Virtual dünya diaspor quruculuğu işinə rasional yanaşma tələb edir

 

Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyevdir

 

- Rasim müəllim, xaricdə yaşayan soydaşlarımızın vahid informasiya məkanı ətrafında konsolidasiyası qloballaşma dövrünün diktə etdiyi zərurətdir. Bu istiqamətdə hansı addımlar atılmışdır?

- Qloballaşan dünyada dövlətlərin xarici siyasət və diplomatiya sahəsində qazandığı nailiyyətlər bir sıra meyarlarla yanaşı, həm də onun xaricdə formalaşdırdığı diasporun potensial imkanları ilə ölçülür. Azərbaycan dövləti də məhz bu reallıqdan çıxış edərək, müxtəlif səbəblərdən xarici dövlətlərdə yaşamağa məhkum olunmuş soydaşlarımızın Ana Vətənlə əlaqələrıni genişləndirmək, onların milli-mənəvi birliyinə nail olmaq üçün ardıcıl və sistemli tədbirlər həyata keçirir. Son illər diaspor quruculuğu sahəsində gerçəkləşdirilən vahid dövlət siyasətinin prioritet məqsədi xaricdə yaşayan soydaşlarımızda milli özünüdərki gücləndirmək və onları milli mənafelər naminə səfərbər etməkdir.

Bəşəriyyətin mövcudluq tarixi göstərir ki, xalqların taleyində mühüm rol oynamış, davamlı milli inkişaf strategiyasının müəllifinə çevrilmiş böyük siyasi liderlər həm də birləşdirici keyfiyyətləri ilə əbədiyaşarlıq hüququ qazanmışlar. Bu gün hamı etiraf edir ki, məhz ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın istəyilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Xalqın təhtəlşüurunda bütöv, milli şəxsiyyət kimi təcəssüm olunan Heydər Əliyev dühası Azərbaycana ikinci rəhbərliyi dövründə vətəndaş sülhü və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirmiş, bu siyasi xətti özünün konkret addımları ilə kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırmışdır. Ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançıliq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görmüş, ümumxalq birliyinin politoloji-nəzəri əsaslarını irəli sürmüşdür. “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gun də fəxr edirəm ki, mən Azərbaycanlıyam” - deyən ulu öndər yeritdiyi siyasətlə dünya azərbaycanlılarının siyasi-mənəvi liderinə çevrilmişdir.

2003-cü ildən ölkəmizə rəhbərlik edən Prezident İlham Əliyev ötən müddət ərzində Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid ideologiya və milli mənəvi dəyərlər sistemi ətrafında birləşməsinə, onların malik olduğu böyük potensialın ümummilli problemlərinin həllinə yönəldilməsinə xidmət edən bir sıra tədbirlər həyata keçirmişdir. Respublikamızın hazırkı dinamik inkişaf mərhələsində dünya azərbaycanlılarının milli məqsədlərin reallaşdırılması ruhunda köklənməsi, qarşıda duran strateji hədəflərin dəqiq müəyyənləşdirilməsi zərurətə çevrilmişdir. Eləcə də, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xaricdə yaşayan soydaşlarımızm birlik və həmrəyliyinin möhkəmləndirilməsi, mədəni irsimizin qorunması və təbliği, digər xalqların diasporları ilə hərtətəfli əlaqələrin inkişafı, türk dünyasının birliyi istiqamətində fəaliyyətin intensivləşməsi, virtual dünyanın sərhədsiz imkanlarından səmərəli istifadə edilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir.

- Virtual Azərbaycanın yaradılması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verərdiniz?

- Virtual dünya XXI əsrin başlanğıcında real dünya ilə həmahəng formalaşan, İnternet vasitəsi ilə insanları bir-birinə bağlayan, onlar arasında heç bir məhdudiyyət olmadan sosial kommunikasiya mühiti yaradan, obrazlı desək, “dünyanı kiçildən” bir gerçəklikdir. Coğrafi məkan üzərində formalaşmış virtual məkan Yer kürəsinin yeni xəritəsini, siyasi-coğrafi arxitekturasını müəyyənləşdirir. Virtual dünyanın formalaşması vasitələri kimi isə ilk növbədə informasiya-kommunikasiya texnologiyaları çıxış edir.

