İlham Əliyev: Azərbaycan Dövlət Neft Şirkəti Rumıniyada fəaliyyətini genişləndirir
Azərbaycanla Rumıniya
arasında dostluq əlaqələrinin möhkəmlənərək
strateji tərəfdaşlığa çevrilməsi hər
iki dövlət başçısının intensivləşən
Buxarest və Bakı səfərlərindən aydın
görünür.
Rumıniya Prezidenti Trayan
Beseskunun bu günlərdə reallaşan Azərbaycana səfəri
zamanı hər iki dövlət başçısının
“Azərbaycan Respublikası və Rumıniya arasında strateji
tərəfdaşlığın yerinə yetirilməsi
üçün Birgə Fəaliyyət Planı”nı
imzalaması, Prezident İlham Əliyevin Rumıniyanın “Sadiq Xidmət” milli ordeninin
Böyük Xaç ranqı, qonağın isə Azərbaycanın
ən ali mükafatı olan
“Heydər Əliyev” ordeni ilə təltif olunması səmimi
əməkdaşlığın ifadəsidir.
Görüşlər
zamanı bildirildi ki, siyasi sahədə möhkəmlənən
münasibətlərin bütün istiqamətlər üzrə
genişlənməsi hər iki ölkənin milli və
dövlət maraqlarına xidmət edir. Hazırda diqqətçəkən
məqamlardan başlıcası Azərbaycandan Rumıniyaya
xam neftin ixrac olunmasıdır. “Azərbaycanın Dövlət
Neft Şirkəti Rumıniyada fəaliyyətini genişləndirir”
söyləyən Prezident İlham Əliyev əlaqələrin möhkəmlənməsini
şərtləndirən digər sahələrdə də
mövcud potensialdan maksimum istifadəni nəzərdə
tutaraq bildirir ki, qaz sahəsində uğurlu əməkdaşlıq
üçün gözəl şərait mövcuddur.
Bakıda Azərbaycan,
Gürcüstan, Rumıniya, Macarıstanın dövlət
başçıları və hökumət nümayəndələrinin
AGRİ layihəsi üzrə mühüm bəyannamə
imzalaması ilə respublikamızın enerji təhlükəsizliyinin
təminatında istehsalçı və tranzit ölkə
kimi geniş imkanlara malik olması,
geostrateji əhəmiyyəti bir daha təsdiqləndi.
Enerji layihələrinin
şaxələndirilməsində və alternativ mənbələrin
yaradılmasında maraqlı olan Azərbaycanın iki və
çoxtərəfli əməkdaşlığa dəyər
verməsi AGRİ layihəsi üzrə texniki-iqtisadi əsaslandırılmasının
hazırlanması üçün konkret işlər
görülməsini asanlaşdırır.
Azərbaycanın neft
strategiyasının davam etdirilməsi üçün
keçilən çətin yol barədə təcrübəsini
bölüşən, məsələlərə məntiqli
yanaşma tərzi ilə seçilən Prezident İlham Əliyev
enerji sahəsindəki əməkdaşlığı
yüksək dəyərləndirir: “ Buna böyük ehtiyac
vardır. Xəzər dənizi və Qara dəniz bölgələrini
birləşdirən nəqliyyat, enerji layihələri və
iqtisadi layihələr dəstəklənməlidir... Bu istiqamətdə
Rumıniya Azərbaycan əlaqələri
xüsusi əhəmiyyət
daşıyır.”
Avropada enerji təhlükəsizliyi
ilə bağlı baxışlar Azərbaycanın mövqeyi
ilə eynidir. Qitə dövlətləri üçün Azərbaycan
sabit və mühüm enerji mənbəyi olmaqla sərmayələr
üçün etibarlı ölkədir. Əməkdaşlıqda
mühüm amil olan enerji ilə təchizatın təminatı
istiqamətində aparılan danışıqların
müsbət nəticə verəcəyinə nikbinlik hər
məqamda hiss olunur. Qeyd olunduğu kimi AGRİ ilk növbədə
Aİ-nin “Şərq tərəfdaşlığı”
proqramına doğru yanaşmanın sübutu, enerji
bazarını təmin edən alternativ yollar yaratmaq
strategiyasına uyğundur.
