İslam dini
insanlara mənəvi saflıq aşılayır
Bu gün yas mərasimlərində
tüğyan edən israfçılıq mənəvi dəyərlərə
ziddir
Azərbaycanda
dini və milli dözümlülüyün çox
böyük və şərəfli bir tarixi var. Son vaxtlar
tolerant ölkə kimi diqqəti cəlb edən Azərbaycanda
sivilizasiyalararası dialoqun gücləndirilməsinə
böyük töhfə verən beynəlxalq konfransların
keçirilməsi ölkəmizdə dini və milli zəmində
vəziyyətin yüksək olmasına nümunədir. Avropa
ilə Asiya arasında körpü olan Azərbaycanda müxtəlif
dinlərin, millətlərin bir ailə kimi yaşaması,
2009-cu ildə Bakının İslam Mədəniyyətinin
paytaxtı elan olunması, Azərbaycan xalqının milli mənəvi
dəyərlərinə sədaqət duyğusu bütün insanlarla dostluq,
qardaşlıq, səmimiyyət prinsiplərinə əsaslanır.
“Azərbaycan
Avropa və Asiya, xristian və müsəlman dünyası ilə
əlaqələrin inkişafı işinə daha da
böyük töhfə verəcəkdir” söyləyən
Prezident İlham Əliyevin vurğuladığı kimi
ölkəmizdə bütün azadlıqlar mövcud
olduğu kimi dini azadlıqlar da tam şəkildə təmin
edilir. Son illər məscid və məbədlərin, ziyarətgahların
təmirinə diqqətin artırılması, sinaqoqların,
ölkəmizdə məskunlaşan katolikosların dini
etiqadlarını həyata keçirmələri
üçün kilsənin istifadəyə verilməsi
tolerantlığın nümunəsidir.
“Bir
dinin təbii olması üçün onun ağıla, texnikaya,
elmə və məntiqə uyğun gəlməsi
lazımdır.” Türk dünyasının öndərlərindən
olan M.K.Atatürkün söylədiyi kimi, əgər
İslam dini ağıla, məntiqə uyğun olmasaydı,
mükəmməl və son din olmazdı. Eyni fikirləri daha
dolğun ifadə etməklə milli mənəvi dəyərlərimizə
sədaqətin sonsuzluğunu bildirən ümummilli lider Heydər
Əliyevin təbirincə deyilsə, İslam dini həmişə
insanları saflığa, ülvi mənəviyyata dəvət
etmişdir. Din bir vicdan məsələsidir. Hər kəs
vicdanının səsini eşitməkdə sərbəstdir.
Bu şərtlə ki, din dövlət işləri ilə
qarışdırılmamalı, sektalar və digər cinayətkar
fəaliyyətlərə əsaslanan fanatizm meyillərindən
uzaq olmalıdır. Qədim zamanlardan dinlərin, dillərin və
mədəniyyətlərin təmas və ünsiyyət məkanı
olmuş Azərbaycanda bu prinsiplərə ictimai nəzarət
güclüdür. Müqəddəs Qurani-Şərifin
müsəlmanlara verdiyi tövsiyələr, göstərdiyi
yollar, insanları paklığa, düzlüyə, sədaqətə,
dözümlülüyə, cəsarətə, cəsurluğa
dəvət edən tələblər qorunub saxlanılmaqla təbliğ
də olunur.
Respublikamızda
şəxsiyyəti formalaşdıran bu kimi zəngin keyfiyyətlərin
təkmilləşdirilməsi üçün ailədən,
məktəbdən başlanan tərbiyəvi təbliğat
düzgün istiqamətdə qurulur.
Əsas
odur ki, xeyir-şər məclislərimizdə əsrlərdən
bəri qoruan milli mənəvi dəyərlərimizin
ayrılmaz hissəsi kimi dünya mədəniyyətinə
böyük xidmətləri olan İslam dininin etiqad, əxlaq,
ibadət kimi şərtlərinə müqəddəs kitabda
yazıldığı qaydada əməl edilsin.
Çox
təəssüf ki, bu şərtlərə olunan əlavələr
dinimizə yamaq kimi, narahatlığa, ictimai qınağa səbəb
olur. Cəmiyyətdə və ictimaiyyət arasında ən
çox müzakirə olunan və müxtəlif rəylər,
fikirlərlə davam etdirilən milli mənəvi dəyərlərimizin
bir parçası kimi xeyir- şər məclislərinin təşkilində
dinin qayda-qanunlarından uzaqlaşma meyilləri
aktuallığını saxlayır. Yas mərasimlərində
hamının müşahidə etdiyi və etirazını
bildirdiyi hallar həqiqətən nə dinimizə, nə də
şəriətimizin qanunlarına uyğundur.
