Zəngin və
mənalı ömür yolu
ARDNŞ-in Xəzər
Dəniz Neft Donanmasının təşkilatçılığı
ilə “İsrafil Hüseynov”
borudüzən gəmisində yubilyarın qohumları ilə
görüş keçirildi
Bu gün
Azərbaycan bütün dünyada neft ölkəsi kimi
tanınır. Bu da əbəs yerə deyil. Birincisi ölkəmiz zəngin
təbii sərvətlər,
xüsusilə də böyük miqdarda karbohidrogen ehtiyatlarına sahibdir. Digər tərəfdən dünyada
ilk dəfə neftin sənaye üsulu ilə hasilatı, elə açıq dənizdə də ilk dəfə neftin çıxarılmasına başlanması,
tankerlərlə daşınması,
nəqli və s. ilə bağlı əldə olunan nailiyyətlər belə deməyə əsas verir.
Təbii ki, bütün
bu uğurlu nəticələrin əldə
olunmasında fədakar
Azərbaycan neftçilərinin
böyük rolu var. İsrafil Hüseynov da belə neftçilərdən
biridir. Onun keçdiyi zəngin
və mənalı ömür yoluna nəzər saldıqda bunu açıq şəkildə görmək
mümkündür.
İsrafil Hüseynov 1931-ci il dekabrın
4-də anadan olub. O,
1949-cu ildə Gəncədəki
20 saylı dəmiryolu
məktəbinin yeddinci
sinfini bitirdikdən sonra təhsilini davam etdirmək üçün Bakıya
gəlir, burada neft texnikumuna daxil olur. 1951-1954-cü
illərdə ordu sıralarında qulluq edir. 1957-ci ildə texnikumu bitirərək “neft və qaz
yataqlarının qazılması”
ixtisasına yiyələnir.
Elə həmin il “Neft Daşları”nda
əmək fəaliyyətinə
başlayır. O burada
əvvəlcə fəhlə,
qazmaçı köməkçisi,
sonra isə texnik, istehsalat şöbəsində mühəndis,
əməyin mühafizəsi
və təhlükəsizlik
texnikası üzrə
baş mühəndis
kimi fəaliyyət göstərir. 1965-ci ildən
isə fəaliyyətini
buruq ustası kimi davam etdirir.
O, əmək fəaliyyəti
ilə yanaşı, təhsilini də davam etdirir. 1972-ci ildə Azərbaycan Neft və Kimya
İnstitutunun (indiki
ADNA) Neft sənayesi fakültəsinin qiyabi şöbəsini bitirir.
Onun ilk gündən işə can yandırması,
üzərinə düşən
vəzifəni layiqincə
yerinə yetirməsi diqqətdən yayınmır.
İ.Hüseynov kollektivdə
sevilir və seçilir. Qısa müddətdə böyük
təcrübə toplayaraq
qabaqcıl neftçi
kimi tanınır. Onun bütün bu zəhmətləri, neft sənayesinin inkişafına verdiyi töhfə dövlət tərəfindən də
yüksək qiymətləndirilir.
Müxtəlif illərdə
Lenin ordeni, “Azərbaycan
SSRİ Neft ustası”,
Sovsialist Əməyi Qəhrəmanı fəxri
adlarına layiq görülür. O, əmək
fəaliyyəti və
təhsillə yanaşı,
ictimai işlərdə
də fəallığı
ilə seçilir.
1967-ci ildən 4 çağırış
Bakı şəhər
Sovetinin deputatı seçilir. 1974 və
1979-cu illərdə isə
SSRİ Ali Sovetinin deputatı
seçilir. İsrafil
Hüseynov bir çox xarici ölkədə SSRİ-ni
ləyaqətlə təmsil
edir.
Ömrünün otuz ildən
çoxunu bilavasitə
Azərbaycan Respublikasına
rəhbərlik etmiş
ulu öndər Heydər Əliyev ölkənin iqtisadi qüdrətinin artırılması
ilə yanaşı,
elm və sənət
adamlarına, müxtəlif
peşə sahiblərinə
böyük qayğı
və diqqət göstərib. Ümummilli
lider belə adamları yüksək qiymətləndirir, onları
daim diqqət mərkəzində saxlayırdı.
