Erməni soyqırımı uydurmaları: Faktlar həqiqətlər

 

Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə bu mövzuda keçirilən dəyirmi masada ermənilərin tarixin müxtəlif dövrlərində azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri soyqırımı siyasəti təhlil edilərək, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı müxtəlif təkliflər irəli sürüldü

 

Dünən Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə “Erməni soyqırımı uydurmaları: Faktlar və həqiqətlər” mövzusunda dəyirmi masa keçirildi.

YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvlərinin, millət vəkillərinin, müxtəlif siyasi partiyaların rəhbərlərinin iştirakı ilə keçirilən mərasimi giriş sözü ilə açan YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bildirdi ki, tarixdə çox yalanlar və saxtakarlıqlar olub. “Lakin bunlar həmin yalan və saxtakarlığın üstü açılana qədər yaşayıb. Elə saxtakarlıqlar da olur ki, bəlkə də onun üstünü açmağa ehtiyac yoxdur. Çünki başlanan andan yalan olduğu bəllidir. Ancaq ona müxtəlif üsullarla, vasitələrlə nəfəs verib yaşatmağa çalışanlar var. “Erməni soyqırımı” adını almış yalan və saxtakarlıq bu kateqoriyaya aid edilə biləcək ən klassik yalan və saxtakarlıq nümunəsidir. Bu gün erməni saxtakarlığının açıqlanması üçün çox ciddi səylər göstərilir. Türkiyənin mövqeyinin güclənməsi, dünyada rolunun artması erməni yalanının ifşasında mühüm amilə çevrilməkdədir. Bir neçə gün bundan əvvəl Fransanın Konstitusiya məhkəməsi bir neçə il öncə Fransa Senatının uydurma erməni soyqırımını tanımayanlara qarşı cəza tətbiq edilməsi haqqında qərarını qüvvədən salmaqla sadəcə olaraq bu qərarın absurdluğunu etiraf etmək məcburiyyətində qalmayıb. Həm də erməni soyqırımının saxta olduğunu etiraf edib. Düşünürəm ki, bu etiraf yeganə etiraf olmayacaq. Bunun arxasınca digər ölkələrin də etiraflarını eşidəcəyik. Digər sahələrdə olduğu kimi, bu istiqamətdə də iki dost, qardaş ölkənin birliyinin daha da möhkəmlənməsi bu saxtakarlığın yaşamasını çətinləşdirən və mümkünsüz edən amil kimi öz əhəmiyyətini, təsir gücünü artıracaq.”

Ə.Əhmədov bildirdi ki, məsələyə yalnız Türkiyə və Azərbaycanın deyil, bütövlükdə dünyanın mövqeyindən baxmağa və təqdim etməyə çalışmalıyıq. “Erməni yalanı yalnız Azərbaycana və Türkiyəyə qarşı çevrilmiş yalan deyil. Bu yalanların üzərində təcavüzlər qurulur. Bu yalanlar dövlətlər arasında münasibətlərə bir saxtalıq, gərginlik gətirir. Bütövlükdə beynəlxalq həyatın normal prinsiplər əsasında fəaliyyət göstərməsini çətinləşdirir. Demək, bu, Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan münasibətləri çərçivəsindən çıxaraq ümumbəşəri mahiyyət kəsb edir. Belə olan təqdirdə dünyanın ədalət səsini ucaltmaq istiqamətində addımlar atmaq əsas vəzifəmizdir.”

“Tədbirin əsas məqsədi bu yalana qarşı mübarizə aparan Türkiyə ilə həmrəy olduğumuzu nümayiş etdirməkdir” deyən Ə.Əhmədov bildirdi ki, bununla həm də erməni yalanlarına münasibətdə öz mövqeyimizi ortaya qoyuruq. “Çünki Azərbaycan da erməni saxtakarlığı üzərində qərar tutan təcavüzlə üzləşib. Ermənilərin Azərbaycana təcavüzü nəticəsində işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində Türkiyənin rolu, mövqeyi günbəgün möhkəmlənməkdədir. Rəsmi Ankara Dağlıq Qarabağ probleminin ədalətli həllində güclü amilə çevrilməkdədir.”

O da qeyd edildi ki, toplantının keçirilməsində digər məqsəd bütün bəşəriyyəti erməni yalanından xilas etmək kimi çox mühüm vəzifəni öz üzərimizə götürməyə hazır olmağımızı nümayiş etdirməkdir. “Bu vəzifə daim bizim çiyinlərimizin üzərindədir. Bundan sonra da, bu saxtakarlıq aradan qaldırılana qədər həmin vəzifəni layiqincə yerinə yetirmək borcumuzdur.”

Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı ermənilərin bu məsələni mütəmadi olaraq gündəmdə saxlamalarının kökündə hansı məqsədin dayandığından geniş bəhs etdi. Bildirdi ki, onlar bu yalanlarını Azərbaycana qarşı əsassız torpaq iddiasını irəli sürərək yaratdıqları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xətti ilə davam etdirirlər. Qondarma erməni soyqırımı məsələsinin həllində Azərbaycan daim Türkiyənin yanındadır və sərt mövqeyini ortaya qoyur. Tarixi faktlar ermənilərin müxtəlif zamanlarda azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirdiklərini təsdiqləyir. Lakin ermənilər tarixi saxtalaşdırıb yalanlarını həqiqət kimi dünya ictimaiyyətinə çatdırmağa çalışırlar.

S.Rüstəmxanlı qeyd etdi ki, Türkiyə-Azərbaycan birliyi bu saxtakarlığın ifşasına xidmət edəcək. Bugünkü toplantı da hər kəsin bu məsələnin çözülməsinə töhfə vermək niyyətindən xəbər verir.

Millət vəkili Qənirə Paşayeva Azərbaycan son dərəcə şanlı və şərəfli tarix yaşadığı kimi, qloballaşan dünyada çətin, mürəkkəb tarixi proseslərdən keçməyə məcbur olduğunu qeyd etdi. Bildirdi ki, ona görə də biz daim informasiya müharibəsindəyik və cəmiyyətimizin hər bir fərdi bu işdə öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməlidir. Təbii ki, bu müharibənin ön cəbhəsində tarixçilər, siyasətçilər dayanır. Biz bütün istiqamətlərdə informasiya cəbhəsində düşməni qabaqlamağı bacarmalıyıq. Azərbaycan Qarabağın sahibidir. İrəvan da, Zəngəzur da Azərbaycan xalqına məxsusdur. Ermənilərin yaratdığı saxta tarix real faktlarla ifşa olunur.

Millət vəkili Fəttah Heydərov qeyd etdi ki, saxtakarlığı sevməyən tarix faktlara əsaslananda daha inandırıcı olur, aparılan təbliğat öz müsbət nəticəsini verir. Tarix sübut edir ki, 1915-ci ildə soyqırımı erməni quldur dəstələri tərəfindən Anadolu türklərinə qarşı həyata keçirilmişdir. Bü dövrdə mürəkkəbləşən vəziyyət ondan ibarət idi ki, müxtəlif dövrlərdə Azərbaycan torpaqlarına köçürülən ermənilər hərəkətə gətirilirdilər. Mahiyyət isə bundan ibarət idi ki, bütün Şərqi Anadolunun ardınca Qarabağda, keçmiş İrəvan xanlığının ərazisində, Azərbaycan torpaqlarında dinc əhalinin kütləvi şəkildə məhv edilməsinə başlanıldı. Arxeoloji qazıntı işlərinə başlanılsa, Azərbaycanın hər yeri kütləvi məzarlıqla doludur. Bunlardan biri Qubada aşkar olundu. Bu fakt hər kəsə bəllidir ki, heç bir tarixi sənədlərdə “ermənilərə qarşı soyqırımı həyata keçirilib” ifadəsinə rast gəlmək mümkün deyil.

Milli Məclisin deputatları Xanhüseyn Kazımlı, Rəbiyyət Aslanova, Asəf Hacıyev, Fazil Mustafayev çıxış edərək həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında Türkiyə-Azərbaycan birliyinin rolundan geniş bəhs etdilər. Natiqlər qeyd etdilər ki, özlərinə tarix yazan ermənilər daim fakt qarşısında acizdirlər. Hadisələrə ən böyük dəyəri zaman özü verir. Bu gün Türkiyə-Azərbaycan birliyi sayəsində erməni yalanları ifşa olunur.

