Oftalmologiyanın mirvarisi

 

Akademik Zərifə Əliyevanın xatirəsi Şamaxıda ehtiramla yad edildi

 

Dünən YAP Şamaxı rayon təşkilatında akademik Zərifə Əliyevanın anadan olmasının 88-ci ildönümü ilə əlaqədar YAP Şamaxı rayon təşkilatı gənclər birliyi ilə birgə tədbir keçirdi.

Tədbiri giriş sözü ilə açan partiyanın rayon təşkilatının sədri Bəxtiyar Abbasov qeyd etdi ki, görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi. “Görkəmli alim, yüksək insani keyfiyyətlərə malik olan, böyük elmi əsərləri ilə Azərbaycan oftalmologiya elmini yüksəklərə qaldıran akademik Zərifə xanım Əliyevanın əvəzsiz xidmətini xüsusi qeyd etmək lazımdır.” YAP Şamaxı rayon təşkilatının sədri çıxışında bildirdi ki, hamının sevimlisi, ən müsbət keyfiyyətləri özündə birləşdirən Zərifə xanım Əliyeva böyük hörmət və ehtiram qazanan əsl ziyalı idi. B.Abbasov əlavə etdi ki, Zərifə xanım sədaqətli ömür-gün yoldaşı kimi ulu öndər Heydər Əliyevə həmişə mənəvi dayaq olub. Zərifə xanım Əliyevanın Azərbaycan xalqı qarşısında ən böyük xidməti Prezident İlham Əliyev kimi torpağına, vətəninə, xalqına, milli mənəvi dəyərlərə bağlı övlad yetirməsidir. B.Abbasov vurğuladı ki, Azərbaycanda oftalmologiya elminin uğurları Zərifə Əliyevanın adı ilə bağlıdır. “Təsadüfi deyil ki, Moskva Oftalmoloji Məktəbi Zərifə xanımı “Oftalmologiyanın mirvarisi” adlandırıb.”

Çıxış edən YAP gənclər birliyinin üzvü Aysel Bədəlova akademikin xidmətlərini bir daha diqqətə çatdıraraq bildirdi ki, tibb elmində böyük xidmətləri olan görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva Azərbaycanın XX əsrdə ən tanınmış alim və şəxsiyyətlərindən biridir. A.Bədəlova vurğuladı ki, Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə xanım Əliyevanın zəngin irsini öyrənmək və gələcək nəsillərə çatdırmaq üçün belə tədbirlər davamlı xarakter almalıdır.

 

 

Orxan Vahidoğlu

 

İki sahil.-2011.- 28 aprel.- S. 9.