Virtual məkan, virtual dünya reallıqları hələlik insanlar tərəfindən tam mənası ilə qavranılmasa da, irəlidə gözlənilən təzahürlər dərk olunmasa da, qarşısıalınmaz proses olaraq indiyədək coğrafi məkan anlamında yanaşdığımız vətən anlayışına yeni baxış formalaşdırır. İndiyə qədər vətən anlayışı konkret ərazi, məkan hüdudlarında (dövlət, mahal, bölgə və s.) dərk edilirdisə, XXI əsrin yeni reallıqları artıq “virtual vətən” anlayışını da meydana çıxarır. Başqa sözlə, cəmiyyətin müxtəlif sferaları qloballaşdığı kimi, vətən hissi də, qüruru da qloballaşır. Zaman və məkana sığmayan virtual Vətən insanın duyğu orqanları ilə deyil, təfəkkürü, yüksək intellekti, düşüncəsi ilə dərk olunur. Bu kontekstdə vətən təkcə üzərində gəzdiyimiz, son mənzildə baş qoyduğumuz torpaq deyildir. Vətən, eyni zamanda, əsrlərdən bu yana folklorumuzu, adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi, dilimizi, dinimizi, tariximizi özündə əks etdirən informasiya məkanıdır. Xalqımızın milli informasiya məkanı min illərdən bu günə gəlib çatmış, zəngin, dəyərli informasiyalar əsasında formalaşmışdır.

Tarixən müxtəlif xalqlar bir coğrafi məkandan digərinə köçüb məskunlaşmağa, yaşadıqları coğrafi ərazini bu və ya digər səbəblərdən tərk etməyə məcbur olmuşlar. Lakin bir müddətdən sonra məskunlaşdıqları məkanı vətən kimi qəbul etməyə başlamışlar. Çünki həmin insanlar məskunlaşdıqları coğrafı məkana həm də milli mənəvi dəyərlərini, adət-ənənələrini, bir sözlə, bu xalqa məxsus informasiya məkanını da gətirmiş, qərinələr boyu formalaşmış informasiya mühitində özlərini vətəndəki kimi hiss etmişlər. Başqa sözlə, tamamilə özgə, yad olan coğrafi məkan da Ana Vətənin bir hissəsi olan informasiya mühitinin təsiri altında tədricən doğmalaşır, vətənə çevrilir.

Dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunması istiqamətində qarşıda duran ən mühüm vəzifələrdən biri milli informasiya məkanını qloballaşdırmaq, həmvətənlərimiz arasında ortaq informasiya mühitinə çevirmək, milli mənəvi dəyərlərin daşıyıcısı olan informasiya resurslarına çıxışı təmin etmək və bu sahədə mövcud olan problemləri həll etməkdir.

Beləliklə, XXI əsr inanılmaz elmi-texnoloji inkişafı ilə yeni bir Azərbaycanın yaranışına bünövrə qoyur. Bu, virtual məkanda formalaşan, konkret ərazi hüdudları və sərhədlərlə məhdudlaşmayan virtual Azərbaycandır. Qloballaşan dünyanın sərt reallıqları konkret ərazi, sərhəd, dil, din, milli mənəvi dəyərlər əsasında formalaşan Azərbaycan dövləti ilə yanaşı, “virtual Azərbaycan”ın da yaradılmasını son dərəcə aktual məsələyə çevirir. Virtual Azərbaycan elə Virtual Vətən deməkdir. Virtual məkanın hansı bir nöqtəsində Azərbaycan dəyərlərini, həqiqətlərini əks etdirən bir kontent-sərvət varsa, o da vətənin bir damlasıdır. Yer kürəsinin müxtəlif guşələrinə səpələnmiş azərbaycanlılar virtual informasiya məkanı ilə ana vətəni, qohum-əqrəbası, yaxınları ilə əlaqə saxlamalı, adət-ənənələrini, dəyərlərini unutmamalı, onları qorumalı və inkişaf etdirməlidir. XXI əsrdə dünya azərbaycanlıları dedikdə, təkcə coğrafi deyil, həm də virtual Azərbaycanın “sakinləri” olan soydaşlarımız nəzərdə tutulmalıdır. Ana Vətəndən ayrı düşmüş azərbaycanlılar məhz müasir informasiya texnologiyalarının köməyi ilə “Virtual Vətən” formalaşdırmalıdırlar.

Müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların coğrafi vətənlə bağlılığının təmin edilməsi baxımından virtual Azərbaycanın yaradılması istiqamətində əməli tədbirlər həyata keçirməyin vaxtı çatmışdır. Nəzərə almaq lazımdır ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar təkcə coğrafi məkandan - Ana torpaqdan deyil, həm də milli informasiya məkanından kənar düşmüşlər. Qeyd etmək lazımdır ki, Virtual Vətən yaratmağa nail olmuş bir sıra xalqlar nəinki özlərini bu təhlükədən hifz etmiş, həm də təşkilatlanaraq, həmrəylik nümayiş etdirərək, dünya siyasətinə əhəmiyyətli dərəcədə nüfuz imkanları qazanmışlar. Bu baxımdan, hazırda qarşımızda duran ən başlıca vəzifə dünya azərbaycanlılarını məhz virtual məkan üzrə səfərbər etmək, milli mənəvi və ideoloji dəyərlər əsasında silahlandırmaqdır. Yalnız Virtual Azərbaycan vasitəsilə formalaşacaq milli informasiya mühiti xaricdəki soydaşlarımızın vahid məram və məqsədlər ətrafında konsolidasiyasına etibarlı zəmin formalaşdıra bilər.

Əslində, bunu XXI əsrin ideologiyası diktə edir. Bu barədə akademik Ramiz Mehdiyev “Azərbaycan 2003-2008: reallığa çevrilən qeyri-adi zaman” əsərində haqlı olaraq yazır ki, XXI əsrdə bəşəriyyəti ağuşuna almış qloballaşma dalğası, xüsusən də müstəqilliyini yenicə qazanmış dövlətlər qarşısında zamanla ayaqlaşmaq, onun tələblərinə uyğun siyasət yeritmək, müasir dünya siyasətinin reallıqlarını düzgün dəyərləndirmək kimi mühüm vəzifələr müəyyənləşdirmişdir. Eyni zamanda, amerikalı filosof T.Fridmanın bu fıkrini də bölüşür ki, əgər ötən əsrdə böyük dövlətlər kiçikləri udurdularsa, XXI əsrdə “sürətli” dövlətlər “ləng”, “astagəl” dövlətləri həzm edəcəklər. Bununla filosof hazırda dünya nizamında yeni geosiyasi reallıqların meydana çıxdığına, çevik xarici və daxili siyasət yeridən kiçik dövlətlərin beynəlxalq münasibətlər sistemindəki mövqeyinin əsaslı dərəcədə möhkəmləndiyinə işarə edir. Yəni “virtual dünya”da hər bir dövlətin gücü və qüdrəti onun intellektual potensiala, informasiya texnologiyalarına nə dərəcədə yiyələnməsi, informasiya resursları vasitəsilə qloballaşan dünyaya təsir imkanları ilə müəyyən olunacaqdır. Biliklərə əsaslanan iqtisadiyyat quran, virtual informasiya məkanının reallıqlarına uyğun çevik siyasət yeridən dövlətlər qloballaşan dünyanın yeni siyasi simasının müəyyənləşməsində əsas söz sahibi kimi çıxış edəcəklər.

Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi siyasətin fövqündə məhz ölkənin virtual dünyada layiqli yerinin təmin edilməsi, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı yolu ilə ölkədə insan kapitalının möhkəmləndirilməsi məqsədi dayanır. Dövlət başçısı çıxışlarında daim vurğulayır ki, ölkədə həyata keçirilən yeni neft strategiyasının, sosial-iqtisadi islahatların uğurları davamlı və tarazlı inkişaf baxımından zəruri olan zəngin intellektual resursların, insan kapitalının formalaşmasına xidmət etməlidir: “Inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onlarda uğurun əsas səbəbi neft-qaz deyil, bilikdir, savaddır, müasirlikdir. Bizdə isə həm bu olmalıdır, həm də əlbəttə ki, təbii ehtiyatlar da var. Bu amillərin sintezi Azərbaycanı çox qabaqcıl, müasir ölkəyə çevirəcəkdir”.

- Dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində mövcud olan əsas problemlərdən biri də transliterasiya ilə bağlıdır. Elə son əsrdə ölkəmizdə 3 qrafikadan - ərəb, kiril və latın qrafikalarından istifadə olunması indiyə qədər dərc olunmuş informasiya resurslarının - kitab, jurnal və digər yazı materiallarının təşkil etdiyi milli informasiya məkanımızı da 3 hissəyə bölür. Bunun da hansı problemlər yaratdığı hamıya məlumdur. İnformasiya texnologiya-larının imkanlarından istifadə etməklə bu problemi necə həll etmək olar?

- Bəli, xarici ölkələrdə yaşayan soydaşlarımız Azərbaycan dilində danışsalar da, obyektiv və subyektiv səbəblərdən müxtəlif əlifbalardan istifadə edirlər. Bunun da hansı problemlər yaratdığı hamıya məlumdur. Ona görə də bütün dünya azərbaycanlıları arasında qrafika problemini aradan qaldırmaqla ümumi informasiya mühitini yaratmaq üçün müxtəlif dillərin əlifbasında olan hərflərin qarşılıqlı çevrilməsini - konvertasiyasını həyata keçirən xüsusi proqram təminatı vasitələrinin hazırlanması aktual məsələlərdən biri kimi qarşımızda durur. Bunun da nəticəsində dünyanın istənilən ölkəsində yaşayan hər bir azərbaycanlı kompyuterin ekranında yerləşdirilmiş cədvəldə bir düyməni basmaqla istədiyi qrafikanı seçib lazımi məlumatı oxuyacaq, eyni zamanda, digər qrafikadan istifadə edən azərbaycanlılarla heç bir maneə olmadan elektron yazışmalar aparacaq.

Transliterasiya probleminin həll olunacağı halda, İnternetdə Azərbaycana məxsus tarixi, coğrafi, musiqi, folklor və s. incilərin adları da müəyyən bir standart əsasında başqa dillərin qrafikalarında yazılar, virtual məkanda axtarış vaxtı bu adlarla bağlı çoxçeşidli adlar meydana gəlməz.

- Virtual məkanda hər bir dövlətin gücü və qüdrəti həm də onun malik olduğu elektron informasiya resurslarının çəkisi ilə ölçülür. Azərbaycanda bu istiqamətdə aparılan işləri qənaətbəxş hesab etmək olarmı?

- Təsadüfi deyildir ki, hazırda dünyanın inkişaf etmiş bir sıra dövlətləri virtual məkanda özünü qabarıq göstərən “informasiya savaşı”nda qalib gəlmək üçün sistemli və ardıcıl iş aparırlar. Hazırda milyonlarla informasiya resursunu özündə birləşdirən, 2001-ci ildən fəaliyyətə başlayan Wikipedia adlı nəhəng “İnternet ensiklopediya”sında yaxşı təmsil olunmaq həmin dövlətlərin siyasətində mühüm yer tutur. Azərbaycan haqqında dolğun informasiyanın, məqalələrin, audio-video materialların Wikipediaya daxil edilməsi yeni dövrün tələbi kimi qarşımızda durur. Unutmamalıyıq ki, Wikipediada hansı millət yaxşı təmsil olunursa, o, öz tarixini, mədəniyyətini, ədəbiyyatını, incəsənətini və s. daha yaxşı təbliğ edir, virtual dünyada özünü göstərən sərt rəqabətə tab gətirir. Şübhəsiz, bu prosesdə təkcə dövlət qurumları, ayrı-ayrı təşkilatlar və vətəndaşlar deyil, həm də dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz də yaxından iştirak etməlidirlər. Wikipediada ölkəmiz, tarixi həqiqətlərimiz, milli-mənəvi dəyərlərimiz haqqında təkcə Azərbaycan dilində yox, həmçinin dünya xalqlarının dillərində, xüsusən də, geniş yayılmış dillərdə çoxlu kontentlər yerləşdirilməlidir. Əlbəttə, digər saytların yaradılması, dünya azərbaycanlılarının müxtəlif qrupları arasında on-layn forumların (gənclər, alimlər, yazıçılar və s.) keçirilməsi də məqsədəuyğun olardı.

