Dəniz qədər məğrur
insan
Həyatının
səkkizinci onilliyini arxada qoyan fədakar insan, təcrübəli
geoloq və akademik Xoşbəxt Yusifzadə
xeyirxahlığı və qətiyyəti ilə
başqalarına örnək olmaqla, neft ideologiyasının təbliğatçısı,
müasirləri üçün canlı ensiklopediyadır
El
ağsaqqallarının müdrik kəlamlarla zəngin
söhbətlərindən eşitmişik ki, ayağı
sayalı qonağın ruzisi özündən əvvəl gələr,
xoşbəxt doğulan uşaq isə dünyaya gəlişi
ilə ailəsinə sevinc bəxş edər. Xoşbəxt Yusifzadəni xoşbəxt
ulduz altında doğulan insan adlandırmaq olar. Adı Azərbaycan
neft sənayesinin korifeyləri arasında hörmətlə
çəkilən Xoşbəxt Yusifzadə kimi insanlara həyatda
az- az təsadüf olunur.
Özünün də
qeyd etdiyi kimi anasının ad günündə doğulan
körpəyə Xoşbəxt adının verilməsi də
bu əlamətdar hadisə ilə bağlıdır.
Uşaqlıq, yeniyetməlik,
gənclik illərindən söz açan Xoşbəxt
müəllim həmişə bir məqama toxunur və deyir:
“Həyatda qazandığım bütün
uğurlarımın mayasında təsadüflər
dayanır.” Xoşbəxt müəllimin
həyatına nəzər salan hər kəs bu inancın hikmətinə
heyrətlənir. Məktəb illərində
rastlaşdığı təsadüflər, həkim olmaq istəyərkən
neftçi peşəsinə marağın yaranması, lap elə
aktyor kimi özünü teatrda sınaması da belə təsadüflərin
nəticəsidir. Kim bilir, bəlkə də uşaqlıqdan
heyran olduğu Xəzərin mavi sularına vurğunluq hissi də
elə bu cür təsadüflərin yaranmasına səbəb
olmuşdur.
Əsas odur ki, belə
təsadüflər Xoşbəxt Yusifzadənin həyatının
mənalı anlarına çevrilməklə Azərbaycan
xalqına səmimi bir insan, çoxsaylı neftçilər
ailəsinə isə öz işinə həyatının mənası
qədər dəyər verən, bacarıqlı ustad və
alim bəxş etmişdir. Necə
deyərlər, adı ilə həyat yolu eynilik təşkil
edən belə insanlara qibtə edilir və az-az hallarda rast gəlmək
olar.
...1952-ci il. Azərbaycan
Sənaye İnstitutunun ( indiki ADNA) geoloji-kəşfiyyat
fakültəsini bitirən məzunlar arasında Xoşbəxt
Yusifzadə də var idi. Seçdiyi peşəsinə
uyğun dağ mühəndisi kimi əmək fəaliyyətinə
başladığı, çox məsuliyyətli bir yola qədəm
qoyduğu üçün sevinən, həm də həyəcan
keçirən Xoşbəxt ilk günlərdən neftçi
əməyinin məsuliyyətini, ona həvalə olunan
işin çətinliyini anladığı kimi insanlara gərəkli
bir peşəni seçdiyi üçün özünü
həqiqətən xoşbəxt hesab edirdi. Hələ gənc yaşlarından onda
belə bir hiss yarandı ki, yerin dərin qatlarından
çıxarılan hər damla neft insanlara nur, rahatlıq bəxş
edirsə, çəkilən zəhmətlərə dəyər.
Xoşbəxt Yusifzadənin
biri-birindən əhəmiyyətli neft strukturlarındakı
fəaliyyətini əks etdirən əmək
kitabçası onun neft sənayesinin inkişafı
üçün göstərdiyi xidmətlərin əhəmiyyətini,
çəkisini göstərir: “Dənizneft” İB,
“Gurğanneft”, ( indiki Neft Daşları), “Ümumittifaq Xəzərdənizneft”
İB, Azərbaycan Dövlət Neft Konserni, ARDNŞ...
Fəaliyyət
göstərdiyi illərdə böyük mühəndis,
geoloq, baş geoloqun müavini, şöbə rəisi,
şirkət rəhbərinin müşaviri kimi məsul
işlərdə çalışan və həmkarlarının
canlı ensiklopediya adlandırdığı Xoşbəxt
Yusifzadə üçün vəzifənin
böyük-kiçiyi yoxdur. Sənə
etibar olunan işin məsuliyyətini dərk edib yerinə
yetirmək tələbi var. Hazırda ARDNŞ-in birinci
vitse-prezidenti kimi məsul bir vəzifəni yerinə yetirən
bu təcrübəli, müdrik insanın arzu istəyinin əsasını
Vətənə layiqli xidmət amili təşkil edir.
