Bayramınız mübarək, əziz neftçilər!

 

Azərbaycanın yeni neft strategiyasının banisi, ulu öndər Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə hər il 20 sentyabrın-”Əsrin müqaviləsibeynəlxalq neft sazişlərinin imzalandığı gününNeftçilər günükimi qeyd olunması Azərbaycanın şöhrətini ucalara qaldırmışqara qızılustalarının fədakar zəhmətinə verilən yüksək qiymətin bariz ifadəsidir.

Yüz illərdir dünyanın gözü Azərbaycanın ən qiymətli təbii sərvəti olan neftində, mavi yanacağındadır. Hətta ən inkişaf etmiş dövlətlər belə bu əvəzsiz sərvətlərimizə həsəd aparmışlar. Azərbaycan neftçiləri dünya neft tarixinə parlaq səhifələr yazmaqla da tanınırlar. 1848-ci ildə Bakıda-Bibiheybət yatağında dünyada sənaye üsulu ilə ilk dəfə neft hasil olunması, təqribən bir əsr sonra -1949-cu ildə sahildən 100 kilometr məsafədə unikal dəniz şəhəri Neft Daşlarının yaradılması, dünya təcrübəsində ilk dəfə burada açıq dənizdən neft çıxarılmasına başlanması Azərbaycan neftçilərinin dünya neft sənayesi tarixinə yazdığı parlaq səhifələrdir.

XX əsrin əvvəllərində Bakıya xarici neft şirkətlərinin axını başlanır. Bu illər əsasən Nobel qardaşlarının və yerli neft şirkətlərinin geniş fəaliyyəti ilə əlamətdardır. Bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi ilə neft sənayesi milliləşdirildi, xarici və yerli neft şirkətlərinin fəaliyyətinə xitam verildi.

Bakı mədənləri, neft emalı zavodları Nobel qardaşlarının tətbiq etdikləri o dövr üçün müasir olan texnika və texnologiyalar əsasında işləməyə davam etdilər. Bu gün dünya tarixçiləri belə bir fikirdədirlər ki, əgər 1920-30-cu illərdə Bakı nefti olmasaydı, SSRİ adlı dövlət 1991-ci ildə deyil,1930-cu illərdə dağılardı.

Azərbaycan İkinci Dünya müharibəsi illərində SSRİ miqyasında neftin 75 faizini verməklə önarxa cəbhəni yanacaqsürtkü yağları ilə təmin edərək alman faşizminin məğlubiyyətə uğradılmasında böyük rol oynamış, bununla da dünyanı Hitlerin caynağından xilas etmişdir .

Qalibiyyətlə başa çatmış müharibədən sonra neftçilərimiz Rusiyanın, Qazaxıstanın, Türkmənistanın, Rumıniyanın, Şərq ölkələrinin, hətta uzaq Latın Amerikası respublikalarının ərazilərində neft-qaz kəşfiyyatı, qazma, hasilat işlərində fəal iştirak etməklə Azərbaycana başucalığı gətirmişlər. Təsadüfi deyil ki, neftçi geoloqlarımızın Rusiyanın Sibir regionunda aşkar etdikləri neftçıxarma rayonları “İkinci Bakı”, “Üçüncü Bakı” adlandırılmışdı.

Öz fədakar zəhmətləri ilə SSRİ-nin inkişafına böyük kömək göstərmiş, Hitler faşizminin məğlubiyyətini təmin etmiş Azərbaycan neftçiləri 1950-60-cı illərdə Sovet hakimiyyətinin diqqət və qayğısından kənarda qaldı. Respublikamızın tanınmış neft mütəxəssislərinin, alimlərin, təcrübəli qazmaçıların Rusiyanın yeni neft mədənlərinə cəlb edilməsi respublikamızın neft sənayesində durğunluq yaratdı. Yeni texnika və texnologiyaların tətbiq olunmaması nəticəsində hasilat ilbəil aşağı düşdü.

1970-80-ci illərdə görkəmli siyasi xadim Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycan neft sənayesi, o cümlədən emal müəssisələri yenidən quruldu. Dənizdə və quruda yeni neft yataqlarının kəşfi, qazma, hasilat, həmçinin elmi-tədqiqat işləri böyük vüsət aldı. Bu illər Azərbaycan neftçiləri tərəfindən dənizin daha dərin sahələrində kəşfiyyat və qazma işlərinin genişlənməsi ilə tarixə yazıldı. Məhz bu illərdə ulu öndərin səyləri ilə neft sənayesinin güclü infrastrukturu yaradılmışdır. Azərbaycanda dəniz yataqlarının işlənilməsi üçün müasir qazma qurğuları, dənizdə estakada tikintisi işlərini aparmaq üçün xüsusi gəmilər, yeni texnika və avadanlıq gətirilmiş, Bakı Dərin Özüllər Zavodu kimi unikal bir müəssisə tikilmişdir. Bunlarla yanaşı neft emalında müasir ELOU-AVT qurğuları inşa olunmuş, neft maşınqayırma zavodlarında istehsal edilən məhsulların keyfiyyətinin yüksəldilməsi üçün mühüm işlər görülmüşdür.

