Müstəqil
dövlətçiliyimiz və Ana dili
Hər bir xalqın həyatında
mühüm rol oynayan faktorlardan biri, bəlkə də
başlıcası dildir.
Dil həm
psixologiyadır, həm
də mədəniyyətdir.
Milləti birləşdirən, onun tarixin
“dağıdıcı” sınaqlarından keçməsində,
özgürlüyünün qorunub saxlanmasında və gələcək
nəslə ötürülməsində, şübhəsiz
ki, milli dilin rolu əvəzedilməzdir. Bütün xalqlarda
olduğu kimi, Azərbaycan xalqının da dili onun milli
varlığını müəyyən edən
başlıca amillərdəndir.
Azərbaycan
Respublikasında Ana
dilimizin istifadəsinin
genişlənməsinə,
ümumilikdə, bu sahəyə
xüsusi qayğı
əsasən vətənini
canından çox
sevən müdrik
dövlət
xadimi Heydər
Əliyevin
hakimiyyətə gəlməsindən
sonra geniş vüsət
almışdır. XX
əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli
inkişafı, ümumişlək dilə, dövlət dilinə
çevrilməsi, diplomatiya aləminə yol açması,
dünyanın böyük dövlətlərinin və beynəlxalq
təşkilatların kürsülərində səslənməsi
bilavasitə Heydər Əliyevin adı ilə
bağlıdır. Belə ki, 1969-cu il iyulun 14-də Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər
Əlirza oğlu Əliyevin respublikaya rəhbər seçilməsi
ilə xalqımızın tarixində keyfiyyətcə yeni mərhələ
başlandı. Ulu öndərin hakimiyyətə gəlməsi
ilə Azərbaycanda dövlət idarəçiliyində
yeni nəfəs, yeni iş metodu, ciddi nizam-intizam
yaradıldı. Azərbaycan xalqı ümummilli liderin ətrafında
sıx birləşərək nəhəng problemləri həll
etməyə başladı.
Heydər
Əliyevin hakimiyyətdə olduğu 1969-1982-ci illərdə
əldə ediləsi mümkün olmayan nailiyyətlər
öz gerçəkliyini tapdı. Bu dövrdə xalqın həyatında
əsaslı dönüş yarandı. İlk növbədə
təhsil, mədəniyyət, incəsənət, milli mənəvi
dəyərlərin qorunması və inkişaf etdirilməsi
qarşıya məqsəd kimi qoyuldu. Sənaye obyektlərinin
sayı artırıldı, məhsul istehsalının həcmi
yüksəldi, kənd təsərrüfatı sahəsində
sürətli inkişaf əldə edildi. Bir sözlə,
bütün sahələr üzrə misli görünməmiş
uğurlar qazanıldı. Böyük tarixi şəxsiyyətin
1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi
dövrə nəzər saldıqda diqqət çəkən
ən vacib və zəruri məqamlardan biri də hələ
o vaxt bugünkü müstəqilliyin təməlinin
yaradılması sahəsindəki fəaliyyətidir. Kommunist
rejiminin sərt qaydalarına baxmayaraq xalqımızın
tarixi, mədəniyyəti, incəsənəti, mənəviyyatı
ilə bağlı məsələlər ətraflı şəkildə
müzakirə olunmuş və milli tərəqqiyə yönələn
mühüm əhəmiyyətli qərarlar qəbul
olunmuşdur.
O
dövrdə ölkədə milli dillərin
sıxışdırılması siyasətinin yeridildiyi bir
zamanda ulu öndər Ana dilinin - Azərbaycan dilinin
inkişafına xüsusi diqqət yetirirdi. Lakin hər bir
xalqın milli mənəvi dəyərlərinin
yaradılması və inkişaf etdirilməsində Ana dilinin
müstəsna rol oynadığını deyən türk
dünyasının lideri Heydər Əliyev Azərbaycan
dilinin daha da zənginləşdirilməsi, dövlət dili
statusunun qorunması sahəsində bir-birinin ardınca
mühüm əhəmiyyət kəsb edən tədbirlər
həyata keçirirdi. Ana dilində dərsliklərin və
kitabların nəşrinin genişləndirilməsi,
dilçi alimlərə qayğı göstərilməsi belə
tədbirlərdən idi. Ötən əsrin 70-ci illərinin
ortalarından başlayaraq milli dillərin
sıxışdırılması tədricən gücləndirilirdi.
O vaxt “Vahid sovet xalqı”, “vahid dil” siyasəti nəinki
geniş təbliğ olunur, hətta güclü şəkildə
tətbiq edilirdi. Kommunist ideologiyasının hakim olduğu bir
dövrdə milli dil məsələsinin ortaya atılması
tutduğu vəzifədən asılı olmayaraq hər bir şəxs
üçün bir növ tale məsələsi ola bilərdi.
Hətta bu məsələ bir çox xalqların siyasi xadimləri
üçün faciə ilə nəticələnmişdi.
