ARDNŞ
prezidenti “İNEPO-AVRASİYA” Olimpiadasının
iştirakçıları ilə
görüşmüşdür
Ötən
gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
(ARDNŞ) Baş ofisində şirkətin prezidenti Rövnəq
Abdullayev “İNEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi
V Beynəlxalq Layihə Olimpiadasının
iştirakçıları ilə görüş
keçirdi.
İştirakçıları səmimi salamlayan
ARDNŞ prezidenti Rövnəq Abdullayev artıq ənənəvi
bir tədbirə çevrilmiş Olimpiadanın 2007-ci ildən
keçirildiyini bildirdi: “Bizim üçün çox
xoşdur ki, bir çox dövlətlərin nümayəndələri
bu Olimpiadada iştirak edir. Bu da Olimpiadaya marağın yüksək
olduğunu göstərir. Ümumiyyətlə, Azərbaycanda
gənc nəslin sağlam şəkildə yetişməsi,
onların düzgün təlim-tərbiyəsi, yüksək
səviyyəli mütəxəssis olmaları
üçün hər cür şərait yaradılıb. Dövlət
Neft Şirkəti də bu istiqamətdə böyük
işlər görür. “İNEPO-AVRASİYA” Ətraf
Mühitin Mühafizəsi Beynəlxalq Layihə
Olimpiadasının keçirilməsində başlıca məqsədimiz
Prezident İlham Əliyevin 28 sentyabr 2006-cı ildə
imzaladığı sərəncamla təsdiq edilmiş “Azərbaycan
Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair 2006-2010-cu illər
üçün kompleks Tədbirlər Planı”na uyğun
olaraq, gənc nəsli ekoloji problemlər haqda məlumatlandırmaq,
onlarda ətraf mühitə həssas münasibət
formalaşdırmaq, məktəblilərə təbii, mədəni,
tarixi və sosial-estetik dəyərlərin qorunması ruhunu
aşılamaqdan ibarətdir.”
R.Abdullayev
qeyd etdi ki, ARDNŞ Azərbaycan məktəblilərinin
dünyanın müxtəlif olimpiadalarında
iştirakını hər zaman dəstəkləyir. “İndiyə
kimi 200-dən çox azərbaycanlı şagird
dünyanın bir çox olimpiadasında iştirak edib və
sevindirici haldır ki, nəticədə ölkəmizə 80-ə
yaxın medal gətirilib. Təbii ki, bu işlərdə
“Çağ” Öyrətim İşlətmələri
Şirkətinin məktəbləri çox aktiv iştirak
edirlər. Elə şirkətin rəhbərliyi də bu Olimpiadanın
təşkilatçılarından biridir. İnanıram ki,
Olimpiada yüksək səviyyədə keçiriləcək
və gələn qonaqlar bu olimpiadada çox yaxşı
iştirak edəcəklər.”
ARDNŞ
prezidenti bildirdi ki, bu gün Azərbaycanda ekoloji problemlərin
həllinə çox böyük diqqət göstərilir. “Azərbaycan
neft ölkəsidir. 150 ildən artıqdır ki, ölkəmizdə
açıq üsulla neft çıxarılması ekoloji
tarazlığın pozulmasına gətirib
çıxarıb. Bildiyiniz kimi, dünyada sənaye üsulu
ilə ilk neft quyusu Azərbaycanda qazılıb, neftin boru xətti
ilə daşınması Azərbaycanda həyata
keçirilib, həmçinin ilk dəfə neftin tankerlərə
doldurulub daşınması da ölkəmizdə baş verib.
Hazırda biz böyük ekoloji layihələr həyata
keçiririk. Siz bu layihələrlə tanış
olacaqsınız. Hesab edirəm ki, bu olimpiadanın həm
sizin, həm də Azərbaycan üçün müsbət
təsiri olacaq. Həmçinin təbiətə münasibətdə
siz gənclərin fikirlərindən bəhrələnmək
də yaxşı olardı.”
“Çağ”
Öyrətim İşlətmələri Şirkəti
İdarə Heyətinin sədri Ənvər Özərən
isə qeyd etdi ki, Azərbaycan dünya miqyasında belə
Olimpiada keçirən nadir ölkələrdən biridir. “Təbii
ki, Prezident İlham Əliyevin ekologiyaya diqqət və
qayğısı belə bir Olimpiadanın keçirilməsinə
zəmin yaratdı. Bu bir daha onu göstərir ki, Azərbaycan
sadəcə neft ölkəsi deyil.”
