NEFTÇİLƏR
GÜNÜ MÜNASİBƏTİLƏ DƏNİZKƏNARI
MİLLİ PARKDA SƏRGİ TƏŞKİL OLUNMUŞDUR
Dünyanın enerji təhlukəsizliyinin təminatında
xüsusi rolu olan Azərbaycanın neft-qaz ixrac edən ölkə
kimi tanınmasında ARDNŞ-in strukturlarında
çalışan peşə sahiblərinin əməyi
böyükdür
Ötən gün neftçilərin peşə
bayramı və “Əsrin müqaviləsi”nin
imzalanmasının 16-ci ildönümü ilə bağlı
bayram təntənələri Milli Parkda yüksək səviyyədə
davam etdirildi. ARDNŞ-in ayrı-ayrı strukturlarının
ötən 16 ildə əldə etdiyi nailiyyətləri
özündə əks etdirən sərgidə iştirak edən
Baş nazirin I müavini Yaqub Eyyubov, iqtisadi inkişaf naziri
Şahin Mustafayev, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və
Şirkət rəhbərliyi neftçiləri salamlayaraq,
onlara yeni-yeni uğurlar arzuladı. Sərgidə
nümayiş olunan fotostendlər bir daha Azərbaycanın
neft-qaz sənayesinin keçdiyi inkişaf yoluna bələdçilik
etdi.
Azərbaycan hələ qədim dövrlərdən
bütün dünyada odlar diyarı, neft ölkəsi kimi
tanınıb, dünya neft tarixinə bir çox yeniliklərlə
imza atıb. Neftin sənaye üsulu ilə çıxarılmasına,
boru kəməri ilə nəqlinə, tankerlərlə
daşınmasına məhz Azərbaycanda başlanıb.
Açıq dənizdə neft hasilatı haqqında ideya
çoxdan mövcud olsa da, 1949-cu ildə ölkəmizdə
reallığa çevrilib. Əfsanəvi Neft
Daşlarının fəth olunması Azərbaycan
neftçilərinin quruda və dəniz sahillərində
qazandıqları zəngin təcrubənin nəticəsi idi.
1970-ci illərdə Azərbaycanda neft sənayesi
inkişafının növbəti mərhələsinə qədəm
qoydu. O dövrə qədər dəniz sahələrində
geoloji kəşfiyyat işləri əsasən 40 metrə qədər
dərinlikdə aparılırdı. Lakin perspektivli və zəngin
ehtiyatlara malik olan strukturlar dənizin daha böyük dərinliklərində
yerləşirdi. 70-ci illərdə ölkəmizə rəhbərlik
edən ümummilli lider Heydər Əliyev bunu nəzərə
alaraq Xəzərin Azərbaycan sektoruna yeni texnika və texnologiyaların
gətirilməsinə nail oldu. Beləliklə də daha
perspektivli sahələrə çıxmaq imkanı
yarandı. Neft Donanması dənizin dərinsulu hissələrində
işlərin daha səmərəli aparılması
üçün zəruri əhəmiyyət kəsb edən
Xəzər və şelf tipli 10-dan artıq yarımdalma və
özüqalxan qazma qurğusu, seysmik mühəndis geoloji-elmi
tədqiqat, sərnişin və təchizat gəmiləri, digər
texnika və avadanlıqlarla komplektləşdirildi. Bakıda Dərin
Özüllər Zavodu tikildi. Azərbaycanın
inkişafının, iqtisadi yüksəlişinin təməli
və hələ uzun illər xalqımızın
rifahının yaxşılaşdırılmasında
xüsusi rol oynayacaq “Azəri”, “Çıraq”, “Günəşli”
kimi yataqlar kəşf olundu. Dayazsulu “Günəşli”
yatağının dərinliyi 157 metrə qədər olan
hissəsində tikilən dərin dəniz özülləri
və platformalardan sahilə çəkilən sualtı
neft-qaz kəmərləri Azərbaycan neftçilərinin
öz qüvvəsi ilə həyata keçirildi. Keçilən
bu inkişaf yolu fotostendlərdə öz
əksini tapmışdı.
1991-ci ildə
Azərbaycan dövlət müstəqilliyini əldə etsə
də, həmin dövrlərdə ölkəmizdəki böhran neft sənayesindən
də yan keçmədi. 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdan ulu öndər Heydər Əliyev
qısa müddətdə ölkədə siyasi stabilliyi bərqərar etdi
və iqtisadi böhranın aradan qaldırılması üçün
yeni neft
strategiyasını işləyib hazırladı.
