YAP Gənclər Birliyinin şəhər rayon təşkilat sədrlərinin toplantısı keçirildi

 

YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirdi ki, gənclərə böyük önəm verməklə partiyanın gələcək gücünün, qüdrətinin əsaslarını daha da möhkəmləndirmiş oluruq

 

Dünən YAP Xətai rayon təşkilatının qərargahında YAP-ın Gənclər Birliyinin rayon və şəhər təşkilatı sədrlərinin toplantısı keçirildi.

Tədbiri giriş sözü ilə açan YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bildirdi ki, bu ilin yanvar ayında Yeni Azərbaycan aPartiyasının Gənclər Birliyinin konfransı keçirildi. Bu konfransda Gənclər Birliyinin tərkibində müəyyən dəyişikliklər edildi, yeni tərkib seçildi. Ötən bu qısa müddətdə gənclərin həyatında yeni bir dövr başlanıb, təşkilatın işi daha da fəallaşıb. Biri-birindən maraqlı layihələr həyata keçirilir. Gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakı bizdə qürur hissi yaradır. Gənclər YAP-da, bütövlükdə Azərbaycanda böyük qüvvədir. Gənclər əhalinin demoqrafik qrupunda xüsusi çəkiyə malikdir. Partiyanın sıralarında bu gün 530 mindən artıq Azərbaycan vətəndaşı birləşir. Bunların da təxminən 40 faizini gənclər təşkil edir. Sevindirici haldır ki, gənclərin Yeni Azərbaycan Partiyasında rolu və əhəmiyyəti yalnız onların sayında deyil. Bu, eyni zamanda gənclərimizin vətənpərvərlik ruhunda olmasında, intellektində, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmək bacarığındadır. Bunlar gənclərin Yeni Azərbaycan Partiyasında yerini və mövqeyini daha da möhkəmləndirir.

Bir məqam da xüsusi qeyd edildi ki, hər bir ölkənin gələcəyi gənclərlə bağlıdır. Partiyanın gələcəyi də gənclərin fəaliyyəti, müasir dünyagörüşü ilə əlaqələndirilir. “Gəncləri cəmiyyətin digər təbəqələrindən fərqləndirən onların müasir təfəkkürə malik olmalarıdır. Həyat çox sürətlə dəyişir. Bu dəyişikliklər bir tərəfdən iqtisadiyyatımızın inkişafında, digər tərəfdən isə insanların sosial rifahının yaxşılaşmasında özünü göstərir. Azərbaycanın siması dəyişir. Bu gün hər bir bölgədə, qəsəbədə abadlıq, quruculuq işləri geniş vüsət alıb. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində paytaxtla bölgələr arasında fərq müəyyən mənada aradan götürülüb. Bütün bölgələrdə təhsil ocaqları, tibb müəssisələri, istirahət və əyləncə mərkəzləri, xidmət obyektləri və digər sosial obyektlər tikilib istifadəyə verilmiş, müasir standartlara uyğun yenidən qurulmuşdur. Bütövlükdə bölgələrin siması dəyişib.”

Bildirildi ki, bütün bunlar Azərbaycanın həm regionda, həm də dünyada mövqelərinin möhkəmlənməsinə, əhəmiyyətinin artmasına, rolunun yüksəlməsinə təməl yaradıb. Bu gün Azərbaycan beynəlxalq aləmdə, regional siyasətdə əhəmiyyətli mövqe tutan bir dövlət kimi birmənalı şəkildə etiraf olunur. Dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin artan rolu beynəlxalq miqyasda təsdiqlənir. Qlobal əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsində Azərbaycanın yüksək səviyyədə iştirakı onun əhəmiyyətli rolundan xəbər verir. Bütün bunlar ümumiləşdirilmiş şəkildə Azərbaycanın uğurları, nailiyyətləridir. Bunlar, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin göstəricisidir.

Son illər dünyanı bürüyən maliyyə və iqtisadi böhranın ölkəmizdə hiss olunmaması da aparılan düzgün siyasətin nəticəsidir. İqtisadiyyatın inkişafı həyatımızın digər sahələrində də yüksəlişə geniş imkanlar yaradıb. İqtisadi inkişaf insanların həyat şəraitinin yaxşılaşmasına stimul verir. Təbii ki, bugünkü Azərbaycanı müstəqilliyimizin ilk illərindəki Azərbaycanla müqayisə etmək qeyri-mümkündür. 90-cı illərin əvvəllərində ölkədə ictimai-siyasi durumun gərginliyi xalqda sabaha olan inamı tamamilə itirmişdir. Ölkədə xaos, anarxiya, özbaşınalıq baş alıb gedirdi. Yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın ictimai-siyasi, iqtisadi həyatında yeni mərhələnin,inkişafın əsası qoyuldu. Ulu öndər Heydər Əliyev bütün inkişafın əsasında sabitliyin dayandığını bildirərək, ölkədə ictimai-siyasi durumun yaxşılaşdırılması istiqamətində mühüm addımlar atdı. Uğurlu daxili siyasət nəticəsində Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi ki, bu da digər sahələrdə mühüm addımların atılmasına stimul verdi. Ölkədə əlverişli biznes mühitinin yaradılması xarici investorların ölkəmizə cəlbində mühüm rol oynadı. Xarici iş adamları qoyacaqları investisiyaların təhlükəsizliyinə tam əmin olduqlarını bildirdilər. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə bugünkü inkişafın təməli qoyuldu. Bir-birindən əhəmiyyətli layihələrin gündəmə gətirilməsi və onların Azərbaycanın iştirakı ilə həyata keçirilməsi uğurlu neft strategiyasının nəticələridir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əgər “Əsrin müqaviləsi” imzalanmasaydı, bu gün Azərbaycanın iqtisadi imkanlarını, beynəlxalq aləmdə yeri və rolunu təsəvvür etmək çətin deyildi. Bütün bu uğurları şərtləndirən isə ölkədə mövcud olan sabitlikdir. Sabitlik hər bir Azərbaycan vətəndaşının faydalandığı sərvətlərdir, gerçəkliklərdir. Biz dünyada baş verən prosesləri göz önünə gətirsək, sabitliyin, əmin-amanlığın nə qədər böyük sərvət, dəyər olduğunu aydın görə bilərik. Hər bir Azərbaycan vətəndaşı sabitliyi qorumağa borcludur. Xalq hökuməti ona görə formalaşdırır ki, insanları yaşamaq üçün səmərəli mühitlə təmin etsin. Bu mühiti də Azərbaycan dövləti təmin edir. Bunun ən böyük göstəricisi ictimai-siyasi sabitlik, əmin-amanlıqdır. Azərbaycan hökuməti bu sabitliyi bugünədək qoruyub və bundan sonra da qoruyacaq. Siyasi mövqeyindən, düşüncə tərzindən asılı olmayaraq hər kəs bu sabitlikdən bəhrələnir.