Yaxınları
vəfat edən ( əgər bu itki gözlənilmədən
baş verirsə) şəxslərin üzləşdiyi
problemlər hər bir ailədə, müşahidə olunub.
Bu zaman qarşıya çıxan problemlər isə
biri-birindən mürəkkəbdir. Ailənin ilk
rastlaşdığı müşkül vəfat etmiş əzizlərinin
dəfni, daha doğrusu qəbiristanlıqlarda yer tapmaq məsələsidir.
Bütün cəmiyyətə də bəllidir ki, qəbiristanlıqda
məzar yeri almaq üçün müəyyən məbləğ
xərcləməlisən. Hacı Allahşükür
Paşazadənin də qeyd etdiyi kimi İslama yaraşmayan,
müsəlmançılığa ləkə olan bu kimi
neqativ hallar davam etməkdədir. Acınacaqlısı budur
ki, məzar üçün yer almaq heç də asan və
ucuz başa gəlmir. Əgər vəfat edən şəxs
dünyasını dəyişdiyi ərazidə qeydiyyatda
olmasa bu hal daha böyük problemlər yaradır.
Yaxınını itirdiyi üçün sarsıntı, həyəcan,
narahatlıq, əsəbilik keçirənlər bələdiyyə,
hansısa kəndin icra nümayəndəsi tərəfindən
rəhmətə gedənlərinin dəfn olunması
üçün arayış almalıdır. Bu kimi çətinliklə
üzləşən, vəfat etmiş yaxınını dəfn
etmək üçün hər cür əziyyətə
qatlaşanlar istər-istəməz irəli sürülən
şərtlərlə razılaşmalıdırlar. Hamı
bilir ki, yerləşdiyi ərazidən asılı olaraq qəbiristanlıqdakı
məzar yerlərinin qiymətləri də fərqlidir. Bəzi
yerlərdə təklif olunan məzənnə min manatlarla
ölçülür. Amma unutmaq lazım deyil ki, Azərbaycan
bütün azərbaycanlılar üçün vətəndir.
Hər bir azərbaycanlının son mənzili məkanından
asılı olmayaraq vətən torpağı
olmalıdır. Nahaq deyilməyib ki, gəzməyə qərib
ölkə, ölməyə vətən yaxşı. Bu el məsəlini
soydaşlarımızın vətən torpağında
uyumasına əngəl törədənlərin yadına
tez- tez salmaq lazımdır.
Bu
deyilənlər, mərhumun yuyulub kəfənlənməsi
işin ilk mərhələsidir. Sonrakı problem matəm mərasiminin
“zamanın və müasir dövrün tələblərinə
uyğun təşkilidir.” Yəni yas çadırları
qurmaq, yaxud şəxsi həyətlərində mərasim
üçün yerlər düzəltməkdir. Xüsusilə
paytaxtda yaşayanların rastlaşdığı bu problem
xeyli vəsait tələb edir. Bu məqamda “Dədə Qorqud”
kino-filmindəki çadır epizodunu xatırlatmaq istərdim.
Yəni ağ, qırmızı, qara çadırlara dəvət
olunanlar arasında müəyyən fərqlər olduğu
kimi, bu gün yas mərasimləri üçün təşkil
olunan çadırların rənginə uyğun qiymətində
də fərqlər mövcuddur. Yəni ağ, bir az təmtəraqlı
çadırlarda yemək, xidmət də daxil olmaqla bir
günlük xərc mərasimə gələnlərin
sayına müvafiq olaraq 2000-5000 manat arasında dəyişir.
Nisbətən imkansız ailələr daha az vəsait tələb
olunan yaşıl çadırlardan istifadə edirlər.
Düzdür,
piyadaların təhlükəsizliyinə, nəqliyyatın hərəkətinə
əngəl törədən çadırların
yığışdırılması ilə bağlı təkliflər
irəli sürülür və yas mərasimlərinin
keçirilməsi üçün müvafiq yerlər təklif
olunur. O yerlər ki, toylarda olduğu kimi hər stol
üçün qiymət təyin olunur. Belə ki, nəticədə
dəyişməyən amil maddi-maliyyə vəsaitinin eynilik
təşkil etməsidir. Unutmayaq ki, toya əvvəlcədən
hazırlıq görülür, imkana görə qonaqlar dəvət
olunur. Yas mərasimlərinə gələnlərin
sayını əvvəlcədən müəyyənləşdirmək
olmadığı kimi, nəfərə görə hesablanan
qiymətin ödənilməsi də çətinlik törədir.
