Dövlətimiz turizm sektoruna
xüsusi diqqət yetirir
Azərbaycan
Turizm İnstitutunun rektoru Cəfər Cəfərovun
www.yap.org.az saytına müsahibəsi
-
Cəfər müəllim, 2011-ci ilin ölkəmizdə
“Turizm ili” elan edilməsi dövlətimizin turizm sahəsinə
göstərdiyi xüsusi diqqətin nümunəsidir. Azərbaycan
Turizm İnstitutu bu sahənin inkişafında nə dərəcədə
rol oynayır?
-
Azərbaycanın turizm potensialı olduqca yüksəkdir.
Ölkəmizin həm təbii-coğrafi, həm də
müasir dünyada tutduğu mövqe Azərbaycanı turistlər
üçün maraqlı bir məkana çevirib. Dövlətimiz
turizmin inkişafı istiqamətində vacib addımlar
atmaqdadır. Bu baxımdan, turizm sektorunun inkişaf etdirilməsi
üçün mütəxəssislərin olması da vacib
şərtlərdən biridir. Bunu dəyərləndirərək
ölkə rəhbərliyi müstəqil Azərbaycanda Turizm
İnstitutunun yaradılmasına qərar verdi. Dövlət rəhbərliyinin
qərarı əsasında 2006-cı ildə Azərbaycan
Turizm İnstitutu açıldı.
Həmin
dövrdən də institutun fəaliyyəti başlanıb.
Yaranan zaman bir fakültə və iki kafedra strukturu ilə
işə başladı. Hazırda 1300 tələbə 14
ixtisas üzrə bakalavr təhsili alır. Bu ildən etibarən
biz magistr pilləsi üzrə də qəbul elan etdik. 30-a
yaxın tələbə magistratura təhsili alır. Bununla
yanaşı, institutumuzda doktorantura təhsili ilə
bağlı işlər aparırıq və payızda
doktoranturaya da qəbul elan edəcəyik.
Bildiyiniz
kimi, ötən il Turizm İnstitutunun ilk
buraxılışını etdik və 74 nəfər məzunumuz
oldu. Onlardan 14 nəfəri Azərbaycanda ilk dəfə ikili
diplom aldı. Həmin tələbələr bizim partnyor
universitet- Avstriyanın bir ali məktəbinin də diplomunu
aldılar. Hesab edirəm ki, bizim məzunlarımız peşələrinə
uyğun uğurlu fəaliyyət göstərə biləcəklər.
-
Necə hesab edirsiniz, Azərbaycan Turizm İnstitutu bu sahədə
mütəxəssis boşluğunu doldura biləcəkmi?
-
Turizm sahəsində ayrıca bir ali təhsil müəssisəsinin
yaradılması bu sahədə mütəxəssis
boşluğunu doldurmaq ehtiyacını ödəmək
işinə xidmət edir. Burada məqsəd insanlarla işləmək
məsələsi olduğu üçün burada kadr amili də
çox önəmlidir. Çünki burada xidmət, işin
təşkili məsələləri və s. vacib məqamlar
mövcuddur. Biz, ali məktəb olaraq menecer
hazırlayırıq, amma turizmin birbaşa insanlarla ünsiyyətdə
olan əhəmiyyətli hissəsi xidmət personalıdır
ki, bu da peşə məktəbləri səviyyəsində
hazırlanmalıdır. Bu məsələ ilə
bağlı Turizm İnstitutunun nəzdində peşə məktəblərinin
yaradılması nəzərdə tutulub və artıq bu
istiqamətdə işlərə başlanılıb. Fəaliyyətə
başlayandan sonra həmin məktəblərin regionlarda da
şəbəkələrin yaradılması və beləliklə
də, xidmət personalının peşəkar
hazırlığına kömək etməyi
düşünürük. Bu sahədə
çalışan sahibkarların özləri də bu
işdə maraqlı olmalıdırlar, kadrların
hazırlanması məsələsi dəstəklənməlidir.
Buna görə də, bu istiqamətdə dövlət-özəl
sektor əməkdaşlığı güclənməlidir.
Biz həmin peşə məktəblərində bu əməkdaşlıqdan
da istifadə etməyi planlaşdırırıq.
-
Ümumiyyətlə, turizm şirkətləri ilə institut
arasında əlaqələr necədir? Şirkətlər bu
ali məktəbin imkanlarından səmərəli istifadə
edə bilirmi?
- İldə iki dəfə institutda
böyük əmək yarmarkası keçirilir. Məşğulluq
mərkəzləri və ayrı-ayrı şirkətlər
bu yarmarkalarda iştirak edirlər. Bundan başqa, fərdi surətdə
böyük turizm qurumları öz təqdimatlarını
edirlər, bizim tələbələrimiz həmin şirkətlərə
təcrübə keçməyə gedirlər. Bizim bu
şirkətlərin hamısı ilə əlaqələrimiz
var. Digər tərəfdən, bu əlaqələr işəgötürənlərlə
iş axtaranlar arasında körpülər yaradır.