Harada
çalışmasından asılı olmayaraq peşəkarlıq,
işinə məsuliyyət, rəhbərliyin və kollektivin
etimadını doğrultmaq hissi onun əbədi bələdçisi
olmuşdur. Uzun illər birgə
çalışdığı həmkarları Xoşbəxt
Yusifzadəni milli-mənəvi dəyərlərdən
qaynaqlanan keyfiyyətlərinə görə sevdiklərini
etiraf edir, yeri gələndə ona bənzəməyə də
çalışırlar. Uzun illər neft sənayesinin
inkişafında ömür-gün keçirənlər, bu fədakar
neftçinin keçdiyi həyat yolundan danışanlar əbəs
yerə söyləmirlər ki, Xoşbəxt Yusifzadə bir məktəbdir.
Daim öyrəniləsi, bu peşəni sevənlərə
örnək olan təcrübə məktəbi.
Xoşbəxt müəllimin
gördüyü biri-birindən əhəmiyyətli işlər,
yetirdiyi mütəxəssislər fədakar neftçinin əmək
fəaliyyətinin maraqlı şəcərəsi kimi
çoxlarına nümunədir.
Elə buna görədir
ki, adamlara yaxşılıq etmək duyğusu onda çox
böyükdür. Elə bu
keyfiyyətlərini əks etdirən “Xoşbəxt Yusifzadə
zirvəsi, fenomeni hər kəsə nəsib olmayan xoşbəxt
məqamlarla zəngindir” deyimi artıq neftçilər
arasında hikmətli söz kimi səslənir.
Bəlkə də
özündə formalaşdırdığı bu keyfiyyətləri
bəzən həlim, hərdən də coşub-daşan Xəzərdən
öyrənib. İnsanlara
qarşı nə qədər mülayimdirsə, işinə
ciddiliyi, qətiyyəti, dönməzliyi, bəzən də
inadkarlığı ilə dənizə bənzəyir.
Açıq dənizdə - Neft Daşlarında
neftçıxarma əmsalının təyin olunmasında da
onun əməyi misilsizdir. Bu bir həqiqətdir ki, Neft
Daşları bu sahədə əmək fəaliyyətinə
başlayan gənc mütəxəssislər üçün
həyat məktəbi, elmi bazadır.
Neft Daşlarında
işləyərkən neft geologiyasının əsasını
öz fəaliyyəti, elmi kəşfləri,
düşüncəsi ilə formalaşdıran Xoşbəxt
müəllim möcüzələr adasının zəngin
sərvətlərinin öyrənilməsi, sirlərinin
açılması üçün əsl alim- geoloq kimi
çalışıb, fədakarlıq göstərib. Kəşfiyyat işlərinin
miqyasının genişlənməsi, dənizdə ilk dəfə
olaraq neft yataqlarının tapılmasında, ən müasir
qazma üsullarının, müasir neft avadanlıq və
texnologiyalarının tətbiqində böyük xidmətləri
olan bu insanı əbəs yerə yenilikçi
adlandırmırlar. Harada işləməsindən
asılı omayaraq, o, aydın başa düşürdü
ki, neftçi əməyinin çətinliyi, Azərbaycan
xalqına məxsus bu sərvətin insanların həyat səviyyəsinin
yaxşılaşdırılması naminə istifadəsi
yalnız çəkilən zəhmət nəticəsində
mümkündür. Neft sənayesində ən müasir
geofiziki texnologiyaların tətbiqi, proqram və geofiziki tədqiqatların
öyrənilməsi, uğurla başa
çatdırılması ömrünü neft sənayesinin
inkişafına həsr etmiş bu cəfakeş insanın
adı ilə bağlıdır.
Onun mənalı
ömrünün ən yaddaqalan anları Azərbaycanın
müstəqillik qazanmasından sonra ölkədə
aparılan neft strategiyasının həyata keçirilməsi
ilə bağlıdır. Ümummilli
lider Heydər Əliyevin hazırladığı bu
strategiyanın elmi əsaslarla həyata keçirilməsində
xidməti olanlar arasında da onun adı birincilər
sırasında çəkilir.
“Əsrin müqaviləsi”nin
reallaşması ilə Azərbaycanın dünya birliyində
ən zəngin neft ehtiyatlarına malik ölkə kimi
tanınmasında da onun təcrübəsinin böyük rolu
olub. Neft müqavilələrinin
reallaşmasında, tanınmış şirkətlərlə
bağlanmış sazişlərin həyata keçirilməsində
, texniki iqtisadi layihələrin işlənməsində xidmətləri
ilə seçilən təcrübəli geoloq kimi “Azəri-Çıraq-Günəşli”
yataqlarının işlənməsi üçün nəzərdə
tutulan ideyaların gerçəkləşməsində də
iştirakı yüksək dəyərləndirilir. Xəzər
dənizinin Azərbaycan sektorunda Xoşbəxt müəllimin
rəhbərliyi və iştirakı ilə “Bahar”, “Bulla-dəniz”,
“Səngəçal-dəniz”, “Duvannı-dəniz”, “Azəri”,
“Çıraq”, “Günəşli”... kimi neft-qaz kondensat
yataqları kəşf olunmuşdur. Böyük qaz
ehtiyatlarına malik, hazırda Avropa dövlətlərinin
enerji təhlükəsizliyinin təminatındakı əhəmiyyəti
xüsusilə qiymətləndirilən “Şahdəniz”
yatağının kəşf olunmasında da təcrübəli
geoloq, istedadlı alim kimi yaxından iştirak etmişdir.