Fikrimizcə, dünya azərbaycanlılarının milli mənəvi sərvətlərə çıxışının daha da yaxşılaşdırılması baxımından İnternet-televiziyanın yaradılması da aktual layihələr sırasındadır. Belə ki, bu layihə çərçivəsində milli musiqi, kino, teatr və s. sənət incilərini özündə toplayan yeni televiziya texnologiyası heç bir məkan və zaman məhdudiyyəti olmadan Yer kürəsinin istənilən ölkələrdə yaşayan hər bir azərbaycanlının xidmətində olacaqdır.

- İnformasiya cəmiyyətinin zənginləşməsi, əhatə dairəsinin genişlənməsi istiqamətində hansı işlər görülür?

- İnformasiya cəmiyyətinin qurulması müstəqil Azərbaycan Respublikasının dövlət siyasətinin əsas istiqamətlərindəndir. Son illər bu sahədə həyata keçirilən ardıcıl, məqsədyönlü tədbirlər informasiya texnologiyalarının cəmiyyət həyatındakı rolunu xeyli artırmışdır. Belə bir fikir deyilir ki, informasiya demokratiyanın valyutasıdır. İnformasiya cəmiyyətinin yaranması qlobal prosesdir. Bu, elə inteqrasiyanın özüdür. Azərbaycan isə bu istiqamətdə kifayət qədər əhəmiyyətli işlər görüb. Bu gün Azərbaycan qlobal informasiya cəmiyyətinin qurulmasında ən öndə gedən ölkələrdən biridir. Ölkəmizdə uğurla formalaşan informasiya cəmiyyəti istiqamətində əldə olunan nailiyyətlər, həmçinin digər ölkələrdə İnternetin sürətlə inkişafı bu layihələrin həyata keçirilməsi üçün real zəmin yaradır. Heç şübhəsiz, Respublika Prezidenti cənab İlham Əliyevin qayğısı nəticəsində ölkəmizdə formalaşan elektron Azərbaycan da virtual Azərbaycanla tamamilə inteqrasiya olunaraq vahid bir orqanizmə çevriləcəkdir.

Müxtəlif səbəblərdən xarici ölkələrdə yaşayan soydaşlarımızla əlaqələrin genişləndirilməsini xarici siyasətdə prioritet istiqamətlərdən biri kimi nəzərdən keçirən dövlət başçısı İlham Əliyev ölkədəki sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətinə uyğun olaraq, xaricdə yaşayan həmvətənlərimizlə dövrlə səsləşən genişmiqyaslı tədbirlərin həyata keçirilməsini vacib sayır. Bu yöndə aparılan dövlət siyasətinin mahiyyəti dünya azərbaycanlılarının potensial imkanlarını müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həlli naminə səfərbər etmək, milli birliyə, həmrəyliyə və mütəşəkkilliyə nail olmaqdır. İnanırıq ki, dövlətin iqtisadi imkanları artdıqca, dünya azərbaycanlılarının “virtual Azərbaycan” ətrafında möhkəm birlik və həmrəyliyinin təmin edilməsinə xidmət edən bütün layihələr gerçəkləşəcək, yeni keyfiyyət mərhələsinə qədəm qoyacaqdır.

 

 

Şəmsiyyə Əliqızı

 

İki sahil.- 2010.- 6 yanvar.- S. 10-11.