Sosial-iqtisadi inkişafın yeni mərhələsi başlanır

 

Keçid dövrünü uğurla başa vuran ölkəmizdə 2010-cu il üçün möhkəm baza yaradılmışdır

 

Yenicə yola saldığımız 2009-cu il artıq tarixə çevrildi. Azərbaycan üçün əlamətdar hadisələrlə, böyük quruculuq işləri ilə, beynəlxalq miqyasda inkişafın təsdiqi, dünya birliyində layiqli mövqe tutması ili kimi səciyyələnən həmin il, hər şeydən əvvəl, Prezident İlham Əliyevin söz sahibi olduğunu sübut etdi. 2008-ci il oktyabrın 15-də keçirilmiş prezident seçkilərində xalqın böyük dəstəyi ilə qalib gəlmiş İlham Əliyevin növbəti illərdə Azərbaycanda davamlı inkişafa nail olunacağı, insanların həyat səviyyəsinin daha da yüksəldiləcəyi barədə verdiyi vədlərin uğurla yerinə yetirilməsi dövlət başçısına inam və etimadı daha da möhkəmləndirdi.

Bu mənada, 2009-cu il sosial-iqtisadi həyatda, ölkənin qarşısında duran bir sıra problemlərin həllində yaddaqalan hadisələrlə zəngin oldu. Dünyanı bürümüş maliyyə-iqtisadi böhrandan ölkəmizin itkisiz çıxması, belə şəraitdə də öz inkişafını davam etdirməsi, çoxsaylı proqramları icra etməsi 2009-cu ilin əsas xüsusiyyətləridir. Ən əsası odur ki, dövlət başçısının sosial-iqtisadi siyasəti inflyasiyanın artmasının qarşısını aldı, xalqımız böhranın yaratdığı çətinlikləri öz həyatında hiss etmədi, əhalinin güzəranının yaxşılaşdırılması üçün Prezident İlham Əliyev tərəfindən göstərilən fəaliyyət davam etdirildi. İqtisadiyyatın əsas göstəricisi olan ümumi daxili məhsulun (ÜDM) ilin sonunda 9 faizi ötməsi ölkəmizin nəyə qadir olduğunu ortaya qoydu.

İqtisadi inkişafın, xalqın həyat səviyyəsinin yüksəlməsinin doğurduğu yüksək əhval-ruhiyyə ilin son günündə daha aydın nəzərə çarpırdı. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ilinin başlanması ilə əlaqədar keçirilən bayram tədbirləri əhalidə xoş ovqat yaratmışdı. İnsanlar bayram günlərində səhərə qədər gəzintidən ayrılmaq istəmirdilər. Təkcə paytaxtımız deyil, bütün şəhər və rayon mərkəzlərimiz, qəsəbələrimiz bayram libasına bürünmüşdü. Belə büsat yalnız iqtisadi inkişaf, xalqın həyat səviyyəsi yüksək olan ölkədə qurula bilər. Azərbaycanın məhz belə ölkə olduğu bir daha təsdiqini tapdı.

Bu sözləri yazarkən Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqa müraciətində, həmçinin xarici informasiya agentliklərinə müsahibəsində ifadə etdiyi fikirləri xatırlamamaq olmur. “Biz öz xalqımıza arxalanırıq, apardığımız reformalara arxalanırıq, Azərbaycan xalqının iradəsinə arxalanırıq” deyən dövlətimizin başçısı xüsusi olaraq vurğuladı ki, 2009-cu ildə bütün planlar, nəzərdə tutulmuş bütün tədbirlər icra edildi. Regionların inkişafı sürətlə davam etdirildi. “Son 6 ildə Azərbaycanda 800 mindən çox iş yeri açılmış, bütün bölgələrdə abadlıq, quruculuq işləri aparılmışdır.”

Prezident İlham Əliyevin diqqətə çatdırdığı daha bir əhəmiyyətli fakt budur ki, ötən il Azərbaycanda 50 milyon ton neft, 25 milyard kubmetr qaz hasil edildi. Azərbaycan təkcə özünün deyil, yaxın-uzaq bir sıra ölkələrin də enerji təhlükəsizliyini təmin edir.

2010-cu ildə Azərbaycan mavi yanacağının ixrac coğrafiyasının daha da artacağı nəzərdə tutulub.

Yeri gəlmişkən qeyd edək ki, əldə olunmuş razılaşmaya əsasən, bu il yanvarın 1-dən Rusiyaya ölkəmizdən qaz ixracına başlandı. Gündəlik ixrac 1,5 milyon kubmetrdir. Bu rəqəmin ilin sonuna qədər bir neçə dəfə artırılacağı nəzərdə tutulmuşdur.

Qaz ixracı ilə bağlı İranla da danışıqlar aparılır. Beləliklə, Azərbaycanın qaz idxal edən ölkədən ixracatçı ölkəyə çevrilməsi artıq reallıqdır.

Prezident İlham Əliyevin xalqa müraciətində vurğuladığı əsas məsələlərdən biri Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Bu istiqamətdə vacib addımlar atıldığını qeyd edən dövlətimizin başçısı dedi: “Əsas məsələ budur ki, Azərbaycanın müdafiə etdiyi mövqe danışıqlar prosesində üstünlük təşkil edir. ...Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıb və heç vaxt olmayacaqdır.”

Bununla belə, Azərbaycan hərbi potensialını gücləndirir. Prezident İlham Əliyevin Rusiyanın “Vesti” televiziya proqramına müsahibəsində dediyi “Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün imkanlardan istifadə edə bilər” sözləri Ermənistanda böyük vahimə yaradıb. Politoloqlar bütün situasiyaları, o cümlədən son vaxtlar Rusiyanın Azərbaycana yaxınlaşmasını nəzərdə tutaraq belə proqnoz verirlər ki, 2010-cu ildə münaqişənin həllində əsaslı dönüş olacaq.

Hələliksə Azərbaycan hərbi potensialını artırır, iqtisadiyyatını inkişaf etdirir, xalqın həyat səviyyəsinin daha da yüksəldilməsi üçün dövlət başçısı tərəfindən mühüm sərəncamlar verilir.

Məlumdur ki, 2010-cu ilEkologiya ilielan olunub. Bu proqrama uyğun olaraq, ölkədə 3 milyon ağac əkilməsi, məişət tullantılarının emalı üçün zavod tikilməsi, Bakı buxtasının təmizlənməsi, bəzi sənaye müəssisələrinin şəhərdən kənara çıxarılması s. nəzərdə tutulub.

2010-cu ildə tamamlanmamış bir sıra layihələr başa çatdırılacaq. Qəbələ-Bakı su kəməri işə salınacaq, metronun yeni stansiyalarının tikintisi davam etdiriləcək. Qeyri-neft sektorunun inkişafı dövlətin yenə diqqət yetirdiyi əsas məsələlərdən biri olacaq.

2010-cu ildə Bakıda Koroğluya Dədə Qorquda abidə qoyulacaq, yeni parklar salınacaq, paytaxtın gözəlliyinin artırılması üçün mühüm işlər görüləcək, regionların sürətli inkişafı davam etdiriləcək.

Ölkədə görüləcək bu işləri, hər il olduğu kimi, yenə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə həyata keçiriləcək yeni proqramlar, layihələr tamamlayacaq.

Uğur olsun, Azərbaycan!

 

 

Telman Qafar

 

İki sahil.- 2010.- 6 yanvar.- S. 3.