Artıq turizm şirkətlərinin, istirahət mərkəzlərinin
sayı çoxalır. Bu, isə ciddi rəqabətə əsas
yaradır. Demək, artıq bazarda nə iləsə fərqlənməlisən.
Bunu isə keyfiyyətli xidmətin təşkili ilə həyata
keçirmək olar. Ona görə də, turizm şirkətlərinin
rəhbərliyi bu məqama ciddi diqqət yetirməkdədirlər.
Görülən
işlərin yekunu olaraq bu sahədə işləyənlərin
hamısı peşəkar kadrlardan ibarət olacaq.
-
Bəs bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi
işi hansı səviyyədədir? Başqa ölkələrin
müvafiq ali məktəbləri ilə əlaqələr
qurulurmu?
-
Turizmin inkişafına nail olmaq üçün beynəlxalq
təcrübənin öyrənilməsi olduqca vacibdir. Bu sahə qapalı
bir sahə deyil və hansısa bir coğrafi çərçivə
ilə əhatə oluna bilməz. Bu sənaye sahəsində
dünya standartları özünü daha açıq şəkildə
göstərir. Daxili turistlərlə yanaşı xaricdən
gələn turistlərin də cəlb olunması
üçün bu standartları yaratmaq lazımdır.
Başqa bir məsələ isə, xüsusi maraq turizmi deyilən
bir məsələ var ki, məsələn, turistlər
hansısa bir kənddə olan yaşam tərzinə
baxmağa gəlirlər. Hətta o halda da ekoturizm dediyimiz bu
anlayışla tanış olmaq üçün də müəyyən
infrastrukturlar yaxşı olmalıdır-yollar rahat
olmalıdır, xidmətlər normal olmalıdır və s.
Fikrimcə, yekun olaraq bu işlərin kökündə həm
əhalinin maariflənməsi, həm də peşəkar
kadrların olması vacibdir. Bir sıra vasitələrlə
biz Avropa təhsil standartlarını öyrəndik və
hazırda tətbiq edirik. Bu baza əsasında yeni turizm və
otelçilik ixtisasının proqramını
hazırladıq. Hazırda xaricdən müəllimlər dəvət
edirik, ikili təhsil proqramı həyata keçirilən
qruplarda tələbələr təhsillərini ingilis dilində
keçirlər. Həmin dərsləri tədris edən
müəllimlərin bəziləri qardaş Türkiyədən
gəlir. Hazırda dünyanın 16 universiteti ilə əlaqələrimiz
var və həmin ali məktəblərdə də təcrübələr
keçirik. Biz yerli özəllikləri saxlamaqla beynəlxalq
təcrübələri öyrənməyə
üstünlük veririk.
- İnstitutda “Turizm ili” ilə əlaqədar
hansı tədbirlər həyata keçiriləcək?
-
İnstitutumuz tərəfindən “Turizm ili” çərçivəsində
bir çox işlərin görülməsi nəzərdə
tutulur. Prezident İlham Əliyev 2011-ci ili ölkəmizdə
“Turizm ili” elan etdikdən sonra institutda işçi qrupu şəklində
toplandıq və görəcəyimiz işlərlə
bağlı tədbirlər planı hazırladıq. Bu barədə
hazırladığımız təklifləri Mədəniyyət
və Turizm Nazirliyinə təqdim etdik. Nazirliyin nəzdində
yaradılmış işçi qrupu bu təklifləri nəzərdən
keçirdi və yekun olaraq Nazirlər Kabinetinə təqdim
olunacaq əhəmiyyətli sənəd hazırlandı.
Ümumiyyətlə, bu istiqamətdə görəcəyimiz
işlər çoxdur. Biz bu məsələ ilə
bağlı institumuzda bir sıra tədbirləri də həyata
keçirməyi nəzərdə tuturuq. 2011-ci ilin “Turizm ili”
elan olunması məsuliyyətimizin artırılması ilə
yanaşı bizim işimizə də bir dəstək deməkdir.
Hazırda bütün ölkə öz diqqətini bu məsələyə
yönəldir. Yeri gəlmişkən, biz turizm sahəsində
çoxsaylı layihələr həyata keçiririk. Bu layihələrdən
biri Gədəbəy rayonunun digital xəritəsinin
yaradılması ilə bağlıdır. Bundan başqa, həmin
rayonda vaxtilə mövcud olan Simenslərin mis mədənlərinin
bərpası və həmin ərazilərin turistik məqsədlə
istifadəsi nəzərdə tutulur. Biz bu məsələyə
“Simens” şirkətini də cəlb etmək fikrindəyik. Bu
yaxınlarda Almaniyadan böyük bir nümayəndə heyəti
də paytaxtımıza gələcək. Onu da qeyd etmək
istəyirəm ki, “Turizm ili” bizə həm tədris, həm də
turizmin inkişafı ilə bağlı planların həyata
keçirilməsinə kömək edəcək.
İki sahil.- 2011.- 13 aprel.- S.11.