1980-ci illərin axırlarında, 1990-cı illərin əvvəllərində respublikada hakimiyyətsizliyin hökm sürməsi, ayrı-ayrı liderlərin hakimiyyət iddiaları ölkə iqtisadiyyatının bütün sahələri kimi, neft sənayesini də iflic halına saldı. Xalqın təkidli tələb və xahişləri ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ölkədə siyasi sabitlik, əmin-amanlıq və inkişafına inam yaratdı. 1994-cü il sentyabrın 20-də Xəzərin Azərbaycan sektorunda birgə neft çıxarılması və xarici ölkələrə satılmasını nəzərdə tutan beynəlxalq sazişlərin imzalanması bu inamı daha da möhkəmləndirdi. Sonradan “Əsrin müqaviləsi” adını almış bu sazişlər yeni neft strategiyası və doktrinasının əsasını təşkil etdi. 16 il əvvəl 14 ölkənin 30 iri neft şirkəti ilə ümumi dəyəri 60 milyard dollara yaxın olan 21 beynəlxalq sazişin imzalanması dünyanın Azərbaycana marağını artırdı. “Əsrin müqaviləsi” yeni sazişlərə, yeni layihələrə yol açdı. Bu tarixi hadisə belə bir həqiqəti dünyaya bəyan etdi ki, Azərbaycan öz sərvətlərinin tam sahibidir, bu sərvətlər xalqın, ölkənin rifahına, iqtisadiyyatının ümumi inkişafına, dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edir.

Belə bir fakt da neft strategiyasının böyük uğurunu sübut edir ki, “Əsrin müqaviləsi”nin imzalanması ilə indiyədək neft sənayesinə 38 milyard, ümumilikdə Azərbaycan iqtisadiyyatına isə 75 milyard dollar sərmayə yönəldilmişdir.

16 il ərzində ölkəmizdə neft hasilatının rekord həddə çatdırılmasının təməlində “Əsrin müqaviləsi”nin reallaşması dayanır. 1993-cü ildən 2003-cü ilə qədər olan dövrdə hasilat 10 milyon tondan 15 milyon tonadək qalxmışdısa, 2009-cu ildə Azərbaycanda 50 milyon tondan çox neft çıxarılmışdır.

“Əsrin müqaviləsi”nə uyğun olaraq ulu öndərin adını daşıyan “Bakı-Tbilisi-Ceyhan” əsas ixrac neft və “Bakı-Tbilisi-Ərzurum” qaz kəmərlərinin çəkilişi ölkəmizin təbii sərvətlərinin dünya bazarlarına çıxarılmasını təmin etmiş, bununla da Azərbaycana böyük həcmdə valyuta axınının - neft gəlirlərinin daxil olması reallaşmışdır.

Bu gün Azərbaycan öz neft potensialını böyük məharətlə realizə edərkən ölkəmizin inkişafında, dövlət müstəqilliyinin möhkəmlənməsində neftçilərin çox böyük zəhməti olduğunu yüksək qiymətləndirir. Əvvəlki yazılarımızda qeyd etdiyimiz belə bir fikri xatırladaq ki, bütün gənc, müstəqil ölkələr kimi, Azərbaycan da öz inkişafı üçün birinci növbədə xarici investisiyaları ölkəyə cəlb etmişdir. Ən qürurdoğuran fakt budur ki, bu gün Azərbaycan Dövlət Neft Şirkətinin özü artıq investisiya qoyan, xarici ölkələrdə neft infrastrukturu yaradan güclü beynəlxalq şirkətə çevrilmişdir. Yəni Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, “Biz artıq xarici sərmayədən asılı deyilik. Əgər sərmayələr Azərbaycana qoyularsa, biz bundan çox məmnun olarıq. Qoyulmazsa, bu bizim inkişafımıza heç bir təsir etməyəcəkdir.”

Azərbaycan neftçilərinin böyük zəhməti hesabına həyata keçirilən neft strategiyasının uğurlu icrasının nəticəsidir ki, iqtisadiyyatımız dinamik şəkildə inkişaf edir, xalqın həyat səviyyəsi aybaay, ilbəil yaxşılaşır. Azərbaycan nadir ölkələrdəndir ki, hətta 2009-cu ildə dünyada hökm sürən maliyyə- iqtisadi böhran şəraitində belə, maddi sıxıntılar yaşamadı. Bütün bunların təməlində təkrarən qeyd edirik ki, Azərbaycanın neft strategiyası dayanır. Dövlət Neft Şirkətinin xarici şirkətlərlə uğurlu əməkdaşlığı ölkəmizə iqtisadi tərəqqi, eyni zamanda, böyük siyasi divident qazandırır.