Avropaya birbaşa dəhliz
olan bu layihə, Xəzər, Qara, Baltik və Aralıq dənizləri
hövzələrində yerləşən dövlətlərin
iqtisadi inkişafına təkan verəcək yeni neft-qaz kəmərləri
barədə aparılan ciddi müzakirələr, Avropanın
qaz və enerji təminatı ilə bağlı perspektivlərin
ən önəmli variantı olan Nabukko layihəsi barədə
danışıqların intensivləşməsini də təmin
edəcək.
AGRİ layihəsinin şərtlərinə
görə birinci mərhələdə Rumıniyaya (Konstansa
limanına) 2,5, sonra isə 8 milyard kubmetr mavi yanacağın
ötürülməsi nəzərdə tutulur. Hazırda qaz
hasilatını 28 milyard kubmetrə çatdıran Azərbaycan
üçün göstərilən həcmdə qazın nəqli
problem yaratmayacaq.
Azərbaycana hər səfərindən
məmnunluq duyduğunu bildirən Rumıniyanın Prezidenti
Trayan Beseskunun vurğuladığı kimi ölkələr arasında əlaqələrin
inkişafı Qara və Xəzər dənizləri
regionlarının əməkdaşlığına müsbət
təsir göstərəcək: “Azərbaycan ilə əməkdaşlıq
etmək bizim üçün çox əhəmiyyətlidir.
Çünki Azərbaycan Xəzər hövzəsinə bir
körpü rolunu oynayır. Eyni zamanda Rumıniya da Azərbaycan
üçün Avropa bazarlarına bir körpü rolunu
oynayır.”
Əməkdaşlığın
ilk günlərindən qarşılıqlı maraqları əks
etdirən təşəbbüslərin reallığa
çevrildiyini diqqətə çatdıran T.Beseskunun
vurğuladığı kimi güclü siyasi iradəyə əsaslanan
əməkdaşlığın müxtəlif istiqamətlər
üzrə sürətli inkişafı təbiidir. Görüş
zamanı bir daha qeyd olundu ki, Azərbaycan və Rumıniya kimi
bütün Avropa ölkələrinin dəstəklədiyi
AGRİ və Nabukko, Böyük İpək Yolunun bərpası,
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması
mövqeləri daha da yaxınlaşdırır.
Avropa İttifaqı ilə
Azərbaycan arasında imzalanan “Cənub qaz dəhlizi” Birgə
Bəyannamə kimi AGRİ də regionda enerji əməkdaşlığının
yeni mərhələ üzrə inkişafı
üçün imkanları artırır.
Danışıqlar
zamanı ARDNŞ-in Rumıniyanın iqtisadi inkişafında
yaxından iştirak etdiyini bildirən T.Besesku AGRİ və
Nabukkonu dəstəklədiyinə görə Prezident
İlham Əliyevə minnətdarlığını ifadə
etmişdir: “Zənnimcə ARDNŞ kimi mühüm bir
şirkət Rumıniya bazarında artıq yanacağın
paylanması şəbəkəsi yaratmaq imkanına malikdir.” Qonaq
bu əməkdaşlığın müdafiə və hərbi
sahə üzrə davam etdirilməsinə tərəfdar
olduğunu bildirməklə genişlənən əlaqələrin
sağlam rəqabətin formalaşmasına xidmət edəcəyini
də diqqətə çatdırdı.
Bu günə kimi Azərbaycanla
Rumıniya arasında imzalanan 50-dən artıq sənədin əlaqələrin
tənzimlənməsində böyük əhəmiyyət
daşıdığı hər iki dövlət
başçısı tərəfindən yüksək dəyərləndirilmiş
və bildirilmişdir ki, Qara dəniz regionunda təbii
qazın nəqlində “maye qaz” düsturunun həllini asanlaşdıran
AGRİ enerji layihələrinin şaxələndirilməsinə
böyük töhfə olacaq.
Bu əlaqələrin xalqlar arasında səmimiyyətə
və sabitliyə yönəldiyini vurğulayan Prezident
İlham Əliyevin mövqeyi isə belədir: “Belə əməkdaşlıq
həm bizə, həm də xarici şirkətlərə xeyirdən
başqa heç nə gətirməyib. Bunlar isə
reallıqdır.”
Xuraman İsmayılqızı
İki sahil.- 2011.- 26
aprel.-S. 3.