Neftin sənaye
üsulu ilə hasilatının inkişaf mərhələləri
(1920-ci ilədək)
Neft
hasilatının azalmasının digər səbəbləri
də var idi.
Belə
ki, rus kapitalı “Branobel” şirkətinin şəxsində
Avropa bazarında təmsil olunmasına baxmayaraq (Avropa neft
ittifaqında “Branobel” özünün iki törəmə
şirkəti “ Döyç rusişe nafta import gezelşaft” və
“Döyç-osterrayxışe nafta import gezelşaft” ilə
təmsil olunmuşdular), lakin Rokfellerin “Standard Oil” şirkətinin
Avropa bazarına təsiri üstünlük təşkil
edirdi. Qeyd etmək lazımdır ki, o illər “Standard Oil”
şirkəti Bakı neftinə də şərik olmaq istəyirdi.
ABŞ Konqresinin kitabxanasında prezident U.Tafta məxsus
kağızlar arasında maraqlı bir sənəd
tapılmışdı. Sənəddən məlum olur ki,
1911-ci ildə “Branobel” şirkəti ilə Rokfellərə məxsus
Amerika neft tresti “Standard Oil” arasında əlaqələr
yaradılmışdı. Lakin o zaman Bakıda kifayət qədər
möhkəmlənmiş ingilis-holland şirkəti “Shell”,
“Standard Oil”un Bakıda qərar tutmasına böyük əngəllər
törədə bilmişdi.
Bakı
neft sənayesi texniki cəhətdən ABŞ-dan geri
qalmağa başlasada, lakin burada da mütərəqqi
üsulların tətbiqi davam edirdi. 1911-ci ildə Rusiya
imperiyasında ilk dəfə Suraxanıda bakılı neft
sahibkarı fon Qaber buruq qazmasında fırlanma üsulu - rotor
tətbiq etdi. 1914-cü ildə prof. M.Tixvincki quyuların
qapalı dövranda qazliftlə istismarını işləyib
hazırladı, 1915-ci ildə isə Ramanı mədənlərində
quyulara ilk dərinlik nasosları buraxıldı.
I
Dünya müharibəsinin başlanğıcında
(1914-cü il) Bakı neft sənayesində 4 iri şirkət:
“Branobel”, ingilis-holland transmilli tresti “Royal Dutch/Shell”, rus baş
neft korporasiyası “Oyl” [İri rus və xarici banklar tərəfindən
1912-ci ildə yaradılmış və 20-yə qədər
şirkəti, o cümlədən “Mantaşev A.İ.,
“Moskva-Qafqaz ticarət cəmiyyəti”, “Xəzər
ortaqlığı, “Rus neft sənayesi cəmiyyəti”,
“Abşeron neft sənayesi cəmiyyəti və s. özündə
birləşdirmişdir] və “Neft” maliyyə-neft
yoldaşlığı (ortaqlığı) [1883-cü ildə
P.İ.Qubonin tərəfindən Sankt-Peterburqda əsası
qoyulmuş, Bakıda isə “Bakı neft cəmiyyəti”,
“Neft”, “Balaxanı-Zabrat neft cəmiyyəti və d. şirkətləri
özündə birləşdirirdi] üstünlük təşkil
edirdi. Qeyd etmək lazımdır ki, yuxarıda sadalanan iri
birliklərdən başqa Abşeronda bir neçə daha
kiçik birliklər var idi. Misal üçün müharibədən
qabaq Bakıda əsası qoyulan və üç ingilis
firmasından: “Rus neftinin Bakı cəmiyyəti” (1898-ci ildə
əsası qoyulub), “Neft və maye yanacaq cəmiyyəti”
(keçmiş “Oleum”, 1898-ci ildə əsası qoyulub),
“Avropa neft şirkəti”ndən ibarət olan Herbert Allenin “Neft
sənayesi maliyyə korporasiyası”nı (1901-ci ildə əsası
qoyulub) göstərmək olar [Bakı neft sənayesinin
xülasəsi, Bakı, 1916, c 2, s. 2-19].
