Poeziya gülşənində sözlə, sazla gəzən şair

 

Ömrünün 60-cı baharını yaşayan xalq şairi Zəlimxan Yaqubun bu gülşəndə yetişdirdiyi güllər gözəlliyi ilə seçilir

Xalq şairi Zəlimxan Yaqub Borçalı mahalının Kəpənəkçi kəndində dünyaya göz açsa da, onun Azərbaycan boyda yurdu, əlli milyonluq sevəni var.

Füzuli sevgisindən, Xətai mətanətindən, aşıq Ələsgər, aşıq Alı ruhundan, xalqdan mənəvi dəstək, ilham alan, qüdrətlənən Zəlimxan Yaqub yaradıcılığı təkrarolunmaz, bənzərsizdir.

“Ömrum boyu pərəstiş etdiyim insanlar müəllimlər, bir də kitabxanaçılar olub” söyləyən şair üçün kitabxana müqəddəs yerdir. Müəllimə peyğəmbərə bərabər varlıq kimi hörmət edən, kitabı Quran qədər müqəddəs tutan şair bu hissi belə izah edir: “Qələm mənim üçün Allahın danışan dilidir.”

Sənət və şəxsiyyət zirvəsinə ucalan, “ocaq bizim, pir bizim, qıfıl bizim, açar bizim, hikmət bizim, sirr bizim”,- deyən, Azərbaycan tarixinin, mənəviyyatının zənginliyindən xəbər verən şeirlərilə qəlbləri oxşayan Zəlimxan Yaqub gözəlliyə həmişə möhtac olduğunu poeziyanın dili ilə açıqlayır. Bu gözəlliyin, məhəbbətin ünvanı isə müxtəlifdir. Bəlkə dünyanın cənnətməkan diyarı olan Azərbaycanı özü üçün vətən seçən, Şuşasızlıqdan, qürbət həsrətindən bağrı qubar bağlayan, alışan, yanan, bənzərsiz Xarı bülbüldür şairə ruh, ilham verən.

“Yaşın nə fərqi var ki...” sözləri elə bil poeziya ümmanından güc alan Zəlimxan yaradıcılığı üçün nəzərdə tutulub. Çünki əqidəsinə sadiq qalan bir vətəndaş kimi şeirləri ilə həmişə yaradıcılığında önəm verdiyi həqiqətin, ədalətin, vətənə xidmətdən yaranan ülvi hisslərin təbliğatçısı kimi çıxış edir. Ən başlıcası isə başqalarından fərqli olaraq etiraf etməyi bacarır. Tanrının bəxş etdiyi ömür payının altıncı onilliyini arxada qoyan şair yaradıcılığının intibah dövrünü yaşasa da, hələ deyilməmiş nə qədər sözü var.

Ötənlərə bələdçilik edən Zəlimxan Yaqubun dediklərini oxuculara da çatdırırıq.

- Zəlimxan müəllim, söhbətimizə vurğunu olduğunuz sazı yaşadan ustad aşıq Alının “Əllini aşırdın, yüzə nə qaldı” misrası ilə körpü salmaq istərdik. Siz əsrin yarısını başa vurmaqla Tanrının qismətinizə yazdığı ömür balansınızdan, yüzdən (oxucular yüz yaş arzulayır) bir onluq da qazanmısınız. Altmışın zirvəsindən ötənlərə nəzər salaraq “Hayıf sənə cavanlıq” söyləyən şairin “Qocalma, Zəlimxan, qocalma hələ” sözlərinə münasibəti necədir?

- Ömrü verən, yaratdığına bəxt-tale yazan Tanrıdır. Elə mən də cavabımı həmkar sözünün qüdrətinə söykənərək bildirmək istəyirəm. Osman Sarıvəllinin “ Hər kim yüz il yaşamasa günah onun özündədir” misrası hamı kimi mənim üçün də dəyərlidir. Mən də yaşamaq məsələsində “özümü günahkar” etmək istəmirəm. Belə bir şair sözü də var: “Ey ilham pərisi, varsansa əgər, bu axşam üstümə qanadını gər.” Şairin ilham pərisi onun yanındadırsa, yazıb-yaratmaq üçün əsas varsa, şair yaşayır. Şükür olsun, ilham pərim məni heç vaxt tək qoymur. Yazıram, yaradıram, Azərbaycanın cahana sığmayan cah-cəlalından ilham alıram. Buna görə də hələ ki “hayıf sənə cavanlıq” deməyə tələsmirəm. Ömrün hər ilinə Allah bir məna verib, naxış vurub. Bu gözəlliyi duyub, yaşamağa dəyər.

- “Millətimi saz anladar, saz anlar, saza baxsın tariximi yazanlar” söyləyən Zəlimxan Yaqub el sənətinin qüdrətini çox şeirlərində vəsf edib. Sazın, sözün vəhdətindən qaynaqlanan şeirləriniz dillər əzbəridir. Aşıqlar Birliyinin sədri kimi sözə, yoxsa saza minnətdar olardınız?