Ə.Özərən
qeyd etdi ki, Azərbaycan bir çox beynəlxalq olimpiadalarda
iştirak edib. “Nəzərinizə çatdırım ki,
1994-cü ildən 2011-ci ilə qədər keçirilən
olimpiadalarda Azərbaycan 435 medal qazanıb. SOCAR-ın
sponsorluğu ilə Azərbaycan yalnız xarici dövlətlərdə
keçirilən olimpiadalarda iştirak etməklə
yanaşı, ölkə daxilində də beynəlxalq
olimpiadalar keçirilir. Bu olimpiadaya isə 235 beynəlxalq dərəcəli
layihə təqdim olundu və onlardan 57-si iştirak hüququ
qazandı. Bununla yanaşı, olimpiadada iştirak edən
layihələrin keyfiyyəti də ildən-ilə yüksəlir.
Son 3 ildir ki, Azərbaycan məktəbləri də burada
iştirak edirlər.”
Görüşdə
çıxış edən Azərbaycan-Türkiyə Özəl
Liseyləri Baş İdarəsinin rəisi Arif Gömləksiz
də Olimpiadanın keçirilməsinin əhəmiyyətindən
danışdı. Görüşdə ARDNŞ-in ölkədə
ekoloji tarazlığın bərpa olunması istiqamətində
apardığı genişmiqyaslı tədbirlərdən bəhs
olundu. Qeyd edildi ki, şirkət Abşeron
yarımadasının neftlə çirklənmiş ərazilərində
intensiv təmizləmə və yaşıllaşdırma
işləri həyata keçirir. ARDNŞ-in orta məktəb
şagirdlərində neftçi peşəsinə həvəs
oyatmaq istiqamətində apardığı işlər,
xüsusilə kadr hazırlığı sahəsində həyata
keçirdiyi Təqaüd Proqramları haqqında verilən məlumatlar
iştirakçıların marağına səbəb oldu.
Sonra
Olimpiadada iştirak etmək üçün müxtəlif
ölkələrdən Bakıya gələn məktəblilər
bu görüşlə bağlı ARDNŞ rəhbərliyinə
minnətdarlıqlarını bildirdi, Azərbaycanla
tanışlıqdan aldıqları xoş təəssüratdan
danışdılar. Sonda Olimpiada iştirakçılarına
ARDNŞ-in hədiyyələri təqdim olundu, Rövnəq
Abdullayevlə xatirə şəkli çəkdirildi.
Qeyd
edək ki, “İNEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi
I Beynəlxalq Layihə Olimpiadası 2007-ci ildə
keçirilib, burada 17 ölkənin məktəbliləri
iştirak ediblər. 2008-ci ildə baş tutmuş II Olimpiadaya 30,
2009-cu ildə keçirilmiş III Olimpiadaya 31, 2010-cu ildə keçirilmiş
IV Olimpiadaya 33 ölkənin təmsilçiləri
qatılıblar. Azərbaycanın qabaqcıl məktəblərinin
şagirdləri bütün Olimpiadalarda uğurla
çıxış edərək, birinci Olimpiadada 4
qızıl, 4 gümüş, 4 bürünc, ikinci və
üçüncü Olimpiadalarda 4 qızıl, 8
gümüş, 12 bürünc, dördüncü olimpiadada
isə 5 qızıl, 8 gümüş, 10 bürünc medal
qazanıblar.
Bu
il “İNEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi V
Beynəlxalq Layihə Olimpiadasına 35 ölkənin (Albaniya,
İndoneziya, İran, Hindistan, Qazaxıstan, Gürcüstan,
Litva, Makedoniya, Malayziya, Meksika, Nigeriya, Pakistan, Polşa,
Rumıniya, Slovakiya, Türkiyə, Türkmənistan, Ukrayna və
s.) məktəbli komandaları tərəfindən internet
vasitəsilə 400-dən çox layihə təqdim edilib,
onlardan 115-i yarışmaya qəbul olunub. Həmin layihələrin
58-i Azərbaycanın müxtəlif regionlarını təmsil
edən şagirdlər tərəfindən hazırlanıb.
Bu layihələr iştirakçı ölkələrin təcrübəli
elm adamlarından ibarət komissiya tərəfındən qiymətləndiriləcək.
Ətraf
Mühitin Mühafizəsi V Beynəlxalq Bakı Layihə
Olimpiadasının təşkilat komitəsində ARDNŞ ilə
birlikdə Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, İctimai Televiziya, “Çağ” Öyrətim
İşlətmələri Şirkəti və
“İNEPO-AVRASİYA” Ekoloji İctimai Birliyinin yer alması Azərbaycanda
ekoloji problemlərin həllinə göstərilən diqqət
və qayğının təzahürü kimi qiymətləndirilir.
Nail Rəhimzadə
İki
sahil.-2011.-7
aprel.-S.4.