SİYAVUŞ NOVRUZOV: ATƏT-dən və onun Minsk qrupunun vasitəçiliyindən imtina edilməlidir

 

- Siyavuş bəy, bildiyiniz kimi, İctimai Palata ayın 17-nə yenidən mitinq təyin edib və onlar bildiriblər ki, mitinq keçirmək istədikləri marşrutlar hakimiyyətin, Bakı şəhər İcra Hakimiyyətinin özünün ATƏT və onun Bakı ofisi ilə razılaşdırdığı, rəsmi mətbuatda dərc etdirdiyi marşrutlardır. Siz bir iqtidar partiyası yetkilisi olaraq bu haqda nə deyərdiniz?

- Bilirsiniz, istər ATƏT, istər onun Bakı ofisi öz funksiyalarını yerinə yetirməlidir. Mən hələ ötən dəfə demişdim ki, 2 aprel aksiyasını kənardan müşahidə edirdim və o zaman görürdüm ki, ATƏT-in həddindən artıq çoxsaylı müşahidəçiləri də oradadırlar. O müşahidəçilər niyə Azərbaycanın işğal olunmuş ərazisində deyil, Azərbaycanın ermənilər tərəfindən qətlə yetirilmiş 9 yaşlı uşağının valideynlərinə başsağlığı vermirlər? O insanlar ki, bu işə məsuldurlar və bu günə qədər barmaq-barmaq üstə qoymayıblar, onların nə işi var mitinqlərdə? Bu adamlar niyə cəbhə xəttində deyillər, bunlar niyə Azərbaycanın 2 şəhidinin - hansi ki onların cəsədlərinin uzun müddət qaytarılmaması özü müharibə qanunlarına da zidd idi- cəsədlərinin geri alınmasında heç bir rol oynamadılar? Bu məsələ ancaq Azərbaycan Prezidentinin səyi nəticəsində öz həllini tapdı, halbuki Ermənistan tərəfindən müharibə qanunları belə pozulmuşdu... Lakin onların biri də bir kəlmə bu məsələdən danışmır. Bununla belə, bu gün ortaya düşüblər, nə bilim Fəvvarələr meydanında, nə bilim digər yerlərdə müşahidə aparırlar. Müşahidə aparmaq istəyirlərsə, getsinlər sərhəd bölgəsinə. Onların funksiyası oradadır, burada deyil. Azərbaycan insan hüquqlarını da, insan azadlıqlarını da və insanlarla davranışını da gözəl bilir. Niyə indiyə qədər Quantanamoda insanların başına gətirilən oyunlardan bir dəfə də ATƏT-in nümayəndələri səslərini çıxarmadılar? Bunlar da insan hüquqlarının pozulması idi? Quranı da yandırdılar, ondan sonra insanları da təhqir etdilər,ancaq bir dəfə olsun belə etirazlarını bildirmədilər... İndi isə onlar Fəvvarələr meydanında peyda olublar. Ona görə hesab etmirəm ki, ATƏT hansısa marşrut müəyyən edib, yaxud müəyyənləşdirsin və ya kimlərləsə görüşsün, kimlərəsə nəsə desin. Bu, bizim üçün əhəmiyyət kəsb edən məsələ deyil...

- Axı, Azərbaycanın sözügedən qurum qarşısında da götürdüyü məlum öhdəlikləri var?

- Biz ATƏT-siz də öz üzərimizə götürdüyümüz öhdəlikləri hər zaman yerinə yetirmişik və yetiririk. Qalan məsələləri onlar bizim qarşımıza şərt kimi qoya bilməzlər, çünki onlar öz simalarını bütün dünyada itiriblər. ABŞ-da oğul Buşun vaxtında prezident seçkiləri keçiriləndə- Florida ştatında səsvermənin nəticələrini izləmək üçün ATƏT-in nümayəndələrini heç ora yaxın buraxmadılar, ancaq onlar səslərini belə çıxara bilmədilər. Rusiyada son seçkilər zamanı ATƏT-i yaxın buraxmadılar, qovdular. ATƏT istəyirdi ki, ora heç olmasa 51 nəfər nümayəndə göndərsin, amma Rusiya onları ölkəsinə buraxmadı və ATƏT-in də səsi çıxmadı. Bunun əvəzində ATƏT son parlament seçkilərini izləmək üçün Azərbaycana 500-dən artıq nümayəndə göndərdi və sair. Demək istəyirəm ki, bunların mövqeyi çürümüş, ölmüş bir mövqedir, bu qurum qeyri-hökumət təşkilatı səviyyəsinə enmiş bir təşkilatdır və onun verdiyi bəyanatların heç bir əhəmiyyəti yoxdur.

- ATƏT-in Bakı ofisindən söz düşmüşkən, bu yaxınlarda onun rəhbərinə Ağdamda ermənilər tərəfindən qətlə yetirilən 9 yaşlı Fariz Bədəlovun məsələsinə münasibət bildirməsi istəniləndə, o, bundan imtina edərək dedi ki, ümumiyyətlə, bu və bu kimi məsələlərlə Ermənistan- Azərbaycan münaqişəsində vasitəçilik missiyasını yerinə yetirən Minsk qrupu, onun həmsədrləri məşğul olur və bu baxımdan, sözügedən məsələyə də onlar münasibət sərgiləməlidirlər...

- Bakı ofisi də, Minsk qrupu da ATƏT-in tərkibindədirlər. ATƏT istənilən vaxt Bakı ofisinə də, Minsk qrupuna da təsir göstərə, istənilən vaxt özü də bu məsələlərlə bilavasitə məşğul ola bilər. Lakin bu gün onların heç biri öz üzərlərinə düşən məsələlərlə məşğul olmurlar. Məşğul olmurlarsa, o zaman mitinq məsələsinə, Azərbaycanın daxili işlərinə də qarışmasınlar. Bununla məşğul olmuram, amma o birisi ilə məşğul oluram, pirinsipi ilə hərəkət etmək olmaz və hərəkət edilməməlidir. O zaman görəsən, ümumiyyətlə, onların funksiyası nədən ibarətdir?