Bütün bunlara baxmayaraq, ümummilli lider Heydər Əliyev
Ana dilinin inkişafına qətiyyətlə
çalışırdı. Ulu öndər Sovet rejiminin
tüğyan etdiyi bir vaxtda deyirdi ki, Konstitusiya vətəndaşlara
təhsil hüququ vermişdir. Bu hüquq Ana dilində oxumaq
imkanı ilə təmin olunur. Beləliklə, SSRİ
Konstitusiyası qəbul edildikdən sonra müttəfiq
respublikaların Konstitusiya layihələri dərc olunaraq ümumxalq
müzakirəsinə verildi. Azərbaycan Konstitusiyası layihəsinin
ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş
iclasda ulu öndər Heydər Əliyev qətiyyətlə
bildirmişdir: “Azərbaycan Sovet Sosialist Respublikasının
dövlət dili Azərbaycan dilidir”. Bu təklif yekdilliklə
qəbul edildi və Azərbaycan SSR-də dövlət dili Azərbaycan
dili oldu.
Təəssüflər
olsun ki, müstəqillik əldə etdikdən sonra hakimiyyətə
gələn və idarəetmədə naşı olan dairələr
Ana dilimiz və milli kimliyimizlə bağlı ümummilli
maraqlarımıza zidd olan siyasət yürüdürdülər.
Lakin
1993-cü ilin iyununda hakimiyyətə gələn və Milli
Məclisin sədri kimi fəaliyyətə başlayan Heydər
Əliyev “Azərbaycan dili” və ya “Türk dili” məsələsini
1995-ci ilin oktyabr, noyabr aylarında xalqın müzakirəsinə
verdi. Müzakirələrdə ziyalılarla yanaşı, sadə
xalq kütlələri də iştirak etdi. Qızğın
mübahisələrdən sonra 1995-ci ilin 12 noyabrında Milli
Məclisdə böyük mütəfəkkir müdrikliyi ilə
ulu öndər Heydər Əliyev müzakirələrə
yekun vurdu.
Nəhayət,
bu məsələ Azərbaycan Konstitusiyasının 21-ci maddəsində
öz əksini belə tapdı: “Azərbaycan
Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan
Respublikası Azərbaycan dilinin inkişafını təmin
edir”. Beləliklə, Ana dilimiz, mənəviyyatımız,
milli mənəvi dəyərlərimiz özümüzə
qaytarıldı, adət-ənənələrimiz qorundu,
inkişaf etdirildi. Azərbaycan müstəqil dövlət
kimi Avropaya və dünya birliyinə inteqrasiya yolunda inamla irəlilədi,
beynəlxalq münasibətlər sisteminin fəal üzvlərindən
birinə çevrildi. Daima xalqı dilini sevməyə, ona
milli varlıq kimi yanaşmağa sövq edən ümummilli
lider Heydər Əliyev xalqın formalaşmasında,
yaşamasında Ana dilinin rolunu yüksək qiymətləndirərək
deyirdi: “Bütün xalqlarda olduğu kimi, Azərbaycan
xalqının Ana dili onun milli varlığını müəyyən
edən başlıca amillərdəndir... İnkişaf
etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir,
ölməzdir, böyük gələcəyə malikdir. Ona
görə də xalqımıza ulu babalardan miras
qalmış bu ən qiymətli milli sərvəti hər bir
Azərbaycan övladı göz bəbəyi kimi qorumalı,
daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs
vətəndaşlıq borcudur”.
Konstitusiya
ilə yanaşı, ulu öndərin imzaladığı
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” 18 iyun 2001-ci il tarixli, 506 saylı fərman, “Azərbaycan
Respublikası Dövlət Dil Komissiyasının tərkibinin
təsdiq edilməsi haqqında” 4 iyul 2001-ci il tarixli, 76
nömrəli sərəncam, “Azərbaycan əlifbası və
Azərbaycan dili gününün təsis edilməsi
haqqında” 9 avqust 2001-ci il tarixli, 552 nömrəli sərəncam
və nəhayət, 2003-cü il yanvarın 2-də qüvvəyə
minmiş “Azərbaycan Respublikasının dövlət dili
haqqında” qanun ölkəmizdə dil siyasəti və dil
quruculuğunun mükəmməl konsepsiyasını, onun
uzunmüddətli strategiyasını və aydın
proqramını verən tarixi qanunvericilik aktlarıdır. Bu sənədlərin
hazırlanmasında böyük tarixi şəxsiyyət Heydər
Əliyevin yüksək intellekti, zəngin dövlətçilik
təcrübəsi, yenilməz məntiqi, vətəndaşlıq
qeyrəti, Ana dilinə misilsiz məhəbbəti mühüm
rol oynayıb.
Azərbaycan
dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi
və yabançı təsirlərdən qorunması, habelə
bu dilin saflığı, təmizliyi istiqamətində Heydər
Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli
davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Belə ki, “Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi haqqında” Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar, 2004 -
cü il tarixli sərəncamı imzalanmışdır. Ana
dilimizə göstərilən xüsusi qayğı
baxımından “Azərbaycan əlifbası və Azərbaycan
dili gününün təsis edilməsi haqqında” Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar
2004-cü il fərmanı xüsusi əhəmiyyətə
malikdir. Bu zamandan etibarən hər il avqust ayının 1-də
Ana dili günü kimi qeyd olunur. Artıq kompyuter proqramlarının
ana dilimizə tərcüməsi prosesi də başa
çatmaq üzrədir. Bu yaxınlarda dövlət
başçısının sərəncamı ilə
kinoteatrlarda Azərbaycan dilinin tətbiqi ilə bağlı
verdiyi qərar müstəqil Azərbaycanın hərtərəfli
inkişafı davam etdikcə Ana dilimizin də buna paralel olaraq
tərəqqi edəcəyinin ən böyük təsdiqidir.
İki sahil.- 2011.- 6 aprel.-S.17.