1913-cü
ildə Londonda “Yeni Şibayev” neft şirkəti
yaradıldı. “Shell” onun vasitəsilə Rusiyada
sürtkü yağları istehsalı sənayesində
qabaqcıl mövqeyə çıxdı. Ümumiyyətlə,
I Dünya müharibəsi ərəfəsində Bakıda
neft sənayesinə qoyulan xarici kapitalın 37%-i ingilis
kapitalistlərinin idi.
1917-ci
ilə Bakı neft işinə qoyulmuş xarici valyutanın
ümumi məbləği 111 mln. rubl təşkil edirdi.
1917-ci ilə Rusiyada neftçıxarmanın 60%-i və neft məhsulları
satışının 75%-i xarici firmaların əlində cəmlənmışdi.
I
Dünya müharibəsinin başlanması və Rusiyanın
bu müharibəyə qatılması neft sənayesinə də
öz təsirini göstərdi. Bir tərəfdən neftə
və neft məhsullarına olan tələbat artdı, lakin
digər tərəfdən onların ixracı xeylı məhdudlaşdırıldı.
1914-cü ilin qışında Xəzərin şimalında
gəmilərin hərəkətinin bağlanması
(naviqasıyanın başlanması) ərəfəsində
Bakı neft rayonunda 101,9 mln. pud (1669 min ton) neft (bundan 37 mln. pud
xam neft) və neft məhsulları yığılıb
qalmışdı. 1917-ci ildə burada yığılıb
qalmış xam neftin həcmi artaraq, artıq 43,4 mln. puda
çatmışdı.
1915-ci
ilin payızında Rusiyada neft böhranı hədsiz dərəcəyə
çatdı və daxili bazarda neftin və neft məhsullarının
qiyməti kəskin surətdə artdı. Qiymətləri tənzimləmək
istiqamətində hökumətin həyata keçirmək
istədiyi bütün tədbirlər neft
inhisarçıları tərəfindən ciddi müqavimətlə
rastlaşırdı. 1914-1917-ci illər ərzində olan neft
böhranının əsas səbəblərindən biri
müharıibə şəraitində nəqliyyatın
işinin pozulması ilə əlaqədar neft və onun məhsullarının
daşınmasında yaranmış ciddi çətinliklər
idi. “Qornozavodskoe delo” məcmuəsinin 1917-ci ildə nəşr
olunan nömrələrindən birindəki məqalədə
deyilirdi: “Azərbaycandan neft çıxarılması təkcə
onun hasilatı hesabına deyil, həm də böyük
ehtiyatlar bahasına başa gəlirdi. Bakı neft rayonunda
bütün neft məhsullarının ehtiyatı 1915-ci ildə
90,1 mln. pud, 1916-cı ildə 86,8 mln. pud, 1917-ci ildə 81 mln.
pud təşkil edirdi”.
Nəticədə,
müharibəyə qoşulmuş dövlətlər arasında
ən etibarlı, ən zəngin neft yataqlarına malık
olan Rusiyada da “neft böhranı” yaşandı və bu da yaxınlaşmaqda
olan fəlakətin (çar rejiminin devrilməsi) ilk əlamətləri
idi.
Bu
illərdə Rusiyada qaz istehsalı da gah artır, gah da azalırdı
və onun istehsalı ABŞ-dan yüz dəfələrlə
geri qalırdı. Belə ki, əgər 1916-cı ildə
Rusiyada istehsal olunan qazın həcmi 111,300 mln. kubmetr (ondan da
74 mln. kub m Bakı rayonu) olmuşdusa, ABŞ-da isə bu rəqəm
15 mlrd. kubmetr təşkil etmişdi.
Beləliklə,
böyük dövlətlərin bütün bu
coğrafi-siyasi məqsədlərinin həyata keçirilməsinin
açarı Qafqazın və Xəzər hövzəsinin ən
böyük sənaye və neft mərkəzi olan, o dövrdə
Rusiyanın 75%, dünyanın isə 15% neftini verən
Bakı idi. 1916-cı ildə Bakıda neft şirkətlərinin
sayı 104-ə çatdı.
