Düzgün təməl üzərində qurulan siyasət ölkəni inkişafa aparır

 

Azərbaycanın bugünkü uğurları fonunda radikal müxalifət qüvvələrinin apardıqları təbliğatın heç bir əsası yoxdur

 

Son günlərin “diqqət çəkən” olaylarından biri özlərini “ana müxalifət” kimi ictimai fikrə sırımağa çalışan qüvvələrin bəzi xarici dairələrin diktəsi əsasında ölkədə ictimai-siyasi durumu gərginləşdirmək istəyində bulunmalarıdır. Onların bu cəhdlərinin dırnaqarası diqqət çəkdiyini ona görə qeyd edirik ki, kimlikləri, fəaliyyətləri qaranlıq olan bu dairələrin daim “biz də varıq” prinsipinə sadiqlik nümayiş etdirdikləri hər kəsə bəlli olduğundan göstərdikləri canfəşanlıqlar da heç kəsdə təəccüb doğurmur.

Ölkəmizin bugünkü uğurları fonunda radikal müxalifət qüvvələrinin apardıqları təbliğatın heç bir əsası yoxdur. Ölkə ictimaiyyəti Azərbaycan gəncliyindən öz çirkin niyyətlərini həyata keçirmək üçün bir vasitə kimi istifadə edən bu qüvvələrə kəskin etirazlarını bildirirlər. Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının üzvü Anar Axundzadə ilə söhbətimiz də bu mövzu ətrafındadır.

- Anar müəllim, öncə YAP-ın bu günədək qazandığı uğurların gələcəyə hansı inamla baxmağa əsas verdiyi barədə fikirlərinizi bilmək istərdik.

- Yeni Azərbaycan Partiyasının yarandığı zərurət hər kəsə aydındır. Bu, o dövrün gənclərinə bəlli olsa da, bugünkü gəncliyin də borcudur ki, həmin şərəfli tarix barədə məlumatlı olsun. YAP ölkəmizin tanınmış ziyalılarının ulu öndər Heydər Əliyevə müraciəti əsasında yaranıb. O dövrün gənclərindən biri kimi partiyanın yarandığı gündən üzvüyəm. Naxçıvan Muxtar Respublikasında Gənclər Təşkilatının sədri vəzifəsində çalışmışam. Bu, mənim bir gənc olaraq Yeni Azərbaycan Partiyasının gələcəyinə inamımın təsdiqi idi.

Ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri partiyanın bu gününə və gələcəyinə bələdçilik edir. YAP Azərbaycan dövlətçiliyinə, xalqın rifahına xidmət edir. Düzgün siyasətin nəticəsidir ki, bu gün partiyanın sıralarında 500 mindən artıq üzv birləşir. Üzvlərin böyük əksəriyyətini gənclər təşkil edir. Bu ondan irəli gəlir ki, Azərbaycan gəncləri həyata keçirilən siyasəti dəstəkləyir, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək gələcəyə böyük inamla irəliləyir. Ölkədə keçirilən bütün seçki proseslərində partiyanın böyük uğur qazanmasında da bu amilin rolu böyükdür. Xalqın partiyası olan YAP uğurlu siyasəti ilə bu inamı daha da möhkəmləndirir.

- Bir vətəndaş olaraq bu günün reallıqları fonunda Azərbaycanı necə dəyərləndirirsiniz?

- Bu il dövlət müstəqilliyimizin bərpa olunmasının 20-ci ildönümü qeyd olunacaq. Bununla əlaqədar olaraq dövlət başçısı İlham Əliyev fərman imzalayıb. Həmin sənəddə də qeyd edildiyi kimi, bu, ötən bu dövr ərzində Azərbaycanın keçdiyi inkişaf yoluna bir baxış, onun düzgün təhlilidr. Təbii ki, Azərbaycan vətəndaşı olaraq bugünkü Azərbaycanı müstəqilliyimizin ilk illərindəki Azərbaycanla müqayisə edəndə böyük qürur hissi keçirirəm. Azərbaycanımız 1993-cü ildən, yəni ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra böyük inkişaf, tərəqqi yoluna çıxdı. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son yeddi ilin statistikasına diqqət yetirdikdə isə bu inkişafın daha da sürətləndiyinin aydın şahidi oluruq. Zaman dəyişir. Ötən hər bir il mühüm uğurlarla yadda qalır. Əldə olunan uğurlar qarşıya yeni vəzifələr qoyur. Bir sözlə, hər bir dövrün öz tələbi var. Ölkəmiz müasirləşir, yeniləşir. Dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən geniş istifadə edilir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizin beynəlxalq təşkilatlara üzv qəbul olunmasının əsas səbəblərindən biri ölkəmizdə mövcud olan dəyərləri dünyanın qabaqcıl ölkələrinin meyarlarına uyğunlaşdırmaqdır.

Dövlətin tərəqqisində təhsilin rolunu önə çəkən Prezident İlham Əliyevin bu istiqamətdə gördüyü işlər xüsusi qeyd edilməlidir. Uşaqların kiçik yaşlarından informasiya-kommunikasiya texnologiyaları ilə tanış olmasına xüsusi diqqət göstərilir. Bu gün məktəblərimizdə hər 20 şagirdə bir kompyuter vardır. Dövlət başçısının vurğuladığı kimi, bir neçə il bundan əvvəl məktəblərdə min şagirdə bir kompyuter var idi ki, bu da dekorasiya naminə qoyulmuşdu, istifadə edilmirdi. Hazırda isə ən ucqar dağ rayonlarında, paytaxtdan uzaqda yerləşən bölgələrdə uşaqlar artıq informasiya-kommunikasiya texnologiyaları ilə tanışdırlar. Bu istiqamətdə Heydər Əliyev Fondunun xidmətləri böyükdür.