O ki
qaldı yas mərasimlərinin menyusuna, bu məsələdə
necə deyərlər, lap ağ eləmişik. Şəriət
qanunlarına, dini, adət- ənənələrə görə
mərhumun ruhunu yad etmək üçün gələnlər
üçün süfrəyə çay, halva və limon
qoyulması daha məqsədəuyğundur. İsti yeməklərdən
isə aş, bəzi bölgələrdə bozbaş
bişirilirdi. Ancaq bu gün xidmətçilər nemətləri
düzmək üçün süfrədə yer
tapmırlar. İctimai problem olan bu kimi məsələlər
barədə müxtəlif səviyyələrdə mətbuatda
və elektron KİV-lərdə ətraflı
danışılır, ağsaqqal rəyi öyrənilir.
Çox təəssüf ki, deyilənlər yalnız
müzakirə xarakteri daşıyır, geniş auditoriyada
dinlənilir, tətbiqi isə unudulur. Milli Məclisdə də
bu barədə müzakirələr aparılır. Ekspertlərin,
tanınmış ziyalıların da qeyd etdiyi kimi yaslarda rast
gəlinən, İslam şəriətinin qəti əleyhinə
olan, ən ciddi problem kimi hamını narahat edən həddindən
artıq israfçılıq, kimlərdənsə fərqlənmək
təkəbbürü nəticəsində yaslarımız
toylardan fərqlənmir. Süfrədə
çatışmayan isə bircə spirtli içkilərdir.
Hər cür şirniyyat, ən bahalı xarici meyvələrin,
milli mətbəximizin bəzəyi olan isti və soyuq yeməklərin
çeşidləri artmaqdadır. Adətən Novruz süfrələrinin
yaraşığı olan yeddi ləvin çərəzlərin
matəm süfrələrinə yol tapması da narahatlıq
doğuran haldır. Acınacaqlısı odur ki, nisbətən
imkanlı şəxslərin mərasimlərində hiss olunan
bu bolluqdan geridə qalmamaq ( daha doğrusu “el nə deyər”
qınağı ilə üzləşməmək)
üçün kasıblar da təziyələrini zinətləndirir
və nəticədə xeyli borca düşürlər. Bəzən
çadırda qoyulan yeməklərlə kifayətlənməyib,
etikadan kənar olsa da “mədəm xəstədir, şəkərim,
təzyiqim var” söyləyib əlavə sifarişlər verənlər
də olur. Daha çox xərcə düşən yas sahiblərinin
narahatlığı rəhmətliyə deyilən
savabları ovsanatdan çıxarır.
Deyilənlərə
əlavə yas mərasimlərini idarə edən din xadimlərinin
tələblərinə uyğun vəsaitin ödənilməsidir.
Şəriətdə deyilən “yasinə qiymət yoxdur”
şərti indiki bəzi mollaların leksikonundan tamam silinib.
Onlar arasında attestasiyalar keçirilsə də, bu gün də
məzarlıqlarda Qurandan bir surə
(doğru-düzgünü bəlli deyil) oxumağın
5-20 manat arasında dəyişməsi adi haldır.
Buna
görə də insanlar məcbur qalıb
yaxınlarının dəfn və yas mərasimlərinin adətə
uyğun saylarında redaktə edərək mərhumun
üç, yeddi və cümə axşamı mərasimlərini
birləşdirmək məcburiyyətində qalırlar.
Diqqət
çəkən məsələlərdən biri də
qadınların yas mərasimlərinə toylarda olduğu kimi
zinət əşyaları ilə gəlmələridir. Ən
acınacaqlısı odur ki, bəzən guya kiminsə dərdinə
şərik olmaq üçün matəm yerinə gələnlərin
yolu hətta gözəllik salonlarından da keçir. Toylarda
belə hallara alışdığımız
üçün adi qəbul olunur. Amma yaslarda bahalı
qızıl, brilyant “müsabiqəsinin” qalibi olmaq həvəsinə
düşmək dinimizə də, milli mənəvi dəyərlərimizə,
ən başlıcası isə mərhumun ailəsinə etinasızlıq
və hörmətsizlikdən başqa bir şey deyildir.
Nəticə
olaraq bildirmək olar ki, ictimaiyyəti düşündürən
bu kimi neqativ hallara qarşı yalnız hamılıqla
mübarizə səmərə verə bilər. Hər kəs
bütünlükdə xalq, millət üçün vacib
olan belə ayinlərdə kiminsə qabağa düşməsini,
başqalarından örnək almasını gözləməyib,
“birinci mən olmalıyam” deməlidir.
Xuraman İsmayılqızı
İki Sahil.- 2011.- 9 avqust.- S.
14.