1994-cü ilin sentyabrın 20-də dünyanın 11 transmilli neft şirkəti
ilə Xəzər dənizinin Azərbaycan sektorunda
“Azəri”, “Çıraq”, “Günəşli”
yataqlarının birgə işlənilməsi və pay bölgüsü
haqqında saziş imzalandı. Müqavilə
təkcə dünya bazarını əlavə
yüksək keyfiyyətli neft ilə təminatına
deyil, eyni zamanda ölkəmizin və
bütövlükdə regionun makroiqtisadi dirçəlişinə rəvac verdi. Sazişin imzalanmasından ötən dövrdə Azərbaycanın
neft sektoruna təqribən
38 milyard dollar sərmayə
qoyulub, neft-qaz
hasilatında rekord nəticələr əldə
edilib. “Əsrin müqaviləsi” digər yataqlar və strukturlar
üzrə irimiqyaslı layihələrin həyata
keçirilməsinə yol açdı.
Stendlərdə ulu
öndər Heydər Əliyevin “Azərbaycan xalqının
azadlıq və müstəqillik uğrunda
mübarizəsində öz təbii sərvətlərinin
sahibi olmaq arzusu əsas məqsədlərdən biri idi. Bu gün
iftixar hissi ilə deyə
bilərik ki, Azərbaycan xalqı uzun illər boyu ürəyində
gəzdirdiyi arzusuna
çatmışdır və öz təbii
sərvətlərinin, o cümlədən
neftinin tam sahibidir və ondan necə
istifadə olunmasını sərbəst surətdə müəyyən
edir” fikri diqqəti xüsusi cəlb edirdi. Bu günün
reallıqları həmin tezisin təsdiqidir.
Azərbaycanın yeni layihələrin əsas
iştirakçısı və təşəbbüsçüsü
kimi çıxış etməsi iqtisadi və maliyyə imkanlarımızın
genişlənməsini göstərir. ARDNŞ bu gün 14 saziş üzrə işlər aparır ki, bu layihələrdə
də dünyanın 14 ölkəsini təmsil edən 24
şirkət iştirak edir.
Müvəffəqiyyətlə icra olunan bu sazişlər yeni neft
strategiyasının tərkib hissələrindəndir.
Görülən işlər Azərbaycan
iqtisadiyyatının, ilk növbədə
neft sənayesinin çoxşaxəli
inkişafına güclü təkan verdi. Yeni texnologiyaların, müasir
avdanlıqların, maşın və mexanizmlərin tətbiqinə,
yeni idarəetmə metodlarının mənimsənilməsinə,
neft sənayesinin beynəlxalq standartlar səviyyəsində yenidən
qurulmasına imkan yarandı. Hazırda Azərbaycanda
fəaliyyət göstərən konsersumlar,
əməliyyat şirkətləri, Dövlət Neft Şirkətinin neftqazçıxarma idarələri,
müştərək müəssisələr tərəfindən
ümumilikdə 61 yataq uğurla
istismar olunur. Xarici neft şirkətləri
ilə aparılan axtarış kəşfiyyat, qazma, tikinti və hasilat üzrə böyük
həcmdə işlər həyata keçirilib
və uğurlu nəticələr əldə
edilib.
Azərbaycan bu gün neft
deyil, qaz
ixracatçısı kimi də mövqeyini möhkəmləndirir. 1999-cu ildə
kəşf olunan və xarici
tərəfdaşlarla birlikdə işlənməyə daxil edilən “Şahdəniz” yatağı
haqlı olaraq dəniz akvatoriyasında ən
iri qaz kondensat
yataqlarından hesab olunur.
“Şahdəniz” layihəsinin birinci mərhələsinin müvəffəqiyyətlə
həyata keçirilməsi respublikamızın daxili tələbatını ödəməyə
və xaricdən qaz idxalına son qoymağa imkan yaradıb. Sərgidə qlobal
əhəmiyyətli neft-qaz layihələrinin
sxemləri də diqqəti çəkirdi. Dövlət
başçısı İlham Əliyevin
vurğuladığı kimi, bu layihələr dostluğa,
əməkdaşlığa xidmət etməlidir. Şaxələndirməni
enerji təhlükəsizliyinin əsas elementi kimi dəyərləndirən
Azərbaycan enerji
daşıyıcılarını dünya
bazarlarına çıxaran, ölkəmizin maraqlarına xidmət
edən, ölkələrarasında əməkdaşlıq əlaqələrini
möhkəmləndirən layihələrə dəstəkdir.
Fotostendlərdə ARDNŞ-in keçdiyi inkişaf yolu da qeyd edilib.
