ARDNŞ-lə İran
Milli Qaz İxrac Şirkəti arasında qısamüddətli müqavilə
imzalandı
Dünən
ARDNŞ-in inzibati binasında Azərbaycan qazının İrana qısamüddətli
nəqlinə dair Şirkətlə İran
Milli Qaz İxrac Şirkəti arasında müqavilənin
imzalanma mərasimi keçirildi.
ARDNŞ-in prezidenti
Rövnəq Abdullayev İran Milli Qaz İxrac Şirkətinin
baş direktoru Seyid Rza Kesaizadənin rəhbərlik etdiyi
nümayəndə heyətini salamladıqdan sonra müqavilə
barədə ətraflı məlumat verdi. Bildirdi ki,
İranın Milli Qaz İxrac Şirkəti ilə imzalanan
müqavilə iki hissədən ibarətdir: “Birinci mərhələ
qısamüddətlidir. Bu sazişə əsasən sutkada
İrana 1,2 milyon kubmetr qaz veriləcək. Sazişin
bütün icra dövrü ərzində ARDNŞ İran tərəfinə
ümumilikdə 100 milyon kubmetr həcmində qaz ixrac edəcək.
Növbəti mərhələdə İrana uzunmüddətli
qaz verilməsi nəzərdə tutulur. Bu əməkdaşlıq
hər iki ölkə üçün əhəmiyyətlidir.
İranla Azərbaycan yaxın qonşu və dost ölkələrdir.
İki dövlət arasında enerji sektoru üzrə əlaqələr
yüksək səviyyədə qurulub.» Uzun müddətdən
bəri Naxçıvan Muxtar Respublikasının qaz təchizatında
İranın mühüm rol oynadığını qeyd edən
ARDNŞ-in prezidenti son dövrdə Azərbaycan qazının
alqı-satqısına dair danışıqların uğurla
davam etdirildiyini diqqətə çatdırdı.
R.Abdullayev bildirdi ki,
bu müqavilələrin həyata keçirilməsi ilə
İranın şimal bölgələrinin,
Naxçıvanın qaz təminatına geniş imkanlar
yaradılacaq.
Görüşdə
iştirak edən İran İslam Respublikasının Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır
Bəhramini yeni əməkdaşlığın təməlinin
qoyulması münasibətilə hər iki ölkənin rəhbərinə,
xalqına təbriklərini çatdırdı. Yaxın gələcəkdə
uzunmüddətli müqavilənin imzalanacağına əminliyini
ifadə etdi. Eyni zamanda ARDNŞ-in prezidenti Rövnəq
Abdullayevə, İran Milli Qaz İxrac Şirkətinin əməkdaşlarına
minnətdarlığını bildirdi.
İran Milli Qaz
İxrac Şirkətinin “Qaz Export” kompaniyasının baş
direktoru Seyid Rza Kesaizadə ARDNŞ prezidenti Rövnəq
Abdullayevi salamlayaraq qeyd etdi ki, qısa müddətdə
müqavilənin imzalanmasına nail olmağımız
böyük uğurdur. Bu kimi addımlar gələcəkdə
əməkdaşlığımızın daha da genişləndirilməsi
üçün işıqlı yoldur. Hər iki tərəf
qaz sahəsində uzunmüddətli əməkdaşlığın
genişləndirilməsində maraqlı olduğunu
nümayiş etdirir. Münasibətlərimiz inkişaf edir, əməkdaşlıqda
yeni prioritetlər müəyyənləşdirilir.
Seyid Rza Kesaizadə təmsil
etdiyi şirkətin Azərbaycanda yanacaq-energetika sektorunda
aparılan işləri diqqətlə izlədiyini bildirdi: “Azərbaycanın
bu gün neft-qaz ixracatçısı kimi tanınması,
dünyanın enerji təhlükəsizliyinin təminatında
mühüm rol oynaması ölkəmizdə sevinclə
qarşılanır. Təbii ki, bu da dövlətinizin
uğurlu siyasətinin nəticəsidir.”
Son illər Azərbaycanın
qeyd olunan sahədə əldə etdiyi uğurları yüksək
dəyərləndirən Seyid Rza Kesaizadə ölkəmizin
qısa müddətdə qaz idxal edən ölkədən
qaz ixrac edən ölkəyə çevrilməsini xüsusi
olaraq önə çəkdi. Söylədi ki, İranın
enerji sahəsində hazırkı siyasəti dünya qaz
bazarında aktiv iştirak etmək və bu sektorda qonşu
ölkələrlə əməkdaşlığı
genişləndirməkdən ibarətdir. 2010-cu ilin ilk
günlərində Türkmənistanla İran arasında
ikinci qaz kəmərinin istismara verilməsi mühüm hadisə
kimi qeyd edildi. İranın təbii qaz ehtiyatlarına görə
dünyada ikinci yerdə qərar tutduğunu vurğulayan
Kesaizadə öz ölkəsinin şimal əyalətlərini
qazla təmin etmək üçün Azərbaycan qazına
ehtiyac duyduqlarını və bununla əlaqədar, ötən
il ARDNŞ ilə İran Milli Qaz İxrac Şirkəti
arasında memorandum imzalandığını bildirdi.
Mərasimdə
Memorandum çərçivəsində tərəflər
arasında qısamüddətli və uzunmüddətli qaz
alqı-satqısına dair danışıqların uğurla
aparıldığı qeyd edildi. Şirkətlər
arasında Azərbaycan qazının İrana qısamüddətli
nəqlinə dair sazişin hazır olduğu bildirildi.
O da qeyd edildi ki, Azərbaycan
qazının İran İslam Respublikasına uzunmüddətli
ixracı barədə müqavilənin hazırlanması
prosesi də davam etdirilir, Şirkətin işçi
qrupları bu istiqamətdə danışıqlar
aparırlar. ARDNŞ tərəfindən Azərbaycanın
qaz-nəql sistemində və yeraltı qaz anbarlarında
aparılan yenidənqurma və rekonstruksiya işləri barədə
də məlumat verildi. Bildirildi ki, hal-hazırda mövcud olan
infrastruktur yüksək həcmdə qaz ötürülməsinə
imkan vermir. Astarada kompressor stansiyasının genişləndirilməsi
işləri həyata keçiriləcək,
Hacıqabul-Astara boru xəttinin təmiri başa
çatdırılacaq. Bu ilin payızında sutkada 3-5 milyon
kubmetr İrana qaz vermək imkanı əldə olunacaq. Uzunmüddətli
müqavilənin imzalanması yay aylarına təsadüf edəcək.
Bu müqavilə əsasında qonşu dövlətə ilk
olaraq 1,5 milyard kubmetr qaz veriləcək. Sonra bu həcmin
artırılacağı nəzərdə tutulur.
ARDNŞ-in prezidenti
İrana ixrac olunacaq qazın Şirkətin müstəqil
işlədiyi yataqlarda həyata keçirdiyi xüsusi Qaz
proqramı əsasında hasil olunduğunu bildirdi.
ARDNŞ-in prezidenti
Rövnəq Abdullayev və İran Milli Qaz İxrac Şirkətinin
baş direktoru Seyid Rza Kesaizadə müqaviləni
imzaladılar.
Sonda tərəflər
media nümayəndələrini maraqlandıran sualları
cavablandırdılar.
Yeganə
Əliyeva
İki
sahil.- 2010.- 14 yanvar.- S. 2.