- Anar müəllim, daxili bədxahlarımızın bu uğurlara kölgə salmaq üçün ictimai-siyasi sabitliyi pozmaq istəklərini neçə şərh edərdiniz?

- Reallığa üstünlük verən xalqımız hər bir qüvvənin nəyə qadir olduğunu çox yaxşı bilir. Ən əsası müstəqilliyimizin ilk illərində Azərbaycanın durumu ilə bugünkü Azərbaycanın təhlilini verməklə inkişafın hansı səviyyədə olduğunu aydın görürlər. “Ulu öndər Heydər Əliyev müasir Azərbaycanın yaradıcısıdır” fikri təsadüfi deyilmir. Bu fikir özündə həmin dövrün, eyni zamanda bu günədək keçilən yolun gerçəkliklərini özündə birləşdirir. Ümummilli lider Heydər Əliyev Azərbaycanı xaosdan, anarxiyadan, iqtisadi tənəzzüldən xilas etdi. Torpaqlarımızın işğalının qarşısı alındı. 1994-cü ilin mayın 12-də atəşkəsin əldə olunması ilə ölkəmizin həyatında yeni bir mərhələ başlandı. Həmin dövrdə informasiya blokadasında olan Azərbaycan erməni diasporunun gücü sayəsində dünyaya işğalçı ölkə kimi təqdim olunurdu. Ölkəmizə qarşı ədalətsiz 907-ci düzəlişin tətbiqində də ölkəmiz haqqında məlumatsızlıq az rol oynamamışdı. Ulu öndər Heydər Əliyev uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanın ətrafında yaradılan informasiya blokadasını yardı, ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ciddi səylər göstərdi. Ölkəmizin bir sıra beynəlxalq təşkilatlara üzv qəbul olunması həqiqətlərimizin təbliğində yeni imkanlar yaratdı. Bu, reallıqdır, bunu inkar etmək olmaz. Azərbaycanın daha da qüdrətli, zəngin ölkəyə çevrilməsi üçün Prezident İlham Əliyev Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir. Düzgün təməl üzərində qurulan siyasət ölkəni ancaq və ancaq inkişafa aparır.

Bu gün radikal müxalifət qüvvələri şəhərin mərkəzi yerlərinə mitinq keçirmək üçün can atır. Buna icazə verilməyəndə bunu insan hüquqlarının pozulması kimi qələmə verirlər. Ölkəmizdə insan huquqlarının yüksək səviyyədə qorunduğu göz qabağındadır. İnsan hüquq və azadlıqlarının yeni müdafiə mexanizmləri müəyyənləşdirilir. Konstitusiyamızda əksini tapan müddəaların böyük əksəriyyəti insan hüquqlarının müdafiəsinə xidmət edir. Digər tərəfdən vətəndaşların sərbəst toplaşmaq huquqları lazımi səviyyədə təmin olunur. “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun ildən-ilə təkmilləşdirilməsi dövlətin bu sahəyə diqqətinin bariz göstəricisidir. Kütləvi aksiyaların, mitinqlərin keçirilməsi üçün lazımi yerlər ayrılıb. Radikal müxalifətin bu yerlərə deyil, məhz şəhərin mərkəzinə daha çox meyil göstərmələri onların hansı məqsədi güddüklərini açıqlayır.

Demokratik cəmiyyətdə yaşayırıq. Hər kəs öz fikrini sərbəst şəkildə ifadə etmək hüququna malikdir. Lakin verilən bu azadlıqdan, yaradılan demokratik şəraitdən sui-istifadə etmək yolverilməzdir.

- Radikal müxalifətin cızdıqları senarinin əsas oyunçuları kimi gəncləri seçmələrinə münasibətiniz.

- Azərbaycan gəncləri sağlam düşüncəli gənclərdir. Onlar ölkəmizdəki inkişafı görür, yüksək dəyərləndirir. Ə.Kərimli, İ.Qəmbər kimi “lider”lərin gəncləri öz təsirləri altına salıb, onlardan məqsədli planlarını həyata keçirmək üçün bir vasitə kimi bəhrələnmələri qəbulolunmazdır. Bu şəxslərin gəncləri hansı ruhda tərbiyə etdikləri aydındır. Şəxsi maraqlarının girovuna çevrilən bu qüvvələri dövlətin, xalqın mənafeyi, milli maraqlar heç zaman düşündürməyib.

Azərbaycan gəncliyi radikal müxalifətin atdığı bu kimi çirkin addımlara laqeyd olmamalı, öz etirazını bildirməlidir. Sabitliyi pozmaq, ölkədə qarşıdurma yaradaraq Azərbaycanın demokratik imicinə zərbə vurmaq istəyən bu qüvvələrə xalqımız hər zaman “yox” deyib, bundan sonra da “yox” deyəcək.

 

 

Yeganə Əliyeva,

 

Nail Rəhimzadə

 

İki sahil.- 2011.- 1 aprel.- S. 13.