İqtisadi müstəqillik siyasi müstəqilliyin təməl prinsiplərindən biri, daha doğrusu, birincisidir” deyən dövlətimizin başçısı İlham Əliyev əlavə olaraq bildirir ki, biz öz sözümüzü xarici təşkilatlarda qətiyyətlə deyirik. “Artıq bölgədə Azərbaycanın maraqları nəzərə alınmadan heç bir təşəbbüs reallaşa bilməz. Azərbaycan bölgənin çox güclü ölkəsinə çevrilmişdirbu amil müstəqil siyasət aparmaq üçün bizə əlverişli şərait yaradır.” Bu fikirlər deməyə əsas verir ki, ölkəmizin sosial-iqtisadi, eyni zamanda siyasi inkişafında neft sənayesinin, neftçilərin çox böyük zəhməti, rolu vardır. 2009-cu ildə Azərbaycanda 50 milyon ton neft çıxarılması ölkə rəhbərinin, eyni zamanda, Dövlət Neft Şirkətinin hər bir işçisinin səmərəli, məqsədyönlü fəaliyyəti nəticəsində mümkün olmuşdur. Bu, ölkə tarixində rekord göstəricidir. 2010-cu ilin birinci yarısında 27 milyon ton neft hasil edilməsi yeni rekord qazanılacağına şübhə yeri qoymur.

Artıq bir neçə ildir ki, Azərbaycan dünyada daha çox qaz hasilatçısı kimi tanınır. Təbii yanacaq qazının istehsalının artırılması üçün real imkanlar olduğu üçün, ixrac imkanları da genişlənir. Bu barədə danışarkən Avropanın Azərbaycan qazına bəslədiyi ümidləri xatırlatmaq vacibdir. Söhbət, ilk növbədə, dünyada ən zəngin yataqlardan biri olan “Şahdəniz” qazının Cənubi Qafqaz və “Nabukko” kəmərləri vasitəsilə Qərb ölkələrinə nəqli məsələsindən gedir. Bur neçə gün əvvəl isə Bakıda Azərbaycan, Rumıniya, Gürcüstan prezidentlərinin və Macarıstan Baş nazirinin görüşündə daha bir mühüm layihə-Azərbaycan qazının Avropa ölkələrinə birbaşa nəqli layihəsi müzakirə olunaraq qəbul edilmişdir. Qeyd edək ki, qısaca AGRİ adlandırılan bu layihənin Cənubi Qafqaz və “Nabukko” kəmərlərinə heç bir aidiyyəti olmayacaq. Layihənin regiondaAvropada enerji əməkdaşlığını daha da gücləndirəcəyini qeyd edən Prezident İlham Əliyev imzalanma mərasimində enerji dəhlizlərinin yaradılmasını əməkdaşlığın genişlənməsində və möhkəmlənməsində mühüm amil hesab edərək demişdir:Enerji sahəsində əməkdaşlıq iqtisadiyyatımızın bütün sektorlarının inkişafına mühüm yol açacaqbu əməkdaşlıq siyasi əlaqələrimizi daha da möhkəmləndirəcəkdir.”

Beləliklə, “Əsrin müqaviləsi” neft sazişlərinin imzalanmasından ötən 16 il Azərbaycanın neft-qaz sənayesinin, bütövlükdə iqtisadiyyatımızın inkişafı, ölkəmizin dünyada böyük nüfuz qazanması, etibarlı tərəfdaşa çevrilməsi, hər bir Azərbaycan vətəndaşının sosial rifah halının yüksəlməsi ilə əlamətdar olmuşdur. Bu hələ başlanğıcdır. Prezident İlham Əliyevin dediyi kimi, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmasaydı, bu gün Azərbaycanın uğurlu inkişafından söhbət gedə bilməzdi. “Neft sənayesi uzun illər bundan sonra da Azərbaycanın uğurlu inkişafını təmin edəcəkdir.”

Ölkəmizin bugünkü və gələcək inkişafı, dünyada heyranlıq doğuran neft strategiyasının uğurları Azərbaycan neftçilərinin adı ilə qırılmaz surətdə bağlıdır. Sizin fədakar zəhmətiniz Azərbaycan tarixinə hələ neçə -neçə parlaq səhifələr yazacaqdır. Elə bu inamla da sizin peşə bayramınızı - 20 Sentyabr Neftçilər gününü ürəkdən təbrik edirik!

Bayramınız mübarək, əziz neftçilər!

 

 

İki sahil.- 2010.- 18 sentyabr.- S. 3.