Tümen neftinin banisi

 

Özünün çoxəsrlik zəngin tarixi boyu Azərbaycan neft sənayesi bir çox ilklərə imza atmaqla bərabər dünya neft sənayesi tarixinə də xeyli sayda görkəmli şəxsiyyətlər bəxş etmişdir.

 

Onlardan biri də xalqımızın şanlı oğlu, dünya şöhrətli sovet və rus geoloqu, Sibir neftinin banisi, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Fərman Qurban oğlu Salmanovdur. Bu günlərdə 1961-ci ildə Qərbi Sibirin Tümen vilayətinin nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, Sosialist Əməyi Qəhrəmanı Fərman Salmanovun 80 illiyi qeyd edilir.

Həyatı gənc nəslin bir çox nümayəndələrinə nümunə ola biləcək görkəmli neftçi və alim Fərman Salmanov 1931-ci il iyulun 28-də Şəmkir rayonunun Morul kəndində anadan olmuşdur. Atası 1937-ci ildə həbs olunduqdan sonra o, əmək fəaliyyətinə erkən başlamış, kiçikyaşlı bacı-qardaşlarının tərbiyəsində anasına kömək etmişdir. Orta məktəbi 1947-ci ildə əla qiymətlərlə başa vuran gənc Fərman əvvəl Şirvan Kompleks Ekspedisiyasında kollektor işləmiş, sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur.

Bu seçimini F.Salmanov sonralar belə izah edirdi: “Mən 8-ci sinifdə oxuyanda SSRİ neft sənayesi naziri Nikolay Baybakov Şəmkirə gəlmişdi. Rusca yaşıdlarımdan bir qədər yaxşı danışdığımdan, ali qonağa məktəbimiz barədə məlumat vermək mənə həvalə edilmişdi. Görüşün sonunda Baybakov nəçi olacağımı soruşdu. Cavab verdim ki, neftçi. O seçimimi təriflədi və dedi ki, neft - ölkəmizin gələcəyidir. Bu görüş mənim taleyimi müəyyən etdi. İnstitutu bitirdikdən sonra təyinatımı Bakıya verdikdə də mən Baybakova məktub yazdım, Sibirə köçürülməyimi xahiş etdim. Nəticədə məni Moskvaya çağırdılar, oradan da Kuzbasa göndərdilər, hətta bilet pulunu verdilər.”

Fərman Salmanovun məhz Sibirə göndərilməsini xahiş etməsinin də öz tarixçəsi vardır. Sibirə məhəbbəti onun qəlbində babası Süleyman oyatmışdı. Ağaların və mollaların zülmünə qarşı etiraz etdiyinə görə Süleyman baba 1888-ci ildə Sibirə 20-illik sürgünə göndərilmişdi. Burada o, rus-yapon müharibəsində iştirak etmiş, göstərdiyi şücaət müqabilində mükafat olaraq həbsdən azad olunmuş, hətta sibirli qız Olqa İosifovna ilə evlənmişdi də. Xanımı Firuzə adını qəbul etdikdən sonra Süleyman baba vətənə qayıtmışdı. Sonralar nəvələrinə daim Sibir və Uzaq Şərq haqqında danışarmış. Hətta nəvələrindən birinə Amur çayının şərəfinə Amurə adı vermişdi.

Ali təhsilini dağ mühəndisi - geoloq ixtisası üzrə başa vurduqdan sonra Kuzbasa neft-qaz yataqlarının kəşfiyyatına göndərilən gənc Fərman 1955-1957-ci illərdə Kemerovo və Novosibirsk vilayətlərində Plotnikov və Qryaznensk neftqazkəşfiyyat ekspedisiyalarının rəisi işləyir. Tezliklə Kuzbasın heç bir neftlilik-qazlılıq potensialının olmadığı qərarına gələn F.Salmanov 1957-ci ilin avqustunda Sovet rəsmilərinin icazəsi olmadan öz təşəbbüsü ilə geoloji partiyasını Surquta aparır. O, əmin idi ki, burada neft var. Onu vəzifədən uzaqlaşdırmaq, həbs etdirmək cəhdləri ara verməsə də, Fərman Salmanov qazmanı davam etdirirdi. Komandasının tətil hədə-qorxuları hakimiyyət dairələrini geri çəkilməyə vadar edir, vəziyyəti daha da gərginləşdirməmək üçün onlar əvvəlki tarixlə əmr verib Salmanovun partiyasının Surquta göndərilməsini rəsmiləşdirirlər.

Fərman Salmanov o dövrü belə xatırlayır: “Çox böyük səs-küy qaldırmışdılar, biz isə rabitəni kəsdik. Hər vəchlə məni vəzifədən uzaqlaşdırmaq istəyirdilər. Axırda məcbur olub qalmağıma razılıq verdilər. Ailə və uşaqlarımızla birgə vağzala sığınmışdıq. 1961-ci il martın 21-də, Azərbaycanda ən sevimli bayram olan Novruz günündə, isə Megion kəndi yaxınlığındakı birinci quyu neft fontanı verdi. Mən tullanır və qışqırırdım - Biz qalib gəldik!”

