Dövlətin qayğısı nəticəsində QHT sektorunda ciddi inkişaf baş verib

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin www.yap.org.az saytına müsahibəsi

 

- Azay müəllim, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldıqdan sonra vətəndaş cəmiyyətində nə kimi yeniliklər baş verib? İstərdik ki, bu istiqamətdə görülən işlər haqqında məlumat verəsiniz...

- Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaranmasından təxminən iki ilə yaxın vaxt keçir. Hesab edirəm ki, şura QHT sektorunda kifayət qədər nəzərəçarpacaq işlər, layihələr həyata keçirib. Prezident İlham Əliyevin bu şuranı təsis etməsi vətəndaş cəmiyyətinin tarixində çox ciddi hadisə oldu və QHT-lər yeni inkişaf mərhələsinə qədəm qoydular. İndiyə qədər dövlətlə QHT arasında olan əməkdaşlıq formaları çox inkişaf etməmişdi, QHT-lər xarici donorlardan asılı vəziyyətdə idi. Şura yarandıqdan sonra ilk növbədə dövlətin ayırdığı vəsaiti QHT-lərin layihələrinə yönəltmək səlahiyyətinə malik oldu. Bu, çox böyük yenilik idi. Eyni zamanda, bu fakt göstərdi ki, dövlət QHT sektorunu maddi baxımdan dəstəkləmək əzmindədir.

- Azərbaycanda fəaliyyət göstərən QHT-lər haqqında ümumi məlumatlar mövcuddurmu?

Eləcə də beynəlxalq qurumların yerli QHT-lərlə əməkdaşlığı hansı səviyyədədir?

- Şura yaranandan sonra bütün QHT-lərin keçdiyi yolu araşdırmağa başladı. Bir növ bu sahədə yenidən strukturlaşdırma gedir. Bu, çox önəmlidir. İlk dəfədir ki, QHT-lər haqqında milli hesabat hazırlayırıq. Belə bir hesabat indiyə qədər olmamışdı. Bu hesabatda QHT-lərlə bağlı bütün məlumatlar əksini tapmalıdır. QHT-lərin maliyyə mənbələri tam araşdırılacaq. Beynəlxalq təşkilatlar tərəfindən ictimai sektora yatırılan vəsaitin həcmini və istiqamətini müəyyənləşdirməyə çalışırıq. Bundan əlavə, bu sektorda çalışan şəxslərin, könüllülərin statistikası aparılır. Xarici ölkələrdə QHT-lərin ÜDM-nin formalaşmasında yeri müəyyənləşir. Biz də bilmək istəyirik ki, QHT sektor olaraq ölkənin inkişafında hansı formada iştirak edir və rəqəmlərdə özünü necə göstərir. Eyni zamanda, QHT standartları müəyyənləşir. Ölkədə yüzlərlə QHT var ki, adı var, özü yoxdur. QHT var ki, bir ailənin çevrəsindədir.

- Yəqin belə təşkilatlar yalnız qrant almaq üçün yaradılır...

- QHT-nin əsas məqsədi qrant olmamalıdır, onlar ictimaiyyəti narahat edən məsələlərin həllinə kömək etməlidir. Qrant problemlərin həlli üçün bir köməkdir. Ona görə də, şuranın yaranmasından sonra bütün bunların hamısı gündəmə gəlib. Şura QHT-lərə iki il ərzində təxminən 3 milyon 500 min manata yaxın vəsait ayırıb. Müqayisəli şəkildə desək, ölkəyə 21 milyon dollardan çox vəsait daxil olub. Bunun yalnız təxminən 3 milyonu şuranın payına düşür. Amma bu faktın özü çox böyük əhəmiyyət kəsb edir. Çünki ilk dəfədir ki, dövlət QHT-lərə qrant ayırır. Hətta bu vəsait hökumətin fəaliyyətini tənqid edənlərə də verilir. Biz buna normal yanaşırıq.

- 2010-cu ilin dövlət büdcəsində QHT-lərə nə qədər vəsait ayrılıb? Şura tərəfindən müsabiqələrin elan olunması sahəsində vəziyyət necədir?