- “Yandırsın canımı çaldığın hava, Kərəmin ağzından çıxan ah kimi.” Siz bu sözlərin fəlsəfəsinə, qüdrətinə fikir verin. Sazdakı şirinlik, sözdəki hikmətin insanda yaratdığı zənginliyə diqqət yetirin. “Yanıq Kərəmi”, “Misri”, “Dilqəmi”, “Ruhani”, “ Sarıtel”... Hansı aşıq havasına qulaq assanız orda mübarizlik, yenilməzlik, əbədiyyət duyğuları hiss edərsiniz. Saz, söz, musiqi, poeziya hər biri ayrı-ayrılıqda insana güc verən, müqəddəsləşdirən varlıqlardır. Onları birlikdə qavramaq insanı formalaşdırır, saflaşdırır, xeyirxahlığa çağırır. Bunları öz zənginliyi ilə, olduğu kimi kimlərəsə çatdırmaq məharət, istedad tələb edir. Saz, söz həyat eşqi deməkdir, insanlara məhəbbət, yaradana inam, Vətənə sədaqət deməkdir. Dünyanın elə bir xalqı yoxdur ki, Azərbaycan aşıqları kimi eyni məqamda dörd vəzifə yerinə yetirsin: ifa etdiyi mahnının sözlərini, musiqisini yazsın, sazda ifa etsin və musiqinin ritminə uyğun rəqs etsin. Bunun üçün xüsusi məharət, bacarıq tələb olunur. Ona görə də deyirlər ki, sözü qüdrətləndirən saz, sazı sevdirən sözdür. Zəlimxan Yaqub üçün bunların hər ikisi Tanrının insanlara bəxş etdiyi əvəzolunmaz nemətdir.

- Zəlimxan Yaqub oxucu sarıdan ən varlı, siyasətçilərin dili ilə deyilsə sosial bazası zəngin olan şairdir...

- Müqəddəs Məkkəni ziyarət etmiş bir hacı kimi tez-tez Tanrıya üz tutmağım da əbəs deyil. El sevgisini qazanmağın özü Yaradan tərəfindən verilmiş bir nemətdir. Tanrının sovqatıdır. Allahın verdiyi neməti dəyərləndirmək isə insanın özünüdərkindən, istedadından, təbiətə vurğunluğundan, halalı haramdan ayırmağı bacarmaq qabiliyyətindən asılıdır. Tanrı nəfsini, dil halallığını qoruyanlardan heç nə əsirgəmir.

- Poeziyada ən çox müraciət olunan mövzulardan biri də qürbət, vətən həsrətidir. Sizin şeirlərinizdə də bu duyğulara rast gəlinir.

- Qürbətdə də vətən eşqi ilə yaşadığımız üçün şeirlər belə duyğulu olur. Vətəndən uzaqda şairi yaşadan qüvvənin adı elə Vətəndir. Azərbaycan mənim üçün yazdıqca tükənməyən bir mövzudur, hər damlası qiymətli olan ümmandır. Müqəddəslər müqəddəsi, ilahi bir varlıqdır. 50 milyonluq Azərbaycan yox, bütün kainatdır. Həyat eşqidir, hikmətdir, sələflərimizin qoruyub bizlərə ərmağan etdiyi qiymətli mənəviyyatdır. Ulu dədələrimizin, ozanlarımızın, tarixi şəxsiyyətlərimizin bizə miras , ərmağan qoyub getdiyi əmanətdir. Dahilərimizin qoru dediyi, sev dediyi bir məmləkətdir. Vətəni sevmək onun dağını, aranını, qumunu, yağışını, selini, leysanını sevməkdir. Məkkədə olduğum zamanda belə, Azərbaycan üçün darıxmışam:

 

Həsrətin sınağından dağlar yaratmışam,

Səfərə çıxan bilər orda qalan köz nədir,

Ürəyi yanan bilər sızıldayan iç nədir,

Adın göylərə çıxsa yadlar üçün heç nədir

Vətəndən şöhrət olar, şöhrətdən vətən olmaz.

 

“Ayrılıq gələndə solur, saralır çəmən, çöl ay Zəlimxan” deyən mənim üçün xalqın mənəviyyatını saflığını qorumaqla saxlamağın özü vətənə sevgi, xalqa xidmətdir. Məmməd Arazın dillərdə dastan olan bir sözü var. “ Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı.” Vətənə vurğunluq bütün şerlərimin ana xəttini, süjetini təşkil edir.

- Qarabağ qubarı vətən sevgisinin ayrılmaz tərəfi olduğu kimi, şəhidlərimizin ruhlarının rahatlıq tapması üçün torpaqlarımızın işğaldan azad olunması, günahsız axıdılan qanlara bais olanların lənətlənməsi Sizin poeziyanızda ağrılı bir duyğu kimi yer alır. Tarixi şeirlərinizlə bu nisgili vəsf etmisiniz. Xalqı düşdüyü bəlalardan xilas edən liderin şərəfinə yazdığınız “Əbədiyyət dastanı” “Peyğəmbər”iniz qədər möhtəşəmdir. Bu barədə nə deyə bilərsiniz?

