“Əsrin
müqaviləsi” dünya dövlətlərinin
Azərbaycana inamını artırdı
Azərbaycan zəngin təbii sərvətləri ilə
məşhurdur. Bu sərvətlər içərisində
neft əsas yer tutur. Azərbaycan neft sənayesi
özünün 150 illik tarixi ərzində böyük
inkişaf yolu keçmişdir. Lakin Azərbaycan xalqı
yalnız XX əsrin sonlarında müstəqillik
qazandıqdan sonra bu sərvətlərdən tam bəhrələnmək
imkanı qazanmışdır.
Bu imkanı reallığa çevirən isə ulu
öndər Heydər Əliyev dühasıdır. Məhz
böyük siyasətçi Heydər Əliyevin təşəbbüstı
və rəhbərliyi ilə ilk dəfə olaraq Azərbaycanda
neft emalı üçün xüsusi proqram
hazırlanmış və həyata keçirilməyə
başlanmışdır. 1994-cü il sentyabrın 20-də
Bakıda “Gülüstan” sarayında Qərbin neft şirkətləri
ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan
Respublikasının yeni tarixinin şanlı səhifəsini
açdı.
Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”,
“Çıraq” və “Günəşli” yataqlarının
birgə işlənməsi və hasilatın pay
bölgüsü haqqında, sonradan “Əsrin müqaviləsi”
adını almış Sazişin imzalanması həyata
keçirildi. Bu müqaviləni dünyanın 8 ölkəsindən
11 iri neft şirkəti imzalamışdır. Dünyanın ən
iri və aparıcı dövlətlərinin neft şirkətlərilə
belə bir Sazişin imzalanması ümummilli lider Heydər Əlivevin
müdrik siyasətinin, uzaqgörənliyinin və siyasi cəsarətinin
ifadəsi idi. Saziş bütün dünya dövlətlərinin
Azərbaycana inamını artırdı və sonradan
dünyanın ən böyük və tanınmış neft
şirkətlərinin ölkəmizə axınına şərait
yaratdı. Bu müqavilə imzalandıqdan sonra Azərbaycan
bir çox dünyamiqyaslı, irihəcmli layihələrin
daimi iştirakçısına çevrildi.
Bunlara 1999-cu ilin noyabrında Türkiyənin Istanbul
şəhərində ATƏT-in sammitində ABŞ,
Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və
Türkmənistanın prezidentləri tərəfindən
imzalanmış Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin
çəkilişi haqqında dövlətlərarası
müqaviləni göstərmək olar. Heydər Əliyevin
düşünülmüş neft strategiyasının nəticəsində
Azərbaycan regionun inkişafında keyfiyyətcə yeni
iqtisadi model formalaşdıran, Avropa və Asiya arasında
siyasi və ticarət əlaqələrinin genişləndirilməsində,
Qafqaz nəqliyyat dəhlizinin inkişafında, İNOQEYT,
TRASEKA və digər nəhəng layihələrin gerçəkləşməsində
Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan
bir dövlətə, dünyanın neft mərkəzlərindən
birinə çevrilmişdir.
Azərbaycan dövlətinin inkişafında
dönüş nöqtəsi olan müqavilənin
imzalanmasından artıq 16 il ötmüşdür. Keçən
müddət ərzində “Əsrin müqaviləsi” üzrə
Azərbaycanın payina düşən neft gəlirlərinin
axını sayəsində maliyyələşən daxili
investisiyaların artımı hesabına iqtisadiyyatda
tarazlı inkişaf təmin edilməklə, yüz minlərlə
yeni iş yerləri yaradılmışdır və bu gün
də yaradılmaqdadır. Neftdən gələn gəlirlərin
qeyri-neft sektoruna yönəldilməsi sayəsində Azərbaycanda
yüksək sürətli iqtisadi inkişaf baş
vermişdir. Adambaşına düşən gəlir,
ümummilli gəlirin həcmi dəfələrcə
artmış, əhalinin ümumi yaşayış səviyyəsi
qat-qat yüksəlmiş, Azərbaycan Respublikası regionda
vahid liderə çevrilmişdir. “Əsrin müqaviləsi”ndən
əldə olunan neft gəlirləri ölkə vətəndaşlarının
sosial-iqtisadi tərəqqiyə çıxışı
prosesini sürətləndirmişdir.
Azərbaycanda artan büdcə gəlirləri sosial
sahələrin ehtiyaclarının qarşılanmasında əhəmiyyətli
mənbəyə çevrilmişdir. Bu gün ölkəmizdə
təhsil və səhiyyəyə yönələn
qoyuluşlar neft gəlirlərindən düzgün və səmərəli
istifadəni təsdiq edir. “Əsrin müqaviləsi”nə
yalnız iqtisadi mənfəətlər və sosial qazanclar
baxımından yanaşmaq düzgün deyildir. Bu müqavilə
Azərbaycanın Dağlıq Qarabagla bağlı ədalətli
mövqeyinin güclənməsində və mövcud problemin
həllində ən yaxşı vasitəyə
çevrilmişdir. Bu gün ümummilli lider Heydər Əliyev
siyasətinin bəhrələrini görən dövlətimizin
müstəqil ordusu daha da güclənmiş və Azərbaycan
Dağlıq Qarabağ probleminin həllində daha əmin
addımlarla irəliləməkdədir. Təsadüfi deyil
ki, möhtərəm Prezidentimiz İlham Əliyev müqaviləni
ölkəmizin inkişafında yüksək qiymətləndirərək
bildirmişdir: “Biz hamımız yaxşı bilirik ki, əgər
1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən
o qətiyyətli addımlar atılmasaydı və “Əsrin
kontraktı” imzalanmasaydı, bəlkə də Azərbaycanın
inkişafı tam başqa istiqamətdə davam edərdi. “Əsrin
kontraktı”nın imzalanması ilə Azərbaycan nəinki Xəzər
hövzəsinin böyük, zəngin resurslarını
dünya şirkətləri üçün açdı,
eyni zamanda, Azərbaycanın uzunmüddətli və uğurlu
inkişafını təmin etdi”.
Cəlil İmanov
İki sahil.- 2010.- 28 sentyabr.- S. 6.