Çıxışlarda o da qeyd edildi ki, mövcud problemlərimizin həllində yalnız Azərbaycan-Türkiyə deyil, bütövlükdə türk dünyasının birliyi gərəkdir. “Gücümüz birliyimizdədir” söyləyən Prezident İlham Əliyev daim türk dünyasının həmrəyliyinə səy göstərir.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova bildirdi ki, artıq neçə ildir bu tərkibdə, bu zalda toplaşıb, məsələ ətrafında fikirlərimizi bölüşürük. “Uğurlarımızdan sevinir, hədəflərimiz barədə fikirlərimizi söyləyirik. Tədbirin məhz Atatürk Mərkəzində keçirilməsi təsadüfi deyil. Mərkəzin yaranması dahi şəxsiyyət Heydər Əliyevin qərarı əsasında olmuşdur. Bu mərkəz də yaradılarkən məhz burada Azərbaycan və Türkiyəni birləşdirən dəyərlər, onların ortaq mədəniyyəti, eləcə də ortaq problemləri ilə bağlı araşdırmaların aparılması, tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bu mərkəz hazırda hər birimizin iştirakı ilə bu işə xidmət etməkdə davam edir. Digər məqam isə ondan ibarətdir ki, artıq neçə dəfədir parlamentdə təmsil olunan və olunmayan siyasi partiyaların, ictimai təşkilatların, vətəndaş cəmiyyəti nümayəndələrinin, ziyalıların iştirakı ilə bu məsələ ətrafında fikir mübadiləsi aparırıq. Eləcə də tədbirdə Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfiri iştirak edir. Bu həm də onu göstərir ki, bizi birləşdirən əsas dəyər, amil, milli maraq olan yerdə, fikir ayrılığına yer yoxdur. Bu da Azərbaycanın, eləcə də türk dünyasının milli maraqları uğrunda heç bir siyasi fərqin olmadığını və dialoqun özü-özlüyündə yarandığının sübutudur.”

Bildirildi ki, bu gün əsas məqsəd erməni yalanlarını ifşa etməkdir. Tarixin müxtəlif dövrlərində ermənilər hər zaman dəstəkləniblər. Bunun səbəbləri üzərində düşünürük. Səbəblər müxtəlifdir. Həm ermənilərin öz maraqları, həm də başqalarının əlində alətə çevrilmələri bu səbəblər içərisində geniş yer alır.

Həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmaq üçün səylərimizi daha da artırmalıyıq. Türkiyə və Azərbaycan böyük gücə malikdir. Bütün hallarda Azərbaycan və Türkiyə bir-birinin yanındadır. Beynəlxalq təşkilatlar səviyyəsində erməni yalanlarını ifşa edərkən bir-birimizə dəstək olmalı, ümumi mövqedən çıxış etdiyimizi bildirməliyik. Yalnız bu birlik sayəsində qarşımıza qoyduğumuz vəzifələrə yüksək səviyyədə nail ola bilərik. Azərbaycan və Türkiyə dövlətinin uğurlu siyasəti göz qabağındadır. Hər bir sahədə mühüm uğurlara imza atan iki dost, qardaş ölkə diplomatik mübarizədə də nailiyyətləri ilə diqqətdədir. Artıq ermənilərin dünyada cərəyan edən proseslərə təsir imkanları məhduddur.

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç çıxış edərək, Azərbaycan-Türkiyə dostluğunun möhkəm təmələ əsaslandığını bildirdi. Ermənilərin iddiaları əsassızdır. Rəsmi Ankara tarixçi və hüquqşünaslardan ibarət birgə komissiyanın yaradılması ilə bağlı Ermənistan prezidentinə təklif göndərdi. Lakin onlar bu təklifə cavab vermədilər. Məsələ ilə tarixçilərin deyil, siyasətçilərin məşğul olduğunu qeyd etməklə belə bir komissiyanın yaradılmasında maraqlı olmadıqlarını təsdiqlədilər. Buna səbəb onların əlində heç bir faktın olmamasıdır.

Səfir erməni yalanlarını təsdiqləyən xeyli sənədlərin olduğunu söylədi. Erməni işğalçıları Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etməyincə, “erməni soyqırımı” iddiasından əl çəkməyincə Ermənistan-Türkiyə sərhədlərinin açılmasından söhbət gedə bilməz. Türkiyə-Azərbaycan birliyi sarsılmazdır. Dahi öndər Heydər Əliyev bildirirdi ki, biz bir millət iki dövlətik. Mustafa Kamal Atatürk isə bildirmişdir ki, Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Bu tezislərin davamı olaraq isə Prezident İlham Əliyev bir millətin iki diasporunun mümkünsüzlüyünü bəyan edir.

Səfir Azərbaycan dövlətinin uğurlu siyasəti sayəsində tezliklə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin öz müsbət həllini tapacağına əminliyini ifadə etdi. Türkiyə problemin ədalətli, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə hər zaman dəstəkdir.

Çıxışlarda erməni yalanlarının ifşası, həqiqətlərimizin dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılması ilə bağlı müxtəlif təkliflər irəli sürüldü.

 

 

Yeganə Əliyeva

 

İki sahil.- 2011.- 23 aprel.- S. 4.