Ə.Əhmədov Azərbaycan reallıqlarının bəzi qüvvələr tərəfindən inkar olunduğunu da bildirdi. Qeyd etdi ki, Azərbaycan gəncləri buna laqeyd olmamalı, öz vətəndaşlıq mövqeyini ortaya qoymalıdır. Azərbaycanın bugünkü gerçəklikləri Azərbaycan gəncliyinin gözü qarşısındadır. Ölkəmiz hər sahədə qazandığı uğurları ilə beynəlxalq ictimaiyyətin diqqətindədir. Bəzi qüvvələrin gənclərdən öz çirkin niyyətlərini həyata keçirmək üçün bir vasitə kimi istifadə etmələri yolverilməzdir. Bu gün Azərbaycan gəncliyinin qarşısında dayanan əas vəzifə yüksək təhsilə, biliyə malik olmaq, ölkənin inkişafına öz töhfəsini verməkdir. Müasir dövrün tələbi də yüksək ixtisaslı gənclərin yetişdirilməsidir. Azərbaycan dövlətinin gənclərə diqqət və qayğısı göz qabağındadır. Onların dövlət idarəçiliyində irəli çəkilməsi, bələdiyyələrdə və parlamentdə təmsilçilik faizlərinin artması da bu diqqətin bariz nümunəsidir. Eyni zamanda bu günlərdə dövlət başçısı İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı gənclər siyasətinin daha da inkişaf etdirilməsinə, gənc mütəxəssislərin işlə təminatına və digər sosial-iqtisadi problemlərin həllinə xidmət edir. Bu, bir daha Azərbaycan dövlətinin gənclərə diqqətinin bariz nümunəsidir.

Azərbaycan gəncliyi bugünkü inkişafın əsas iştirakçısıdır. Bugünkü Azərbaycanı 5-10 il bundan öncəki Azərbaycanla müqayisə etmək mümkünsüz olduğu kimi, bu günün gəncləri də öz intellekti, bilikləri ilə fərqlənir. Onlara bu gün daha yeni texnologiyaların öyrədilməsinə və tətbiqinə çalışırlar. Gənclərin xaricdə təhsili ilə bağlı Dövlət Proqramında da bu məsələ xüsusi qeyd edilir. Dövlət Proqramının əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəliliyinin artırılmasını təmin etməkdən ibarətdir.

“Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda ölkənin hərtərəfli inkişafı naminə həyata keçirilən siyasətin dəstəklənməsində Azərbaycan gəncləri birmənalı şəkildə öz mövqelərini ortaya qoyurlar. Çünki bu illər ərzində YAP birmənalı şəkildə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xəttə uyğun olaraq partiya sıralarında və ölkəmizin ictimai həyatında da gənclərin geniş şəkildə iştirak etməsi üçün bütün imkanları yaratmağa çalışır” söyləyən Ə.Əhmədov bildirdi ki, Azərbaycan gəncləri YAP-ın timsalında özünün gücünün, biliklərinin istifadə olunması üçün böyük meydan görür. Öz enerjilərindən dövlət, xalq, partiya üçün istifadə edirlər. Beləliklə, cəmiyyətimizin çox böyük insani resurslarından olan gənclər YAP-ın tərkibində çox səmərəli fəaliyyət göstərir və eyni zamanda partiya gənclərin ölkənin ictimai-siyasi həyatında fəallıqlarını artırması üçün ciddi səylər göstərir.

Ə.Əhmədov partiya sıralarına gənclərin axınının sürətlənməsini önə çəkərək, bunun qarşıya daha ciddi və böyük vəzifələr qoyduğunu bildirdi. Azərbaycanın hər bir şəhərində, rayonunda YAP-ın Gənclər Birliyi formalaşıb. Onlar üzərilərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirmək üçün daha səylə çalışmalıdırlar. Gəncləri maraqlandıran layihələrin icrası qarşıya mühüm vəzifələrdən biri kimi qoyuldu. Azərbaycan gəncliyi sağlam düşüncəli, yüksək intellektə malik, vətənpərvər gənclikdir. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın gələcəyi bugünkü gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır.

O da xüsusi vurğulandı ki, Azərbaycanın gələcəyi olan gənclərə xüsusi diqqət göstərən dövlətimizin sabaha inamı daha böyükdür. Bu inamı yaradan təbii ki, bu günün uğurları, dövlətin siyasətinin xalq tərəfindən dəstəklənməsi, xalqın Prezident İlham Əliyevin ətrafında sıx birləşməsidir.

 

 

Yeganə Əliyeva

 

İki sahil.- 2011.- 13 aprel.- S. 4.