1918-ci
ildə Azərbaycanda ümumən neft hasilatında tənəzzül
baş verdi - cəmisi 3.425 mln. t neft hasil edildi. Bu 1917-ci ildə
hasil olunmuş neftin həcmindən təqribən 2 dəfə
az idi. Bu cürə aşağı düşmənin səbəbi
əlbəttə ki, Rusiyanı və təbii ki, Azərbaycanı
da bürümüş siyasi çaxnaşmalar, həmçinin
neft sənayesinin müvəqqəti milliləşdirilməsi
idi və bunlar neft hasilatının səviyyəsinə təsir
etməyə bilməzdilər.
ADR-in
hakimiyyəti dövründə (sentyabr 1918-aprel 1920) 1919-cu il
müəyyən qədər neft hasilatının
artımı ilə müşaiət olundu - 40,5 mln. pud , yəni
təqribən 10%. Bu da görünür Azərbaycanda siyasi
durumun sabitləşməsi və ola bilər ki, neft sənayesinin
yenidən öz sahiblərinə qaytarılması ilə əlaqədar
idi.
Beləliklə,
XIX əsrin 70-ci illərindən 1920-ci ilin aprelinə, yəni
sovet dövrünə qədər Azərbaycan neft sənayesinin
tarixi üç mərhələyə bölünür.
Birinci
mərhələyə 1872-ci ildən 1890-ci ilə qədərki
dövr daxildir və bu dövrdə neft sənayesini geniş
surətdə səhmdarlaşdırmaqla ayrı-ayrı
kapitalların neytrallaşmasının yüksək dərəcəsi
əldə edilir və bu da istehsalın yüksək təmərküzləşməsinə
səbəb olur. Neft və qaz yataqlarının işlənməsi
sahəsində elmin inkişafına XIX əsrin sonlarında
başlansa da, amma o, müstəqil və mükəmməl
elm kimi XX əsrdə təşəkkül tapır.
İkinci
mərhələyə 1891-1913-cü illərdə neft sənayesinin
inkişafını aid etmək olar və bu dövrdə əvvəlki
mərhələlənin ənənələri inkişaf etməkdə
davam edirdi. Bununla
yanaşı, bu mərhələdə neft sənayesinin
inkişafının bütün istiqamətlərinə
böyük şirkətlərin təsiri daha çox hiss
olunur. Bank və sənaye kapitalının birləşməsi
daha sürətli şəkildə keçir və yeni
böyük neft sənaye şirkətləri yaranır. Neft
biznesi Bakıda ümumi iqtisadi “canlanma”nın əsasını
qoyur, şəhər Cənubi Qafqazın şəhərləri
arasında iqtisadi lider olur və Rusiya imperiyasının ən
böyük iqtisadi mərkəzlərindən birinə
çevrilir. 1918-ci ildə ingilis məcmuəsi “Near East”in
yazdığı kimi “Bakı dünyanın nəhəng neft
mərkəzidir. Əgər neft şahzadədirsə,
Bakı onun tacıdır”.
Üçüncü
mərhələyə (1914-1920-ci illər) hərbi dövrə
xas olan amillər və Rusiya imperiyası ərazisində
baş verən inqilabi sarsıntılar böyük təsir
göstərir. Bir
tərəfdən neft şirkətlərinin yenidən
qruplaşması baş verir, digər tərəfdən isə
mülkiyyət sahiblərinin tez-tez dəyişilməsi, neftin
ixrac imkanlarının məhdudlaşdırılması kimi mənfi
hallar qarşıda neft sənayesinin tənəzzülündən
xəbər verən durğunluq proseslərini daha qabarıq
şəkildə meydana çıxarır.
Rafiq Abdullayev
İki sahil.-2011.-8 aprel.-S.10