadlı da başa düşsün,
savadsız da.”
Ümumiyyətlə,
Üzeyir Hacıbəyovun publisistikasında mətbuat məsələlərinə
geniş yer verilir. O, 90 il əvvəl sanki Azərbaycanın
bugünkü müxalifətini nəzərdə tutaraq
yazırdı:
“Mətbuatın
vəzifeyi-müqədəsəsinə ehtiram nəzərilə
baxanlar hürriyyəti-mətbuat və azadiyyi-kəlamın mənayi
həqiqisinə layiqincə vaqif olub, qəzet
sütunlarını öz şəxsi mənfəətinə
alət etmək təşəbbüsündən hər vaxt
imtina etməlidirlər.”
Dahi
sənətkarın “Hürriyyəti-kəlam” felyetonundan daha
bir ibrətamiz misal:
“Qəzeti
həlim aşının qazanı bilib, ələ gələni
içinə doldurmağa və ağzına gələni
yazdırmağa hürriyyəti-mətbuat deməzlər. İndi
baxın görün, hürriyyəti-mətbuat nəyə
deyərlər.”
Üzeyir
Hacıbəyov kimi milli ruhlu bir sənətkarın erməni
şovinizminə münasibəti aydındır:
“Canişin
həzrətlərinin dəftərxanasını aldadan erməni
daşnaksütyunları olubdur. Erməniləri aldadan isə
onların ürəklərini özünə paytaxt etmiş
şeytani-rəcim olubdur.”
Dahi
sənətkar felyetonlarından birində
boşboğazları tənqid atəşinə tutaraq
yazırdı:
“Bir
yazı qaydası bu cürədir: biz gərək
çalışaq, vuruşaq, səy edək, himmət edək,
qeyrət edək, vuraq, yıxaq ki, bəlkə irəli gedək.
Amma mənim ağlımca, biz gərək iş görək,
iş görək, iş görək! Boş-boş
danışmayaq, danışmayaq, danışmayaq. Vəssalam,
namə tamam.”
Üzeyir
bəydən gətirdiyimiz misallar bu günümüz
üçün necə də aktualdır!
Son
olaraq qeyd edək ki, görkəmli bəstəkar, dahi qələm
ustası Üzeyir Hacıbəyov 1948-ci ildə 63
yaşında həyatının və
yaradıcılığının ən parlaq
çağında Bakıda vəfat etmiş, Fəxri Xiyabanda
dəfn olunmuşdur.
Ruhun
şad olsun, Üzeyir bəy!
Telman Qafar
İki sahil.- 2010.- 18 sentyabr.- S. 6.