Uşaq gənclərin yaradıcılıq sərgisi

 

Sərgidə təsviri sənətdə istedadlı yeniyetmələrimizdən olan Gülnar NəcəfovaGünay Nəcəfzadənin yağlı boya ilə işlədikləri rəsm əsərləri diqqəti daha çox cəlb edirdi

 

Aprelin 25-də Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayında Ekoloji plakat studiyasının təşkilatçılığı ilə uşaqlar və gənclərin yaradıcılıq sərgisi və mükafatlandırma mərasimi keçirildi.

Tədbiri sərginin rəhbəri Qalina Çurilova açaraq qonaqları və sərgi iştirakçılarını səmimi salamlayıb, bacarıqlıların yaradıcılıq sərgisi barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, hazırda respublikamızda gənclərin potensiallarının üzə çıxarılması istiqamətində xeyli işlər görülür. Uşaqlar və gənclərin yaradıcılıq sərgisi bir ildir ki, fəaliyyət göstərirdi.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən gənclərə göstərilən diqqət və qayğıdan söz açan Q. Çurilova bu yöndə aparılan işləri təqdirəlayiq hal kimi qiymətləndirdi. Sərginin rəhbəri bildirdi ki, uşaq və yeniyetmələrin yaradıcılq potensialının üzə çıxarılması, onların yaradıcılığının inkişaf etdirilməsi üçün stimulların yaradılması və şagirdlər arasında təcrübə mübadiləsinin təşkil olunması üçün bu cür tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Q.Çurilova həmçinin sərgilərin şagirdlərin yaradıcılıq sahəsində böyük istedad və qabiliyyətlərə malik olduqlarını üzə çıxardığını, bu işdə bütün dövlət qurumlarının istedadlı uşaq və yeniyetmələrin inkişafına qayğı göstərməsinin vacibliyini vurğuladı. Tədbirdə Yaradıcılıq Mərkəzinin mahnı və rəqs kollektivi özlərinin şux mahnı və rəqsləri ilə tədbir iştirakçılarına xoş təsir bağışladılar.

Qeyd edək ki, sərgidə rəngkarlıq, batik, qrafika, keramika və şüşə üzərində işləmələr üzrə çox sayda əsər nümayiş olundu. Onların əksər hissəsi lakonikliyi və səmimiliyi ilə göz oxşayırdı. Sərgidə həmçinin təsviri sənətdə yaxın gələcəkdə əsərləri ilə yer tutacaq istedadlı yeniyetmələrimizin yaradıcılığına böyük yer verilib. Xüsusən Gülnar Nəcəfova və Günay Nəcəfzadənin yağlı boya ilə işlədikləri rəsm əsərləri diqqəti daha çox cəlb edirdi. Azyaşlı rəssamların əsərlərində uşaq aləminə xas olan keyfiyyətlər - səmimilik, sadəlik, təmiz rənglərə meyillilik ecazkar şəkildə öz əksini tapıb.

Sərginin rəhbəri Qalina Çurilova bildirdi ki, bu sərgidəki ən yaxşı rəsm əsərlərinin müəllifləri fəxri fərman və mərkəzin hədiyyələri ilə mükafatlandırılmışlar. O, gənc rəssamlar haqqında xoş fikirlərini bildirərək, onlara müvəffəqiyyətlər arzuladı: “Bu gün təşkil olunmuş sərgi hamı kimi bizi də sevindirir. Gənc rəssamların valideyn və müəllimlərinə öz təşəkkürünü bildirir, onlara gələcək işlərində uğurlar arzulayıram.”

Sonda gənc rəssamlara diplom və hədiyyələr təqdim olundu.

Təltif olunan uşaq və yeniyetmələrdən bəziləri çıxış edərək onlara qabiliyyətlərinin üzə çıxarıldığına görə, yaradılan şəraitə görə Ekoloji plakat studiyasına, rəhbəri Q.Çurilovaya minnətdarlıqlarını bildirdilər və gələcək fəaliyyətlərində daha böyük səylə çalışacaqlarına söz verdilər.

 

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2011.- 26 aprel.-S. 16.