Beləcə, Fərman Salmanov 1961-ci il 21 mart tarixindəMegionyatağını kəşf edir. O, öz opponentlərinin hər birinə eyni məzmunlu məktub göndərir: “Hörmətli yoldaş ..., Megionda 1 ¹-li quyuda 2180 metr dərinlikdən neft fontanı alınıb. Aydındır? Hörmətlə, Fərman Salmanov.” Rəqibləri deyirdilər ki, bu təbii anomaliyadır, bir-iki həftəyə quyu “gücdən düşəcək”, Qərbi Sibirdə böyük neft ola bilməz. Ust-Balık rayonundakı ikinci quyudan da “qara qızıl” fontan vuranda isə Salmanov rəhbərliyə radioqram göndərir: “Quyu necə lazımdır döşəyir!”, N.S.Xruşşova isə teleqram vurur: “Mən nefti tapmışam. Bax belə, Salmanov.”

Tezliklə Sovet liderləri Salmanovun kəşflərinin əhəmiyyətini dərk edirlər və Sibir qısa müddətdə ölkə iqtisadiyyatının əsas aparıcı qüvvəsinə çevrilir. SSRİ neft sənayesi naziri Lev Çurilov Fərman Salmanovu Tümen neftinin banisi adlandırmış, bir çoxları onun şücaətini Qaqarinin kosmosa uçuşu ilə müqayisə etmişdilər. 1962-1964-cü illərdə F.Salmanov Ust-Balık, sonra isə Pravdinsk Neft-Kəşfiyyat ekspedisiyasının rəisi işləyir. 1970-ci ildə o, Tümen İstehsalat-Geologiya Baş idarəsi rəisinin müavini - neft və qaz üzrə baş geoloq, 1978-ci ildə isə “Qlavtümengeologiya”nın rəisi təyin edilir. Onun Qərbi Sibirdə 30 illik fəaliyyətinin nəticəsi olaraq Tümenin şimalında 130-dan çox “qara qızıl” və “mavi yanacaq” yatağı kəşf edilir və bu diyar Rusiyanın neftqaz kompleksinin etibarlı bazasına çevrilir.

1987-ci ildə Moskvaya işə keçən Fərman Salmanov 1991-ci ilə qədər SSRİ geologiya nazirinin birinci müavini olur. 1992-ci ildə “Rospan” şirkətini yaradır, eləcə də “Geologiya nefti i qaza” elmi-texniki jurnalının baş redaktoru olur. 1980-1990-cı illərdə Rusiya və Azərbaycanın xalq deputatı seçilən Fərman Salmanov “Tümen” futbol klubunun yaradıcısıdır. “Yuqnefteqaz” şirkətinin direktorlar şurasının sədri olan F.Salmanov eyni zamanda “İtera” şirkətinin direktorlar şurası sədrinin müşaviri kimi ömrünün son günlərinə qədər Kalmıkiyada neft və qazın axtarışı və kəşfiyyatı ilə məşğul olmuşdur.

Fərman Salmanov ömrünün 50 ilini Sovet İttifaqı və Rusiya Federasiyasının neft-qaz sənayesinin inkişafına həsr etmiş, 100-dən artıq nəhəng neft-qaz yatağını, o cümlədən “Mamontov”, “Megin”, “Pravdinsk”, “Ust-Balık”, “Surqut”, “Fyodorovsk”, “Urenqoy”, “Yamburq” və başqalarını şəxsən kəşf etmiş və ya onların kəşfində iştirak etmişdir. 1966-cı ildə F.Salmanov Sosialist Əməyi Qəhrəmanı, 1970-ci ildə Lenin mükafatı laureatı adına, Lenin, Oktyabr inqilabı, iki dəfə Qırmızı Əmək Bayrağı ordenlərinə layiq görülmüşdür. O, İ.M.Qubkin mükafatı laureatı, Rusiya Federasiyasının əməkdar geoloqu, neft və qaz sənayesinin fəxri işçisidir.

Geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, görkəmli geoloq Fərman Salmanov eyni zamanda nəhəng neft-qaz yataqlarının formalaşması və yerləşməsi problemlərinin həllinə yönəlmiş fundamental elmi əsərlərin müəllifidir. O, 160-dan artıq elmi əsərin və 10 monoqrafiyanın müəllifidir. O, Xanti-Mansi və Yamalo-Nenets Muxtar dairələrinin, Surqut şəhəri, Texas ştatı və Çinin Çzinçjou şəhərinin fəxri vətəndaşı seçilmişdir. Moskva, Bakı, Surqut, Salexard, Yamal və Xanti-Mansidə onun heykəl və büstləri ucaldılmış, hazırda Surqutda küçə, neftqazkondensat yatağı və gəmi onun adını daşıyır. Fərman Salmanov 2007-ci il martın 31-də vəfat etmiş və Moskvada Vaqankovsk qəbiristanlığında dəfn edilmişdir.

 

 

İlqar Məmmədli

 

İki Sahil.- 2011.- 26 avqust.- S. 5.