Bütün əmək
fəaliyyətini Azərbaycanda
neft sənayesinin inkişafına həsr edən, dənizdə neftçıxarma sahəsində
dünyada analoqu olmayan uğurlu nəticələr əldə
edən buruq ustası İsrafil Hüseynovu pillə-pillə
şöhrətin zirvəsinə
aparan illər də ötən əsrin 70-ci illərinə,
məhz bu ölməz şəxsiyyətin
respublikamıza rəhbərliyi
dövrünə təsadüf
edir. Onun fədakar əməyi, zəhmətsevərliyi, sadəliyi
və səmimiliyi ulu öndər Heydər Əliyevin diqqətindən yayınmayıb.
İsrafil Hüseynov təkcə keçmiş sovetlər ittifaqında məşhur
olan əmək qəhrəmanı deyil, həm də ölkənin ictimai-siyasi həyatında yaxından
iştirak edən bir xadim idi.
Respublika miqyasında həyata keçirilən
elə bir tədbir olmazdı ki, orada fəal
surətdə iştirak
etməsin. Onun ümummilli lider Heydər Əliyevlə çox isti münasibəti vardı. Elə onun zəhmətinin
belə yüksək qiymətləndirilməsi də
bu ölməz şəxsiyyətin ona olan diqqətinin, hörmətinin təzahürü
idi.
Heç kəsə sirr deyil ki,
ulu öndər Heydər Əliyev insanları zərgər dəqiqliyi ilə seçməyi bacarır,
hər kəsə layiq olduğu qiyməti verirdi. İsrafil Hüseynovda ona ən çox
xoş gələn xüsusiyyətlərdən biri,
bəlkə də birincisi onun təmənnasızlığı idi. Sanki dalğalarla üz-üzə dayanıb
dənizin dibindən neft çıxaran, bu yolda hər
cür çətinliyə
sinə gərən və alnının təri ilə öz adını Azərbaycanın tarixinə
yazan o deyildi. Gördüyü iş, qazandığı uğurlarla
heç vaxt öyünməzdi. Əmək
cəbhəsində əldə
etdiyi hər zəfəri bütün kollektivin qələbəsi
sayardı. Bütün
bunlar isə təbii ki, Heydər Əliyev kimi dahi bir
şəxsiyyətin gözündən
yayına bilməzdi. İsrafil Hüseynovun övladları da onunla bağlı kövrək xatirələri
dilə gətirərkən
hər dəfə atalarının Heydər Əliyevlə münasibətindən
söz açırlar.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyi
də belə neftçiləri daim diqqət mərkəzində
saxlayır, onların
əziz xatirələrini
daim yad edir. Təsadüfi deyil ki, ARDNŞ-in Xəzər Dəniz Neft Donanmasının
(XDND) balansında olan
və hazırda Xəzər sularında böyük neft-qaz əməliyyatlarında uğurla
iştirak edən borudüzən gəmi məhz İsrafil Hüseynovun adını daşıyır.
Dekabrın 4-də, elə
İsrafil Hüseynovun ad günündə Xəzər Dəniz
Neft Donanmasının təşkilatçılığı
ilə yubilyarın adını daşıyan gəmidə
onun qohumları ilə görüş keçirildi. Həmin
gün gəmidə İsrafil Hüseynovun əziz xatirəsinə
həsr olunan yeni açılmış guşənin də təqdimatı
baş tutdu. Görüşdə çıxış edən
XDND-nin baş mühəndisi İsrail Bayramov İsrafil
Hüseynovun həyat və fəaliyyətindən söz
açdı. Bildirdi ki, “İsrafil Hüseynov” borudüzən
gəmisi Xəzərin istənilən rayonlarında sualtı
boru xəttinin inşa edilməsini təmin edə bilər.
“Onun vasitəsilə çəkilən ilk boru xətti müəllifi
ümummilli lider Heydər Əliyev olan və 1994-cü ilin
sentyabrında imzalanmış “Əsrin müqaviləsi”nin
icrası çərçivəsində “Çıraq-1”
yatağından Səngəçala çəkilmiş
diametri 30 düymlük uzunluğu 176 km olan neft kəməridir.
Sonralar bu gəminin köməyilə “Mərkəzi Azəri”
və “Şahdəniz” yataqlarından Səngəçala
ümumi uzunluğu 924 km müxtəlif diametrli neft, qaz və
su boru xətləri, “Günəşli” yatağından “Neft
Daşları”na isə 42 km qaz xətləri çəkilib.”