- Necə hesab edirsiniz, bütün bunların fonunda Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində ATƏT və onun Minsk qrupunun həmsədrliyi formatından imtina məsələsi gündəmə gələ və bu məsələ reallaşa bilərmi?

- Mənə elə gəlir ki, artıq ATƏT-dən və onun Minsk qrupunun vasitəçiliyindən imtina edilməlidir. Bunun zamanı çatıb. Çünki bunların məqsədi elə gəlib regionda bir hərlənib-fırlanıb, çıxıb getməkdən başqa bir şey deyil. Yenə də qeyd edirəm, onlar ortada olan məsələlərin heç birinə konkret münasibət bildirmirlər və ortada da konkret heç bir nəticə yoxdur. Eyni zamanda, Azərbaycan Konstitusiyasında yazılıb ki, hakimiyyətin mənbəyi xalqdır və dünyanın bir çox ölkələrində də bu funksiya bundan ibarətdir ki, hakimiyyətin mənbəyi xalqdır. Bu baxımdan da, hansısa bir ölkənin digər bir ölkəyə necə yaşamasını göstərməsi, diktə etdirməsi yersiz bir məsələdir. Mənim də tutaq ki, ABŞ-a onun necə yaşaması ilə bağlı etirazım var. Nə olsun? Yaxud götürək, Böyük Britaniyanı. Mən gedib onların daxili işlərinə qarışa bilərəm? Xeyr! Bəs onlar niyə bizim daxili işlərimizə qarışırlar? Xalq hər şeyi özü müəyyənləşdirir. Əgər xalq bu sistemdə, bu cür yaşamaq istəyirsə, bu, artıq onun öz seçimidir və heç kim onun seçiminə qarışa bilməz. Azərbaycanda opera olanda, Azərbaycanda qadınlar səsvermə hüququ əldə edəndə, ABŞ və yaxud Avropanın bir çox ökələrində bunlar yox idi. Bu günə qədər ABŞ-ın bəzi ştatları ölüm hökmünü ləğv etməyiblər, baxmayaraq ki, bu, antihumanist bir addımdır. Lakin biz bunu çoxdan ləğv etmişik. Çox şeylər sadalamaq olar. Məsələn, Avropa Birliyinə daxil olan Böyük Britaniya nə viza sistemini dəyişdi, nə də milli valyutasını. Niyə ona bir irad göstərən yoxdur ki, sən nəyə görə bunu belə edirsən? Ancaq bunun əvəzində Avropa Birliyi oturub Azərbaycan haqqında qərar qəbul edir. O zaman biz də sual verə bilərik ki, Martin Lüterkinqi öldürəni niyə tapmırsınız? Bu adam qaradərililərin hüquqlarını müdafiə etdiyinə görə, 1967-ci ildə öldürülüb, ancaq indiyənə qədər onun qatili tapılmayıb. Bilirsiniz, bəzən elə məsələlər ortaya qoyurlar ki, sanki insanlar bisavaddırlar. İnsanlar bisavad deyil, insanlar çox savadlıdır və bu məsələləri də çox gözəl başa düşürlər. Marağın varsa, marağını ortaya qoy və o maraqlar da bizim maraqlarla üst-üstə düşürsə, biz bunu qəbul edəcəyik. Üst-üstə düşmürsə, hansı oyundan çıxırsınız-çıxın, onun heç bir xeyri yoxdur. Mən keçən dəfə də qeyd etmişdim ki, ABŞ öz dəyərini itirib...

- Necə, yəni?

- Hansı ki, demokratiya, insan hüquqları ilə bağlı dəyərlər var, onlar ABŞ tərəfindən tamamilə itirilib. Onların nə demokratiyadan, nə də insan hüquqlarından danışmaq haqqı var. Bir müddət öncə Əfqanıstanda keçirilən seçkiləri elə həmin ATƏT, elə həmin ABŞ yüksək qiymətləndirdi və bəyan etdi ki, burada seçkilər çox demokratik olub. Axı, Əfqanıstanda demokratiya var? Orada demokratik seçkilər keçirilib? İnsanlar aullarda, hərəsi bir dərədə yaşayırlar. İndi onlar gəlib demokratiyanın göstəricisi oldular? Orada parlament üzvlərinin 90 faizinin heç orta təhsili yoxdur. Yaxud da İraqda baş verənləri götürək. Ən azlıqda olan xalqın nümayəndəsi gəlib prezident “seçildi”. Ərəb qaldı qıraqda, kürdü gətirib prezident seçdilər. Adını da qoydular ki, bu, demokratik seçkidir. Bu, demokratik seçki və demokratiya demək deyil, bu, oradakı xalqı qırdırmaqdan ötrü oynanılan oyunlardır. Bunu da artıq bizim cəmiyyət başa düşür. Bunu pərdələmək olmaz. İnsanlar bunu dərk edir, görür və başa düşür. Ona görə bizimlə heç bir dövlətin, təşkilatın belə bir oyun oynaması mümkün deyil. Azərbaycanda azad, ədalətli, demokratik seçkilər keçirilib və burada hər bir sahə üzrə inkişaf gedir. Bu gün onları razı salmayan Azərbaycanda olan inkişafdır, ictimai-iqtisadi sabitlikdir. Buna görə də istəyirlər ki, indi buna pəl vursunlar...

 

 

İki sahil.- 2011.- 13 aprel.- S. 5.