Bu gün regionun ən iri güclü neft şirkətlərindən biri
kimi tanınır. Şirkət müvafiq istehsal güclərinə,
inkişaf etmiş
xidmət sektoruna, böyük
elmi-texniki potensiala malikdir. Ölkə üzrə ilbəil artan neft və qaz hasilatında ARDNŞ-in
xüsusi yeri və
payı vardır. Şirkətin strukturunda
20 iri idarə, o
cümlədən neftin, qazın kəşfiyyatı,
işlənməsi, hasilatı, nəqli, emalı, marketinqi, habelə bu sahələr
üzrə ixtisaslaşmış elmi-tədqiqat və layihə
müəssisələri, trestlər, zavodlar,
institutlar, laboratoriyalar
fəaliyyət göstərir. Bu sahələrdə
zəngin potensial toplanıb.
Azərbaycan tarixən neft geofizikasının yaranma
və inkişaf mərkəzlərindən
biri olub. Hələ
XX əsrin əvvəllərində burada
termometriya elektrik qravomaqnit və seysmik kəşfiyyat
işləri aparılmağa başlanıb. XX əsrin ikinci yarısı Azərbaycan geofizikləri üçün daha uğurlu olub. Onlarla neftli-qazlı struktur
məhz geofiziki üsullarla
aşkar edilib. Bu gün biz
fəxr edirik ki, “Azəri”-”Çıraq”-”Günəşli”
və “Şahdəniz”, başqa neft-qaz kondensat yataqları
daxili imkanlarımızla kəşf edilib. Azərbaycan geofizikləri
Xəzərin başqa milli
sektorlarında yerləşən və uğurla
işlənməkdə olan yataqların kəşfində
də böyük rol
oynayıblar. Şirkətin Geologiya və
Geofizika İdarəsi bu
gün həm elmi, həm
də istehsal sahələri üzrə dinamik sürətlə inkişaf
edir və təkmilləşir. Son dövrlərdə idarənin maddi-texniki bazası yeniləşdirilir. Sevindirici haldır ki, kəşfiyyat
və mədən geofizikası sahələrində, habelə
mədən geofizikası üzrə aparılan işlərin
elmi-texniki səviyyəsi əsaslı surətdə
yüksəlib.
Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq şirkətin
çevik, rəqabətədavamlı
beynəlxalq səviyyəli quruma
çevrilməsi istiqamətində ardıcıl tədbirlər
həyata keçirilir. Bu
məqsədlə Böyük Britaniya, Almaniya, Avstriya, Rumıniya, Gürcüstan,
Qazaxıstan, Ukrayna və İranda
Şirkətin nümayəndəlikləri yaradılıb. Gürcüstan və Türkiyədə
törəmə müsəsisələrimiz uğurla
fəaliyyət göstərir.
Ölkə
iqtisadiyyatının inkişafında neft
amilinə yüksək dəyər verən ulu
öndər Heydər Əliyevin bu günün reallıqlarında öz əksini tapan fikirləri
sərgi iştirakçıları tərəfindən də
xüsusi qeyd olundu. Neft strategiyasının həyata keçirilməsində
böyük rola malik neftçilərimiz ümummilli
lider Heydər Əliyevin müəllifi olduğu neft
strategiyasının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi
nəticəsində Azərbaycanın uğurlarını
önə çəkərək gələcəyə
böyük inamla irəlilədiklərini
bildirdilər.
ARDNŞ-in Sosial İnkişaf
İdarəsinin nəzdində fəaliyyət göstərən
mədəniyyət saraylarının uşaq
və rəqs ansamblları öz mahnı
və rəqsləri ilə bayram tədbirini
daha da gözəlləşdirdilər.
Bayramlarını
daim yüksək nəticələrlə
qeyd edən neftçilər bildirdilər
ki, ulu öndər
Heydər Əliyevin onlara diqqət və
qayğısının bu gün
Prezident İlham Əliyev
tərəfindən davam etdirilməsi onlarda ruh yüksəkliyi
yaradır, gələcəyə daha böyük inamla baxmağa,
plan-tapşırıqları vaxtından əvvəl yerinə
yetirməyə stimul verir.
Sentyabrın 20-də Dənizkənarı
Milli Parkda 20 sentyabr - “Neftçilər günü”
münasibətilə konsert olmuşdur. Parkda
quraşdırılmış səhnədə Azərbaycanın
incəsənət ustaları maraqlı konsert
proqramı ilə çıxış etmişlər.
Konsertin
aparıcıları Azərbaycanın tarixinə qızıl
hərflərlə yazılmış 1994-cü ilin 20 sentyabrını - “Əsrin müqaviləsi”nin
imzalandığı günü, o vaxtdan bəri həyata keçirilmiş möhtəşəm layihələr
barədə konkret faktları
xatırlatmışlar.
Milli Parkda bayram gəzintisi və
konsert gecədən xeyli
keçənədək davam etmişdir.
Nail Rəhimzadə
İki sahil.- 2010.- 21 sentyabr.- S. 3.