- Erməni əsarətində qalan torpaqlarımızın azad olunacağı gün uzaqda deyil. Amma təəssüf doğuracaq məsələ budur ki, o torpaqların əksəriyyəti kimlərinsə öz mənafelərini xalqın ümumi marağından üstün tutması bahasına işğala məruz qalıb .

Bu dərdi bizə zaman verdi. Bəzən soruşurlar ki, şairlərin nədənsə , kimdənsə küsüb, incidiyi anlar olur? Əlbəttə olur, şair ona görə şairdir ki, onda hissetmə, duyma qabiliyyəti başqalarından üstündür. Dediyim kimi qara yellər üstümüzdən əsə bilər, əyri əllər yolumuzu kəsə bilər, babaların ruhu bizdən küsə bilər, tarix saxta yazılanda. Ancaq necə deyərlər, hər gecənin bir gündüzü olduğu kimi, Azərbaycan xalqını da belə səhərlərə qovuşduran lider tapıldı. O dahi şəxsiyyət, xilaskar, ümummilli lider Heydər Əliyev oldu. Ulu öndər haqqında çox yazılıb, hələ neçə-neçə kitablar yazılacaq. “ Əbədiyyət dastanı” ulu öndərə həsr etdiyim tarixi bir əsərdir. Azərbaycan xalqı var olduqca onun əməlləri işimizdə, hər birimizin həyatında yaşayacaq. Prezident İlham Əliyevin gördüyü tarixi xidmətlər ulu öndərin ideyalarının davamı olmaqla, onun miras qoyduğu siyasi məktəbin varlığından və əbədiliyindən xəbər verir.

    Mən də bəxtinə Azərbaycanda yaşamaq kimi xoşbəxtlik düşən bir vətəndaş kimi deyirəm:

 

Yağışımla, toxumumla torpaqdayam, qumdayam,

Əkindəyəm, biçindəyəm, şumdayam

Şair olan neylər evi, eşiyi,

Başı üstə Tanrı çəkər keşiyi.

 

- Zəlimxan müəllim, şairin söz sərhədi olurmu?

- Yox, əsl şairin söz sərhədi ola bilməz. Bu sərhəd başlananda şairin qələmi qırılır, yaradıcılıq yolu sona çatır, ilham pərisi sönür.

- Şeirlərinizdə milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirirsiniz. Gənc yazarlara da sözünüz mütləq olmalıdır.

- “Azərbaycan böyük, şair xalqdır” deyimi gəlişigözəl sözlər deyil. Bu millətin adət-ənənəsində bir abır, ismət, əxlaq, fəlsəfə var. Bu incəliyi saxlamaq üçün çalışmalıyıq. Cəmi 300 il təvəllüdü olanların 3500 il yaşı olan Azərbaycandan öyrənməsi üçün nə qədər istəsəniz mənəvi dəyər, zənginlik var. Başqalarından öyrənmək müasirlik, yenilik əlaməti olsa da, burada incə məqamlara diqqət yetirmək, mentalitetimizə uyğun olanları seçmək lazımdır. Akademik Ramiz Mehdiyevin bununla əlaqədar yazdıqları ilə tam şərikəm. O, xalqın ürəyindən xəbər verən məqamlara aydınlıq gətirir.

O ki qaldı cavan yazarlara. Onları ruhlandırmaq, həvəsləndirmək lazımdır. Adətən deyirlər ki, gənclik cığallıqdır, qocalıq müdriklik. Ağsaqqalların böyüklüyü bu cığallığı qəbul etməkdirsə, gəncliyin borcu müdriklərə hörmətlə yanaşmaqdır. Onları görüşlərə dəvət edin. Vallah, Zəlimxan Yaqub kimi deyirəm. Bu milləti musiqi və poeziyanın ruhu ilə xilas etmək olar. Bütün dövrlərdə xalq şairlərin dili ilə, sözün qüdrəti ilə qaranlıqdan aydınlığa çıxa bilib.

 

Nəsimi alnında qanlı bir qürur

Baxır kainata öz dan yerindən

Ondördüncü əsr yıxılır, durur,

Tutur o dahinin ətəklərindən.

 

Yenə də elə olacaq. Prezident İlham Əliyevin apardığı siyasət hər birimiz üçün örnək olmaqla, bu yolda onun ardıcılları kimi birləşmək, həmrəy olmalıyıq.

 

Qəlbində yaz varsa, qışı gözləmə,

Qışın ortasında gül açmaq olar.

 

Bu gün hər bir azərbaycanlı ruhunu bir məqam üstündə kökləyir: Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun, Qarabağ qubarlı nisgilimiz ürəklərdən silinsin. İnanıram ki, bu da olacaq.

Biz də xalq şairi Zəlimxan Yaquba cansağlığı arzulayırıq. Deyirik ki, ulu ozan, qopuzunuzla, sazlı-sözlü çələnginizlə hər vaxt, hər bir elin, obanın sevimlisi kimi əzizsiniz!

 

 

Xuraman İsmayılqızı

 

İki sahil.- 2010.- 22 yanvar.- S. 12.