İ.Bayramov
qeyd etdi ki, bu gəmi vasitəsilə Xəzərin Rusiyaya aid
sektorunda diametri 12 düymlük, uzunluğu 56 km olan neft və
Türkmənistana aid sektorunda diametri 30 düymlük,
uzunluğu 32 km olan qaz boru xətləri də çəkilib.
“Donanmanın “Azərbaycan” və “Şıxlinski” kran,
“Neftqaz” və “Aura” tipli təchizat, STB-1 və TMİ tipli barj
və s. digər təyinatlı gəmilərlə yanaşı,
“İsrafil Hüseynov” borudüzən gəmisinin də “Əsrin
müqaviləsi”nin həyata keçirilməsində çox
böyük rolu var.
Gəminin
kapitanı Şakir Dadaşov isə onun texniki imkanları barədə
məlumat verdi. “Gəminin texniki imkanları və göstəricilərinə
gəldikdə isə, o, diametri 219 mm-dən 1200 mm-ə qədər
olan borularla dənizin 10 metrdən 300 metrə qədər olan
dərinliklərində sualtı neft və qaz kəmərlərini
çəkməyə qadirdir. Bundan əlavə gəmi vasitəsilə
dənizin 60 metrə qədər dərinliyində olan boru xətlərini
qaldırıb təmir etmək olur. Gəmi sutkada 3000 m
sualtı boru xətti çəkə bilir. Gəminin əsas
gövdəsinin uzunluğu 120 m, stingerlərlə uzunluğu
146.5 m, eni 33 m, avtonomluğu isə 30 gündür.”
Şakir
Dadaşov bildirdi ki, gəmidə işləmək və
yaşamaq üçün bütün məişət şəraiti
olan 240 nəfərlik yer var. “Burada normal iş və
yaşayış şəraitini təmin etmək
üçün quraşdırılmış elektrik
stansiyalarının ümumi gücü 7000 kVt-dan
artıqdır. Gəminin göyərtəsində yük
qaldırma qabiliyyəti 250 ton olan 1,60 ton olan 1,30 ton olan 2,15
ton (körpülü) olan 2 və 40 ton (kranbalka) olan 5 ədəd
yükqaldırıcı mexanizmlər
quraşdırılıb.”
Bu
görüşdən məmnunluqlarını ifadə edən
yubilyarın yaxın qohumları da İsrafil Hüseynovun fəaliyyətinə
verilən qiymətə görə ölkə rəhbərliyinə
və ARDNŞ kollektivinə dərin minnətdarlıqlarını
bildirdilər. Qeyd olundu ki, görkəmli neftçi, Xəzər
dənizində neft istehsalının artırılmasında və
“Günəşli” yatağının mənimsənilməsində
xüsusi əməyi olan İsrafil Hüseynovun adını
daşıyan və Xəzərdə analoqu olmayan borudüzən
gəmi Finlandiyada inşa edilib. Gəminin inşasına
Finlandiyanın “Rauma Repola” firmasında 1987-ci ildə
başlanılıb. Gəminin öz qabarit ölçülərinə
görə kanallar və çaylar keçərək Xəzər
dənizinə gətirilməsinin mümkün
olmadığı nəzərə alınaraq, o, komponentlər
formasında tikilib, 1988-ci ilin axırında Həştərxan
şəhərinə gətirilib. 1989-cu ildə Həştərxan
Gəmitikmə İstehsalat Birliyində onun
yığılmasına və inşasının davamına
başlanılıb. 1990-1991-ci illərdə SSRİ-nin
dağılması ilə əlaqədar yaranmış vəziyyət
gəmidə tamamlama işlərinin aparılmasına və
inşanın başa çatdırılmasına imkan verməyib.
Bu səbəbdən Xəzər Dəniz Neft Donanması
tikintisi tamamlanmamış gəmini Bakıya gətirməli
olub. Gəmi 1990-cı ilin sentyabr ayında Bakıya gətirilib.
Bakıda da tamamlanma işlərinin icrasına imkan olmayıb,
çünki inşaçı firmalar bu işlərin
icrasını davam etdirmək istəməyiblər. Gəminin
inşasının başa çatdırılması ancaq
1996-cı ildə mümkün olub.
Nail Rəhimzadə,
İki sahil.- 2011.- 6 dekabr.-S. 7.