“Ənənələr
və müasirlik-Bakı-2009”
3-cü
beynəlxalq foto müsabiqəsinin qalibləri
mükafatlandırılmışlar
Yanvarın 13-də
Muzey Mərkəzində mərhum heykəltəraş
Müslüm Eldarovun xatirəsinə həsr olunmuş “Ənənələr
və müasirlik - Bakı-2009” 3-cü beynəlxalq foto müsabiqəsinin
qalibləri mükafatlandırılmışlar.
Tədbirdə
çıxış edən “Yeni qalereya” sərgi salonunun
direktoru Rafael Gülməmmədli bildirmişdir ki, tədbir
2001-ci və 2005-ci illərdə keçirilmiş eyniadlı
müsabiqələrin məntiqi davamıdır. Bu
genişmiqyaslı mədəni layihənin həyata
keçirilməsinin bilavasitə təşəbbüskarı
rəssam və ictimai xadim, əsl vətənpərvər
insan Müslüm Eldarov olmuşdur.
Bu müsabiqələrin
əsas ideyası və başlıca məqsədi mədəniyyət,
ümumən humanitar sahələrdə qazanılan təcrübənin
yayılması, mübadiləsi, xalqların və ölkələrin
tərəqqisi naminə beynəlxalq qüvvələrin səfərbər
edilməsidir.
Tədbirdə
Müslüm Eldarova həsr olumuş sənədli film
nümayiş etdirilmişdir.
Gecədə Rəssamlıq
Akademiyasının rektoru, xalq rəssamı, mərhum sənətkarın
atası Ömər Eldarov, Mədəniyyət və Turizm
Nazirliyinin şöbə müdiri Leyla Axundzadə, Rəssamlar
İttifaqının katibi, xalq rəssamı Ağəli
İbrahimov, layihənin əlaqələndiricisi İrina
Eldarova, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev
və başqaları çıxış etmişlər. Natiqlər
yaradıcılığının çiçəkləndiyi
dövrdə həyatdan qəfil getmiş mərhum heykəltəraş
Müslüm Eldarovun qrafika və rəngkarlıq janrında
yaratdığı əsərlərin, xüsusilə heykəltəraşlıq
nümunələrinin sənətkarlıq məziyyətlərindən,
müəllifin zəhmətsevərliyindən, vətəndaş
təəssübkeşliyindən danışmışlar.
Bildirilmişdir ki,
vaxtilə Müslüm Eldarovun rəhbərliyi altında fəaliyyət
göstərmiş Bakı İncəsənət Mərkəzi
bir sıra vacib siyasi-ictimai və mədəni tədbirlərin
mərkəzinə çevrilmişdir. Məhz M.Eldarovun səyi
nəticəsində Rusiya, Fransa, İngiltərə, Birləşmiş
Ərəb Əmirlikləri və başqa dövlətlərlə
əməkdaşlıq genişləndirilmiş, rəssamlarımızın
xarici ölkələrdə əsərlərinin sərgisi
keçirilmişdir. Eyni zamanda, Müslüm Eldarov 1996-cı
ildə Londonda açılmış Azərbaycan Mədəniyyət
Mərkəzinin rəhbəri kimi də bu vəzifədə
7 il səmərəli fəaliyyət göstərmişdir.
Vurğulanmışdır
ki, 2009-cu ilin aprelində elan edilmiş “Ənənələr
və müasirlik - Bakı-2009” 3-cü beynəlxalq foto
müsabiqəsi 8 nominasiya üzrə keçirilmişdir. Yarışmada
15 ölkədən 200-ə yaxın müəllif iştirak
etmişdir. Onlar müsabiqəyə 2000-ə yaxın foto təqdim
etmişlər. Bu əsərlərin içərisindən ən
yaxşı 50 iş min nüsxə ilə buraxılan
kataloqda çap olunmuşdur.
Müsabiqənin nəticələrinə
uyğun olaraq hər nominasiya üzrə 3 qalib müəyyən
olunmuş və onlara diplomlar təqdim edilmişdir.
Ən yaxşı
fotolardan ibarət sərgi də iştirakçılar tərəfindən
böyük maraqla qarşılanmışdır.
İki
sahil.- 2010.- 14 yanvar.- S. 11.