- Bu ilin dövlət büdcəsindən QHT sektoru üçün 2 milyon 68 min manat vəsait ayrılıb. Biz bu vəsaiti bir neçə mərhələdə təqdim edəcəyik. Artıq birinci mərhələyə başlamışıq. Bilirsiniz ki, hələ ötən ilin dekabr ayında ilk qrant müsabiqəsinin elanını verdik və yanvarın 15-də sənədlərin təqdim edilməsi mərhələsi başa çatdı. Artıq bir ay ərzində 484 təşkilatdan layihə almışıq. Bu rəqəm ötən illə müqayisədə çox böyükdür. Keçən il 1 milyon 848 min manat vəsait müqabilində cəmi 568 layihə almışdıqsa, indi 903 min manatın müqabilində 484 ərizə almışıq. Bu ilk növbədə dövlətin QHT-lərə yardımına olan inamdır. Şuranın daxil olan ərizələri obyektiv araşdırmaq baxımından üzərinə məsuliyyət düşür. Biz az vəsaiti daha ədalətlə bölməliyik. Müsabiqəni isə üç mərhələdə həyata keçiririk. Birinci mərhələdə katibliyin tərkibində yaradılan komissiya ilk texniki seleksiyaları həyata keçirir. Şərtlər və qaydalar çərçivəsində hər bir QHT-nin layihəsi qəbul olunur. Və qaydalara əməl olunubsa, layihə ikinci mərhələyə təqdim edilir. Ötən il bu baxımdan bəzi QHT-lərə müəyyən güzəştlər etdik. Amma bu dəfə belə olmayacaq. Bir həftədən sonra ekspertiza mərhələsi başlayacaq. Ötən il bir layihənin dəyərləndirilməsinə üç eksperti cəlb etmişdik. Bu il isə iki ekspertin imkanlarından istifadə edəcəyik. Səbəb odur ki, bir layihənin üç ekspert tərəfindən dəyərləndirilməsinə xeyli vaxt gedir. Bu da bizim digər mərhələlərdə vaxtımızı məhdudlaşdırır. Dəyərləndirmədən sonra şura müvafiq qərarlar qəbul edəcək. Bütün işlər qrafikə uyğun şəkildə gedərsə, martın 10-dan sonra nəticələri elan edə bilərik. Aprel-may ayında isə yeni müsabiqələrin elan edilməsini düşünürük. Bundan başqa, bizim həm beynəlxalq təşkilatların, həm də özəl sektorun nümayəndələri ilə birgə layihələrimiz olacaq. Ekoloji təşəbbüsləri də dəstəkləyəcəyik.

- Ötən il keçirilən müsabiqəyə etiraz edənlər də oldu. Onlar sizi qeyri-obyektiv olmaqda ittiham edirdilər. Yenə də belə iradlar gözləyirsinizmi? QHT-lər vaxtında maliyyə hesabatlarını təqdim edirlərmi?

- Bəzi QHT-lər özlərini çox ərköyün aparırlar. Onlar bizə maliyyə hesabatını vaxtında təqdim etmirlər. Müəyyən səhlənkarlığa yol verirlər.. Bu cür QHT-lərin siyahısını müəyyənləşdirmişik. Yəqin ki, bu təşkilatlarla gələcəkdə əməkdaşlıq etməyəcəyik. QHT-lər özlərinə arxayın olmalı, innovativ təşəbbüslərlə çıxış etməlidirlər. Rəqabətə tab gətirən layihələr hazırlamalıdırlar və təkliflərini kifayət qədər əsaslandırmalıdırlar. Hər hansı xahişlə, tapşırıqla, müdaxilə ilə şuradan qrant almaq mümkün deyil. Çünki layihələr ekspertlərin rəyi ilə qəbul olunur. Hesab edirəm ki, bu prosesdə şəffaflığın təminatı baxımından KİV-lər də fəal rol oynamalıdır.

- Hazırda ölkəmizdə nə qədər QHT qeydiyyatdan keçib? Dövlət Dəstəyi Şurasının yaradılması yeni təşkilatların yaranmasına da təsir edirmi?

- Bəli, şura yaranandan sonra QHT-lərin də sayı xeyli artıb. Ümumiyyətlə, hazırda 2500-ə qədər QHT Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Biz bu təşkilatların mərkəzləşdirilmiş vahid məlumat bazasını yaradırıq. Bunu hazırlamaq üçün QHT-lərlə əlaqələr qurmuşuq. Hazırda 800-ə yaxın təşkilatın baza məlumatlarını hazırlamışıq. Hesab edirəm ki, yaxın aylarda QHT məlumat kitabını ictimaiyyətə təqdim edəcəyik.

             

 

İki sahil.- 2010.- 22 yanvar.- S. 5.