“Şahdəniz”
yatağından söz düşmüşkən,
keçirilən bir görüşdə siyasi fəaliyyətə
başladığı ilk illərdəki vəziyyəti
xatırlayan ulu öndər Heydər Əliyevin onun
haqqında söylədiyi, əməyinə verdiyi yüksək
qiyməti yada salmaq yerinə düşər:
“Hörmətli
Xoşbəxt Yusifzadə xatırlatdı. 1969-cu ildə mən
Azərbaycana rəhbərlik etdiyim zamandan 70-80-ci illərdə
Azərbaycanın neft sənayesinin inkişaf etdirilməsi
üçün çox böyük işlər
görmüş və xidmətlər göstərmişdim.
Xoşbəxt Yusifzadə düz deyir, əgər o illərdə
biz Xəzərin dərinliklərində olan neft və qaz
yataqlarından istifadə edilməsi üçün
lazımı maddi-texniki baza yaratmasaydıq və bu işləri
aparmasaydıq, şübhəsiz indiki nailiyyətləri əldə
edə bilməzdik.” ( B.Bayramov.”Neft Daşları. Tufanlar
qoynunda həyat”.)
Bu sözlər Azərbaycanın
enerji təhlükəsizliyinin təminatında qazanılan
nailiyyətləri bir daha açıqlamaqla, Xoşbəxt
Yusifzadə əməyinə verilən yüksək dəyər
kimi qiymətlidir.
Prezident İlham Əliyevin
Xoşbəxt Yusifzadəni həm mütəxəssis, həm
də işinə, peşəsinə məsuliyyətlə
yanaşan bir insan kimi qiymətləndirməsi də, ona
göstərilən diqqətin davamı, təzahürüdür:
“ Xoşbəxt müəllimə dedim ki, inşaallah, 5 il
bundan sonra gələcəyəm, çox güman ki, daha
yaxşı dəyişikliklər olacaqdır.”
Neft tariximizi yazanlardan
biri kimi onun elmi kəşflərinin istehsalata tətbiqi də
böyük səmərə verir. O, 150-dən artıq elmi əsərin, 18
monoqrafiyanın müəllifidir. Elmi əsərləri
dünyanın neft hasil olunan bir çox ölkəsində
öyrənilir. AMEA-nın Yer Elmləri bölməsində,
elmi-tədqiqat institutlarında qaz yataqlarının öyrənilməsinə
aid tədqiqat işlərinə bacarıqla rəhbərlik
edir. Geologiya İnstitutunda doktorluq dissertasiyalarının
müdafiəsi üzrə yaradılmış Elmi
Şuranın, Xəzər dənizinin Problemləri
Şurasının, Neft və Qazın Geologiyası və
Geokimyası problemləri üzrə Elmi Şuranın
üzvüdür.
Əməyi dövlət
tərəfindən layiqincə qiymətləndirilib. İki dəfə
Azərbaycan Respublikasının Dövlət mükafatı
laureatı adına layiq görülən X. Yusifzadə fəxri
neftçi, fəxri neft kəşfiyyatçısı,
respublikanın əməkdar mühəndisidir. İki dəfə
“Qırmızı Əmək Bayrağı”, “Şərəf
nişanı” “ Şöhrət” və “ İstiqlal” ordenləri
ilə təltif olunub. AMEA-nın akademiki olan X.Yusifzadə Beynəlxalq
Şərq Neft Akademiyasının birinci vitse-prezidenti və
akademiki, Rusiya Beynəlxalq Mühəndislər
Akademiyasının müxbir üzvüdür.
80 illik mənalı
ömrünün böyük hissəsini neft sənayesinin
inkişafına həsr edən Xoşbəxt Yusifzadə kimi
insanlar tək-tək olduğu kimi xidmətləri də əvəzsizdir.
Azərbaycanın Avropa dövlətlərinin enerji təhlükəsizliyinin
təminatındakı rolu, ölkəmizlə bu sahədə
əməkdaşlıq etmək istəyənlərin sayı
çoxaldıqca Xoşbəxt Yusifzadə təcrübəsinə
ehtiyac daha da artacaq. Bundan sonra da imzalanacaq neçə-neçə
sazişin reallaşmasında, Azərbaycanla bağlanacaq neft-
qaz müqavilələrində Xoşbəxt Yusifzadə təcrübəsinə
ehtiyac olacaq. Ona cansağlığı, uzun ömür, həmişə
sadiq qaldığı dəniz məğrurluğu və qətiyyəti
arzulayırıq.
Xuraman
İsmayılqızı
İki
sahil.- 2010.- 14 yanvar.- S. 4.